Month: December 2023

  • Dənizdə dalğanın hündürlüyü 5.2 metrə çatıb – FAKTİKİ HAVA

    Ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir, dənizdə dalğanın hündürlüyü 5.2 metrə çatıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, saat 15:00-a olan məlumata görə, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatala rayonunun yüksək dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Şəkidə 25 m/s, İsmayıllı, Ağdamda 22 m/s, Göyçayda 21 m/s, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Bərdə, Ceyrançöldə 18 m/s, Şirvanda 17 m/s, Tərtərdə 16 m/s, Zaqatala, Qəbələdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.2 metrə çatıb.

    Hazırda Şabranda yağış, Altıağac, Qəbələ, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Şəki, Qaxda (Sarıbaş) qar yağır.
    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

  • Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri həyata keçirilir

    Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri həyata keçirilir.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə çıxışı zamanı bildirib.

    O qeyd edib ki, 26-28 dekabr tarixlərində Azərbaycanda “Hibrid Təhdidlərə Cavab Təlimi” baş tutub.

  • Qorxunc xəbərdarlıq: Covid-19 ürək problemlərinə yol açır

    Səhiyyə mütəxəssisləri dünyada koronavirusun yaratdığı ürək xəstəliklərinin geniş vüsət alması ilə bağlı xəbərdarlıq ediblər.

    Yaponiyanın Riken Araşdırma İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan yeni hesabat ölümcül virusun qlobal miqyasda ürək çatışmazlığı epidemiyasına səbəb ola biləcəyi şübhəsinə diqqət çəkir.

    Dərc edilən hesabatda Covid-19-un insan hüceyrələrində bağlandığı ACE2 reseptorlarının ürəkdə çox yayılmış olduğu və xəstəliyi olanların əksəriyyətinin ürək funksiyasının azalmasından əziyyət çəkdiyi iddia edilir.

    Bunun dəqiq səbəbi bilinməsə də, gələcəkdə bir sıra infarktlara səbəb ola bilər. Hesabatda Covid-19 pandemiyasının gələcək ürək çatışmazlığı riski olan insanlar üçün vəziyyəti kəskin şəkildə dəyişdirə biləcəyi iddia edilir.

    Bu yaxınlarda JN.1 adlı yeni variant sayəsində bir çox ölkədə son bir neçə həftə ərzində Covid-19 infeksiyalarında artım müşahidə olunub. Mütəxəssislər bunun xəstəliyə yoluxanlarda potensial ürək problemləri ehtimalını artıra biləcəyini iddia edirlər.
    //azxeber

  • Sevgilisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən qadın hökmdən narazıdır

    Sevgilisinin külli miqdarda pulunu dələduzluqla ələ keçirməkdə təqsirli bilinərək bəraət alan Sevinc Bədəlovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

    Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qadına bəraət verib və o, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, S.Bədəlova sevgilisi, dövlət qurumlarından birində vəzifədə çalışan Aydın Məmmədovun (şərti) 434 min manat pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilib.

    O, A.Məmmədova deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ona külli miqdarda əmlak qalıb. O, həmin əmlakları adına keçirərək biznes qurmasına kömək etməsi məqsədilə 2016-19-cu illər ərzində A.Məmmədovdan 434 min manat pul alıb. A.Məmmədov dövlət qurumunda, S.Bədəlova isə onun evinin yaxınlığındakı gözəllik salonunda işləyirmiş.

    S.Bədəlovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə doqquz il müddətinə azadlıqdan məhrum edilib.

  • Aygün Kazımova görmədiyiniz obrazda – KLİP

    Xalq artisti Aygün Kazımova 2023-cü ilin son günlərində sevənlərini yeni mahnı və kliplə sevindirib.

    “Bilmək olmaz” adlı bəstənin söz və musiqisi Miroya aiddir. Ölkənin əsas ulduzu ekran işi üçün Türkiyəyə yollanıb. Klip bir çox məşhurla işləyən Selim Akarın rejissorluğu ilə İstanbulda lentə alınıb.

