Month: December 2023

  • Azərbaycandan Rusiyaya ilk yumurta partiyası çatdırılıb

    Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta həcmində bu ərzağın ilk partiyası gətirilib.

    Bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) məlumat yayıb.

    “Dekabrın 19-da Rusiyaya satış üçün Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə idxal edilib”, – məlumatda bildirilib.

    Mənbə: TASS

  • Xəzər sahillərində 130-a yaxın ölü suiti tapıldı

    Xüsusi Komissiya Dağıstanda Xəzər dənizi sahillərində monitorinq apararkən Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş 130-a yaxın ölü suiti aşkar edib.

    Bu barədə regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    “Bu həftəsonu sahildə 130-a yaxın ölü heyvan qeydə alınıb. Onların əksəriyyəti artıq çürüyüb. Heyvanların təkcə Xəzər dənizinin Rusiya sahillərində deyil, həm də Azərbaycan və İran sahillərində ölməsi istisna deyil. Kütləvi ölümün dəqiq səbəbi hələ ki aydın deyil”, – deyə qurum qeyd edib.

    Nazirlikdən izah olunub ki, Xəzər suitisinin kütləvi tələfatı son illərdə heyvanların Şimaldan Cənubi Xəzər dənizinə aktiv miqrasiyasının müşahidə olunduğu bir vaxtda mütəmadi qaydada qeydə alınır.

    Mənbə: TASS

  • İndoneziyalı nazir korrupsiyada məmurların arvadlarını günahlandırdı

    “Korrupsioner məmurların arvadları ərlərinin cinayətlərinə görə məsuliyyət daşıyırlar”.

    Bunu İndoneziyanın ədliyyə naziri Məhəmməd Mahfud qadınların dövlət quruculuğunda rolunun müzakirə edildiyi görüşdə bəyan edib.

    Nazirin sözlərinə görə, bəzi siyasətçilər “arvadları pis olduqları üçün hazırda həbsdədirlər”.

    Mahfudun qənaətincə, bir çox rüşvətxor məmurlar arvadları onlardan daha artığını tələb etdiyi üçün indi həbsdədirlər. Belələrinin xərcləri əmək haqlarını dəfələrlə üstələyir.

    Nazirin açıqlaması qadın hüquqları müdafiəçilərinin mənfi reaksiyasına səbəb olub. Onların fikrincə, İndoneziyada korrupsiya daxili problem deyil, sistem xarakterlidir.

    Mənbə: news.ru

  • Qərbi Azərbaycan İcmasından Okamponun qondarma hesabatına REAKSİYA

    “Ermənistan əgər sülh istəyirsə, onda ərazisində olan Qarabağ ermənilərinin təxribatçı tör-töküntülərinin Azərbaycana qarşı düşmənçilik fəaliyyətinə son qoymalıdır”.

    Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

    Bəyanatda qeyd edilir ki, erməni diasporasının əlində oyuncağa çevrilmiş Luis Okampo Azərbaycanı “soyqırımı”nda ittiham edən növbəti qondarma hesabatla çıxış edib:

    “Xocalı qatillərinin tutulmasına göz yaşı tökən səlibçi mentalitetli L.Okampo bunu “erməni soyqırımının tərkib hissəsi” kimi qələmə verir. O, daha doğrusu, bu cızmaqaranı onun adından yazmış şəxslər “Dağlıq Qarabağ etnik qrupu” kimi “dahiyanə elmi kəşf” edib.

    Cızmaqarada 2017-ci ildə “İvanyan (ermənilərin Xocalıya verdiyi eybəcər ad) Artsaxın Azərbaycan işğalından azad edilmiş inkişaf edən kəndidir” deməklə Azərbaycan xalqını təhqir edən Artak Beqlaryan kimi irqçi klounun ifadəsi yer alıb.

    Hesabatda bu il Azərbaycan əleyhinə təşkil edilmiş BMT Təhlükəsizlik Şurasının iclaslarına, ABŞ senatında dinləmələrə, Nyu York Tayms, Vaşinqton Post kimi qəzetlərdə ölkəmizə qarşı yer almış şər-böhtan yazılara toxunan L.Okampo əslində özünün də cəlb edildiyi kampaniya barədə aydın ipucuları verir.

    Azərbaycan və Ermənistan arasında əldə edilmiş 7 dekabr anlaşması fonunda belə əməllərin məqsədi sülh prosesinə mane olmaqdır. Bir sıra regiondankənar dairələr Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlı deyil. Belə kağız parçaları bu ilin yay aylarında olduğu kimi Ermənistana boş ümid verməməlidir”.

  • Ərdoğan: “Türkiyə “F-16” məsələsində ABŞ-dən qarşılıq gözləyir”

    “Ankaranın İsveçin NATO-ya üzvlük ərizəsini təsdiq etməsinə cavab olaraq Türkiyə “F-16” qırıcılarının satışı ilə bağlı ABŞ-dən qarşılıq gözləyir”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

    O qeyd edib ki, ölkəsi, həmçinin İsveçin terrorla mübarizə ilə bağlı verdiyi vədləri yerinə yetirməsini də gözləyir.

    “İnanıram ki, həm “F-16” məsələsində, həm də Kanadanın vədlərini yerinə yetirməsi məsələsində ABŞ-dən gözlədiyimiz müsbət dəyişikliklər parlamentimizin də bu məsələyə müsbət münasibətini sürətləndirəcək. Digər tərəfdən, İsveçin bizə verdiyi vədlər də var ki, onların da həyata keçiriləcəyini gözləyir, hadisələri diqqətlə izləyirik”, – deyə Türkiyə lideri vurğulayıb.

