Month: August 2021

  • Qusar sakininin evindən narkotik vasitələr tapıldı

    Qusar Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini çərçivəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısı alıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan bildirildiyinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Qusar rayon sakini Eldar Əlimov saxlanılıb.

    Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

    Faktla bağlı istintaq aparılır.

  • Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər nə yerdədir?

    Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

    Bu barədə “Report”a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

    A.Nəcəfli qeyd edib ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 81 km təşkil edir. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

    Onun sözlərinə görə, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqdan, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub: “Tunel və körpü olan hissələrdə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi layihəsi Göygöl rayonunun Toğanalı kəndindən keçməklə inşa edilir. Layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 900 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır. Burada mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Bu ərazilərdə inşa ediləcək dolaylara (serpantin) əlavə özül əsaslı istinad divarları tikilsə belə qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bölgədə sərt qayaların olması səbəbindən yolun tikildiyi ərazidə tikinti texnikalarının hərəkət qabiliyyəti də məhdudlaşır. Mövcud yoldan istifadə edərkən Murovdağ zirvəsindən enişdə də eyni çətinliklər yaranır. Yolda maillik 16-28 % arası dəyişir.

    Əgər yol 7 % mailliklə tikilsə, mövcud 16,5 km-lik yolun uzunluğunun dolaylarla daha 15 km uzadılması tələb olunur. Bu üzdən çətin relyefə malik ərazidə 31,5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “3 N-li Magistral Yolların İstismarı” MMC ilə subpodratçı şirkətlər olaraq yol tikintisi sahəsində ixtisaslaşmış Türkiyənin “Kolin İnşaat Turizm Sənaye və Ticarət” və “Cengiz İnşaat Sənaye və Ticarət” şirkətləri birgə icra edir. Hazırda yolun müəyyən hissələrində layihə-axtarış, geologiya və torpaq işləri aparılır. Belə ki, tikinti norma və standartlarına uyğun olaraq təməl üçün materialların təmin edilməsi, ağır vərdənə ilə əsasın tələb olunan kipliyə çatdırılması və torpaq yatağının səth sularından qorunması üçün torpaq küvetlərin çəkilməsi işləri görülür. Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və 15 – 21,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib”.

    A.Nəcəfli əlavə edib ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 2024-cü il ərzində tam olaraq tikintisinin yekunlaşdırılması nəzərdə tutulur.

  • İmişlidə parkda naməlum şəxs oturacaqları məhv edib

    İmişli şəhəri Heydər Əliyev adına parkdakı oturacaqlar naməlum şəxs tərəfindən sındırılıb.

    Sındırılan oturacaqlar bir gün sonra parkdan yoxa çıxıb.

    Sakinlərin bildirdiyinə görə, park bir ildir ki, çox baxımsızdır. Aylarla ağaclar sulanmır, bəziləri isə tamamilə quruyub. Hətta gündüzlər heyvanlar da parka daxil olub yaşıl ot örtüyünü məhv edir. Sakinlərin istirahəti üçün parkda daha şərait yoxdur.

    //Bakupost

  • Şagirdlərin vahid geyimi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Azərbaycanda yeni tədris ilinin başlamasına iki həftə vaxt qalıb. Aidiyyəti dövlət qurumları məktəblərin açılması ilə əlaqəli müvafiq müzakirələr aparır.

    Median.Az “report”a istinadən xəbər verir ki, bir müddət əvvəl Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində sentyabrın 15-də dərslərin bərpa olunacağının nəzərdə tutulduğunu deyib.

    Bu barədə, habelə məktəblərdə dərslərin neçə dəfə keçiriləcəyi barədə müvafiq qərarın gələn həftə ərzində açıqlanacağı bildirilir.

    Yoluxma sayının sürətlə artması bir çox valideyni haqlı səbəbdən narahat edir və onlar övladları üçün vahid məktəbli formasını almağa tərəddüd edirlər. Hesab edirlər ki, məktəbli formasını alıb xərcə düşməkdənsə, bir müddət gözləmək yaxşıdır.

    İndi gözləyib sonradan kütləvi şəkildə forma almaq isə forma satışı məkanlarında müəyyən sıxlığa səbəb olar və bu da öz növbəsində virusun yayılması təhlükəsini qarşıya qoymuş olur.

    Bu nöqteyi-nəzərdən məktəblər şagirdlərin vahid forma məsələsində hər hansı güzəşt edə bilərlərmi?

    Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov yeni tədris ilinin başlaması barədə qəti fikir bildirməsə də, dövlətin əsas məqsədinin gənclərə təhsil vermək olduğunu bildirib:

    “Geyimin növündən asılı olmayaraq, təhsil almaq əsas şərtdir. Ona görə də hesab edirəm ki, əsas təhsil almaq məsələsinə fikir verməliyik”.

    Təhsil eksperti Kamran Əsədov isə “Report”a açıqlamasında qeyd edib ki, müvafiq qanunvericiliyə əsasən məktəblərdə təhsil alan şagirdlərin formadan istifadəsi zəruridir:

    “Pandemiya dövründə məktəbli formalarının qiymətlərində hər hansı artım müşahidə edilmir. Təbii ki, bu, məktəbli formalarının alınması ilə bağlı mövcud qaydaların dəyişməsinə gətirib çıxarmamalıdır.

    Sadəcə, bu məsələdə aidiyyəti dövlət qurumları öz mövqeyini ortaya qoymalıdırlar. Bu səbəbdən hesab edirəm ki, aztəminatlı ailələrin övladları üçün məktəbli formalarının alınmasına köməklik edilə bilər”.

    K.Əsədov misal çəkərək vurğulayıb ki, ötən tədris ilində valideynlər xərc çəkib forma alsalar da, pandemiya səbəbindən distant təhsilə keçid oldu:

    “Nəticədə, aldıqları geyimdən istifadə olunmadı. Ona görə də valideynlərə dəstək olmaq lazımdır. Eləcə də məktəbli yarmarkaları təşkil edilməlidir ki, sosial vəziyyəti zəif olan ailələr lazımi məktəb ləvazimatlarını münasib qiymətə ala bilsinlər.

    Məktəbli forması tədris prosesi vaxtına təsir edən başlıca amildir. Bəzən yuxarı sinif şagirdləri lazımsız aksesuarlardan istifadə edir. Bu da tədrisin normal gedişinə mane olur, diqqət yayınmış olur”.

    “Bir faktı da qeyd edim ki, bəzən valideynlər məktəbli formasının satıldığı məkanlarda övladlarına bir neçəsini geyindirib yoxlayırlar.

    Təmas hallarının minimuma endirilməsi üçün valideynlərə geyimlərdən birdəfəlik yoxlama icazəsinin verilməsi məqsədəuyğun olardı. Yaxud əllərində qoruyucu əlcəkləri olan şəxslərin geyimlərə toxunmasına icazə verilsin.

    Çünki ölkədə aktiv koronavirus xəstələrinin sayı kifayət qədər artıqdır. Ona görə də bir geyimə çox sayda insanın toxunması yolverilməzdir. İmkan daxilində və forma zədəli deyilsə, əvvəlki ilin məktəbli formasının geyinilməsi yaxşı olardı” – deyə ekspert əlavə edib.

    Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, BTE verilən qərardan asılı olmayaraq, öz işini davam etdirir:

    “Burada məkanda məktəbli formasının satışı ilin istənilən vaxtında davam edir”.

    Onun sözlərinə görə, pandemiya səbəbindən əvvəlki illərlə müqayisədə bu il üçün məktəbli formalarının alışında ajiotaj yoxdur, yəni satış zəifdir:

    “Məktəblərin açılacağı deyilsə də, valideynlərin bir qismi əksini düşünür. Bu səbəbdən məktəbli formalarının alınması üçün elə də çox axın müşahidə olunmur.

    Bildiyim qədərilə məktəblərin sentyabrın 15-də açılacağı deyilsə də, rəsmi qərar hələ gələn ayın əvvəlində mövcud epidemioloji vəziyyət dəyərləndirildikdən sonra məlum olacaq. Bu səbəbdən valideynlər gözləmə mövqeyindədir”.

    Şöbə rəisi bildirib ki, forma tikilişi üçün ehtiyat var və heç bir çatışmazlıq yoxdur: “Bütün materialları Türkiyədən alırıq. Valideyn sıxlığının olmaması üçün iri supermarketlərdə məktəbli formasının satışı üçün şərait yaradılıb. Lakin hər hansı ümumtəhsil müəssisəsində forma satışı mümkün deyil. Çünki məktəb tədris üçündür”.

    O əlavə edib ki, bu il üçün də məktəbli formalarının satış qiymətində heç bir dəyişiklik edilməyib: “Aşağı siniflər üçün vahid formanın qiyməti (pencək – şalvar, pencək – ətək) 40 manat, yuxarı siniflər üçün isə 46 manatdır. Köynəklərin qiyməti isə ölçüsündən asılı olmayaraq 8 manat təşkil edir”.

