Month: December 2023

  • Bu içki və qidalar qaraciyər xərçənginə səbəb olur

    Spirtli içkilər və yağlı ət məhsulları qəbul etmək qaraciyər xərçənginin inkişafına səbəb ola bilər.

    Median.Az 
    news.ru-ya istinadən xəbər verir ki, bunu onkoloq, tibb elmləri namizədi, Rusiya Tibb Elmləri Akademiyasının Kliniki Onkologiya İnstitutunun baş elmi işçisi Yevgeni Çeremuşkin deyib.

    Həkimin sözlərinə görə, spirtli içkilər və pis vərdişlər bir çox xəstəliklərin yaranmasında əsas amillərdəndir. Bundan əlavə, qaraciyər yağlı ətlərin, məsələn, donuz və ya ördək yeməkdən mənfi təsirlənir.

    “Etil spirti qaraciyər kütləsinin 80%-ni təşkil edən hepatositlərin ölümünə səbəb ola bilər”, deyə Çeremuşkin izah edib.

    Bundan əlavə, onkoloq qida məhsullarının tərkibində olan kimyəvi əlavələrin də sağlamlıq üçün təhlükəli olduğunu vurğulayıb.

  • Uşaqlarda mikoplazma pnevmoniyası aşkarlandı

    Uşaqlarda mikoplazma pnevmoniyası (“Mycoplasma pneumoniae”) bakteriyasının törətdiyi ağciyər iltihabı xəstəliyi ilə bağlı ilk hallar İtaliyada qeydə alınıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Ali Səhiyyə İnstitutu (ISS) məlumat yayıb.

    “Hazırda tənəffüs əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşaqlarda pnevmoniyanın iki halı qeydə alınıb”, – məlumatda qeyd edilib.

  • Zaqatalada hazırlanan yumurta turşusu türkləri təəccübləndirdi FOTOlar

    Türkiyəli blogger Hasan Cam sosial şəbəkə hesabında canlı yayıma çıxaraq Azərbaycanın Zaqatala, Qax,  Balakən rayonlarında hazırlanan maraqlı bir yeməyə diqqət çəkib. Bu zonada hazırlanan yumurta şorabası onu xeyli heyrətləndirib.

    Median.Az lent.az-a istinadən yumurta şorabasının hazırlanması barədə məlumat verir.

    Yumurta şorabası, daha dorğusu, marinadı belə hazırlanır.

    Yumurtalar soyutma bişirilir, soyulur. Təmiz balonun içərisinə təxminən 10 ədəd soyulmuş yumurta, doğranmış bibər, zəncəfil, kök, soğan, sarımsaq, göyərti, çuğundur duz, bitki yağı, sirkə, qaynadılmış su tökülüb qapağı bağlanır. Balon su dolu qazana qoyulur, yarım saat qaynadıldıqdan sonra çıxarılır.

    Bu yeməyi hazır salat da adlandırmaq olar. Bir neçə gün sonra istifadə etmək üçün yararlı olur.

    Hazırlanan yumurta şorabası türkiyəli izləyicilərin heyrətinə səbəb olub.

  • Xaçatryan: “Azərbaycan Ordusu heç yerə getməyib, əksinə…”

    Azərbaycan Silahlı Qüvvələri Cermuk istiqamətində möhkəmlənərək, mühəndislik işlərini davam etdirir.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan deyib.

    Xaçatryan o vaxtkı Baş Qərargah rəisi Edvard Asryanın Azərbaycan Silahlı Qüvvələrinin bir sıra ərazilərdə mühasirəyə alındığı və zaman keçdikcə kommunikasiyaları kəsildiyi üçün geri çəkiləcəyi barədə vaxtilə verdiyi bəyanatı şərh edib. Xaçatryanın sözlərinə görə, düşmən heç yerə getməyib, əksinə, o, ancaq öz mövqelərini möhkəmləndirir, mühəndis konstruksiyalarını ucaldır, taktiki mövqelərini təkmilləşdirir.

    Qeyd edək ki, Xaçatryan 2021-ci ilin fevralında nəşrlərdən birinə müsahibəsində Paşinyanın 44 günlük müharibə zamanı “İsgəndər” raketlərinin yalnız 10%-nin partladığı ilə bağlı dediyi ifadəni tənqid etdikdən sonra tutduğu vəzifədən uzaqlaşdırılıb. General baş nazirin sözlərini qeyri-peşəkar hesab etmişdi.

  • Səfir: “Azərbaycan və Qazaxıstan xalqları arasında mədəni-humanitar əlaqələr xüsusi yer tutur”

    “Qazaxıstanla Azərbaycan arasında münasibətlərin dinamikası çox yaxşıdır. Ölkələr siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, müdafiə sahələrində əməkdaşlıq edirlər. Eyni zamanda, iki xalq arasında mədəni-humanitar əlaqələr də xüsusi yer tutur”.

    Median.Az xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərə açıqlamasında deyib.

    Səfirin sözlərinə görə, Qazaxıstanın Mədəniyyət Günləri Azərbaycanda yüksək səviyyədə keçirilir.

