Month: July 2021

  • Prezident sərəncam verdi – Bu işçilərin maaşlarına 50 faizi həcmində əlavələr edildi

    Prezident İlham Əliyev iğaldan azad olunan ərazilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Prezidentin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.

    2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçulara:

    2.1. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 50 faizi həcmində 5 il müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən ödənilir;

    2.2. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin əlavəsinin ödənilməsi “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.3.5.2-ci “Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanları üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlər” yarımbəndində nəzərdə tutulmuş vəsaitin, növbəti illərdə isə dövlət büdcəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin saxlanılması xərclərində nəzərə alınması hesabına təmin edilir;

    2.3. Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçulara onların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış sayına və tərkibinə uyğun olaraq ödənilir.

    3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

    4. Bu Sərəncam 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

  • Vilayət Eyvazov Mirqafar Seyidova yeni müavin TƏYİN ETDİ – FOTO

    Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova yeni müavin təyin edilib.

    Median.Az “unikal.org”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovniki Eldar Paşayev Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin olunub.

    Qeyd edək ki, o, bu təyinatadək Ucar Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

  • Bu gün general olan polis rəisləri kimdir?

    Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilən polis rəislərinin bioqrafiyası maraq doğurub.

    Bu gün general-mayor rütbəsi verilənlərdən biri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayevdir.

    Ə.Rzayev 1968-ci ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. BDU-nun hüquq fakültəsində təhsil alıb. 1989-cu ildə Ukraynada polis, 1990-1995-ci illərdə Ordubadda kənd məktəbində müəllim işləyib.

    Fotoda: Əbülfət Rzayev


    Müxtəlif illərdə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin rəis müavini, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Xətai RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, ardınca Şəki RPİ-nin rəisi olub, oradan isə Nəsimi rayonuna rəis gətirilib. Və nəhayət 2019-cu ildə Nəsimi RPİ-nin rəisi vəzifəsindən çıxarılaraq “Bandotdel”in rəisi təyin edilib.

    General-mayor rütbəsi verilən digər şəxs Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovdur.

    Fotoda: Əkbər İsmayılov


    Ə.İsmayılov 1963-cü ildə Yerevanda anadan olub. Vladimir Xüsusi Orta Milis Məktəbini, daha sonra isə DİN-in Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışıb.15 il Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət edib.

    2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var.

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov da general-mayor rütbəsi alanlar sırasındadır.

    Fotoda: İslam Hümbətov


    İ.Hümbətov 1964-cü ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olub. Barnaul Xüsusi Orta Milis Məktəbini, Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmət edir.

    DİN-in ayrı-ayrı struktur qurumlarında cinayət axtarışı üzrə əməliyyat müvəkkili, Balakən və Saatlı Rayon Polis şöbələrinin cinayət axtarışı bölməsinin rəisi, Cəlilabad və Sabirabad Rayon Polis şöbələrinin rəis müavini, paytaxtın Xəzər, Səbail, Xətai, Yasamal Rayon Polis idarələrinin rəis müavini, Göyçay və Lənkəran şəhər rayon Polis şöbələrinin rəisi vəzifələrində işləyib.

    2019-cu ilin noyabr ayında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

    Ailəlidir. Üç övladı var.

    2019-cu ildən bəri Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi olan Əlaslan Ağayev də general-mayor rütbəsi alıb. O, bundan öncə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi işləyib.

  • Uşaqlı ana və atalara nə qədər əlavə məzuniyyət veriləcək?

    Azərbaycan Respublikası Əmək Məcəlləsinin 117-ci maddəsində uşaqlı qadınların əlavə məzuniyyətlərinin müddətləri öz əksini tapıb.

    Median.Az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara iki təqvim günü məzuniyyət verilir:

    “Bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə beş təqvim günü müddətində əlavə məzuniyyət verilir”.

    Məcəllədə uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ nəzərdə tutulub.

    Qeyd edilir ki, bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

    Bu maddə ilə müəyyən edilmiş əlavə məzuniyyətlər Əmək Məcəlləsinin 118 (Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilər), 119 (Fizioloji keyfiyyətləri ilə bağlı işçilər), 120 (Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilər) və 121-ci (Teatr-tamaşa və bunlara uyğun digər müəssisələrin işçilər) maddələrində göstərilən işçilərə verilmir.

  • Qarabağda erməni hərbçilərin qalıqları tapıldı

    Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bu gün aparılan axtarışlar zamanı ikinci Qarabağ müharibəsində məhv edilmiş daha iki erməni hərbçinin qalıqları tapılıb.

    Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, onlar hərbi əməliyyatlar zamanı məhv ediliblər. Aşkarlanan qalıqların şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.

    Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi ölkənin ikinci Qarabağ müharibəsində məhv edilmiş və itkin düşmüş hərbçilərinin sayını gizlədir. Bununla yanaşı, Səhiyyə Nazirliyi də morqlarda saxlanılan və ekspertiza mərhələsində olan meyitlərin sayını ictimaiyyətdən gizli saxlayır.

    Daha əvvəl bildirilib ki, Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən məhv edilmiş 3 783 əsgər və zabitinin meyiti və qalıqları bu ölkənin Səhiyyə Nazirliyinin müvafiq orqanları tərəfindən məhkəmə-tibb ekspertizasından keçirilib, daha 81 nümunə DNT ekspertizası mərhələsindədir.

  • Bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycana təbii qaza qənaət imkanı verəcək

    Bərpa olunan enerji mənbələri sahəsinin daha geniş inkişafı Azərbaycana təbii qazı ixrac və neft-kimya sənayesində istifadə üçün qənaət etməyə imkan verəcək.

    Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

    Hesabatda qeyd olunur ki, bərpa olunan enerji mənbələri potensialı Azərbaycana çoxlu sayda üstünlüklər vəd edir:

    “Son onillikdə külək və günəş enerjisi istehsalı xərcləri əhəmiyyətli dərəcədə azalıb. Bərpa olunan enerji mənbələri sahəsinin inkişafı Azərbaycana təbii qazı ixrac və neft-kimya sənayesində istifadə üçün qənaət etməyə, parnik qazı tullantılarını azaltmağa və istehsalın şaxələndirilməsi hesabına elektrik enerjisi tədarükünün təhlükəsizliyini artırmağa imkan verəcək”.

    BEA bildirir ki, enerji bazarında planlaşdırılan islahatlar çərçivəsində Azərbaycan hökuməti bərpa olunan enerji mənbələri barədə qanun hazırlayıb və bərpa olunan enerji mənbələrinin 2030-cu ilədək istehsal gücünün 30 faizini (2018-ci ildə bu göstərici 16 faiz təşkil edib) təmin etməsini hədəfləyir.

  • ЕВРО-2020: Сборные Чехии и Дании прибыли в Баку

    Сборная Чехии вылетела в Баку на матч четвертьфинала чемпионата Европы по футболу против Дании.

    Как сообщает Report, самолет с национальной командой приземлился вечером в Международном аэропорту Гейдар Алиев.

    Подопечные Ярослава Шильгави остановятся в отеле “Hilton”. На следующий день на Бакинском олимпийском стадионе проведут свою первую тренировку.

    Отметим, что сборная Дании также находится в столице Азербайджана.

    Команда под руководством Каспера Хюлманда будет проживать в отеле “Hyatt”.

    Матч Чехия-Дания состоится 3 июля и начнется в 20:00 по бакинскому времени.

  • AVRO-2020: Çexiya və Danimarka milliləri Bakıya gəldi

    Çexiya millisi futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Danimarkaya qarşı keçirəcəkləri oyun üçün Bakıya yola düşüb.

    “Report”un məlumatına görə, yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

    Yaroslav Şilqavının baş məşqçi olduğu komanda “Hilton” otelində qalacaq. Növbəti gün yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

    Qeyd edək ki, Danimarka millisi də artıq Bakıdadır. Yığmanı gətirən təyyarə axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

    Kasper Hülmandın baş məşqçi olduğu komanda “Hyatt” otelində qalacaq. Sabah yığmanın Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

    İyulun 3-də keçiriləcək Çexiya – Danimarka oyunu saat 20:00-da başlayacaq.

  • Sosial şəbəkə istifadəçilərinə – Xəbərdarlıq

    Bu günlərdə Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə dələduzluq faktları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Nazirliyin məlumatına görə, son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslərin sosial media və elan saytları üzərindən ticarət edən vətəndaşların satışa çıxardığı məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirib bank kartı məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

    “Kaspersky” şirkətindən bildirilib ki, telefon fırıldaqçıları qurban haqqında lazımi məlumatları öncədən toplayır və sosial mühəndislik metodlarından aktiv şəkildə istifadə edirlər. Məsələn, zəng zamanı onlar zəng etdikləri şəxsin adını, soyadını və atasının adını tam düzgün şəkildə söyləyirlər. Təcavüzkarlar kredit təklifi ilə “əfsanələrdən” istifadə edərək qurbanlardan şifrə, bank kartının nömrəsi, pin kod, CVV kod kimi məlumatların təsdiqlənməsini istəyə və ya sadəcə guya kartınızın bloklanması barədə məlumat verə bilərlər.

