Month: August 2021

  • Ağsu və Şamaxının dağlıq ərazilərində yenidən yanğınlar başlayıb

    Ağsu və Şamaxı rayonlarının dağlıq ərazilərində yenidən yanğınlar başlayıb.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, iki gün öncə Ağsu və Şamaxı ərazilərində başlayan yanğın bu gün səhər saatlarında söndürülsə də, dağlıq ərazidə əsən külək günün ikinci yarısında yanğının yenidən başlamasına səbəb olub.

    Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

    Qeyd edək ki, yanğınlar əsasən Ağsu və Şamaxı rayonlarının sərhəd hissələrində qeydə alınıb.

  • Bu çayı içənlər gec qocalır

    Çobanyastığı çayı qadınlarda ölüm riskini azaldır.

    Median.Az xəbər verir ki, Texas Universiteti tərəfindən aparılan araşdırmanın nəticələri zamanı bu qənaətə gəlinib.

    Qeyd edək ki, nəticələr yanlız qadınlar üçün keçərlidir.

    Araşdırmanın nəticələri Gerontoloq jurnalında dərc edilib.

  • Xızıda it 12 yaşlı uşağın yanağından dişləyib

    Xızıda 12 yaşlı uşağı it dişləyib.

    Məlumata görə, 2009-cu il təvəllüdlü Nüsrət Mövlan oğlu Mövsümov sol yanağın dişlənmiş-cırılmış yarası diaqnozu ilə Xızı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaxınlarının bildirdiyinə görə, onu it dişləyib.

    Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mövlud Çavuşoğlu: “Azərbaycandan daha 162 yanğın-xilasetmə qrupu gələcək”

    “Ölkə xaricindən gələn dəstək tələbləri və dəstəklərlə bağlı can Azərbaycandan dəstəklər davam edir”.

    “Report” xəbər verir ki, bu sözləri Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    O, qeyd edib ki, Azərbaycandan yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə gələcək.

    “Dövlət başçısı İlham Əliyevin təlimatı ilə daha 40 yanğınsöndürmə maşını və 162 yanğın-xilasetmə qrupu gələcək”, – deyə Çavuşoğlu vurğulayıb.

    O, qeyd edib ki, ABŞ-dan gələcək 2 helikopter bazar ertəsi Türkiyədə olacaq.

  • Ərdoğan: Türkiyədə meşə yanğınlarının əksəriyyəti lokallaşdırılıb

    Türkiyənin 44 əyalətində iyulun sonunda başlayan 208 meşə yanğınının 196-sı lokallaşdırılıb. Beş əyalətdə – Antalya, Muğla, İsparta, Aydın və Denizlidə 12 yanğının söndürülməsi davam edir.

    “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

    Türkiyə rəhbəri vurğulayıb ki, dövlət bütün səylərini yanğınlarla mübarizəyə yönəldib.

    Onun sözlərinə görə, təkcə yanğınların söndürülməsində 56 helikopter cəlb edilib.

    Ərdoğan qeyd edib ki, Ukrayna Türkiyəyə gecəgörmə cihazları olan beş helikopter göndərib. Helikopterlər gecə-gündüz rejimində meşələrin söndürülməsinə cəlb ediləcək.

  • Olimpiya Oyunlarının bağlanış günü Tokioda tropik fırtına gözlənilir

    Avqustun 8-də – Olimpiya Oyunlarının bağlanış günü Tokioda tropik fırtına gözlənilir.

    Mk.ru-nun məlumatına görə, bu barədə “Tokio-2020” Təşkilat Komitəsinin spikeri Masa Takaya jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, Oyunların təşkilat komitəsi vəziyyəti yaxından izləyir.

    “Gözlənilməz vəziyyətlərə hazırıq, amma indi fırtınanın bağlanış mərasiminə təsiri haqqında ciddi danışmaq istəməzdim, çünki bu yolla ətrafımızda spekulyasiyaya səbəb ola bilərik”, – deyə Takaya əlavə edib.

