Month: December 2023

  • Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb

    Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qumlaq kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Rəhman Bəxtiyar oğlu müalicə aldığı Bakıda yerləşən xəstəxanalardan birində vəfat edib.

    Xatırladaq ki, 37 yaşlı Rəhman Hacıyev bu il noyabrın 6-da sirkə turşusu içib və xəstəxanaya yerləşdirilib.

    Onun sirkə turşusunu ehtiyatsızlıqdan içdiyi bildirilib.

  • XİN: Ermənistan sülh sazişi təkliflərini 70 gündən artıqdır yubadır

    Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir.

    Median.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 4 dekabr 2023-cü il tarixli açıqlamasına dair şərhində bildirilib.

    “Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik. Ermənistan tərəfi bu kimi açıqlamalar ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür”, – şərhdə deyilir.

  • Dünya “donur”: 100 ilin ən soyuq qışı

    Hazırda Avropanın əksər ölkələrində anomal hava şəraiti hökm sürür.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, qar fırtınası Britaniya, Almaniya, Avstriya, İsveçrə və Çexiyada ictimai nəqliyyatın işinə əngəllər törədir, bir sıra iri hava limanı reysləri təxirə salmalı olub.

    Britaniyada havanın temperaturu mənfi 12 dərəcədir.

    Hətta Skandinaviyada noyabr ayı üçün rekord aşağı temperatur qeydə alınıb.

    Güclü qar səbəbindən noyabrın 26-da Bolqarıstanda fövqəladə vəziyyət elan olunub.

    Son bir neçə gündə Almaniya ərazisinin böyük hissəsinə qar yağıb. Bildirilir ki, bu, son 20 ildə ilk belə hadisədir. Həftə sonu Bavariya əyalətinin mərkəzi şəhəri Münhenə 40 santimetr qar yağıb. Alman mətbuatı yazıb ki, ötən əsrin 30-cu illərindən bəri Münhendə belə hal olmayıb. Şəhərin hava limanı bağlanıb, 760 reys təxirə salınıb və ya ləğv edilib.

    Anomal hava şəraiti Rusiyada da özünü göstərir. Ötən həftə Rusiyanın Krım və Qara dəniz sahillərində baş verən güclü fırtına infrastruktura böyük ziyan vurub. Hazırda paytaxt Moskvada da dekabrın əvvəlinə xas olmayan soyuqlar qeydə alınıb. Moskvada – 6-15 dərəcə şaxta var. Meteoroloqların məlumatına görə, çərşənbə günündən etibarən havanın temperaturu bir az da aşağı düşəcək, cümə günü isə gündüz mənfi 11-16, gecə isə mənfi 17-22 dərəcə təşkil edəcək.

    “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, Moskvadakı bu temperatur Sibir üçün xarakterikdir.

    Ötən ayın sonu Türkiyədə də sel və fırtına baş verdi. Sinop, Konya, Ankara, Konya və Giresun şəhərlərində baş verən sel və fırtına zamanı hətta ölən və yaralananlar da oldu.

  • Qarabağ Universiteti bu binada fəaliyyətə başlayacaq: Xankəndidən unikal GÖRÜNTÜLƏR

    Qarabağ Universiteti öz müəllimlərini və tələbələrini qarşılamağa hazırdır.

    Bu barədə AzTV-də yayımlanan “HƏFTƏ” ictimai-siyasi proqramında bildirilib.

    Sujetdə daşnak yuvasına çevrilən Xankəndi Pedaqoji İnstitutunun ləğvi və onun istiqamətini dəyişəcək Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verilib.

    Qeyd edilib ki, Qarabağ regionunda təhsil ənənəsi tarixən mövcud olub. Burada orta təhsil müəssisələrilə yanaşı musiqi və peşə məktəbləri fəaliyyət göstərib. Xankəndidə ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

    Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında fəaliyyət göstərəcək Qarabağ Universitetində regionun inkişafı üçün kadr potensialının yetişdirməsi gözlənilir.

    Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

  • “Vosmoy bazarı”nın satış qiyməti açıqlandı – Dodaq uçuqladan məbləğ – FOTO

    Son günlər satılması və ya köçürülməsi xəbəri ilə gündəm mövzusuna çevrilən “8-ci km bazarı” barədə müxtəlif versiyalar səsləndirilir. Əsasən deyilir ki, bazar tamamilə söküləcək, ya da yerində yaşayış massivi tikiləcək.

    Globalinfo.az ticarət mərkəzinin torpaq sahəsinin qiyməti ilə bağlı araşdırma aparıb.

