Month: May 2024

  • Nadirin səhhətində problem yarandı – AÇIQLAMA

    Müğənni Nadir Qafarzadənin səhhətində problem yaranıb.

    Bu barədə Olay.az-a sənətçi özü məlumat verib. O bildirib ki, xəstəxanaya yollanıb və müalicə olunur:

    “Çox nasazam. Bərk soyuq dəyib. Mənə elə gəlir ki, bir neçə gün əvvəl havada maqnit dalğası var idi, mənə təsir etdi, halsızlaşdım. Həkimə getdim, sistem qəbul etdim, dərmanlar yazdılar. İndi ev şəraitində bir neçə gün sistem qəbul edəcəyəm. Təzyiqim də çox yüksək idi. Haradasa 190-na qalxmışdı. İndi normalam”.

  • “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

    “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb.

    Bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

    Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında TƏBİB-in 18-1-89/2-132/2024 nömrəli müraciəti əsasında aparılan ekspertizanın nəticəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilən “Dərman vasitələrinin geri çağırılması Qaydası”na (bundan sonra Qayda) uyğun olaraq müəyyən edilib:

    “Keyfiyyətinin yoxlanılması məqsədilə mərkəzə bir neçə şəhər və rayon xəstəxanalarından təqdim edilən, İtaliyanın “Industriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsus, “Aminoselekt 500 ml inyeksiya üçün məhlul” və “Aminoselekt 250 ml inyeksiya üçün məhlul” nümunələri üzərində aparılan laborator tədqiqatlar nəticəsində nümunələri yoxlanılan mayelərin içərisində gözlə görünən tünd rəngli hissəciklərin mövcudluğu (istehsalçı tərəfindən təqdim edilən normativ sənədin tələbinə əsasən, venadaxili inyeksiya üçün nəzərdə tutulan dərman vasitəsinin içərisində mexaniki qarışıqlar və ya kənar maddə hissəcikləri mövcud olmamalıdır) müəyyən edilib. Bu səbəbdən, sözügedən dərman vasitəsinin geri çağırılma dərəcəsi bir (Dərman vasitəsinin şəxsin həyat və sağlamlığına təhlükə yaratdığı və yarada biləcəyi hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsi isə “A” səviyyəsində (son istifadəçiyə qədər) təyin edilib.

    Yuxarıda qeyd olunanlara əsasənŞ Qaydanın 4.1.3-ci yarımbəndini rəhbər tutaraq, İtaliyanın “Industriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsus, “Aminoselekt 500 ml inyeksiya üçün məhlul” adlı, seriyası: 2300311, 2300312 və “Aminoselekt 250 ml inyeksiya üçün məhlul” adlı, seriyası: 2301012, 2301013, 2300469, 2300470 olan dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib”.

  • Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib

    Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib.

    Median.Az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda Qazaxıstan kollektivi ilə qarşılaşacaq.

    Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

    Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

  • Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”

    “Düz otuz ildir ki, gözümüz yollarda idi. Qardaşım Elşad Qayımov Birinci Qarabağ müharibəsinə 18 yaşında əsgər kimi yollanmışdı. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. 1994-cü ildə valideynlərimə Elşadın yaralandığı barədə məlumat verilib. Amma bütün hospitalları, xəstəxanaları axtarsalar da, ondan xəbər ala bilməyiblər. Sonradan şəhid olduğu bildirilsə də, dəfn edildiyi yer barədə məlumat yox idi”.

    Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şəhid Elşad Qayımovun qardaşı Rövşən Qayımov söyləyib.

    “Nəhayət, 30 ildən sonra qardaşım doğma kəndində dəfn olunacaq. Təəssüf ki, valideynlərimiz bu günü görmədilər. Atam ötən il, anam isə 40 gün əvvəl dünyasını dəyişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Aparılan araşdırmalardan sonra qardaşımın Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi basdırıldığı müəyyənləşib. Aprel ayında bu barədə bizə məlumat verdilər. Elə indi dəfnə hazırlıq işləri ilə məşğulam. Qardaşımın qanı yerdə qalmayıb. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağı düşməndən tam azad etdi. İndi bütün şəhidlərimizin ruhu şaddır”, – deyə Rövşən Qayımov söyləyib.

    Qeyd edək ki, Elşad Şirin oğlu Qayımov 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Qəhrəman döyüşçü 1994-cü il fevral ayının 19-da şəhidlik zirvəsinə ucalıb.

    Mayın 7-də Elşad Qayımovla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhidin dəfn mərasimi keçiriləcək.

  • Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib

    Ermənistanın prezidenti Vaaqn Xaçaturyan ABŞ-yə işgüzar səfərə gedib.

    Bu barədə məlumatı prezidentin mətbuat katibi verib.

    Məlumata görə, Xaçaturyan mayın 6-dan 11-dək Kaliforniyada olacaq.