    “Xatırlatmaq istərdik ki, yad nömrələrdən, xüsusilə özünü bank əməkdaşı kimi təqdim edən insanlardan gələn zənglərlə ehtiyatlı davranmaq çox vacibdir. Həmişə yadda saxlamaq lazımdır ki, gerçək bank əməkdaşı heç bir halda kod və şifrəni bildirməyi xahiş etmir. Fəal olmaqdan çəkinməyin və fırıldaq şübhəsi hiss etdiyiniz anda cəsarətlə dəstəyi asın. Kartın əks tərəfində göstərilən nömrəyə hər zaman şəxsən zəng edə və zəngin doğrudan da bankdan gəlib-gəlmədiyini yenidən yoxlaya bilərsiniz”, – deyə “Kaspersky”nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

    Şirkət telefon fırıldaqçıları ilə mübarizəyə imkan verən əsas təhlükəsizlik qaydalarını xatırladır:

    • özünü bank əməkdaşı kimi təqdim edən istənilən şəxsdən gələn zənglə ehtiyatlı davranın

    • SMS və messencer mesajlarındakı şübhəli linklərə keçid etməyin

    • heç bir halda CVV və SMS-dəki və ya təkan (push) bildirişlərdəki birdəfəlik şifrələri açıqlamayın

    • hər hansı bir şübhə halında dəstəyi asın və bankın kartın əks tərəfində göstərilmiş nömrəsinə şəxsən zəng edin

    • ev istifadəçilərinə fişinq mesajlarını və saytlarını tanıya bilən “Kaspersky Internet Security” kimi qoruyucu həllər quraşdırmaq, şirkətlərə isə “Kaspersky Automated Security Awareness Platform” platformasının köməyilə öz əməkdaşlarının rəqəmsal savadlılığını artırmaq tövsiyə olunur.

  • Avropa İttifaqında “peyvənd sertifikatı”nın tətbiqi başladı

    Avropa İttifaqı (Aİ) tərəfindən COVID-19 pandemiyası zamanı səyahətin asanlaşdırılması üçün hazırlanan “peyvənd sertifikatı”nın tətbiqi bu gün qüvvəyə minib.

    “Anadolu” agentliyi xəbər verir ki, Aİ sərhədləri daxilində səyahətlərdə istifadə ediləcək peyvənd sertifikatı müraciəti rəsmi olaraq fəaliyyətə başlayıb.

    Pulsuz “Aİ Rəqəmsal COVID Sertifikatı” kağız formasında və ya rəqəmsal formada hazırlanır.

    Ayrı-seçkiliyin qarşısını almaq üçün peyvənd edilməyən insanlar da sertifikata sahib ola bilərlər.

    Peyvənd sertifikatı şəxsin COVID-19 peyvəndi vurdurub-vurdurmamasını, varsa, harada və hansı peyvəndin vurulmasını, xəstəliyi keçirmiş şəxslərin sağaldığını göstərən sənədin və testin mənfi nəticəsini göstərən məlumatları əks etdirir.

    COVID-19 testlərinin PCR növləri səyahətdən 72 saat əvvəl verilib sertifikatda müəyyənləşdirilir.

    Sürətli antigen testləri 48 saata qədər əvvəl edilə bilsə də, hər bir ölkə bu testin tanınmasına özü qərar verir.

    Aİ-də sertifikatla təsdiqlənmiş COVID-19 peyvəndlərindən “Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson and Johnson” qəbul edən və son dozadan 2 həftə keçən insanlara əlavə test və ya karantin kimi məhdudiyyət tətbiq edilmir.

    Sertifikat Aİ vətəndaşlarına, milliyyətindən asılı olmayaraq ailələrinə, habelə Aİ vətəndaşı olmayan amma Aİ-də yaşayan şəxslərə və digər Aİ ölkələrinə səyahət etmək hüququ olan qonaqlara verilir.

    Peyvənd sertifikatı, bütün Aİ ölkələri ilə birlikdə İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə də etibarlıdır.

    Sertifikat üzv ölkələrin dilləri ilə birlikdə ingilis dilində hazırlanır.

    Hələlik 12 ay müddətində qüvvədə olan sertifikat səyahətlər zamanı yoxlanılır.

    Xarici ölkələrlə Aİ sertifikatının qarşılıqlı tanınması üçün danışıqlar aparılır.

    Qeyd edək ki, Avropa İttifaqı bu gündən Azərbaycandan səyahətlərə icazə verib.