Month: May 2024

  • ABŞ səfiri Şuşaya gedib

    ABŞ səfiri Mark Libbi Şuşaya gedib.

    Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

    “Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.

    Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, – səfirliyin məlumatında qeyd olunub.

  • Ağdərədə sümük fraqmentləri aşkarlanıb

    Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində sümük fraqmentləri aşkar edilib.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Bildirilib ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Prezident TƏSDİQLƏDİ – Daha bir ölkəyə vizasız gedə biləcəyik

    “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş” təsdiq edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman da imzalayıb.

    Qeyd edək ki, hər iki saziş 2024-cü il martın 1-də Bakı şəhərində imzalanıb.

    Xatırladaq ki, Azərbaycan vətəndaşları Makedoniya, Monteneqro, Bosniya və Herseqovina kimi Avropa ölkələrinə vizasız gedə bilərlər.

  • Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar

    Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq.

    “Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

    Məcəlləyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığı olmadan inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunması da Məcəllənin 376-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olacaq.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 376-cı maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının mediada yayımlanmasına görə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir.

  • Əli Əsədovdan daimi arbitraj təşkilatı ilə bağlı QƏRAR

    Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası təsdiq edilib.

    Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

    Qərara əsasən, daimi arbitraj təşkilatı mübahisənin həlli üçün arbitraj məhkəməsinin səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, arbitraj icraatının idarə edilməsi, arbitrajın təşkilati təminatı, o cümlədən arbitrlərin təyin olunması, onlara etiraz edilməsi və onların səlahiyyətinə (mandatına) xitam verilməsi məsələlərinin həlli, kargüzarlıq, arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili funksiyalarını həyata keçirir.

    Daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərin akkreditasiyadan keçirilməsi və onların akkreditasiyasının ləğvi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

    Bu Qaydanın müddəaları beynəlxalq və ya xarici daimi arbitraj təşkilatlarına tətbiq edilmir.

  • Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq – RƏSMİ

    Dövlət İmtahan Mərkəzi (DİM) 14 aprel tarixli qəbul imtahanlarının nəticələri barədə açıqlama verib.

    DİM-dən bildirilib ki, 14 aprel tarixində keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinin bu həftə – mayın 10-dək elan olunması nəzərdə tutulur.

    “Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, – DİM bəyan edib.

    Xatırladaq ki, aprelin 14-də əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı keçirilib.

    Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunmuş imtahanlarda 34 mindən çox şagird iştirak edib.

  • Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı

    “Şamaxı Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri İlqar Əfəndiyev vəzifəsindən azad edilir.

    O, işdən çıxarılması ilə bağlı ərizə yazıb.

    İdarə Heyətinin sədrinin ərizəsinə cəmiyyətin iyunun 8-də keçiriləcək növbədənkənar ümumi yığıncağında baxılacaq və qərar qəbul ediləcək. Onunla əmək müqaviləsinə xitam veriləcək.

    Yığıncaqda həmçinin İdarə Heyətinə yeni sədr və üzvlər seçiləcək.

    Qeyd edək ki, “Şamaxı Şərab-2” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 650 308 manatdır. ASC-nin hazırda qanuni təmsilçisi İdarə Heyətinin sədri vəzifəsində çalışan İ.Əfəndiyevdir. (İqtisadiyyat.az)

  • Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb

    Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndinin başçısı Kamo Şaqinyan bildirib.

    Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəlib: “Kənddə çoxlu sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaq”.
    K.Şaqinyan deyib ki, kəndlilər ərazidə gərginlik yaradır: “Ancaq onlar yolu bağlamır, əlavə maneələr törətmir”.

  • Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar – AÇIQLAMA (VİDEO)

    “Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişiklilərin edilməsi ilə bağlı sənədi imzalayıb. Bu sənədə əsasən, bir sıra şəxslərin daha tez pensiyaya çıxmaq hüququ təsbit edilib”.

    Bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.

    Deputat əlavə edib ki, bundan sonra valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqları qəyyumluğa götürüb saxlamaq daxil olmaqla, bütövlükdə 5 uşağı olan valideynlər daha tez pensiyaya çıxmaq hüququ əldə edəcəklər:

    “Həmin vaideynlərin pensiya yaşı 5 il azaldılacaq. Əvvəlki qanunda bu hüquq yalnız analara şamil edilirdi. Yeni qanunla atalar da 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edəcəklər”.
    //Baku.ws

  • Məhkəmə Anar Məmmədli barədə qərar verib

    Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib.

    Bu barədə “Report”a onun vəkili Cavad Cavadov məlumat verib.

    O bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

    Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.