Month: December 2023

  • İranda Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı məhkəmə nə vaxt keçiriləcək?

    Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı məhkəmə yaxın tarixdə keçiriləcək.

    APA xəbər verir ki, Tehran vilayətinin Ədliyyə üzrə Baş İdarəsinin rəisi Əli Əl-Qasi Mehr Ali Ədliyyə Şurasının iclasında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işindəki nöqsan və maneələrin aradan qaldırıldığını bildirib.

    O qeyd edib ki, sözügedən cinayət iş üzrə məhkəmə iclası yaxın tarixdə keçiriləcək.

  • Misirdən Qəzza zolağında müharibəyə son qoymaq üçün üçmərhələli plan

    Misir Qəzza zolağında müharibəyə son qoymaq üçün üçmərhələli plan təklif edib.

    Bu plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxildir.

    Birinci mərhələdə – hərbi əməliyyatların ikihəftəlik dayandırılması nəzərdə tutulur. Bu zaman HƏMAS 40 girovu, İsrail isə 120 fələstinli məhbusu azad etməli olacaq. Bu müddət ərzində hərbi əməliyyatlar dayandırılacaq, İsrail tankları geri çəkiləcək və Qəzzaya humanitar yardımlar daxil olacaq.

    İkinci mərhələdə – İordan çayının qərb sahilində və Qəzzada texnokratik hökumətin qurulması planlaşdırılır. Bu hökumət anklavın bərpasına nəzarət edəcək, parlament və prezident seçkilərinin başlanmasına dəstək göstərəcək.

    Üçüncü mərhələdə – hərbi əməliyyatların tam dayandırılması və qalan girovların əsirlər müqabilində azad edilməsi düşünülür. Eyni zamanda İsrail Qəzza zolağının şəhərlərindən qoşunlarını çıxaracaq və anklavın şimalından köçkün düşmüş Qəzza zolağı sakinlərinin öz evlərinə qayıtmasına icazə verəcək.

    Mənbə: Gazeta.ru

  • Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı proseduru sadələşdirdi

    Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyaları Mülki Kollegiyanın Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi 2023-cü il 9 iyun tarixli təqdimatı əsasında Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məsələsinə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxıb və bu tələbə hansı icraat qaydasında baxılması, habelə sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi ilə bağlı qərardad qəbul edib.

    Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi qərara alıb ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir.

    Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır.

    Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

    Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.

  • AYNA: “Gömrük postlarında 708 avtomobil gözləyir”

    Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xəbərinə görə, hazırda “Astara” gömrük postunda heç bir yük maşını yoxdur.

    Bildirilib ki, “Biləsuvar” gömrük postunda 55, “Qırmızı Körpü” gömrük postunda 600, “Mazımqara” gömrük postunda 27, “Samur” gömrük postunda 16 və “Xanoba” gömrük postunda 10 yük maşını var.

  • Prezident seçkisi ilə bağlı Almaniyada yaşayan azərbaycanlılara müraciət edilib

    Azərbaycanın Berlindəki səfirliyi Almaniyada yaşayan vətəndaşlara müraciət edib.

    Bu barədə səfirliyin “X” hesabında qeyd edilib.

    Bildirilib ki, prezident seçkisi ilə əlaqədar Berlində yaradılacaq məntəqədə səs vermək niyyətində olan Azərbaycan vətəndaşlarından (18 yaş və yuxarı) seçicilər siyahısına daxil olunmaları üçün anketi dekabrın 29-dək dolduraraq qeydiyyatdan keçmələri xahiş olunur.

    Qeyd edək ki, gələn il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Hacıqabulda insan sümükləri tapıldı

    Hacıqabul rayonunda insan sümükləri aşkarlanıb.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qubalıbaloğlan kəndinin ərazisindən keçən Pirsaatçay çayı yaxınlığında qeydə alınıb.

    Belə ki, kənd sakinlərindən biri təsadüfən çayın yaxınlığındakı qurumuş arxdan keçərkən insana məxsus kəllə, çanaq və digər sümüklər aşkarlayıb. İnsan sümükləri aidiyyəti qurumlara təhvil verilib.

    Tarixçilər ərazidə tapılan insan sümüklərinin 1918-ci il 31 mart soyqırımının qurbanlarına aid olduğunu ehtimal ediblər. Onların fikrincə, 1918-ci il mart soyqırımı zamanı Lalayanın dəstəsi tərəfindən rayonun bir sıra yaşayış məntəqələrində olduğu kimi, Qubalıbaloğlan kəndində də dinc əhaliyə qarşı qətliamlar törədilib. O zaman kənddə 500-dən çox dinc sakin qətlə yetirilib.