    Qeyd edək ki, müvafiq qanunvericiliyə əsasən, tədris prosesi hər il sentyabrın 15-də başlayır.

  • Dünyaca tanınmış aktyor vəfat etdi

    Amerikalı aktyor Ed Asner 91 yaşında dünyasını dəyişib.

    Ed Asnerin bu səhər dünyasını dəyişdiyi bildirilsə də, ölüm səbəbi açıqlanmayıb.

    Film Aktyorları Birliyinin keçmiş prezidenti olan Asner 1970-80-ci illərdə “Mary Tyler Moore Show” və “Lou Grant” televiziya proqramları ilə şöhrət qazanıb.

    7 Emmy mükafatı ilə rekorda sahib olan Asner “Köklər” və “Zəngin və Kasıb” seriallarında rol alıb.

    Asnerin filmləri arasında Şaxta babanı canlandırdığı “Elf” və baş qəhrəman Carl Fredricksenin səsini verən “Up” cizgi filmi də var.

    Qeyd edək ki, Ed Asner son olaraq “Cobra Kai” serialında oynayıb.

  • Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ: Payızdan qiymətlər bahalaşacaq

    Ötən ilin sonlarından başlayaraq dünya bazarında avtomobillərin qiymətində müəyyən artım müşahidə edilməyə başlayıb. Bu ilin əvvəlində isə ekspertlər açıqlamışdı ki, 2021-ci ilin sonuna qədər avtonəqliyyat vasitələrinin qiyməti modelindən asılı olaraq 5-10 % civarında artacaq. Bahalaşmaya səbəb kimi isə yük konteynerlərinə olan tələbatın artması, pandemiya ilə əlaqədar tətbiq edilən sosial məsafə tədbirləri nəticəsində müəyyən avadanlıqların istehsalının azalması və başqa səbəblər göstərilirdi.

    Məsələ ilə bağlı “Report”a açıqlama verən ekspert Eldəniz Cəfərov bildirir ki, tələbin artması bazarda bahalaşmanı yaradan əsas səbəblərdəndir.

    E.Cəfərovun sözlərinə görə, ölkələr daha çox xammal ixracatçısı deyil, istehsalçı olmağı məqsəd kimi qarşıya qoyub:

    “Bu gün ABŞ, Çin, Yaponiya, Almaniya, Koreya və başqa bu kimi ölkələr arasındakı iqtisadi rəqabət güclənib. Bir faktı da qeyd etmək lazımdır ki, pandemiya olmasına baxmayaraq Çin bu il rekord həddə neft alıb. Hətta onlar İranla da yeni müqavilə imzalayıblar. Onlar İrandan da milyardlarla dollar dəyərində neft almağı planlaşdırırlar. Bu bir daha əmtəə və istehlakçı uğrunda da ciddi mübarizənin getdiyini göstərir.

    Bu gün “gadget”lərə (xırda avadanlıqlar) maraq o qədər artıb ki, bütün ölkələr onu özü istehsal etmək istəyir. Xüsusən də bu mobil telefon və avtomobil sektorunda müşahidə edilir. Əgər ötən illərin statistikasına fikir versək, görərik ki, Çin Avropa ölkələrində daha çox elektromobil istehsal edib satıb. Hazırda bu sahədə əsas rəqabət ABŞ, Çin və Avropa İttifaqı ölkələri arasında gedir.

    Bütün bu sadaladıqlarımın nəticəsidir ki, Çin, ABŞ kimi böyük dövlətlərin mal daşımalarına nəqliyyat vasitələri çatışmır. Hətta böyük holdinqlər belə loqistika və daşımalarda çətinliklərlə üzləşirlər. Burada dövlətlərin maraqları toqquşduğu üçün bir sıra şirkətlər yükdaşıma gəmi-bərələri, konteynerlər tapa bilmirlər. Bu səbəbdən də daşımaların qiyməti yüksəlir. Rəqabətin artması səbəbindən öhdəsində 100 və daha çox gəmi-bərə olan şirkətlər bir neçə illik icarəyə götürülür.

    Yük dövriyyəsi artsa da bərələrin hərəkət etdiyi yollar məhduddur. Eyni yoldan daha çox yük gəmisi buraxmaq mümkün deyil. Çünki onlar müxtəlif kanallardan keçir. Bu yaxınlarda Suveyş kanalında gəminin ilişib qalması və bu kimi oxşar hadisələr də yükdaşımaların sürətinə təsir edib. Loqistika və daşımaların qiyməti yüksəldiyindən əmtəələrin də qiyməti artır.

