Month: May 2024

  • Hakan Fidan Azərbaycan xalqını təbrik edib

    Əziz Azərbaycanın Müstəqillik Gününü ən səmimi hisslərimlə təbrik edirəm.

    Bunu Türkiyənin xarici İşlər naziri Hakan Fidan rəsmi “X” hesabındakı paylaşımında deyib.

    “Şanlı Azərbaycan bayrağının vətənin hər qarışında sərbəst dalğalandığı bu mübarək gündə müstəqillik uğrunda canlarını verən bütün şəhidlərimizi rəhmət və ehtiramla yad edirəm”, – paylaşımda vurğulanıb.

  • Bədənimizdə vitamin çatışmazlığını NECƏ bilək?

    Vitaminlər orqanizmdə mühüm rol oynayır. Belə ki, onlardan hansısa birinin çatışmaması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Yəni hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. İnsan, əlamətlərə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyini təxmini müəyyən edə bilər.

    Həkim-terapevt Rasif Bağırov Bizim.media-ya bildirib ki, çox vaxt vitamin çatışmazlığı gözlərdə problemə səbəb olur, görmə qabiliyyətini zəiflədir:

    “Çünki gözün hər şeyi rəngli görə bilməsi A vitamini ilə bağlıdır. Gün ərzində insan nə qədər televizorda rəngli kadrlara baxırsa, bir o qədər A vitamini sərf edir. A vitamini saçın möhkəmliyi üçün vacibdir, o, keratinin sintezində iştirak edir. Amma A vitamini normadan artıq olanda qaraciyərdə müəyyən xəstəliklər yaradır”.

    Terapevt bildirib ki, B vitamin çatışmazlığı isə adətən, mədə-bağırsaq və sinir sistemində problemlər yaradır:

    “Lakin B1-B12 vitaminlərinin çatışmazlığı ayrı-ayrılıqda xəstəliklər yarada bilir. B1 çatışmazlığı beri-beri xəstəliyini yaradır. Beri-beri olduqca ağır xəstəlikdir. B1 çatışmazlığı həm də mədə-bağırsaq sisteminin pozulmasına da gətirib çıxarır. Ona görə də şəkərli diabet olan xəstələrin ayaqlarında neyropatiya yaranır. Bunun üçün şəkər xəstələrinə qara çörək məsləhət görülür.

    C vitamin çatışmazlığı isə dişin dibində irinli yaralar əmələ gətirir. C vitamini həm də antioksidant maddə olduğuna görə orqanizmin hüceyrələrinin müdafiə sistemində çox yaxşı iştirak edir.

    D vitamini isə orqanizmi kalsiumla təmin edir. Kalsium isə dəri, əzələ və sümük sisteminin möhkəmlənməsinə yardım edir. Yəni D vitamini çatışmayanda bədəndə kalsium da azalır”.

  • Bakıda kvadratmetrlə torpaq satılır – VİDEO

    Bütün ölkə üzrə torpaq sahələrinin satışı əsasən sotla aparılır. Lakin paytaxtın bəzi ərazilərində kvadratmetrlə torpaq satışına da rast gəlinir.

    Maraqlıdır, torpağın bu formada satışı ərazinin az olması ilə bağlıdır, yoxsa qiymətin bahalığı ilə əlaqədardır?

    Əmlakçı Yusif Quliyev Baku TV-yə açıqlamasında qeyd edib ki, kvadratmetrlə satılan torpaqlar qeyri-yaşayış sahələridir:

    “Bu torpaq sahələri obyekt tikmək üçün nəzərdə tutulub. Ona görə də baha başa gəlir. Həmin torpaq sahələrində fərdi yaşayış evi tikmək mümkün deyil”.

    Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev isə deyir ki, torpaqların kvadratmetrlə satılması ərazilərin məhdud olması ilə əlaqədardır:
    “Hansısa yüngül konstruksiyalı qeyri-yaşayış obyektinin inşası üçün təxminən 20 kvadratmetrlik torpaq sahələri satılır. Həmin torpaq sahələri kəskin şəkildə bahadır. Mərkəzdə qeyri-yaşayış obyekti üçün yararlı olan torpaq sahəsinin bir kvadratmetri 10-20 min manata satılır. Bir sot torpağın qiyməti isə təxminən bir milyon manatdır”.

    Ekspertin sözlərinə görə, kvadratmetrlə satılan torpaqların qiymətləri ilə bərabər həmin ərazilərdə tikilən obyektlərin icarə qiymətləri də yüksək olur. Baha olsa da, mülkiyyətçilər belə torpaq sahələrini ona görə alırlar ki, həmin ərazidə inşa etdiyi istənilən mülkiyyət növünü sonradan dəfələrlə baha qiymətə sata və icarəyə verə bilsinlər.

  • DTX-nin illər öncə həbs etdiyi baş redaktor yenidən saxlanılıb

    “Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev yenidən həbs edilib.

    Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, baş redaktor Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

    Məlumatda ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb və barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Surxay Əliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi.

  • Bakıda narkomanların yuvasına çevrilən QƏBİRİSTANLIQ – VİDEO

    Sabunçu rayonu Zabrat qəsəbəsindəki qəbiristanlıq baxımsız vəziyyətdədir.

    Yaxınlarının məzarını ziyarət edənlər qamışların arasından keçərək getməli olurlar. Bu barədə “Xəbərin olsun” verilişində bildirilib.

    Məkan nəzarətsiz qaldığından həm də narkomanların yuvasına çevrilib. Sakinlər bildirir ki, onlar dəfələrlə bura gəlib-gedən və narkotik maddə istifadə edən narkomanları görüblər.

    Zabrat qəbiristanlığındakı xoşagəlməz hal Kürdəxanı qəbiristanlığında da hökm sürür.

    Burada da qəbirlərin ətrafını hündür qamışlar basıb. Nəticədə ərazini narkomanlar özlərinə məskən seçib.

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə hər iki qəbiristanlıq artıq polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.

    Ətraflı videoda:

  • Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Bakıda stadionun qanunsuz olaraq satılması araşdırılır.

    Musavat.com xəbər verir ki, hakim qarşısına “Məhsul” stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev çıxarılıblar.

    Keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib, Nadir Əliyevlə Alik Həsənovun hər birinin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakların müsadirə olunmasını, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönəlməsini xahiş edib.

    Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı etmək üçün vaxt istəyiblər.

    İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə beh adı ilə ümumilikdə 900 min manat pul alıblar. Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

    İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara səkkiz milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adı ilə onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

    Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə beş nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.

    Növbəti proses iyunun 3-də davam edəcək.

  • Lerikdəki istirahət mərkəzində BƏDBƏXT HADİSƏ: Yeniyetmə körpüdən yıxıldı

    Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.

    APA xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.

    Bakı sakini 2010-cu il təvəllüdlü H.B. ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.

  • Bakının bir qəsəbəsinə suyun verilişində məhdudiyyətlər olacaq

    28-29 may 2024-cü il tarixlərində Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

    Bildirilib ki, məhdudiyyətlərə səbəb magistral su kəmərində aparılan təmir işləridir.

  • Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

    Mayın 27-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

  • Prezident və birinci xanım Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib.

    Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və Xocalı şəhərinin Baş planı ilə tanış olublar.