Month: Yanvar 2024

  • Qəbələdə qanunsuz ov edən şəxs saxlanılıb

    Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib.

    Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb.

  • Gəncədə su anbarına düşən 9 yaşlı uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib

    Gəncədə su anbarına düşən 9 yaşlı uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Nazirliyin “112″ qaynar telefon xəttinə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfərin su anbarına düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb.

    Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar.

  • Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb

    Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər: Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport.

    Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

    Fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri Tbilisi vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək.

  • Son 24 saatda Ukraynaya iki yüzə yaxın mərmi atılıb

    Son sutka ərzində Ukraynanın cəbhədən kənar əraziləri kütləvi hücuma məruz qalıb. Kiyev vilayəti də daxil olmaqla, Çerkassı, Sumı, Dnepropetrovsk, Kirovoqrad, Zaporojye, Xerson, Xarkov, Donetsk vilayətləri Rusiya ordusu tərəfindən əsasən dron zərbələrinə məruz qalıb.

    Vilayətlərdə yerli qurumların “Report”un Şərqi Avropa bürosuna verdikləri məlumata görə, son 24 saat ərzində aktiv döyüşlərin getdiyi yüzə yaxın yaşayış məntəqəsindən əlavə, Ukrayna ərazisinə iki yüzə yaxın mərmi atılıb. Cəbhəyanı şəhərlər istisna olmaqla, 5 nəfər həlak olub, 10-a yaxın insan yaralanıb.

    Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının rəsmisi Yuri İqnat hücumla bağlı durumu şərh edib: “Yanvarın 30-na keçən gecə Rusiya Donetsk vilayətini atəşə tutub. Belə ki, bu vilayətin Mirnoqrad şəhərinə iki “S-300” raketi ilə zərbə endirilib. Bundan başqa, hücum zamanı 35 “Shahed” pilotsuz uçuş aparatından (PUA) istifadə edilib. Ukrayna ordusunun bölmələri bu PUA-ların 15-ni məhv edib. 15 PUA Ukrayna ərazisinin dərinliyində yerləşən bölgələrdə zərərsizləşdirilib. Yerdə qalan pilotsuz uçuş aparatları cəbhəyanı bölgələrə zərbə endirib”.

    O bildirib ki, söhbət təmas xəttindən və Rusiya ilə həmsərhəd olan ərazilərdən gedir: “İlk dəfə deyil ki, “Shahed” vasitəsilə həm hərbi, həm də mülki obyektlərə zərbələr endirilir. Anlayırıq ki, cəbhəyə yaxın ərazidə yerləşən bölgələrə hücumlar həyata keçirilir və belə qısa məsafədə “Shahed”ləri vurmaq çox çətindir. Buraya bir çox obyektiv amillər lazımi silahların olmaması, məsafənin qısa olması və s. daxildir. İtki və dağıntılar barədə dəqiq məlumatım yoxdur. Bir sözlə, Rusiyanın bu hücumunun da qarşısı alınıb. Üstəlik, bəzi səbəblərə görə də Rusiya PUA-larının hamısı hədəfə çatmır”.

  • “Qəbələ” klubuna yeni TƏYİNAT

    “Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

    Klubdan verilən məlumata görə, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

    O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək.

    Qeyd edək ki, əvvəllər “Qəbələ”nin akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.

  • MEK “Məhəmməd Əmin Rəsulzadə – 140” adlı virtual sərgini təqdim edir

    31 yanvar publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Məhəmməd Əmin Rəsulzadə – 140” adlı virtual sərgi (https://heyzine.com/flip-book/293acdc582.html) hazırlanıb.

    Bu barədə Mərkəzi Elmi Kitabxana məlumat yayıb.

    Bildirilib ki, sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu “Çağımızın Siyavuşu”, “Qafqaz türkləri” (Azərbaycan və türk dillərində), “Çağdaş Azərbaycan tarixi”, “Milli birlik”, “Məktublar. Şəfibəyçilik”, “Azərbaycan şairi Nizami”, “Panturanizm. Qafqaz sorunu”, həmçinin “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında”, “Cümhuriyyət qurucuları”, “M.Ə.Rəsulzadənin Türkiyədəki həyatı, fəaliyyəti ve düşüncələri”, “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə”, “Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı və mübariz qərargahı Gəncə”, “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, “Almaniyada Cümhuriyyət arzusu” kitabları, “Azərbaycan Xalq Cümhuriyyəti haqqında dövlət qərarları”, Böyük Britaniyanın arxiv sənədləri əsasında hazırlanmış “Азербайджанская Демократическая Республика”, “А.М. Топчубаши и М.Э. Расулзаде переписка 1923-1926” kimi sənədlər və digərləri yer alıb.

    Qeyd edək ki, virtual sərgi ilə yanaşı, MEK-də ənənəvi sərgi də təşkil olunub.

  • İpoteka krediti götürmək istəyənlərin NƏZƏRİNƏ!

    Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

    Median.Az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb.

    “Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir”, – məlumatda deyilir.

    Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

    İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür.

    Qeyd edək ki, bu ilin dövlət büdcəsində ipotekanı maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.

  • Ciddi itkilər var, Ukrayna darmadağın olub – Akar

    Hazırda Ukrayna müharibəsinin uzanmasına dair ciddi siqnallar alırıq. Bunu Ermənistanla əlaqələndirmək üçün qeyd etmək lazımdır ki, hansı səbəbdən olursa-olsun, Ukrayna bir müharibəyə girdi. İndi müharibənin qalibi yoxdur, Ukrayna darmadağın oldu. Yəni Qərb nə verirsə-versin, nə qədər dəstəkləyirsə-dəstəkləsin, Ukrayna xalqı bəlkə də tarixinin ən acı, çətin günlərini yaşayır. Bundan dərs götürmək, dinc, sabitliyə aparan yol və üsulları seçmək lazımdır.

    Median.Az xəbər verir ki, bu sözləri ARB 24-ə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akar deyib.

    Akar müharibənin uzanmasının dünyada və Qara dəniz bölgəsində yaradacağı risklərdən danışıb, danışıqların dərhal bərpa edilməsinin vacibliyini vurğulayıb:

    “Müharibənin uzanması, bölgəmiz və ətrafımız baxımından çox ciddi risklər doğurur. Son günlərdə daha da şiddətlənərək davam edən raket və dron hücumları müharibənin uzanacağını göstərir. Biz həm Rusiya, həm də Ukrayna ilə danışırıq. İki tərəfə də çox açıq və şəffaf şəkildə diplomatik mərhələni yenidən canlandırmağı, ədalətli və davamlı sülhün təmini üçün hər şeyi etməyin lazım olduğunu deyirik. Toqquşmaların əvvəlindən bu fikri müdafiə edirik. Qlobal ərzaq bazarında taxıl qıtlığı məsələsi var idi. 33-34 milyon ton taxılın ehtiyac sahiblərinə çatdırılmasını təmin etdik. Burada ədalətli olmaq lazımdır. İkitərəfli təmasların davamı üçün Rusiyanın da bəzi təklifləri var, bunlara da əhəmiyyət vermək və dəstəkləmək vacibdir. Digər tərəfdən Türkiyədən əsirlərin dəyişdirilməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsində bəzi tələblər oldu. Əvvəldən humanitar yardımların verilməsini davam etdiririk”.

    Onun sözlərinə görə, Türkiyənin istəyi iki ölkənin dərhal razılaşması, dialoqa başlaması, diplomatik təmasları davam etdirməsi və Qara dənizin heç bir halda rəqabət mövzusuna çevrilməməsidir:

    “Çünki burada rəqabət başlasa, ciddi şəkildə problemlər yaşayarıq. Ona görə də əvvəldən Montrö müqaviləsinin çox ciddi nizam-intizam içərisində tətbiqinə nəzarət edirik. Bugünədək heç bir problem olmadan bunu etdik. Qara dənizdə mina təhlükəsi olur. Türkiyə, Rumıniya və Bolqarıstan olaraq birlikdə minaya qarşı tədbirlərlə oradakı problemləri idarə edə biləcəyimizi gördük və protokol imzalandı. Dolayısı ilə kənardan hansısa bir ünsürün gəlməyinə, girməyinə ehtiyac yoxdur. Çünki Rusiya da buna qarşılıq verə və nəzarətdən çıxacaq rəqabət, eskalasiya başlaya bilər. Buna imkan verilməməlidir. Biz bütün hallarda iki ölkə ilə də görüş və danışıqlar yolu ilə mütəmadi şəkildə diplomatik yolları təklif və təlqin etməklə axan qanın durmasını, sülh danışıqlarına gedən yolun açılmasını istəyirik. Görüşlər keçirilməlidir, olmasa, problemlər yaşanır. Bizim “İnsanı yaşat ki, dövlət yaşasın” düsturumuz var. İnsanı yaşatmasanız, dövləti yaşatmaq mümkün deyil. Çox ciddi itkilər var, insanlar ölür. Tarixdə bu formada dövlətlərin ortadan qalxmasının örnəkləri var. Hər kəs ağlını başına yığmalı, görüş platforması olmalıdır. Qərbdən gələn təşviqləri ağıllı və ölkə mənfəətləri çərçivəsində dəyərləndirmək Ukrayna və Rusiyanın xeyrinədir”.

  • Türk astronavt kosmosa gözmuncuğu aparıb

    Türkiyə Aralıq dənizi Universiteti Yörük Mədəniyyət Tətbiq və Araşdırma Mərkəzi (YÖRKAM) Müdiri Dos. Dr. Fatih Uslu Türkiyənin ilk astronavtı Alper Gezeravcının gözmuncuğu kosmosa apardığını açıqlayıb.