    Azərbaycan da dünya iqtisadiyyatının bir qoludur və bu səbəbdən də qiymət artımı ölkəmizə də təsirsiz ötüşmür. Yaxşı haldır ki, ölkəmizdə demoqrafik problem yoxdur. Əhalinin sayı normal templə artır, bu isə avtonəqliyyat vasitələrinə olan ehtiyacı da artırır”.

    Ekspert son illər Azərbaycanın bölgələrində avtomobil alqı-satqısının artdığını qeyd edib:

    “Əgər əvvəllər dillerlər yalnız mərkəzdə avtosalon açmağa üstünlük verirdilərsə, son zamanlar bölgələrdə baş verən hərəkətlilik onlara regionlarda da yeni avtomobil satış mərkəzinin açmalarına imkan yaradır. Tələbatın artması müsbət haldır, amma biz çalışmalıyıq ki, ölkəmizə daha müasir və ekoloji cəhətdən təmiz avtomobillər idxal olunsun.

    Bildiyiniz kimi bu ildən avtomobillərin beyni deyilən “çip”lərin istehsalı ilə məşğul olan şirkətlər elan elədilər ki, həmin avadanlıqların istehsalında problem yaranıb, defisit mövcuddur. Təbii ki, bu da avtomobillərin bazar dəyərinə təsir etdi və yüksəlmə baş verdi. Payızdan etibarən biz dünya bazarında avtomobil qiymətlərinin daha 5 % yüksəlməsinin şahidi olacağıq. Qiymət artımı əsasən idxalçı ölkələrdə hiss olunacaq. ABŞ, Çin kimi iri istehsalçılar bu yüksəlməni hiss etmir. Ölkəmiz də avtomobil idxalçısı olduğu üçün bu Azərbaycana da təsir edəcək. Payız-qış mövsümündə biz yeni avtomobillərin qiymətində 5 %-lik artıma şahid ola bilərik. Bir daha qeyd edim ki, bu dünyada gedən proseslərlə bağlıdır. Dünyada bahalaşma olacaqsa, Azərbaycana da təsirsiz ötüşməyəcək.

    İkinci əl avtomobil bazarında isə qiymətlər hələ də sabitdir. Lakin payızda bizi hansı sürprizlər gözləyəcək onu demək çətindir”.

  • FHN: Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğınla mübarizə tədbirlərini davam etdirir.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 168 nəfərdən ibarət şəxsi heyəti və beş texnikası, Mülki müdafiə qoşunlarının 45 nəfərdən ibarət şəxsi heyəti və üç texnikası, Şimal-qərb Regional Mərkəzinin 20 nəfərdən ibarət şəxsi heyəti və beş texnikası, Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin 25 nəfər əməkdaşı və 15 yerli sakin iştirak edir.

    Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.

  • Ova cəhd edən şəxs cəzalandırılıb

    Samux Ovçuluq Təsərrüfatının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ova cəhd edən şəxs saxlanılıb.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Xəlil Yusubov olduğu məlum olub.

    “Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb”.

  • В Барде выявлен сырный цех, действующий в антисанитарных условиях

    Сотрудники Агентства продовольственной безопасности Азербайджана провели рейд в принадлежащем физическому лицу Туралу Алвердиеву цехе по производству сыра в селе Гасымбейли Бардинского района.

    Об этом сообщили в агентстве.

    В ходе рейда выяснилось, что на предприятии не соблюдаются санитарно-гигиенические нормы и правила, режим хранения сырья, а также технологическая последовательность в процессе производства. Было установлено, что продукция продается без ветеринарного сертификата.

    В связи с выявленными фактами были приняты меры в соответствии с требованиями законодательства, администратор цеха привлечен к ответственности.

  • Antisanitar vəziyyətdə fəaliyyət göstərən pendir sexi aşkarlandı

    Bərdə rayonu, Qasımbəyli kəndində yerləşən, fiziki şəxs Alverdiyev Tural Arif oğluna məxsus saçaqlı pendir istehsalı sexində yoxlama keçirilib.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, keçirilən yoxlama zamanı sexdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərin tələblərinə cavab vermədiyi, habelə istehsal prosesində texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı, dezinseksiya və deratizasiya tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, hazır məhsulların baytarlıq (baytarlıq sanitariya) ekspertizasından keçmədən satışa təqdim edildiyi aşkar edilib.

    Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisə rəhbəri məsuliyyətə cəlb edilib.