    Tarixçilər hesab edirlər ki, sözügedən ərazidə arxeoloji qazıntılar aparılarsa, kütləvi məzarlığın aşkarlanması qaçılmazdır.

  • ATV kanalı 23 yaşında…

    Bu gün Azad Azərbaycan telekanalının (ATV) yaranmasından 23 il ötür.

    Kanal ilk dəfə 2000-ci il dekabrın 25-də fəaliyyətə başlayıb.

    “Azad Azərbaycan Teleradio Yayım Şirkəti” Ədliyyə Nazirliyi tərəfindən 1998-ci in mayın 13-də dövlət qeydiyyatına alınıb. Kanalın ilk efir vaxtlarında yayım saatını kliplər, bədii və cizgi filmlər təşkil edib.

    Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə televiziya informasiya proqramı yayımına başlayıb.

    2009-cu ilin oktyabrında “ATV International” adlı digər kanal açılıb. 2013-cü ildə kanalın adı dəyişdirilərək CBC olub. Bu, Azərbaycanın ilk və yeganə beynəlxalq telekanalıdır.

    2015-ci il 21 dekabr tarixində “ATV Plus”da “HD” yayıma başlayıb. Hazırda “Azad Azərbaycan HD” kanalının ölkənin hər yerində izlənilmə imkanı var.

    Kanal 2016-cı ilin 4 yanvar tarixindən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır, 2022-ci ilin 28 yanvarından isə “Azerspace-1” peykində HD yayım formatına keçib.

    Median.Az xəbər portalının kollektivi ATV-də çalışan həmkarlarını təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

  • TƏBİB: “11-40 yaşlı əhalinin qızılcaya qarşı peyvəndlənməsi könüllü olacaq”

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində 11-40 yaşlı əhali arasında qızılca əleyhinə immunizasiya tədbirlərinin aparılması üçün müvafiq təlimat hazırlanır.

    Bu barədə TƏBİB məlumat yayıb.

    Qeyd olunub ki, Səhiyyə Nazirliyinin Azərbaycana gətirdiyi peyvəndlərin təhvil-təslimi yekunlaşdıqdan sonra tibb müəssisələrində qeyd olunan əhali kateqoriyasından olan şəxslərin qızılcaya qarşı peyvəndlənmə prosesinə başlanılacaq.

    Peyvəndlənmə prosesinin aparılma qaydaları və prosesin təşkil olunacağı ambulator-poliklinik xidmət göstərən tibb müəssisələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    Qeyd edək ki, 11-40 yaşlı əhali qruplarının yoluxmadan müdafiəsi üçün 1 dəfə peyvənd olunması kifayət edir və peyvəndləmə prosesi könüllülük əsasında aparılacaq.

    Xatırladaq ki, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxmaların qarşısının alınması məqsədilə vaxtında qızılcaya qarşı vaksinasiyadan kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında vaksinasiya tədbirlərinin aparılması üçün müvafiq vaksin preparatları ölkəyə idxal edilib. Hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər görülür.

  • Masallıdakı qəzada xəsarət alan17 nəfərin adı məlum olub – SİYAHI

    Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində “ZİL” markalı mikroavtobusun “KamAZ”la toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.

    Median.Az report-a istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

    1. Abdullayeva Rəfiqə Kərəm qızı – 1958-ci il

    2. Əhədova Səidə Həmid qızı – 1957-ci il

    3. Verdiyeva Mötəbər Mirzəhüseyn qızı – 1961-ci il

    4. Əliyeva Təranə Vəli qızı – 1965-ci il

    5. Hüseynova Gülümnaz Müəllim qızı – 1956-cı il

    6. Əhədova Laləzar Xanış qızı – 1966-cı il

    7. Məmmədova Aidə Məmməd qızı – 1960-cı il

    8. Paşayeva Zeynəb Şahvəli qızı – 1980-ci il

    9. Hüseynova Südabə Hidayət qızı – 1971-ci il

    10. Xuduyeva Sahilə Eminağa qızı – 1982-ci il

    11. Xuduyeva Aynur Akşin qızı – 2006-cı il

    12. Həsənzadə Yağmur Yalçın qızı – 2009-cu il

    13. Abbasova Fatimə İsmayıl qızı – 1964-cü il

    14. Abdullayeva Zəminə Həmid qızı -1974-cü il

    15. Quliyeva Validə Sakit qızı – 1965-ci il

    16. Xudiyev Səmidağa Polad oğlu – 1965-ci il

    17. Xuduzadə Ellada Akşin qızı – 2007-ci il

    Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həkimlər onların durumunu orta ağır qiymətləndirirlər.

  • Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi alıb”

    İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı təkliflər paketi alıb.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”yə müsahibəsində bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:

    “Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq”, – deyə XİN rəhbəri bildirib.