Month: May 2024

  • Prezident: “Azərbaycanla Tacikistanın dövlətlərarası münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb”

    “Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında bildirib.

    Dövlətimizin başçısı deyib ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.

  • İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib

    “Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında (COP29) iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında söyləyib.

    “Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik”, – deyən dövlətimizin başçısı tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklərinə əminliyini bildirib.

  • COP29-da iştirak edəcək qonaqların yerləşdirilməsi üçün onlayn platforma hazırlanıb

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək qonaqlara bu gündən etibarən vahid onlayn rezervasiya sistemindən yararlanmağa imkan yaradılıb.

    “Report” xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova agentlik tərəfindən COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

    O bildirib ki, rezervasiya sistemi əvvəlki COP tədbirlərində tərəfdaş olan beynəlxalq şirkət tərəfindən hazırlanıb:

    “Hazırda sistemə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən 100-dən çox ulduz təsnifatlı hotellər, bir sıra yerləşmə kompleksləri daxildir. Yerləşmə obyektlərinə qiymətlərin təyin olmasında sahibkarlar müstəqil qərar veriblər”.

    Qeyd edək ki, vahid onlayn rezervasiya sistemi bu gün saat 17:00-da işlək vəziyyətdə olacaq.

  • Bakıda nöqsanlar aşkarlanan məktəblərin direktorları vəzifələrindən azad edildilər

    Paytaxtın 25, 81 və 203 nömrəli tam orta məktəblərində aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad ediliblər.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilib.

    Belə ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyəti düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib. Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb.

    81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onun tabeliyində gözətçi işlədiyi aşkar edilib.

    203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeçiliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib.

  • Zaxarova Paşinyanın ittihamlarına mahnı sözləri ilə cavab verdi – VİDEO

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il müharibəsi zamanı “Ermənistana yardım imitasiyası” haqqında danışarkən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı ölkələrini nəzərdə tutması ilə maraqlanıb.

    Brifinqdə News.ru-nun müxbirinin müvafiq sualını cavablandıran diplomat bildirib ki, bu dövlətlərin adlarını çəkmək məntiqli olardı, çünki söhbət ciddi ittihamlardan gedir.

    “…sevgilim, sevgilim, özün tap…” sözləri olan mahnı yadıma düşür. Mənə maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan hansı ölkələrdən danışırdı? Söhbət belə ciddi bəyanatlardan gedirsə, adı açıqlamaq tamamilə məntiqli olardı. Rusiya əlindən gələni etdi ki, Ermənistan özünü tərk edilmiş və unudulmuş hiss etməsin”, – deyə Zaxarova bildirib.

    O, həmçinin xatırladıb ki, Qarabağda ikinci müharibənin başa çatması ehtimalı 2020-ci ilin oktyabrında olub. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev o zaman rusiyalı həmkarı Vladimir Putinin təklifləri ilə razılaşıb.

    Lakin Ermənistanın baş naziri hərbi əməliyyatları davam etdirməyə üstünlük verib. Bunun nəyə gətirib çıxardığını hamı bilir”, – Zaxarova qeyd edib.

    Xatırladaq ki, Paşinyan daha əvvəl bəyan etmişdi ki, KTMT üzvü olan ölkələr 2020-ci ildə Qarabağda baş verən hərbi toqquşmalar zamanı Azərbaycana kömək ediblər. Onun sözlərinə görə, söhbət iki dövlətdən gedir. Lakin Ermənistan hökumətinin başçısı bu ölkələrin adlarını çəkməyib.

    Ermənistan KTMT-nin 2024-cü il üçün illik büdcəsinin təsdiqində və təşkilatın maliyyələşdirilməsində iştirakdan imtina etdiyini bildirmişdi. Respublika Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın sözlərinə görə, İrəvan məhdud formatda belə bir qərarın qəbuluna etiraz etmir.

  • Ağdərənin beş məktəbi yenidən bərpa olunur

    Ağdərə rayonunun beş məktəbi yenidən bərpa olunur.

    “Report”un əldə etdiyi məlumata görə, bu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısına dəyişiklikdə əksini tapıb.

    Siyahıya aşağıdakı məktəblər əlavə olunub:

    – Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi

    – Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi

    – Ağdərə rayonu Talış kənd tam orta məktəbi

    – Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi

    – Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi.

  • Bütün “təcili yardımlar” bir mərkəzə birləşdirilir

    İyunun 1-dən Sumqayıt Şəhər Təcili Yardım Stansiyası da daxil olmaqla ölkə üzrə bütün Təcili Yardım Stansiyaları Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə birləşdiriləcək.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı artıq qərar verilib.

    Bu prosesə qədər isə “103” xidməti ləğv olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bu mərkəzdə birləşdirilib.

    TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, qurumun Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli müvafiq qərarı ilə bağlı TƏBİB-in icraçı direktorunun müvafiq əmrinə əsasən, “Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” publik hüquqi şəxs, “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” publik hüquqi şəxs, “Təcili Yardım Avtobazası” publik hüquqi şəxsin və eyni zamanda, TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının ştat vahidlərinin ləğv olunaraq mərhələli şəkildə yeni yaradılan “Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzi” publik hüquqi şəxsə birləşdirilməsi prosesinə başlanılıb. Hazırda proses davam etdirilir.

    Qeyd olunub ki, Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulmasıdır.

    Xatırladaq ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi 2023-cü ildə yaradılıb. Mərkəzin direktoru Mirələm Cəlalovdur.

  • Azərbaycanda daxili borcun artmasının səbəbi AÇIQLANDI

    “Xarici dövlət borcu elə də böyük məbləğdə deyil, daha çox layihələrlə bağlı xarici borcu artırmaq istəyirik”.

    “APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

    Nazir deyib ki, daxili borcların həcmi artıb:

    “Vaxtilə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı tərəfindən Beynəlxalq Bankın toksik borcları alınırdı. Bunun üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Həm də bu toksik aktivlərin sağlamlaşdırılması üçün dövlət zəmanəti ilə istiqrazlar verilmişdi. Bu aktivləri balans qiyməti ilə alırdıq, lakin onun satışı real bazar qiymətindən aşağı idi və nəticədə zərər əldə edilirdi. “Aqrarkredit” bir vaxta qədər bunu idarə edirdi. İndi müəyyənləşdi ki, bu qurum bu borcları idarə etmək iqtidarında deyil. Nəticə etibarı ilə bu borcu dövlət borcu kimi qiymətləndirdik. Bu, dövlət borcumuzun artmasına təsir etdi”.

  • Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

    Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” və “Göytəpə” sərhəd dəstələrinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 53 kiloqram 865 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bakı metrosunun vaqonları rənglənəcək

    Bakı metrosunun bəzi vaqonları rənglənəcək.

    İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı metropolitenin elan etdiyi tender başa çatıb.

    Belə ki, istismarda olan metro vaqonlarının qumla təmizlənməsi, antipas boya ilə və ikiqat akril boya ilə rənglənməsi, eləcə də, tam yığılması işləri aparılacaq.

    “Bakı Metropoliteni” sözügedən işlərin həyata keçirilməsini “YURD.MR” şirkətinə həvalə edib.

    Qeyd olunan işlərin reallaşdırılması ilə əlaqədar olaraq, metro ilə şirkət arasında 2 112 500,12 manat dəyərində müqavilə bağlanıb.