    Gezeravcı özü ilə bir neçə özəl əşya götürdüyünü bildirib: “Türk Yörük mədəniyyətinin bəzi simvollarını, bəzi ailə fotolarını, ilk uçuş emblemlərimi və mənim bura gəlməyimə vasitə olan bayrağımı gətirmişəm”.

    Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcı yanvarın 19-da uğurlu buraxılışdan sonra Beynəlxalq Kosmik Stansiyaya çatıb. Kosmos səyahətləri və təcrübələri davam edən Gezeravcının tarixi səyahəti Türkiyədə böyük sevincə səbəb olub.

    Mənbə: haber global

  • Ölüm saçan, qazla işləyən suqızdırıcıları və sobalar: Nələrə əməl etmək lazımdır? – AÇIQLAMA + FOTO

    “Evdə qaz təchizatı varsa, bu, artıq təhlükənin olması deməkdir. Qaz təchizatı olan evdə mütləq təhlükəsizlik tədbirləri görülməlidir”.

    Bu sözləri Baku.ws-ə təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib.

    Onun sözlərinə görə, “pyatiminutka”, “İran sobası” və digər qazla işləyən cihazların hər birinin təhlükəsiz istifadə qaydaları var:

    “Birinci qızıl qayda budur ki, bu sobalar hansı otaqda yerləşdirilibsə, orada havalandırma olmalıdır. Bundan əlavə, adlarını çəkdiyimiz sobalar üçün mütləq nəfəslik olmalıdır. Ventilyasiya və nəfəslik olmayan yerlərdə bu tip sobaların yerləşdirilməsi yolverilməzdir.


    Bəzi vətəndaşlar pəncərəsi olmayan otaqda İran sobaları quraşdırırlar. Bu, olduqca təhlükəli haldır. Ümumiyyətlə, ehtiyac olmadığı təqdirdə bu tip qızdırıcılara üstünlük verilməməlidir. Bu baxımdan ən əlverişli qızdırıcı mərkəzi istilik sistemi və kombidir. Bu qızdırıcılar çöldə quraşdırılır, evin isti su və istiliyə olan tələbatı təhlükəsiz şəkildə təmin olunur. Kombi quraşdırılan evlərdə, adətən, dəm qazından zəhərlənmə halı olmur.

    Digər tərəfdən, suqızdırıcıları mətbəxdə quraşdırılarsa, mətbəxin də mütləq pəncərəsi olmalıdır:

    “Evdə otaqların quruluşu dəyişdiyi halda pəncərə, nəfəslik və şaxtaya diqqət yetirilməlidir. Bunların olmaması təhlükəli vəziyyətdən xəbər verir. Təhlükəni minimallaşdırmaq üçün dəm qazı detektoru da olmalıdır. Həm dəm qazı, həm də qaz sızması əleyhinə detektor olmalıdır ki, qazın klapanı bağlansın”.

    Ekspert əlavə edib ki, normalara cavab verən qaz cihazlarından istifadə etmək lazımdır:

    “Belə cihazlar alarkən ucuz olana deyil, təhlükəsiz olana üstünlük vermək gərəkdir. Kustar üsulla hazırlanan cihazlardan istifadə sonda bir çox faciələrə gətirib çıxarır. Bir otaqdan digərinə rezin borularla qaz çəkib cihazlardan istifadə etmək qətiyyən olmaz.

    Hamam otağına suqızdırıcısının quraşdırılması üçün otağın həcmi ən azı 6-7 kvadratmetr, hündürlüyü isə ən azı 2 metrdən çox olmalıdır. Əgər hamam otağında “pyatiminutka” quraşdırılıbsa, yerdən ən azı bir metr hündürlükdə olmalıdır. Tüstü bacası saz və dəmirdən olmalıdır. Bacada deşik və çat olması qətiyyən yolverilməzdir. Hamamda mütləq nəfəslik, ventilyasiya işlək vəziyyətdə olmalıdır. Bəzən vətəndaşlar hamamdakı nəfəsliyi soyuq olmasın deyə bağlayırlar. Xüsusən də buna həyət evlərində rast gəlinir.

    Digər nüans qaz cihazı olan hamamların qapısında dəliklərin olmasıdır. Bu da təhlükə riskini xeyli azaltmış olur. Əgər hamam otağının içinə hava keçmirsə, deməli, yanma prosesi pozulacaq. Hamam otağına da detektor qoyulması mümkündür. Qiyməti 10-30 manat arasında dəyişən bu detektorlar dəm qazı yarandığı təqdirdə xəbər verir. Dəm qazının qoxusu və rəngi olmadığı üçün onu başqa cür müəyyən etmək olmur.


    Qaz sobalarının bacası yerləşdiyi hissədən 60 santimetr üfüqi formada çölə çıxmalıdır. Ona da diqqət etmək lazımdır ki, külək tutan istiqamətdə olmasın. Külək tutan istiqamətdə olarsa, tüstü bəzən geri qayıdır və bu da təhlükəli vəziyyət yaradır”.