Month: October 2021

  • İran Gorus-Qafan yoluna alternativ çəkilməsində Ermənistana kömək etmək istəyir – VİDEO

    “Biz yeni alternativ yolun inşasında Ermənistana kömək etməyə hazırıq”.

    Bu sözləri İranın şəhərsalma və yollar nazirinin müavini Hayrullah Xademi Ermənistana səfəri zamanı deyib.

    O Tatevdən keçən alternativ yolun tikintisi ilə tanış olmaq üçün bu bölgəyə səfər edib. O yol ki, Ermənistan inşasını aylardır təkbaşına apara bilmir. Nə maddi imkanı çatır, nə mütəxəssis tapır.

    Daha ətraflı Baku TV-nin süjetində:

    “Biz yeni alternativ yolun inşasında Ermənistana kömək etməyə hazırıq”.

    Bu sözləri İranın şəhərsalma və yollar nazirinin müavini Hayrullah Xademi Ermənistana səfəri zamanı deyib.

    O Tatevdən keçən alternativ yolun tikintisi ilə tanış olmaq üçün bu bölgəyə səfər edib. O yol ki, Ermənistan inşasını aylardır təkbaşına apara bilmir. Nə maddi imkanı çatır, nə mütəxəssis tapır.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • İran ABŞ-dakı yəhudi təşkilatları və erməni lobbisi ilə əlaqə yaratmağa cəhd göstərib

    İran öz maraqlarını təmin etmək üçün Ermənistanı vasitəçi kimi istifadə etməyə çalışır.

    Erməni və İran diplomatları arasındakı son təmaslar bunun bariz nümunəsidir.

    Məlumatlı mənbənin verdiyi məlumata əsasən, Lilit Makuntsun Ermənistanın ABŞ-dakı səfiri təyin olunmasından dərhal sonra İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri ona görüş təklif edib. Yeni təyin olunmuş səfir isə bu təklifə müsbət cavab verib.

    Görüş zamanı İranın səfiri L.Makuntsdan erməni lobbisi vasitəsilə ABŞ-da İranın maraqlarının təmin edilməsi istiqamətində kömək istəyib.

    İranlı diplomat İranın İkinci Qarabağ müharibəsi zamanı Ermənistana göstərdiyi dəstək müqabilində Tehranın güclü erməni lobbisinin köməyinə ehtiyac hiss etdiklərini açıq şəkildə bəyan edib.

    Əsas məqsəd iqtisadi sanksiyalarla bağlı Tehrana qarşı siyasətin yumşaldılmasına nail olmaq üçün Konqresə və ümumilikdə ABŞ hakimiyyətinə təsir göstərməkdir.

    Mənbənin bildirdiyinə görə, bu məsələdə müsbət nəticə əldə edilib: erməni lobbisi ilə fəal əməkdaşlıq edən bir sıra konqresmenlər öz “resurslarını bölüşərək” Tehranın maraqları naminə lobbi fəaliyyətinə başlamaq barədə razılığa gəliblər.

    Lakin Ermənistanın Vaşinqtondakı yeni səfiri İran tərəfinin ikinci məxfi tələbini yerinə yetirə bilməyib.

    Mənbənin iddiasına görə, Zohuri Makuntsdan təkcə erməni təşkilatlar ilə deyil, həmçinin onların ABŞ-dakı yəhudi təşkilatları ilə əlaqə qurmasına köməklik etməyə çalışmasını xahiş edib.

    Bu məsələdə də İran tərəfi erməni lobbiçilərinin təmaslarına və onların köməyinə ümid edib.

    A.B. Zohuri həmçinin qeyd edib ki, İran tərəfi bunun üçün danışıqlar aparan şəxsləri seçərək istər Vaşinqtonda, istər İrəvanda, istərsə də üçüncü bir ölkədə Ermənistanın vasitəçiliyi ilə ABŞ-ın yəhudi təşkilatlarının nümayəndələri ilə görüşməyə hazır olduqlarını bildirib.