    Mənbə: Anadolu

  • İran 55 min nəfərlik polis qüvvəsi yaradıb

    ABŞ-nin Yəməndə İranın dəstəklədiyi husilərin (“Ənsar Allah”) hücumlarına qarşı Qırmızı dənizdə “hava nəqliyyatına nəzarəti” qorumaq üçün koalisiya qurduqdan sonra İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) 55 min nəfərlik dəniz polisi qrupu yaratdıqlarını açıqlayıb.

    Məlumata görə, SEPAH Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Rza Tengsiri paytaxt Tehranda keçirilən tədbirdə çıxış edib.

    Dənizlərdə fəaliyyət göstərəcək polis qüvvələri yaratdıqlarını deyən Tengsiri, indi okean səfərbər qüvvələri (Bəsiç) yaratdığını və bunların Tanzaniyaya çatacaq qədər böyük qayıqları olduğunu bildirib.

    İranlı komandir 55 min nəfərdən ibarət dəniz səfərbər qüvvələrini ilk olaraq Fars körfəzində qurduqlarını və növbəti mərhələdə ölkənin şimalındakı (Xəzər dənizi) sularda qurmağı planlaşdırdıqlarını qeyd edib.

    Tengsiri məlumat verib ki, səfərbərlik qüvvələrinə aid qayıqlar 107 millimetrlik raketlərlə təchiz edilib.

    Mənbə: Haber Global

  • ABŞ-də güclü fırtına: Ölənlər var

    ABŞ-nin şimal-şərqində iki gündür davam edən şiddətli tufan güclü fəsadlar törədib, nəticədə üç nəfər ölüb.

    Məlumata görə, Men, Massaçusets, Konnektikut, Rod-Aylend, Nyu-Hempşir, Nyu-Cersi və Nyu-Yorkda fırtına səbəbindən 600 mindən çox insan işıqsız qalıb. Bundan başqa, güclü yağışlar səbəbindən küçə və prospektləri su basıb, bir çox rayonlarda nəqliyyatın hərəkəti dayanıb.

    Nyu-York meri Erik Adams şəhər sakinlərini fırtına zamanı bayıra çıxmamağa çağırıb. Şimali Karolina və Men ştatları arasındakı bölgədə güclü külək xəbərdarlığı edilib, ümumilikdə şimal ştatlarında 500-dən çox uçuş ləğv edilib.

    Mənbə: Haber Global

  • Ceyhun Bayramov İƏT rəsmisi ilə əməkdaşlıqdan danışdı

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Əli Baxit ilə görüş keçirib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

    Görüş zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, habelə İƏT-in Əfqanıstanda fəaliyyəti və bu istiqamətdə gələcək perspektivlər müzakirə olunub.

    Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Bu il Bakıda İƏT-in Əmək Mərkəzinin açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub. Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

    Müzakirələr zamanı tərəflər Əfqanıstanda sülh və sabitliyin əhəmiyyətini vurğulayıblar. İƏT Baş katibinin nümayəndəsi Əfqanıstan üzrə təmasları və görüşləri, eləcə də təşkilatın bölgədə planları barədə ətraflı məlumat verib.

    Azərbaycanın bölgənin qonşuluğunda yerləşən dövlət olaraq, Əfqanıstandakı vəziyyəti yaxından izləndiyi vurğulanıb.

    Tərəflər eyni zamanda, ölkəmiz ilə İƏT arasında mövcud humanitar, sosial və mədəni əməkdaşlıqdan məmnun olduqlarını bildirib, birgə mədəni tədbirlər üzrə planlar ilə bölüşüblər.

    Tərəflər eyni zamanda, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Oğuzda evdən meyit tapılıb

    Oğuz rayonunda kişi evdə ölü tapılıb.

    “Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qumlaq kəndinin sakini, 1965-ci il təvəllüdlü Eyvaz Mirzə oğlu Qocayevin yaşadığı evdə meyiti aşkar edilib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Məlumata görə, 58 yaşlı E.Qocayev spirtli içkiyə meyilli olub və evdə tək yaşayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyada prezidentlik yarışı: Daha bir namizəd bəlli oldu

    Rusiya Liberal Demokrat Partiyasının 35-ci seçkiqabağı qurultayı partiyanın hazırkı rəhbəri Leonid Slutskinin Rusiyanın prezident seçkisində namizədliyini irəli sürüb.

    Qərar gizli səsvermə yolu ilə qəbul edilib. Səsvermədə ancaq bir namizədin adı olub – Leonid Slutski.

    Əvvəllər Slutski partiya həmkarlarından belə təkliflər aldığını etiraf etsə də, dövlət başçısı postuna namizədliyini irəli sürmək planlarını açıqlamamışdı.

    Rusiya Prezidenti Vladimir Putinlə Duma fraksiyalarının rəhbərləri arasında keçirilən görüşdə Slutski dövlət başçısından təkbətək formatda seçki kampaniyasını müzakirə etməyi xahiş edib.

    Qeyd edək ki, Federasiya Şurası prezident seçkisini 2024-cü il martın 17-nə təyin edib. Rusiya Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün davam edəcəyinə qərar verib: 15, 16 və 17 mart.

    Vladimir Putin isə prezidentliyə namizədliyi ilə bağlı qərarını verib.

    Mənbə: TASS