Month: December 2023

  • Ağcabədidə iki minik maşını toqquşub, yaralanan var

    Ağcabədidə bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

    APA xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Beyləqan rayonu Eyvazalılar kənd sakini 1983-cü il təvəllüdlü Nadir Nazim oğlu Muradov idarə etdiyi 55-BM-764 dövlət qeydiyyat nişanlı “Vaz 21074” markalı minik avtomobili ilə Şəki rayon sakini 1985-ci il təvəllüdlü Məhəmməd Qardaşxan oğlu Əmrahovun idarə etdiyi 90-FR-978 dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub.

    Nəticədə VAZ 21074 markalı avtomobildə olan sərnişin 1955-ci il təvəllüdlü, Beyləqan rayonu Eyvazalılar kənd sakini Dilşad Qoçaq qızı Kazımova xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Nazir: “XİN-də kifayət qədər vakansiya var”

    Kadr islahatı hər bir qurum üçün əsas istiqamətdir”.
     
    Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
     
    O bildirib ki, XİN-də ciddi islahatlar həyata keçirilib: “İşə qəbul prosesinin ikinci mərhələsinin yekun mərhələsindəyik. Birinci mərhələdə 65 nəfər nazirlikdə işə qəbul hüququnu əldə edib”.
     
    Nazirin sözlərinə görə, gənc diplomatların xeyli hissəsi xarici diplomatik missiyalara göndərilib: “Gənc istedadlı kadrların olması bizi daha da ruhlandırır. Hələ də kifayət qədər vakansiya var. 60-70 nəfər gənci həmin vakant yerlərdə görməkdən şad olacağıq”.

  • Məşhur rusiyalı aktyor yenidən xəstəxanaya yerləşdirildi

    Rusiyalı məşhur musiqiçi və aktyor Mixail Boyarski təcili olaraq Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib.

    İlkin məlumatlara görə, buna səbəb aktyorun ürəyində yaranmış narahatlıq olub.

    Boyarskinin vəziyyəti orta ağır qiymətləndirilir.

    Qeyd edək ki, sənətkar son bir ayda ikinci dəfə xəstəxanaya yerləşdirilib.

    Mənbə: “112” Telegram kanalı

  • Qobustanda yerin təkindən qanunsuz istifadə edən şəxs məsuliyyətə cəlb olunub

    Qobustan Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, keçirilən monitorinq zamanı rayonun Ərəbqədim kəndi ərazisində qanunsuz olaraq “KamAZ” markalı yük avtomobili ilə torpaq daşınması faktı aşkarlanıb. Faktla bağlı avtonəqliyyat vasitəsinin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.

  • Kirkorov “Xalq artisi” adından məhrum ola bilər

    Rusiyanın Xalq artisti Filipp Kirkorov məkanların birindən çıxarkən görüntülənib.

    Azxeber.com Rusiya mediasına istinadən xəbər verir ki, Kirkorov Rusiya Federasiyasının Xalq artisti titulundan məhrum edilmək istəndiyi üçün,kömək məqsədli vəkillərə müraciət etdiyini bildirib.

    Xatırladaq ki, ötən həftə “Çılpaq gecə”yə qatılan Kirkorovun “Xalq artisti” adının ləğv olunacağı yayılan xəbərlər arasındadır. Həmçinin onun yer aldığı konsertlərin, film-televiziya proqramlarının çəkilişinin ləğv olunduğu və Flip Kirkorovun 2024-cü ili qarşılamaq üçün təşkil olunan bayram əyləncələrindən uzaqlaşdırıldığı da dediqodular arasında yer alıb.

  • Yasamalda soyğunçuluq anı kameralara düşdü – ANBAAN VİDEO

    Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun sərxoş vəziyyətdə olmasından istifadə edib mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – 1996-cı il təvəllüdlü Tohid Məmmədov və 1999-cu il təvəllüdlü İsmayıl Qəhrəmanov saxlanılıblar.

    Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.

    Faktla bağlı 26-cı PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.

  • Qarabağ və Şərqi Zəngəzurda 300-dən artıq vakansiya var

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin vakansiya bankında hazırda işğaldan azad edilmiş ərazilər üzrə 300-dən artıq vakant iş yeri var.

    Bu barədə nazirlikdən məlumat verilib.

    “Böyük Qayıdış” Proqramı çərçivəsində bu ərazilərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı nəticəsində iqtisadi aktivlik yeni vakansiyaların formalaşması və tələb olunan peşələrin sayının artması ilə nəticələnir.

    Mövcud vakansiyalar, əsasən, tikinti, kənd təsərrüfatı və xidmət sahələrini əhatə edir.

    Vakansiyalara müraciət etmək istəyən işğaldan azad olunmuş ərazilərdə məskunlaşmış və ya məskunlaşması nəzərdə tutulan keçmiş məcburi köçkünlər ərazi üzə regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilər.

  • Alimpaşa Məmmədovun məhkəməsi təxirə salınıb

    Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, növbəti məhkəmə prosesi yanvar ayının 23-nə təyin edilib.

    Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

    Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Bakıya daha bir elektrik mühərrikli avtobus gətirildi

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin hazırladığı və icrasına başladığı “Bakı şəhərinin mobillik proqramı” çərçivəsində paytaxta sınaq məqsədilə daha bir istehsalçının istismarda olmuş elektrik mühərrikli avtobusu gətirilib.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.

    Çinin “Zhongtong Bus Holding Co. LTD” şirkəti ilə əməkdaşlıq çərçivəsində artıq müəyyən qədər istismar edilmiş “Zhongtong” markalı elektrik mühərrikli avtobus Özbəkistandan Bakıya gətirilib və yenidən istismara verilib.

    Məqsəd elektrik mühərrikli avtobusların məhz bir müddət istismar olunduqdan sonra necə işləyəcəyini və mövcud şəraitə uyğunluğunu yoxlamaqdır. Avtobusun ümumi sərnişin tutumu 85 nəfərdir.

    Yaxın günlərdə isə ölkəmizə digər şirkətin istehsal etdiyi daha bir elektrik mühərrikli avtobus gətiriləcək. Avtobuslar sınaq müddətində yoxlanılaraq qiymətləndiriləcək. Nəticələrə uyğun olaraq, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqinə baxılacaq.

    Qeyd edək ki, sentyabr ayından Bakıda marşrut xəttinə Çinin “BYD” şirkətindən alınan ilk elektrik mühərrikli avtobus buraxılıb. Avtobus tam enerji toplayaraq gün ərzində 350 km məsafə qət edə bilir.

  • General Orucova ağır cəza verildi

    “Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun məhkəməsi başa çatıb.

    Median.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

    Hökmə əsasan, general Orucov ittiham edildiyi maddələrlə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Bir azdan B.Orucovla birgə mühakimə olunan Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədovla bağlı da hökmün elan ediləcəyi gözlənilir.

    Qeyd edək ki, B.Orucov “Tərtər işi” üzrə istintaq yeniləndikdən sonra həbs edilib. General və onunla birgə ittiham olunanlar Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham edilirdi.