    Lakin “sövdələşmə” baş tutmayıb – yəhudi təşkilatları bu cür əlaqələrdən imtina ediblər və onlara sadəcə olaraq qapını göstəriblər.

  • Azərbaycanlı dizaynerin “Sumax” adlı kolleksiyası Parisdə təqdim edildi – FOTO

    AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.

    Oxu.Az xəbər verir ki, dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən ruhlanaraq ərsəyə gətirib.

    Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.

    Modelyer ruhunu, gücünü və sevgisini bu möhtəşəm layihənin yaradılmasına sərf etdiyini bildirib.

    Azərbaycan xalçaçılıq sənətinin göz oxşayan çalarlarını özündə əks etdirən kolleksiya böyük maraqla qarşılanıb.

    “Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırlır.

    Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.

    Qeyd edək ki, modelyer Türkiyə Moda Dizaynerləri Assosiasiyası tərəfindən “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görülüb. Onun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.
      
     

      

  • Həbsdəki sabiq gömrükçülər koronavirusa yoluxdu

    Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşlarının işi üzrə məhkəmə prosesi keçirilib.

    Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov və Emin Xəlilov koronavirusa yoluxduğu üçün prosesə qatılmayıblar.

    Prosesdə iştirak edən O.Zöhrabov və E.Xəlilovun vəkilləri müvəkkillərinin sağlıq durumunu nəzərə alaraq, onların ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

    Məhkəmə vəsatəti təmin etməyib və proses qeyri-müəyyən vaxta təxirə salınıb.

    İttihama görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, gömrük əməkdaşı Orxan Zöhrabov habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

    Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.

  • Hindistan geyim sənayesi üzrə vebinar təşkil edib

    Hindistanın Bakıdakı Səfirliyi Hindistan Geyim İxracının Təşviqi üzrə Şurası (AEPC) ilə birlikdə hazır geyim sənayesi üzrə hibrid rejimdə vebinar təşkil edib.

    “Report” xəbər verir ki, Hindistanın müstəqilliyinin 75-ci illiyi münasibətilə təşkil olunan tədbirlərin bir hissəsi olan bu vebinarda Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO) nümayəndəsi, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, eləcə də aparıcı pərakəndə geyim şirkətlərinin nümayəndələri iştirak edib.

    Geyim İxracının Təşviqi Şurası Hindistanın geyim ixracatçılarının rəsmi qurumu olub, Hindistan ixracatçılarına, eyni zamanda geyim idxalı üçün Hindistanı seçən idxalçılara və beynəlxalq alıcılara lazımi köməklik göstərir.

    Tədbirin məqsədi Hindistanın geyim sənayesi barədə iştirakçılara ətraflı məlumat vermək olub.

    Tədbir zamanı açılış nitqi ilə çıxış edən Geyim İxracının Təşviqi Şurasının sədri Dr. A.Sakthivel Hindistanın geyim sənayesinin gücünü qeyd edərək bu sahədə mövcud olan dövlət proqramına da toxundu. Geyim İxracının Təşviqi Şurası, həmçinin öz virtual platforması barədə video təqdimat edib.

    Vebinarda çıxış edən Hindistanın səfiri B.Vanlalvavna Hindistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığı şaxələndirmək üçün böyük imkanların mövcud olduğunu vurğulayıb. O qeyd edib ki, Hindistanın hazır geyimləri dünyanın digər ölkələrində olduğu kimi Azərbaycanda da, istər yerli sahibkarların satışı, istərsə də dünya franşizaları vasitəsilə artıq çox yaxşı tanınır və Hindistanın bu sektorda Azərbaycandakı bazar payının artırılması üçün böyük potensial olduğunu vurğulayıb.

