Month: Yanvar 2024

  • Azərbaycanın ən uzunömürlü qadını – 124 yaşı var – FOTO

    Azərbaycanda ən yaşlı sakinin 124 yaşı var. Söhbət Ağdaş rayonun Hapıtlı kənd sakini 1900-cü il təvəllüdlü Bari Şamı qızı Nəbiyevadan gedir.

    Median.Az xəbər verir ki, bizim.media Azərbaycanın ən uzunömürlü sakinini yaxından tanımaq üçün ailəsi ilə əlaqə saxlayıb.

    Oğlu Fərman Nəbiyev anasının durumunun ağır olduğunu bildirib. Onun sözlərinə görə qadın son bir aydır ki, yatağa düşüb:

    “Bir aydır ki, yataq xəstəsidir. Son bir aya kimi özü-özünü idarə edirdi. Amma indi bizlərin ümidinə qalıb. Anam yanımdadır, gəlini və nəvələri ilə birgə yaşayır. Ali təhsili olmayıb, evdar xanım olub və illərlə kolxozda çalışıb. Pensiyaçıdır və təqaüdü 327 manatdır”.

    F. Nəbiyev onu da qeyd edib ki, anası sağlamlığı ilə bağlı heç vaxt şikayətlənməyib:

    “Üç oğlan və beş qız olmaqla səkkiz övlad olmuşuq. 30-dan çox nəvəsi var. Nəticələrinin sayını dəqiq bilmirəm”.

  • Yaşar Nurinin qızından ETİRAF: “Atam Firəngiz xanımı çox sevirdi…”

    “Atam həqiqətən də Firəngiz xanımı çox sevib”.

    Median.Az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər “SPACE” telekanalındakı çıxışında deyib.

    Atasının Firəngiz xanıma olan hisslərindən danışan Ülkər, bəzi etiraflar edib:

    “Atam Firəngiz xanımı həqiqətən də çox sevib. Hətta əməliyyatdan çıxan kimi ilk telefon zəngini də ona etmişdi. Bizə də Firəngiz xanım zəng edib dedi ki, Yaşar əməliyyatdan çıxıb, narkozdan ayılıb. Hətta anam da dedi ki, vallah mənim xəbərim yoxdur heç”.
     
    Ülkər, Firəngiz xanımın artıq onlara gəlmədiyini də deyib:
     
    “O artıq bizə də, atamla bağlı çəkilən verilişlərə də getmir. Səbəbi də odur ki, deyir Yaşar haqda danışmaq mənə ağırdır. özü də deyir gedirəm, danışıram Yaşarı xatırlayıram, o stressləri yenidən yaşayıram. Amma əlaqəmiz kəsilməyib. Mən ona deyirəm hər zaman, sən mənim ikinci anamsan. Mənim anam da həm atama, həm onun sənətinə hörmətlə yanaşıb. Atam hər zaman deyərdi ki, o mənə ərə gələndə bilirdi kimə gəlib”.

  • Onlayn ödəniş edənlərə XƏBƏRDARLIQ: Dələduzların qurbanı olmamaq üçün hiperlinklərdə diqqət edilməli məqamlar

    “Kiberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Belə ki, vətəndaşlar saxta veb-sayta yönləndirilərək onlardan qeydiyyatdan keçmək və ödəniş etmək tələb olunur. Dələduzların istifadə etdikləri saxta hiperlinkə (http://e-gov-portal.online/) daxil olan vətəndaşlardan müəyyən məlumatlar istənilir. Domen ünvanda “E-Gov” olması vətəndaşlarda çaşqınlıq yarada bilər və nəticədə onların daxil etdiyi məlumatlardan istifadə edən dələduzlar vətəndaşın hesabından pul vəsaiti çıxara bilərlər”.

    Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatında deyilir.

    “Dələduzların qurbanı olmamaq üçün vətəndaşları ehtiyatlı olmağa səsləyirik. Naməlum mənbələrdən göndərilən hiperlinklərin domen hissəsinə xüsusilə diqqət edilməlidir. “E-Gov” portalının domen ünvanının yalnız https://e-gov.az olduğunu vurğulamaq istərdik.

    Bundan əlavə, göndərilən hiperlinklərin başlığında “https”, yəni təhlükəsiz mətn göndərişi əlaqə protokolunun olmasına diqqət edilməlidir. Bu hiperlinklər təhlükəsiz hesab olunur. Dələduzların göndərdiyi hiperlinklər isə “http”, yəni şifrələnməmiş, təhlükə yarada biləcək protokolla göndərilir”, – deyə məlumatda qeyd olunur.

    İRİA-dan vurğulanıb ki, qurum heç bir halda “E-Gov” domenindən istifadə edərək vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında hiperlink göndərmir.

  • Şəmkirdə kişi evdə yanaraq ölüb

    Şəmkir sakini evində yanıq xəsarətləri alaraq ölüb.

    APA-nın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Elçin Əmir oglu Əliyev yaşadığı evdə huşunu itirərək evdəki qaz sobasının üzərinə yıxılıb. O, yanıq xəsarətləri alaraq ölüb.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

  • 16 yaşlı qızla nikahsız yaşayan oğlan: “Sağlam qıza sevgi etirafı edə bilmirdim ki, məni qəbul etməz” – VİDEO

    Bir-birinə qoşulub qaçan və toyları sosial şəbəkələrdə müzakirələrə səbəb olan Ruslan və Yeganə cütlüyü Baku TV-yə danışıblar.

    Fiziki məhdudiyyəti olan 32 yaşlı Ruslan hazırda 16 yaşlı Yeganə ilə nikahsız yaşayır.

    Ruslanın sözlərinə görə, Yeganənin ailəsi fiziki məhdudiyyəti olduğu üçün onların ailə qurmasına razı deyildilər.

    “Mənə uşaqlıqdan deyirdilər ki, ancaq özün kimi biri ilə evlənməlisən. Sağlam qıza sevgi etirafı edə bilmirdim ki, məni qəbul etməz. Nə evim, nə maşınım, nə də işim var. Yeganə sevgimə görə mənimlə gəlib”, – deyə o söyləyib.

    Tanışlıq hekayələrindən bəhs edən Yeganə isə bildirib ki, Ruslanda əsas bəyəndiyi xüsusiyyət onun dürüstlüyüdür:

    “Mənə yalan danışmamağı, dəyər verməyi xoşuma gəldi. Ruslan dedi ki, məhdudiyyətim var, məni istəməzsən. Dedim ki, məhdudiyyət insanın əqlində olur”.

    Hazırda kirayədə qalan cütlük şəraitsiz vəziyyətdə yaşayırlar və köməyə ehtiyacları olduğunu bildiriblər.

    Ətraflı süjetdə:

  • Medvedev: “Rusiya Kuril adalarına yeni silahlar yerləşdirəcək”

    “Rusiya Kuril adalarına yeni silahlar yerləşdirəcək”.

    Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Yaponiyanın baş naziri Fumio Kişidanın Kuril adaları mövzusunda çıxışını şərh edərkən bildirib.

    “Kuril adaları fəal şəkildə inkişaf edəcək və eyni zamanda onların strateji rolu, o cümlədən yeni silahların yerləşdirilməsi artacaq”, – deyə Medvedev bildirib.

    Beləliklə, o, Kişidanın Tokionun Kuril adaları ilə bağlı mübahisənin həllindən sonra Moskva ilə sülh müqaviləsi bağlamaq planlarının olması barədə bəyanatına cavab verib.

    Qeyd edək ki, ötən əsrin ortalarından Moskva və Tokio İkinci Dünya müharibəsindən sonra sülh sazişinin hazırlanması üzrə danışıqlar aparır. Bunun üçün əsas maneə kimi Kuril adalarının cənub hissəsinə olan hüquqlarla bağlı fikir ayrılıqlarıdır.

    Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşmamış adalar üzərində mülkiyyətlə bağlı mübahisələr aparır. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə vurğulayıb ki, müvafiq beynəlxalq hüquqi bazaya malik olan bu ərazilər üzərində Rusiyanın suverenliyi şübhəsizdir.

