Month: May 2024

  • AK nümayəndəsi: “İrəvanla Bakı arasında normallaşma kommunikasiyaların açılmasına imkan verəcək”

    “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması çox vacibdir, çünki bu, Azərbaycan, Gürcüstan, Türkiyə və Ermənistan arasında regional nəqliyyat kommunikasiyalarının açılmasına töhfə verərdi”.

    Bunu Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Adrienn Kirali mayın 14-də İrəvanda “Dayanıqlı ticarət, enerji və logistika marşrutlarının inkişafında Cənubi Qafqazın rolu” mövzusunda keçirilən müzakirələr çərçivəsində bildirib.

    Müzakirələr Avropa Yenidənqurma və İnkişaf Bankının iclası zamanı baş tutub.

    Mənbə: Ermənistan KİV

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    Sabah Bakının Nərimanov və Sabunçu rayonlarının qaz təchizatında fasilə yaranacaq.

    Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Bildirilib ki, Nərimanov rayonunun Ceyhun Hacıbəyli, 22 ünvanında qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması, Sabunçu rayonunun Maştağa qəsəbəsinə gedən orta təzyiqli qaz kəmərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması və Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsi, 81 ünvanında qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə mayın 15-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonunun Ceyhun Hacıbəyli, Ülvi Bünyadzadə, Ruhulla Axundov, Bakıxanov, Natiq Şahbazov küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin (tam olaraq) və Bilgəh qəsəbəsinin (bir hissəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycanda həkim vəfat etdi

    Sumqayıt səhiyyəsinə ağır itki üz verib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Qeyd olunub ki, tanınmış həkim Riayət Hacıyev ötən gün uzunsürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib.

    Riayət Hacıyev uzun illər 1 nömrəli Şəhər Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində infeksionist həkim kimi fəaliyyət göstərib.

  • Avropol hakerlərin hücumuna məruz qalıb

    Avropol hakerlərin hücumuna məruz qalıb.

    Hakerlər məxfi məlumatları kibercinayətkar qruplar arasında məşhur olan onlayn forumda yerləşdirərək, onları satdıqlarını bildiriblər.

    Qeyd edilib ki, hakerlər oğurlanmış məlumatların bəzilərini “gizli qeydlər” adlandırıblar.

    Mənbə: Osnmedia.ru

  • Masallıda dəhşət: Nənə nəvəsinin asılmış meyitini tapdı

    Masallıda intihar hadisəsi baş verib.

    Hadisə rayonun Səmidxanlı kəndində qeydə alınıb.

    Kənd sakini, 19 yaşlı Əli Quliyev nənəsinin evində özünü asıb. Onun asılmış meyitini nənəsi tapıb. İntiharın səbəbləri məlum deyil.

    Faktla bağlı araşdırma aparılır./Lent.az

  • Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb – FOTO

    Dövlət sərhədini pozmağa cəhd göstərən 36 nəfər saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, may ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (səkkizi azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Mahsun Kırmızıgül Bakıdadır

    Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül Bakıya gəlib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, tanınmış müğənninin təyyarəsi 15:45-də eniş edib.

    Qeyd edək ki, sənətçi may ayının 17-18-də Bakı Konqres Mərkəzində sevənlərinin qarşısında konsert proqramı ilə çıxış edəcək. Sevilən ifalarını səsləndirəcək.

  • Bakıda itkin düşmüş şəxsin öldürüldüyü məlum olub, şübhəli saxlanılıb – YENİLƏNİB

    Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun öldürülməsi barədə birgə məlumat yayıb.

    “Report” xəbər verir ki, N.Mehdinin cari ilin may ayının 9-da itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

    Bildirilib ki, Xətai rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

    Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

    “Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

    * * * * *

    Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Natiq Məhəmməd oğlu Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

    1964-cü il təvəllüdlü Natiq Məhəmməd oğlu Mehdinin iş yoldaşı, 1966-cı il təvəllüdlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsevər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    Hazırda faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, Natiq Məhəmməd oğlu Mehdi Müsavat Partiyasının fəallarından olub.

  • Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq

    Şair Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib, sabah əməliyyat olunacaq.

    Bu barədə APA-ya şair özü məlumat verib.

    Onun sözlərinə görə, bir neçə gün öncə yenidən müayinə edilib:

    “Buna qədər belə hesab edilirdi ki, əməliyyat risklidir. Kimyəvi terapiya müalicəsi daha məqsədəuyğun hesab edilmişdi. Amma bu müayinə onu deməyə əsas verdi ki, mənim yenidən əməliyyat şansım var. Xəstəxanadayam. Sabah, yəqin ki, əməliyyat ediləcəyəm”.

  • Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ

    Anar Abel oğlu Məhərrəmovun keçmiş həyat yoldaşı Mehriban Eyyubova ailə münasibətləri ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, hakim Gülnar Babazadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçının iddiası rədd edilib.

    Sonuncu dəfə Azərbaycanın Estoniyada səfiri işləmiş Anar Məhərrəmov bundan öncə də Mehriban Eyyubova tərəfindən birgə nikah dövründə alınan əmlakın bölünməsi ilə bağlı məhkəməyə verilmişdi.

    Qeyd edək ki, Anar Məhərrəmov və Mehriban Eyyubova rəsmi olaraq 2021-ci ildə boşanıblar.