Month: July 2021

  • Bir gün ərzində 2000-dən çox şəxs toya buraxılmadı

    İyulun 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 289 toy şənliyinin monitorinqini həyata keçirib.

    Bu Barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, monitorinqlər 225 şadlıq sarayında, 64 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

    Keçirilən monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

    – 84 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
    – 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
    – 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

    2461 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 17-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

    Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində vətəndaşların sağlamlığının qorunmasına yönələn preventiv və təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırışın mütəşəkkil keçirilməsi və mümkün risklərin minimallaşdırılması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən zəruri addımlar atılıb. Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.

    Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

  • Ərdoğan Olimpiadada Türkiyəyə ilk qızılı qazandıran idmançıya: “Gözlərim yaşlı səni izlədim”

    Olimpiya Oyunlarında Türkiyə millisi ilk qızıl medalını qazanıb.

    Türkiyəni kamandan oxatma idman növündə təmsil edən Mete Qazoz finalda italiyalı rəqibini məğlub etməklə Olimpiya çempionu adına yiyələnib.

    Mete Qazozu qələbəsi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəng edərək təbrik edib:

    “Tarixi yenidən ayağa qaldırdın. Gözlərim yaşlı şəkildə sonuncu oxu atmağını izlədim. Səni təbrik edirəm”.

  • Kosmik turizmin planet üçün zərərləri açıqlanıb

    Müxtəlif ölkələrdən olan tədqiqatçılar milyarderlər üçün yeni bir hobbinin planet üçün çox təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıqlar ediblər. Söhbət turistləri kosmos səfərindən gedir.

    Bu barədə “Business Insider” xəbər yayıb.

    Nəşrdə bildirilib ki, bu fəaliyyətin atmosferə təsirinə dair bir neçə araşdırma var. Xüsusilə şərhlər NASA-nın baş iqlim müşaviri Qevin Şmidt tərəfindən verilir. Onun sözlərinə görə, zərərli maddələrin tullantıları kosmik aviasiya tərəfindən yayılanlarla müqayisə olunmaz dərəcədədir.

    Potensial olaraq belə uçuşların atmosferin xarici təbəqəsini məhv edəcəyi düşünülür. Ancaq alimlər ən böyük təhlükənin belə bir təsiri yaxşı öyrənilməməsində görürlər.

  • Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum oldu

    Milli Məclisin İntizam komissiyasının iclasının vaxtı məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, komissiyanın toplantısı avqustun 2-də keçiriləcək.

    İclasda Baş prokuror Kamran Əliyevin polis əməkdaşını döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə göndərdiyi təqdimata baxılacaq.

    İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.

  • Türkiyədə “Sputnik V” vaksininin Rusiya ilə ortaq istehsalına başlanacaq

    Moskvada Rusiya-Türkiyə birgə iqtisadi komissiyasının iclası keçirilib.

    “Haber Global” məlumat verir ki, iclas zamanı Rusiya Baş nazirinin müavini Aleksandr Novak yaxın aylarda Türkiyədə “Sputnik V” peyvəndinin müştərək istehsalına başlanacağını bildirib.

    Baş nazir müavininin sözlərinə görə, istehsal prosesi paralel şəkildə bir neçə müəssisədə aparılacaq.

    Novak, həmçinin Türkiyə Səhiyyə Nazirliyi tərəfindən Rusiya peyvəndinin istifadəsinə icazənin verilməsi qərarını da alqışlayıb.

  • Zaqatalada avtomobil ağaca çırpılıb: Üç nəfər xəsarət alıb

    Zaqatalada minik avtomobili ağaca çırpılıb, üç nəfər xəsarət alıb.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Qandax-Kəpənəkçi avtomobil yolunun Qandax kəndi ərazisindən keçən hissəsində baş verib.

    Rayonun Faldar kənd sakini, 40 yaşlı Famil Vəli oğlu Yusifov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.

    Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü F.Yusifov və sürücünün sərnişinləri, Faldar kənd sakinləri 54 yaşlı Rövşən Saat oğlu Osmanov və Akif Əli oğlu Rüstəmov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

    Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

  • DİN: “Polis əməkdaşları toy məclisləri bitənə qədər qəfil yoxlamalar keçirə bilər”

    Toyun gedişi zamanı yoxlamalar davam edir. Monitorinq bir neçə saat davam edir və polis əməkdaşları ərazidən gedir. Lakin toy mərasimi bitənə qədər polis əməkdaşları qəfil yoxlamalar həyata keçirə bilərlər.

    Oxu.Az xəbər verir ki, bu barədə mediaya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

    O bildirib ki, bu zaman aşkarlanan nöqsanlarla bağlı cəza tədbirlər daha ağır formaya keçirilə bilər:
    “Ona görə də heç kim düşünməsin ki, dövlət nümayəndələri gedib. İstənilən şəxs zala daxil ola bilər. Bu, bizim ümumi işimiz olmalıdır və ictimai qınaq olmalıdır. Pandemiya şəraitində elementar qayda və normalara əməl etməliyik”.

  • UEFA Superkubok matçına buraxılacaq tamaşaçı sayını açıqladı

    UEFA Superkuboku uğrunda “Çelsi” (İngiltərə) və “Vilyareal” (İspaniya) klubları arasında keçiriləcək matçı maksimum 13 min tamaşaçı izləyə bilər.

    Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, tribunalara buraxılacaq azarkeşlər mənfi PCR testi təqdim etməlidirlər. Matç günündə stadionda içki və qida məhsullarının satışı qadağan olunacaq.

    Qeyd edək ki, Superkubok qarşılaşması avqustun 11-də Şimali İrlandiyanın Belfast şəhərinin “Uindzor Park” arenasında baş tutacaq.

  • Samuxda toy qaydalarını pozanlar məsuliyyətə cəlb olunub

    Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Ziyadlı və Ağasbəyli karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkarlayıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 2 ünvanda ev sahibləri 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

    Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq, karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

    Bundan başqa, rayon ərazisində fəliyyət göstərən şadlıq saraylarında keçirilən toy mərasiminə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan 70 nəfər restorana buraxılmayıb.