    Saytımıza danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı həmin ərazidə qiymətlərin ucuz olmadığını bildirib:

    “Həmin ərazidə torpaq sahələrinin qiyməti fərqli olur. Qara Qarayev prospektinə yaxın hissələrdə torpağın 1 sotunun qiyməti təxmini 120-130 min manat civarındadır. Arxaya doğru getdikcə isə qiymət azalır. Digər hissələrdə olan qiymət 60-70-80 min təşkil edir. Bir sözlə, minimum 60, maksimum 130 min manatdır”.

    R.Osmanlı bazarın ləğvi məsələsinə də toxunub:

    “Orada söhbət bazarın deyil, MMC-nin ləğv olunmasından gedir. Amma istisnalar da ola bilər”.

    İlkin hesablama aparsaq, belə məlum olur ki, bazarın yerləşdiyi torpaq sahəsinin qiyməti 20-25 milyon manatdan çox edir.

  • Bakıda Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert keçirilib

    Azərbaycanda keçirilən Qazaxıstanın Mədəniyyət Günləri çərçivəsində qala konsert baş tutub.

    Median.Az xəbər verir ki, qala konsertdən öncə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel və digər rəsmilər qazax mədəniyyətini özündə əks etdirən sərgi ilə tanış olublar.

    Qazaxıstanın mədəniyyət naziri xanım Aida Balayeva Milli Məclisin sədri Sahibə Qafarovaya Xurşidbanu Natəvanın xalça üzərində çəkilmiş rəsmini hədiyyə edib.

    Daha sonra konsert proqramı təqdim edilib.

    Qala konsertdə qazax milli musiqisini və mədəniyyətini özündə əks etdirən rəngarəng kompozisiyalar nümayiş olunub.

  • HƏMAS Təl-Əvivə raket zərbələri endirib

    Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadaları Təl-Əvivə raket zərbələri endiriblər.

    Bu barədə hərəkatın sosial şəbəkə hesabında dərc olunan bəyanatında deyilir.

    Bir qədər əvvəl HƏMAS-ın silahlı qanadı bildirib ki, onun döyüşçüləri İsrailin cənubundakı Aşkelon şəhərini atəşə tutublar.

    Mənbə: TASS

  • Rumıniya yığması Azərbaycanla qarşılaşmaq istəmir

    Rumıniya yığması UEFA Millətlər Liqasının 2024/2025 mövsümündə Azərbaycanla qarşılaşmaq istəmir.

    Millimiz C Liqasında çıxış edəcək rumınlar üçün çətin rəqib hesab edilir.

    Yerli federasiya Azərbaycanla yanaşı, Şimali Makedoniya və Litvanı da arzuolunmaz rəqiblər hesab edir. Onlar Farer adaları, Kipr və Estoniyadan ibarət qrup arzulayırlar.

    Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümün püşkatma mərasimi 2024-cü il fevralın 8-də Fransanın paytaxtı Parisdə təşkil olunacaq. Azərbaycan yığması C Liqasının II səbətində yer alacaq.

    Mənbə: prosport.ro

  • Leyla Əliyeva Dubayda COP-28 çərçivəsində iqlim dəyişiklikləri üzrə müzakirələrdə iştirak edib

    Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən COP-28 çərçivəsində dekabrın 4-də Ümumi Qadınlar Birliyinin sədri Şeyxa Fatimə Bint Mübarəkin himayəsi altında “Qadınlar tərəqqiyə liderlik edir: Su və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda panel iclas təşkil olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT), Ümumi Qadınlar Birliyinin və İsveçrə Qadınlar və Gücləndirmə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən iclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Almheiri iştirak ediblər.

    İclasda bildirilib ki, iştirakçılar BMT Baş Assambleyasının təhlükəsiz və təmiz içməli su hüququnu başlıca insan hüquqlarından biri kimi təsbit edən qətnaməsinə uyğun olaraq, su idarəçiliyi ilə bağlı aktual problemi həll etmək, onun icmalara və ekosistemlərə təsirlərini araşdırmağa yönəlmiş səyləri əlaqələndirməyə və gücləndirməyə çalışacaqlar.

    Müzakirələrdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Biz görürük ki, iqlim dəyişikliklərinə görə Kür, Samur, Araz çaylarında suyun səviyyəsi aşağı düşür. Volqa çayında suyun səviyyəsi enir və bu, Xəzər dənizinə də təsir edir. Biz ötən 7-8 ildə Azərbaycanda quraqlığa şahid olmuşuq və bu da aqrar sahəyə təsirini göstərir. Hökumət ölkədə 10 su rezervuarı yaratmağı planlaşdırır və bununla problem həll olunacaq. Digər məsələsi isə odur ki, təəssüf, biz ölkəmizin ərazisinin 20 faizinin 30 il ərzində işğal altında qaldığı dövrdə həmin torpaqlardakı su ehtiyatlarımızdan məhrum olmuşduq”.

    Çıxışlar zamanı su problemlərinin həlli ilə bağlı qarşılıqlı məlumatlılığının artırılmasının, davamlı su idarəçiliyi üçün inklüziv və məlumatlı həllərin təşviq edilməsinin, Dayanıqlı İnkişaf Məqsədlərinə və gender bərabərliyinə nail olmağın əhəmiyyəti xüsusi vurğulanıb. Panel iştirakçıları, həmçinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olunmasını sürətləndirmək baxımından dünya miqyasında icmaların rifahına, sağlamlığına və bərabərliyinə müsbət təsir göstərə biləcək daha yaxşı su idarəçiliyi üçün qabaqcıl təcrübə və mümkün həll mexanizmlərini, eləcə də iqlim məsələlərini müzakirə ediblər.

    Xəlifə Universitetinin professoru Mariam Rashed Al Shehihi bildirib: “Biz BƏƏ-də su ilə bağlı vəziyyət haqqında ən yeni məlumata sahib olmalıyıq. Bununla da problemləri daha yaxşı anlayıb su ehtiyatlarının daha səmərəli idarə edilməsinə nail ola bilərik. Biz anlamalayıq ki, məsələn, BƏƏ-də hansı sahələrdə nə qədər su sərf edilir. Bununla da biz problemləri, indiki və gələcəkdə yarana biləcək vəziyyəti daha yaxşı başa düşə bilərik”.

    Panel iclasından sonra iştirakçılar COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda olublar. Məlumat verilib ki, dekabrın 12-dək davam edəcək COP28 çərçivəsində Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılan milli pavilyon “İqlim dayanıqlığı üçün davamlı həlləri rəhbər tutaq” mövzusunu əhatə edir.

    Pavilyonun konsepsiyası Azərbaycanın zəngin flora və faunası üzərində qurulub. İnteraktiv formatda qurulan pavilyonda ölkəmizin iqlim dəyişikliyi sahəsində siyasəti, atmosferə atılan istixana qazlarının azaldılması istiqamətində Azərbaycan hökumətinin tədbirləri, mitiqasiya və adaptasiya üzrə fəaliyyəti və digər layihələr barədə məlumat verilir. Bildirilib ki, ölkəmiz 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasının 35 faiz azaldılması, 2050-ci ildə isə bu hədəfin 40 faizə çatdırılacağına dair öhdəliyi təsdiqləyib. Bu istiqamətdə aktiv fəaliyyət göstərmək Azərbaycan hökuməti üçün prioritet məsələdir.

    Dekabrın 4-də, həmçinin Azərbaycan pavilyonunda İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun təşkilatçılığı ilə “İqlim dəyişməsi və ekosistemlərin bərpası” mövzusunda tədbir keçirilib.

    Ümumdünya Təbiəti Mühafizə Fondunun Qafqaz ofisinin mühafizə meneceri Maka Bitsadze, layihə meneceri Yerney Strith, Fondun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əskərov və İDEA təşkilatının nümayəndəsi Zərxanım Ağayeva regionda təbiətin mühafizəsi və bərpası layihələri barədə məlumat verib, Azərbaycanın bu layihələrdəki xüsusi rolunu vurğulayıblar. Bildirilib ki, ötən əsrin ortalarında nəsli kəsilməkdə olan ceyranların tarixi arealı bərpa olunmaqdadır və yeni ərazilərə 350 başa yaxın ceyran köçürülüb. O cümlədən işğaldan azad olunmuş ərazilərə 33 baş ceyran reintroduksiya edilib və bu proses davam etdiriləcək.


  • SOCAR və ADNOC arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.

    “Report” bu barədə SOCAR-a istinadən xəbər verir. Saziş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində imzalanıb.

    Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.

    Qeyd edək ki, bu ilin avqust ayında ADNOC şirkəti “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsi ilə bağlı SOCAR və Fransanın “TotalEnergies” şirkəti ilə Saziş imzalayıb.

    COP-28 çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf bir sıra xarici şirkət rəhbərləri ilə görüşlər keçirib.

    SOCAR həmçinin “Sirius” beynəlxalq holdinqi ilə də Strateji Əməkdaşlığa dair Saziş imzalayıb.

    Səfər çərçivəsindən R. Nəcəfin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşü olub. Görüşdə birgə həyata keçirilən layihələrin Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib, həmçinin əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

    “Ernst & Young” şirkətinin qlobal sədr müavini xanım Amy M. Brachio ilə görüşdə bərpaolunan enerji, rəqəmsallaşma, könüllü karbon bazarları sahələrində potensial əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.