    Mənbə: rt.ru

  • Fəaliyyətlərinə xitam verilən din xadimlərinin sayı AÇIQLANDI – FOTO

    “Ötən il 179 din xadiminin fəaliyyətinə xitam verilib”.

    Median.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.

    Sədr müavini qeyd edib ki, ötən ildə Komitə tərəfindən müsahibələrdən uğurla keçən 137 nəfərin (35 qadın və 102 kişi) məscid və ziyarətgahlara imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrinə təyin olunub. Həmçinin 29 nəfər din xadiminin rotasiya qaydasında vəzifəsi və iş yerlərinin dəyişdirildiyini deyib.

    G.İsmayılov vurğulayıb ki, ötən il Komitədə iki dini icma dövlət qeydiyyatından keçib. Fəaliyyət göstərən 995 dini qurumdan 958-i islam, 37-si (xristian – 26; yəhudi – səkkiz; krişna – bir; bəhai – iki) qeyri-islam təmayüllü dini qurumlardır. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar iki müraciətə müsbət cavab verilib. Hazırda ölkədə 45 ixtisaslaşdırılmış satış məntəqəsi fəaliyyət göstərir.

    2023-cü il ərzində idxalla bağlı Komitənin dinşünaslıq ekspertizasına daxil olan müraciətlərə diqqət çəkən G.İsmayılov əlavə edib ki, 4875 adda dini məzmunlu ədəbiyyat ekspertizadan keçirilib. 938 adda (730,339 ədəd) dini təyinatlı ədəbiyyata isə nəzarət markaları verilib.

  • Rusiyada internet kəsilib

    Rusiyaya məxsus internet resurslarına girişdə problemlər yaşanıb.

    Belə ki, populyar saytlar, o cümlədən “Yandex” və “Vkontakte” hazırda açılmır.

    Müxtəlif xidmətlərin tətbiqlərindən istifadə etmək də mümkünsüz olub.

    Məlumata görə, bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda “.ru” domeni ilə olan bir çox saytlara giriş bağlanıb.

    Mənbə: meduza.io

  • Dubayda qaradərili uşaqla icazəsiz şəkil çəkdirən həmyerlilərimiz Vətənə qayıda bilmirlər – VİDEO

    Birləşmiş Ərəb Əmirliklərinə turist kimi gedən Azərbaycan vətəndaşları Mehman Pənahov və Emin Cəlilov dekabr ayının 11-dən etibarən Vətənə qayıda bilmirlər.

    Səbəb isə onların Dubayda ticarət mərkəzlərindən birində qaradərili uşaqla icazəsiz çəkdirdikləri fotolar olub.

    Buna görə də onların Birləşmiş Ərəb Əmirliklərindən çıxışlarına məhdudiyyət qoyulub.

    Mehman Pənahov bildirib ki, şəkil çəkdirdikləri uşağın anası onları şərləyərək təzminat almaq istəyirdi:

    “Anası kənarda gözləyirdi ki, üstümüzə şər atsın, təzminat alsın. Amma burada təzminatlıq bir şey yox idi. Emin uşağı görüb onunla şəkil və video çəkdirdi. Sonra bizi polis məntəqəsinə apardılar. İndi çıxmışıq, 48-ci gündür ki, hoteldə qalırıq”.

    Ətraflı Baku TV-nin süjetində:

  • Avropa Parlamentinin qarşısında tikanlı məftilli “kirpilər” quraşdırıldı – VİDEO

    Brüsseldə Avropa Parlamentinin qarşısındakı meydanda tikanlı məftilli “kirpilər” quraşdırılıb.

    Bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşılıb.

    Bildirilib ki, Belçikanın paytaxtında Avropa Parlamentinin deputatları və hakimiyyət orqanları qəzəbli yerli fermerlərin kolonunun traktorlarla gəlməsinə hazırlaşırlar.

    Xatırladaq ki, Avropa ölkələrində fermerlər iğtişaşlar törədirlər. Məsələn, Fransanın 40 kommunasında hökumətdən dəstək tədbirləri tələb edən fermerlərin etiraz aksiyaları keçirilir.

    Mənbə: Kp.ru