    Tədbir zamanı, vebinar iştirakçıları Hindistanlı həmkarları ilə faydalı müzakirələr aparıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

    Azərbaycanın statistik məlumatlarına əsasən, Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 2021-ci ilin yanvar-avqust ayları üzrə ötən il ilə müqayisədə 17,6% artaraq, 588,9 milyon ABŞ dolları olub. Hindistan bu dövrdə Azərbaycanın 7-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycandan Hindistana ixrac 489,5 milyon ABŞ dolları təşkil edərək, 18,7% artıb. Hindistanın Azərbaycanın ümumi ixracındakı payı bu dövrdə 3,8% olmaqla, Hindistan Azərbaycan üçün 6-ci əsas ixrac məkanı olub. 2021-ci ilin yanvar-avqust ayları üzrə Azərbaycanın Hindistandan idxalı isə ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% artararaq, 99,4 milyon ABŞ dolları təşkil edib.

  • Ucarda Vətən müharibəsi şəhidlərinin ildönümü qeyd olunub

    Ucar rayonunda 2-ci Qarabağ müharibəsində şəhid olmuş Həsənov Hüseyn Vahib oğlunun və Məmmədov Kənan Niftalı oğlunun ildönümünə həsr olunmuş “Şəhidlərimiz hər an bizim qəlbimizdədir” adlı anım tədbiri keçirilib.

    ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Həsənov Hüseyn Vahib oğlunun ildönümünə həsr olunmuş tədbir Ucar rayon ictimaiyyətinin iştirakı ilə rayonun Çiyni kəndində, şəhid Kənan Məmmədovun anım mərasimi rayonun Alpout kəndində yerləşən qəbiristanlıqda şəhidlərin məzarı önündə keçirilib.

    Əvvəlcə şəhidlərin məzarı ziyarət edilib və ehsan süfrəsi təşkil olunub. Çiyni və Alpout kənd tam orta məktəblilərinin şəhid haqqında hazırladıqları bədii kompozisiya dinlənilib.

    Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Ucar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak ediblər.

    Qeyd edək ki, şəhid Həsənov Hüseyn 2001-ci ildə Ucar rayonunun Çiyni kəndində anadan olub. Çiyni kənd tam orta məktəbini bitirib. 3 iyul 2019-cu ildə Ucar Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Xidmətinin 1 il 2 ay 24-cü günündə şəhid olub.

    Hüseyn Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa və şücaətə görə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

    Şəhid Kənan Məmmədov 1993-cü ildə Ucar rayonunun Alpout kəndində anadan olub. Leytenant Kənan Məmmədov XTQ-də xidmət edərək torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıqlar göstərib. Kənan 2020-ci il sentyabr ayının 30-da cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Kənan Məmmədov xidmətdə göstərdiyi fədakarlığa görə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • Türkiyənin XİN başçısı Gürcüstana dəstək ifadə edib

    “İki Qara dəniz ölkəsi olan Ukrayna və Gürcüstanı dəstəkləməkdə davam etməliyik”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bu ölkələrin ərazi bütövlüyü, həmçinin NATO ilə münasibətlərinin inkişafı və imkanlarının artırılması baxımından dəstəklənməsi lazımdır.

    M.Çavuşoğlu Türkiyənin Krımın ilhaqını tanımadığını və tanımayacağını bildirib.

  • Azərbaycanda daha 826 nəfər koronavirusa yoluxub, 15 nəfər ölüb

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 826 yeni yoluxma faktı qeydə alınıb, 1 597 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 487 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 467 043 nəfər müalicə olunaraq sağalıb, 6 599 nəfər vəfat edib, aktiv xəstə sayı 13 562 nəfərdir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 201, ötən müddət ərzində isə ümumilikdə 4 902 328 test aparılıb.

  • Peyvənd olunanların sayı açıqlanıb

    Azərbaycanda gün ərzində koronavirus əleyhinə 57 572 vaksin vurulub.

    Bu barədə “Report” Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

    Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 623 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 971 249 təşkil edir.

  • Güclü yağışdan sonra Gəncəyə sel gəlib – FOTO

    Yağan güclü yağış Gəncədə problemlər yaradıb.

    Oxu.az xəbər verir ki, şəhərin bəzi hissələrini yağış suları basıb.

    Ən acınacaqlı vəziyyət isə Məshəti qəsəbəsində qeydə alınıb.

    Güclü yağış nəticəsində qəsəbəyə sel gəlib.

    Həmin ərazidən fotoları təqdim edirik: