Month: Yanvar 2024

  • Ukrayna Azərbaycandan daha 25 yük maşını ilə yardım alıb

    “Ukrayna azərbaycanlı tərəfdaşlardan bərpa işləri üçün 25 yük maşını ilə enerji avadanlığı da daxil olmaqla daha bir yardım partiyası alıb”.

    Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat verib.

    “Bu, artıq Azərbaycanın dördüncü yardım tranşıdır və buraya transformator yarımstansiyaları, güc transformatoru, naqillər, ayırıcılar, təmir-bərpa işlərinin aparılması üçün digər avadanlıqlar daxildir. Biz bu dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Təqdim olunan avadanlıq Ukraynanın enerji şirkətləri tərəfindən düşmənin hücumuna məruz qalan obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün istifadə olunur. Görülən işlər enerji sisteminin stabil işləməsini təmin etməyə, istehlakçıların elektrik və istilik təchizatına olan tələbatını təmin etməyə imkan verir”, – Ukraynanın energetika naziri Herman Qaluşenko qeyd edib.

    Onun sözlərinə görə, 2023-cü ilin noyabr və 2024-cü ilin yanvar ayları ərzində Azərbaycandan alınan avadanlıqlar energetika sektorunun 24 müəssisəsi, o cümlədən elektrik enerjisipaylayıcı sistemlərin operatorları, istilik təchizatı, qaz, kömür və nüvə sənayesi müəssisələri arasında bölüşdürülüb.

    Ümumilikdə, 2022-ci ilin mart ayından Ukrayna Azərbaycandan ümumi çəkisi 1 585 tondan çox olan 92 enerji avadanlığı, o cümlədən 51 güc transformatoru, 111 transformator yarımstansiyası və digər avadanlıqlar alıb.

  • Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? – AÇIQLAMA

    Son günlər hamilələr arasında qızılcaya yoluxma ilə bağlı ciddi narahatlıq var. Onların bir çoxu əsaslı və ya əsassız həkim konsultasiyalarına üz tutur. Bəziləri isə sosial şəbəkə üzərindən paylaşım edərək, “hamiləlik zamanı qızılcaya yoluxma halı baş verərsə, nə etməliyəm” sualına cavab axtarırlar.

    Bəs hamiləlikdə qızılca virusuna yoluxduqda nə etmək lazımdır? Bu, doğulacaq uşağa nə kimi mənfi təsir edə bilər? Hamiləlik dövründə qızılcaya yoluxma düşük təhlükəsinə gətirib çıxara bilərmi?

    Mövzu ilə bağlı oxu.az-a açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Kəmalə Əfəndiyeva qeyd edib ki, hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər.

    O bildirib ki, hər bir qadın sağlam hamiləlik üçün ilk həftələrdən etibarən həkim nəzarətində olmalıdır:

    “Müayinə zamanı qadının qızılca keçirmədiyi aşkarlanarsa, mütləq şəkildə sıxlıq olan yerlərdən uzaq olmalı, qızılcaya yoluxan biri ilə təmasda olmamalıdır. Təmas olubsa, profilaktik olaraq hamiləyə immunoqlobulin yeritmək mümkündür.

    Hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər. Belə ki, qadın birinci trimestrdə qızılcaya yoluxubsa, bu hamiləlik dölün inkişafdan qalması və ya düşüklə nəticələnə bilər. İkinci trimestrdə qızılcaya yoluxma halı varsa, bu zaman uşaqda sinir sistemi, ürək-damar sistemi ilə bağlı inkişaf qüsurları yarana bilər. Hamiləlikdə qızılcanın olması vaxtından əvvəl doğuş təhlükəsi riskini də artıra bilir. Ana namizədi üçün isə meningit, ensefalit kimi fəsadlar yarana bilər.

    Əgər qadında hamiləliyin üçüncü trimestrində qızılca aşkarlanıbsa, bu zaman körpəsinin virusla doğulması ehtimalı artır, qızılcanın əksər simptomları yenidoğulmuşda özünü göstərə bilir və təxminən 7-14 gün çəkir”.

    Həkim əlavə edib ki, peyvənd olunmayan qadın hamiləlikdə belə hallarla qarşılaşmamaq üçün yaxşı olar ki, hamiləliyi planlamadan öncə vaksinasiya olunsun:

    “Bu, həm qadının, həm də uşağın sağlamlığı üçün önəmlidir”.

  • Ağsuda kişi dəm qazından zəhərləndi

    Ağsu sakini dəm qazından zəhərlənib.

    “Unikal” xəbər verir ki, hadisə rayonun Pirhəsənli kəndində qeydə alınıb.

    Belə ki, 1996-ci il təvəllüdlü Şamil Firudin oğlu Cəfərli yaşadığı evdə dəm qazından zəhərlənib.

    O, Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım göstərilib və vəziyyətinin normal olduğu bildirilir.

  • Bakıda bacısını vəhşicəsinə qətlə yetirən şəxsə HÖKM OXUNDU

    Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevə hökm oxunub.

    “Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

    Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    İttiham aktında qeyd edilib ki, hadisə bu il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib.

    Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı – 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb.

    Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılaraq, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb.

    Ona qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

  • DYP-dən qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə MÜRACİƏT

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı havaların yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib.

    Bu barədə BDYPİ-dən məlumat verilib.

    Bildirilib ki, bir neçə gün davam edən qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, dağlıq və dağətiyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır:

    “Xüsusilə səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin sürüşmə ehtimalını dəfələrlə artırıb. Hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür”.

    “Bununla yanaşı, BDYPİ bir daha sürücülərə müraciət edərək, onlardan yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşrutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”, – müraciətdə qeyd olunub.

  • Suada Amerika həyatının çətinliklərindən danışdı: Hələ də şokdayam – FOTO

    Başqalarına və özümüzə qarşı mehriban olaq. Sərhədlərə hörmət edin və başqasını öz xəyal gücünüzün çərçivəsinə salmayın, onların necə olmaları barədə düşünməyin. Sosial media insanların bir-birini mühakimə etdiyi, şərhlər və birbaşa mesajlar səbəbindən motivasiyanı öldürə biləcəyi zəhərli bir məkan ola, eyni zamanda yaradıcılığı, həyatı, sevdiyiniz və pərəstiş etdiyiniz şeyi dostlarınız və ictimaiyyətlə bölüşmək üçün bir məkan ola bilər. Mən ikincisini seçirəm, baxmayaraq ki, çox vaxt insanlar üzündən buranın toksik(zəhərli-PS olduğunu da hiss edirəm.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı musiqiçi Suada Hacızadə deyib. Ailə qurduqdan sonra Amerikaya köçən musiqiçi “Realist və sadə: Mənimlə hazırlanın” başlığı ilə makiyaj görüntülərini paylaşıb. O, həm də Amerikaya köçdükdən sonra qarşılaşdığı çətinlikləri izləyicilərinə danışıb.

    “Özümüzə sadiq qalmaq – bu, ən önəmlisidir. Və bu videonu sizinlə paylaşmaq istədim, çünki mən hissləri olan bir insanam, nə qədər istedadlı, vizion və ehtirasın olmağından asılı olmayaraq, fikirlərimin tükəndiyini, xaos və içəridə ilişib qaldığımı hiss etdim, hansısa səbəblərdən sevdiyin şeyləri etməməyi seçirsən ki, bu da mənim üçün gülüncdür. Odur ki, bunu dəyişməyə çalışıram. Çox minnətdaram ki, ən yaxın adamlarım məni dəstəkləyir və irəli getməyə təşviq edirlər. Keçən il mən həyatımın ən böyük dəyişikliyini yaşadım və düşünürəm ki, hələ də bunun şokunu yaşayıram. Ailənizdən və dostlarınızdan, adi həyatınızdan, sevdiyiniz yerlərdən uzaq olmaq sizi dolaşığa sala bilər, lakin bu, normaldır. Biz bunu da keçəcəyik”, – Suada qeyd edib.

    Qeyd edək ki, Suada Hacızadə dünya şöhrətli aktyor Jan-Klod Van Damın oğlu Kristofer Van Damla evlidir. Həmçinin uşaqlıqdan musiqi ilə məşğul olan Suada Hacızadə Dövlət Filarmoniyasında Dövlət Simfonik Orkestri və Kamera Orkestrləri ilə konsert proqramlarında çıxış edib. Rusiya Mədəniyyət Mərkəzinin keçirdiyi coxsaylı tədbirlərdə və digər dövlət, ictimai və mədəniyyət tədbirlərinin fəal iştirakçısı olub. Suada Hacızadə həm də Prezident mükafatçısıdır.

  • Çində yaşı 90 milyon ilə qədər olan dinozavr qalıqları aşkar edilib

    Çinli paleontoloqlar yeni növə aid ola biləcək və yaşı 90 milyon ilə qədər olan dinozavr qalıqlarını aşkar ediblər.

    Median.Az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

    Təbaşir dövrünə aid edilən kəşf hələ 2021-ci ildə ölkənin şərqdəki Tszyansi əyalətinin Qançjou şəhərindəki tikinti sahəsində edilib. Alimlər araşdırmalar zamanı qalıqların yeni Titanozavr növünə aid olduğunu aşkar edərək ona “Gandititan cavocaudatus” adını veriblər. Ümumilikdə dinozavr skeletinin sümüklərinin təxminən 40%-i tapılıb.

    Tapıntılar arasında həmçinin yaxşı halda qalmış onurğa sütunu da var ki, bu da dinozavrın ümumi bədən uzunluğunun təxminən 14 m olduğunu göstərir. Alimlər bildiriblər ki, kəşf bu növün təbaşir dövründə təkamülü və yayılmasının öyrənilməsi üçün önəmli rol oynayır.

  • Oğuz-Şəki yolundakı qurumuş ağaclar təhlükə mənbəyinə çevriliblər – VİDEO

    Oğuz-Şəki yolunun Calut kəndi ərazisindən keçən hissəsində gövdəsi çürümüş, budaqları qurumuş ağaclar magistral yolda hərəkət edən nəqliyyat vasitələri üçün böyük təhlükə mənbəyinə çevrilib.

    Sakinlər bildiriblər ki, küləkli günlərdə dəfələrlə ağac aşıb, yol bağlanıb.

    Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən yolun sağ və sol mühafizə zonalarında dörd ədəd ağacın götürülməsi planlaşdırılıb. Həmin ağacların qeyri-sabit hava şəraitində nəqliyyatın intensiv hərəkəti zamanı təhlükəli vəziyyət yaratma ehtimalı olduğu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanuni qaydada ərazidən götürülməsinə razılıq verilib.

    Ətraflı Baku TV-nin süjetində:

  • Sabah Azərbaycan və Ermənistan sərhəd Komissiyasının növbəti iclasının keçirilməsi planlaşdırılır

    Sabah Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

    Median.Az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın aparatından bildirib.

    Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi də müzakirə olunacaq.

    Bundan əvvəl qeyd olunub ki, iclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır.

    Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə M.Qriqoryan sədrlik edir.

    Komissiyanın beşinci iclası ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib.

  • Nəfəsiniz sizi uzun illər yaşada bilər: bunu edin, 100-ü keçin

    Yaşlanma əleyhinə və bərpaedici təbabət üzrə ixtisaslaşan həkim Kien Vuu çox az vaxt tələb edən, lakin ömrü uzadan üsullar təklif edib.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, onun məsləhəti “Business Insider” nəşrində yayımlanıb.

    Vuu hesab edir ki, mikromeditasiya ömrü uzadan ən sadə və effektiv üsullardan biridir və bu nəfəs məşqləri təxminən bir dəqiqə çəkir. Sakitləşdirici təsiri sayəsində sağlamlığa müsbət təsir göstərirlər. Vuu stresli vəziyyətdə nəfəs almağa diqqət etməyi tövsiyə edib, dərindən nəfəs alın, dördə qədər sayın, sonra nəfəsinizi tutun və yeddiyə qədər sayın, səkkizinci saniyədə nəfəsinizi buraxın.

    Vuuya görə qocalma ilə mübarizənin ikinci üsulu müntəzəm fiziki fəaliyyətdir. O hesab edir ki, gəncliyi qorumaq üçün beş dəqiqəlik yüngül məşqlər etmək kifayətdir. Həkim qeyd edib ki, idman fasiələlərini hər gün və mümkün qədər tez-tez təşkil etmək lazımdır.

    Vuu həmçinin daha uzun müddət gənc qalmaq istəyənlərə eyni vaxtda yatmağı tövsiyə edib. Onun fikrincə, aydın rejim hətta yuxu çatışmazlığını kompensasiya edə bilər. Bundan əlavə, həyatı mənalandıracaq bir fəaliyyət tapmağa çağırıb.

    “Sizi canlı hiss etdirən məşğuliyyət beyində ömrü uzadan biokimyəvi dəyişikliklərə səbəb olur”, – yekunda həkim vurğulayıb.