    Mənbə: Sputnik Ermənistan

  • COP29-la bağlı iki xəstəxana ayrılıb

    Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar tədbirlər planının icrası məqsədi ilə TƏBİB-də İşçi Qrupu yaradılıb.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, COP29-un keçiriləcəyi məkanda tədbirin ilk günü TƏBİB tərəfindən yaradılan 4 tibb məntəqəsi, 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək:

    “Ümumilikdə tədbirin keçiriləcəyi müddətdə 30 təcili tibbi yardım briqadasının xidmət göstərməsi planlaşdırılır. Tədbirin keçiriləcəyi müddətdə mindən çox qonaq sayının məskunlaşdığı ərazilərdə 24 saat tibb məntəqəsi və tibbi yardım briqadaları fəaliyyət göstərəcək.

    Stasionar tibbi xidmət zərurəti yarandığı hallar üzrə Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni Klinika” ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılıb. Mərkəzi Neftçilər Xəstəxanasında ümumilikdə 60 çarpayı olmaqla, 10 çarpayılıq Yanıq Mərkəzi də yaradılacaq. “Yeni Klinika”da isə stasionar xidmət üçün 550 çarpayı nəzərdə tutulub. Bundan başqa, infeksion xəstəliklər və ya fövqəladə hal ehtimalı nəzərə alınaraq Məmmədli, Bilgəh və Kliniki Tibbi Mərkəzin nəzdindəki modul tipli xəstəxanaların da fəaliyyəti xidməti zərurət üçün uyğunlaşdırılıb”.

  • Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib

    Moskva-Orenburq reysini həyata keçirən “Nordwind” aviaşirkətinə məxsus “Aerobus A321” sərnişin təyyarəsi “Flightradar” uçuş izləmə xidmətinin xəritəsindən itib.

    Məlumata görə, təyyarə xəritədə yoxa çıxmazdan əvvəl təcili siqnal verib və Nijni Novqorod vilayəti üzərindən Moskvaya tərəf dönüb.

    Təyyarənin 3 min metr hündürlüyədək endiyi bildirilib. Ümumilikdə təyyarə 30 dəqiqə uçuşda olub.

    Mənbə: radio1.ru

  • Bakı restoranında faciə

    Səbail rayonu, Bibiheybət qəsəbəsindəki restoranların birində 2002-ci il təvəllüdlü Azər Aslan oğlu Ömərovun ölümündə təqsirləndirilən şəxsə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, Azər Ömərovun ölümündə təqsirləndirilən ofisiant yoldaşı, 2002-ci təvəllüdlü Rüfət Əsgər oğlu Əkbərli Bakı Ağır Cinayətlər Məhkəməsində özünü qismən təqsirli bilib.

    Rüfət Əkbərli deyib ki, Azərlə münasibətləri iş yoldaşı kimi hər zaman yaxşı olub. Aralarında heç vaxt dava-dalaş, mübahisə olmayıb. Mərhumla bərabər özü də restoranda ofisiant işləyib.

    Hadisə günü hava yaxşı olduğundan stolları restoranın həyətinə çölə çıxarıblar. Həmin vaxt bir-biri ilə əllə zarafat ediblər. Azər gülə-gülə ona – “indi sən məni qıdıqlamaq istəyirsən”, – deyib və üzərinə gəlib. Onlar daha sonra zarafatla güləşiblər.

    Rüfət iki əli ilə Azərin ayaqlarından tutduqdan sonra onu sağ çiyin nahiyəsinə qaldırıb və oradan arxası üstə başı aşağı restoranın daş döşəməsinə tullayıb. Azərin başı restoranın daş döşəməsinə çırpılıb. Bundan sonra vəziyyəti pisləşib. Rüfət dərhal ona kömək edərək ayağa qaldırmağa çalışıb. Lakin Azər bir az qalxdıqdan sonra yenidən dizləri üzərinə çöküb və daha sonra yerə yıxılıb. Onlar güləşən zaman restoranda olan digər işçilər də onlara baxıb gülüblər və hamı zarafatlaşdıqlarını bilib. Azər yerə uzandıqdan sonra əsməyə başlayıb, həkim gələnə kimi vəfat edib. Rüfət törətdiyi əməldən peşman olduğunu və hadisənin bilərəkdən deyil, zarafat edərkən baş verdiyini etiraf edib.

    Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsin dediklərinin həqiqətə uyğun olmadığını bildirib.

    Məhkəmənin qərarı ilə Rüfət Əkbərli Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barəsində 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

  • Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI

    Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

    Hadisə qısqanclıq zəminində baş verib.

    Yoldaşının başqası ilə danışdığından şübhə edən Fikrət Balabəyov həyat yoldaşı Arzu Balabəyovla mübahisə edib daha sonra ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

    Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.
    //oxu.az

  • Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub.

    “Report”un məlumatına görə, əmrə əsasən polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, A.Bağırov bundan öncə Göygöl rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. O, Xocalı rayon Polis Şöbəsində rəis vəzifəsində çalışmış mərhum Eldar Bağırovun oğludur.