    “Bu gün yekun qala-konsertdə Milli Məclisin sədri, nazirlər, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, diplomatlar, ictimaiyyət və mədəniyyət xadimləri iştirak edəcəklər”, – deyə səfir qeyd edib.

    A.Bayel Mədəniyyət Günlərinin təşkilinə görə Azərbaycan və Qazaxıstanın mədəniyyət nazirlərinə təşəkkür edib və iki ölkənin mənafeyi naminə fəaliyyət göstərməyə hazır olduğunu bəyan edib.//report.az

  • Vatsapda növbəti YENİLİK

    iPhone üçün vatsapın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

    Belə ki, yenilik vatsapın iOS üçün 23.24.73 nömrəli versiyasında mümkündür. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər. Teleqramda tətbiq olunduğu kimi, əlavələr sənəd kimi göndərilməlidir. Bildirilir ki, göndərilən faylların həcmi 2 GB ilə məhdudlaşır.

  • BQXK Prezidenti Qəzzaya getdi

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Prezidenti Mirjana Spoljaric Qəzzaya gedib.

    Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin mətbuat xidməti bəyanat yayıb.

    Bəyanatda bildirilib ki, Prezident Spoljaric Qəzzada mülki əhalinin qorunmasına, müharibə qanunlarına hörmət etməyə və girovların dərhal azad edilməsinə çağırış edəcək. BQXK Prezidentinin yaxın həftələrdə İsrailə səfər edəcəyi də qeyd olunub. Qəzzada Prezident Spoljaric BQXK-nın yerli komandası ilə ilə görüşəcək və Avropa Xəstəxanasına baş çəkəcək.

    BQXK Prezidenti “X” hesabında artıq Qəzzaya çatdığını bildirib.

    “İnsanların əzablarının dözülməz olduğu Qəzzaya gəldim. Mülki əhalinin müharibə qanunlarına uyğun olaraq müdafiə olunması və yardımın maneəsiz daxil olması üçün təcili çağırışımızı təkrar edirəm”, – o paylaşımında qeyd edib.

  • “Tiktok” Azərbaycanda bağlana bilər? – AÇIQLAMA

    Bütövlükdə Tiktok da daxil olmaqla, heç bir sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Bağlamaq məsələni həll etmir.

    Median.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Tiktokun Azərbaycanda bağlanması ehtimalı haqda danışarkən deyib.

    “Müvəqqəti olaraq hansısa platformanı bağlamaq insanların daxilində emosiaların daha sərt formada qalmasına gətirib çıxarır.

    Biz daha çox sosial şəbəkənin mədəniləşməsi istiqamətində çalışmalıyıq. Çünki bu mədəniləşmə olmasa, prosesləri tənzimləmək də çətin olacaq.

    Dünyada Tiktoku bizi kimi istifadə eləmirlər. Bizdə bu cür istifadə edirlərsə, deməli, problem özümüzlə bağlıdır. Bunlar maşın sürmək kimi bir şeydir.
    Maşınla avtoşluq da edə bilərsən, normal da sürə bilərsən. Əgər kimsə avtoşluq edirsə, bu adamın öz xarakteri ilə bağlıdır.

    Ona görə də sosial şəbəkələri bağlamaqla normallaşmasını gözləmək mümkünsüzdür”, – deputat bildirib.

  • Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırıldı

    Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Agentliyin müfəttişləri paytaxtın Binəqədi, Xəzər, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən bir sıra dönər satışı obyektlərində növbəti plandankənar yoxlamalar həyata keçiriblər.

    Monitorinqlər çərçivəsində həmin iaşə müəssisələrində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabları nəticəsində müxtəlif bakteriyalar və digər normativ tələblərin pozulması halları aşkarlanıb.

    Uyğunsuzluq müəyyən edilmiş aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:

    – Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesi, ev 3H ünvanında fəaliyyət göstərən “Manqal Dönər”;
    – Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu, Vaqif küçəsində fəaliyyət göstərən “Dönəriyyo”;

    – Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən “Akdeniz” dönərxanası;

    – Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “Q” yaşayış sahəsində fəaliyyət göstərən “Dönərio”.

    Adları açıqlanan dönərxanalarda aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb. Həmçinin qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

  • Biləsuvarın iki kəndində qəzalı olan elektrik dirəkləri və xətlər yenilənib

    Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Səmədabad kəndində vətəndaşlarla keçirdiyi səyyar qəbulda kənd sakinləri tərəfindən yararsız vəziyyətdə olan küçə elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi ilə bağlı müraciətləri Biləsuvar Elektrik Şəbəkəsi tərəfindən qeydiyyata götürülərək icrasına başlanılıb.

    “Report”un Muğan bürosunun məlumatına görə, artıq 700 metr uzunluğu olan küçədə dirəklər basdırılıb. Həmçinin SİP kabelləşmə başa çatmaq üzrədir.

    Eyni zamanda rayonun Ovçubərə kəndində Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən səyyar qəbulda sakinlər tərəfindən yararsız vəziyyətdə olan 3 ədəd elektrik dirəyinin dəyişdirilməsi və xətlərin yenilənməsi ilə bağlı müraciətləri öz həllini tapıb.