    Kazımovaya görə İstanbulda sahil, avtomobil məzarlığı və fabrik bağlatdırılıb. Klip süjet xətti ilə Hollivud filmlərini xatırladıb. Rejissor bildirib ki, çəkiliş üçün Hollivud filmlərinin lentə alındığı texniki vasitələrdən istifadə olunub. “Bilmək olmaz”ın görüntü rejissoru isə Varol Kaynar olub.

    Klipdə müğənninin tərəf müqabili obrazını Peris Hiltonun tanınmış fotomodeli Marian Draqan canlandırıb. O, çəkiliş üçün Türkiyəyə gəlib. Klip 12 saat içində çəkilib. Ümumilikdə isə çəkiliş məkanında 100 nəfərdən ibarət işçi heyəti yer alıb.

    Aygün Kazımovanın tərzi üzərində türkiyəli komanda və Berker Kuşku çalışıb.
    //azxeber

  • Suraxanıda avtomobil yolları əsaslı təmir olunacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • İlham Əliyev dövlət agentliyinə 1,2 milyon manat ayırdı

    Prezident İlham Əliyev Qusar rayonunun Qusar-Xudat (18 km)-Langi-Caqarqışlaq-Urvaoba-Atlıxan-Kuzunqışlaq-Zindanmuruqqışlaq-Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar-Xudat (18 km) – Langi – Caqarqışlaq – Urvaoba – Atlıxan – Kuzunqışlaq – Zindanmuruqqışlaq – Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Ətin qiyməti ucuzlaşa bilər – Ölkəyə kütləvi şəkildə mal-qara gətirilir?

    Azərbaycanda mal və qoyun ətində ucuzlaşma olacağı gözlənilir.

    Trend ət bazarında fəaliyyət göstərən sahibkarlar arasında yeni il öncəsi ətin qiymətində dəyişiklik olub-olmaması barəsində sorğu aparıb.

    Sorğu nəticəsində məlum olub ki, hazırda ətin qiymətində hər hansı bir dəyişiklik yoxdur və bahalaşmanın da olacağı gözlənilmir. Sorğu zamanı, həmçinin, bazarda dolaşan maraqlı məlumat əldə edilib.

    Belə ki, sahibkarlar arasında dolaşan məlumatlara əsasən, yaxın zamanlarda Azərbaycana kütləvi şəkildə iri və xırda buynuzlu mal-qaranın gətirilməsi nəzərdə tutulur.

    Mal-qaranın, əsasən Rusiyadan gətirilməsi nəzərdə tutulur. Sahibkarlar bildirirlər ki, əgər deyilənlər doğru olarsa, istər mal, istərsə də qoyun ətinin qiymətində ucuzlaşma olacağı qaçılmazdır. Çünki kütləvi mal-qaranın gətirilməsi bazarda bolluq yaradacaq ki, bu da qiymətlərin ucuzlaşmasına səbəb olacaq.

  • Güclü külək 3 nəfəri xəstəxanalıq etdi – Birinin vəziyyəti ağırdır

    Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər: “Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub”.

  • Xiyarın qiyməti kəskin bahalaşdı (SƏBƏB)

    Bakıda xiyarın qiyməti kəskin artıb.

    Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

    “Xiyarın qiyməti hazırda 5-6 manat arasındadır. Bəzi işbazlar ayin əvvəli xiyarı alıb, soyucudu anbarlara yığıblar. Bayram ərəfəsində yüksək tələbatı nəzərə alıb, məhsulu bazara çıxararaq istədikləri qiymətə satırlar”, deyə ekspert bildirib.

    Eyyub Kərimli qeyd edib ki, bu günlərdə ölkəyə İrandan xiyar idxal edilir:

    “Lakin 2 qat bahasına satırlar. Bu bahalaşmanın səbəblərindən biri də bazarda inhisarçılardır. Analoji hal həmçinin Novruz bayram günlərində də yaşanır”.