Month: December 2023

  • İran HDQ nümayəndə heyəti Bakıda səfərdədir

    İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Səfər çərçivəsində komandanın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, həmçinin HDQ qərargahını və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarəti planlaşdırılır.

  • Prokuror 700 min manatlıq mənimsəmədə ittiham olunan politoloqa cəza istədi

    Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

    Prokuror Cəbrail Fərzəliyevin 12 il azadlıqdan məhrum edilməsini istəyib.

    Növbəti məhkəmə prosesi dekabrın 25-nə təyin edilib.

    Qeyd edək ki, iş üzrə “PAŞA Bank” ASC və “Azərbaycan Respublikasının Gənclər Fondu” zərərçəkmiş kimi tanınıb. Cəbrail Fərzəliyev 385 min manat “Azərbaycan Respublikasının Gənclər Fond”una, 342 min manat isə “PAŞA Bank”a qarşı mənimsəmədə ittiham olunur.

    Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Cəbrail Fərzəliyev politoloq kimi fəaliyyət göstərib. O, həmçinin 2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.

  • Slavyan Universitetinin sabiq şöbə müdiri yenidən hakim qarışısına çıxır

    Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyeva barəsindəki hökmdən narazı qalıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı xanım müttəhimin vəkili Rövşən Mərəndskiy ittihamedici apellyasiya şikayəti verib.

    Vəkil hesab edir ki, müvəkkilinə qarşı irəli sürülmüş ittihamlar birinci instansiya məhkəməsində kifayət qədər dəlil və sübutlarla təsdiqini tapmayıb:

    “Bakı Slavyan Universiteti hələ də təhsil ödənişləri mənimsənildiyi iddia olunan 123 nəfərin müqavilələrini bizə təqdim etməyib. Belə olan halda biz onların təhsil haqqı məbləğini və həmin universitetdə oxuduqlarını bilmirik. Bəlkə həmin 123 nəfər tələbə deyil? Bizə konkret sübutlar lazımdır”.

    Müdafiəçi D.Əliyeva barəsindəki 6 il azadlıqdan məhrumetmə cəzasınının ləğv olunmasını, bəraət qərarı çıxarılmasını xahiş edib.

    Xatırladaq ki, D.Əliyeva Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

    Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 311.1 (rüşvətalma) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.

    İttihama görə, o, BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu 2018-2021-ci illərdə mənimsəmə və rüşvətalma yolu ilə 226 min manat ələ keçirib.

    D.Əliyeva özünü təqsirli bilməyib, tələbələrdən alınan pulu universitetin ovaxtkı rektoru Nurlana Əliyevaya verdiyini deyib. N.Əliyeva isə məhkəmədə bütün qanunsuzluqlarda Dürdanə Əliyevanı ittiham edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Əliyeva 6 il azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.

  • Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

    Bakıda bir sıra dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

    Agentliyin müfəttişləri paytaxtın Binəqədi, Xəzər, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən bir sıra dönər satışı obyektlərində növbəti plandankənar yoxlamalar həyata keçiriblər.

    Monitorinqlər çərçivəsində həmin iaşə müəssisələrində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabları nəticəsində müxtəlif bakteriyalar və digər normativ tələblərin pozulması halları aşkarlanıb.

    Uyğunsuzluq müəyyən edilmiş aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:

    – Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesi, ev 3H ünvanında fəaliyyət göstərən “Manqal Dönər”;

    – Bakı şəhəri, Xəzər rayonu, Binə südçülük sovxozu, Vaqif küçəsində fəaliyyət göstərən “Dönəriyyo”;

    – Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən “Akdeniz” dönərxanası;

    – Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, “Q” yaşayış sahəsində fəaliyyət göstərən “Dönərio”.

    Adları açıqlanan dönərxanalarda aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb. Həmçinin qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

  • Qadın həbsdə olan oğluna telefon ötürmək istədi

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat yayıb.

    Bildirilib ki, məhkum Fərid Adbala oğlu Məhərrəmova anası Pürüzə Balamməd qızı Məhərrəmovanın gətirdiyi sovqatdakı paltonun cibində gizlədilmiş bir ədəd “iPhone” markalı mobil telefon aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib: Ölənlər var

    Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.

    Bu barədə KTM məlumat yayıb.

    Bildirilib ki, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub.

    Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib. Yeddi nəfər allergik reaksiya, iki nəfər botulizm, bir nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin iki nəfəri ilan, bir nəfəri həşərat sancıb.

    Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən dördü dünyasını dəyişib. Onlardan üçü kişi, biri qadın olub.

  • Ərdoğanın müavini Azərbaycanda səfərdədir

    Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zəfər Sırakayanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

    “Report”un xəbərinə görə, səfər Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə həyata keçirilir.

    Z.Sırakaya YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşəcək.

    Görüş zamanı iki ölkənin hakim partiyaları arasında əməkdaşlığın genişləndirilməsi, fikir və təcrübə mübadiləsi, həmçinin gələcəkdə atılacaq addımların müzakirəsi nəzərdə tutulub.

  • Prezident İlham Əliyev Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Bakıda Malayziyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanın etimadnaməsini qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.




  • Dekabrın 4-də Qəzzanı tərk etmək icazəsi alan şəxslərin sayı AÇIQLANDI

    Dekabrın 4-də 500-dən çox fələstinli, əcnəbi vətəndaş və ikili vətəndaşa Qəzza zolağından çıxmağa icazə verilib.

    Siyahıları Fələstin anklavının sərhəd xidməti paylaşıb.

    Məlumata görə, ümumilikdə, çıxış siyahılarına Avstriya, Bosniya və Herseqovina, Böyük Britaniya, Moldova, Niderland, Portuqaliya, Rumıniya, Serbiya, ABŞ və Türkiyə vətəndaşları daxildirlər.

    Mənbə: TASS

  • Bu tarixdən hava kəskin pisləşəcək – Temperatur 8 dərəcə enəcək

    Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

    Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
    Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.