    O, söhbətin tayfundan deyil, dağıdıcı gücü daha aşağı olan tropik fırtınadan getdiyini vurğulayıb.

  • Karib ölkəsinin baş nazirini vaksinə qarşı etiraz aksiyasında yaraladılar – FOTO/VİDEO

    Karib ölkəsi Saint Vincent və Grenadin adasının baş naziri Ralf Gonsalves paytaxt Kingstaunda keçirilən etirazlar zamanı yaralanıb.

    Bu barədə “Loop News” xəbər verib.

    Bildirilir ki, tibbi islahatlara etiraz edənlərdən biri parlament iclasından qayıdan hökumət başçısına sərt cisim atıb və bu da kəllə-beyin travmasına səbəb olub.

    Həkimlərin tövsiyəsi ilə Gonsalves müalicə üçün qonşu Barbadosa göndərilib.

    Hakimiyyət orqanları siyasətçiyə hücumu onun həyatına qəsd kimi qiymətləndiriblər.

    Qeyd edək ki, aksiyaçılar dövlət işçilərinin COVID-19-a qarşı məcburi peyvənd edilməsi də daxil olmaqla, sağlamlıq qanununa edilən bir sıra dəyişikliklərə etiraz edirlər.

  • BMT yenidən Azərbaycan və Ermənistana çağırış edib

    BMT iki ölkənin sərhədində davam edən toqquşmaları nəzərə alaraq, Azərbaycan və Ermənistanı təmkinliliyə çağırır.

    “Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsinin müavini Farhan Xak keçirdiyi brifinqdə bildirib.

    “Biz tərəfləri israrla təmkinliliyə, gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə və dialoq prosesində yaranan məsələləri həll etməyə çağırmaqda davam edirik”, – o deyib.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə koronavirusla bağlı avqustun 6-na olan vəziyyət açıqlanıb.

    “Haber Global” məlumat verir ki, sutka ərzində ölkədə 243 280 nəfərin COVID-19 testi yoxlanıb.

    Günlük yoluxma sayı 23 957 nəfər təşkil edib.

    101 nəfər isə koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, son 24 saat ərzində Türkiyədə ölümcül virusdan sağalanların sayının 6941 nəfərə çatdığı bildirilib.

  • Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib

    2021-ci il avqustun 6-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə cari ilin 6 ayı ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsi üzrə Komissiyanın növbəti iclası keçirilib.

    Nazirlər Kabinetindən “Report”a verilən məlumata görə, Komissiyanın iclasında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

    İclasda Komissiyanın sədri tərəfindən ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılmaqla, göstərilən sahədə mübarizə işinin təşkili dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilməsi, mübarizə tədbirlərinin gücləndirilməsi, antinarkotik təbliğat, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi qeyd edilərək, qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti, əldə olunmuş nəticələr, o cümlədən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da artırılmasının zəruriliyi Komissiya üzvlərinin diqqətinə çatdırılıb.

    Komissiyanın iclasında daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Firuz Şirinzadə, səhiyyə nazirinin müavini Rahim Əliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni təmsil etdikləri qurumlar tərəfindən qeyd olunan sahədə aparılan mübarizə tədbirləri və əldə olunan nəticələr barədə çıxış edərək ətraflı məlumat veriblər.


    İclasda ümumilikdə qeyd olunmuşdur ki, daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, müxtəlif marşurutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilib və cinayətkarlardan külli miqdarda güclü təsirə malik narkotik vasitələr müsadirə edilmiş, maarifləndirmə istiqamətində ayrı-ayrı sosial təbəqələr üzrə təbliğat işinin təşkili sistemli xarakter daşımış və profilaktik tədbirlərin keyfiyyətinin artırılması üçün müvafiq əlavə tədbirlər görülüb.

    Komissiyanın iclasında son dövrlərdə narkotik vasitələrin ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və marifləndirmə işinin gücləndirilməsinin zəruriliyi vurğulanıb.

    İclasın yekunu olaraq, gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarətin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.