Month: October 2023

  • Metronun növbəti stansiyasından ən son – Fotolar

    “Bakı Metropoliteni” QSC-nin növəti stansiyasında tikinti işlərinin daha bir mərhələsi yekunlaşdırılıb.

    Qurumdan verilən məlumata görə, Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə Kliniki Tibbi Mərkəz arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

    Stansiyada quraşdırılacaq 4 ventilyatorun Rusiyadan, 17 eskalatorlarun isə Almaniyadan gətirilməsi prosesi yekunlaşdırılıb. Daha iki eskalator əvvəlki dövrdə paytaxta gətirilmişdi. İlin sonuna qədər 3 liftin də Bakı metropoliteninə çatdırılması gözlənilir. Beləliklə stansiya quraşdırma və təchizat işlərinə də hazır vəziyyətə gətirilir.

    Median.Az metropolitenin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyasından ən son fotoları təqdim edir:





  • “İrəvan” 10 futbolçu ilə meydana çıxdı

    Birinci Liqada mübarizə aparan və maliyyə problemləri ilə gündəmə gələn “İrəvan” klubu 6-cı turda “Şamaxı” ilə matça çıxıb.

    Komandanın heyətindəki futbolçuların əksəriyyəti maaş almadığına görə oynamaqdan imtina etdiyi üçün klub 10 futbolçu ilə mübarizə aparır.

    Heyət tam düzəlmədiyindən komandanın ikinci qapıçısı da meydan oyunçusu kimi oynayır.

  • Ləğv prosesində olan “Muğan Bank”ın kreditorlarının nəzərinə!

    Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2-3(103)-54/202 nömrəli qərarı ilə “Muğan Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilib.

    27 oktyabr 2023-cü il tarixdən etibarən ləğv prosesində olan “Muğan Bank” ASC-yə qarşı tələblərin yazılı şəkildə qeydə alınmasına başlanılacaqdır.

    “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Məlumat üçün bildiririk ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

    -kreditorun adı və ünvanı;

    -tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

    -tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

    Ləğv prosesində olan “Muğan Bank” ASC–nin kreditorlarından xahiş olunur ki, 25 dekabr 2023-cü il tarixədək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

    Ləğv prosesində olan “Muğan Bank” ASC–nin Baş ofisi.

    Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B.

    Əlaqə: 941.

  • Prezident: “Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”

    “Bizim bərpa olunan enerji gündəliyimiz təkcə Günəş və ya külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hazırda biz üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

    Artıq 170 meqavat gücündə olan hidroelektrik stansiyalarının istismara verildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bu ilin sonuna kimi bu, 270 meqavata çatacaq. İki-üç ildən sonra hidroelektrik stansiyaların gücü 500 meqavat olacaq.

    “Bu da yaşıl enerjiyə keçid prosesinə digər mühüm bir töhfə olacaq. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

  • Захарова заявила о готовности России принять глав МИД Азербайджана и Армении

    Россия при наличии политической воли в Ереване готова принять у себя министров иностранных дел Азербайджана и Армении с перспективой выхода на трехсторонний саммит.

    Об этом заявила на брифинге официальный представитель МИД РФ Мария Захарова.

    Источник: ТАСС

  • Zaxarova: “Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etməyə hazırdır”

    “İrəvanın siyasi iradəsini nəzərə alaraq, Rusiya üçtərəfli sammit perspektivi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul etməyə hazırdır”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    Xatırladaq ki, bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Bakı və İrəvanın nəhayət sülh müqaviləsi bağlamalarına kömək etmək üçün səylərini davam etdirdiyini bildirmişdi. Onun sözlərinə görə, bu, regionda vəziyyəti sabitləşdirmək, daha müsbət və yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır.

    Mənbə: TASS

  • Kürdəmirin sabiq icra başçısının cəzaçəkmə növü dəyişib

    Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun cəzaçəkmə növünün dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb.

    APA xəbər verir ki, Nizami Rayon Məhkəməsində onun müraciəti təmin edilib.

    Belə ki, Ceyhun Cəfərovun cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

    Qeyd edək ki, sabiq icra başçısı və Kürdəmir rayonunun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunub.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

    Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını altı ilə endirilib.

    Ali Məhkəmə isə Ceyhun Cəfərovun cəzasını azaldaraq üzərində qəti olaraq dörd il altı ay azadlıqdan məhrumetmə cəzası saxlayıb.

  • AQTA dönər hazırlanan müəssisələrdə aparılan yoxlamaların nəticəsini açıqlayıb

    Bu ilin doqquz ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb.

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, agentlik ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

    Tədbirlər çərçivəsində ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Bir müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib. Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Səkkiz müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib.

    Yoxlamalar zamanı qida obyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, çiy dönər ətinin müşayiətedici sənədlərinin (ekspertiza aktı, baytarlıq şəhadətnaməsi, çıxarış) olmaması, çiy dönər hazırlanan müəssisələrdə texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, dönərin hazırlanmasında istifadə olunan xammalın temperatur rejiminə əməl edilmədən saxlanılması, bişmiş dönərin realizə olunarkən temperatur rejiminə əməl edilməməsi, mənşəyi məlum olmayan xammaldan istifadə edilməsi, müəssisənin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün şəraitin təmin olunmaması və onların ilkin və dövri tibbi müayinədən keçməməsi, müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması kimi uyğunsuzluqlar aşkarlanıb.

    Qeyd edək ki, “Multimonitorinq Planı”nın icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dönərxanalarda hazırlanan dönər məhsullarından 193 nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, 181 məhsul normativ sənədlərin tələblərinə cavab verib, 12 məhsulda uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkarlanan məhsul istehsal edən müəssisələr barədə qanunvericlik çərçivəsində zəruri tədbirlər həyata keçirilib.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

  • Hikmət Hacıyev: “Son üç ildə 334 Azərbaycan vətəndaşı minaya düşüb”

    2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb.

    Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.

    O qeyd edib ki, minaya düşən 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb.

    Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var.

    H.Hacıyev qeyd edib ki, 1991-ci ildən bu günədək 3 413 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır.

  • Qəbələdə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı Qəbələ şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Ülfət Bağırov saxlanılıb. Saxlanılan şəxsin üzərinə və yaşadığı ünvana baxış keçirilərkən sellofan torbalarda qurudulmuş marixuana aşkar edilərək götürülüb.

    Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə rayon sakini, əvvəllər də məhkum olunmuş İlqar Nəsirov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən də qurudulmuş marixuana aşkarlanıb.

    Faktlarla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.