Month: October 2024

  • Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb

    Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb.

    Report-un cənub bürosunun məlumatına görə, hadisə Vilvan kəndində baş verib.

    Belə ki, fərdi evində təmir işləri görən Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Ruslan Samid oğlu Zülfüqarov və rayonun Sütəmurdov kənd sakini, 1969-cu il təvəllüdlü İlyas Hidayət oğlu Səfərov hündürlükdə işləyərkən ehtiyatsızlıq səbəbindən yerə yıxılıblar.
    Müxtəlif dərəcəli xəsarətlər alan yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, R.Zülfüqarovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralı İ.Səfərova isə ilkin tibbi yardım göstərilib və o, reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağacları kəsməyə görə cəzalar sərtləşdirilir – 7 ilədək həbs

    Qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilir.
     
    Median.Az xəbər verir ki, bu, Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
     
    Layihəyə əsasən, ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
     
    Qüvvədə olan qanuna əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
     
    Eyni əməllər:
    -təkrar törədildikdə;
    -şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

    müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
     
    Bu müddəalar kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi)hallarına şamil edilməyəcək. Bu “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşüləcək.

  • Bakıda fərdi yaşayış evində yanğın baş verib

    Paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində fərdi yaşayış evində yanğın baş verib.

    Apa xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

    Məlumata görə, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

  • Bu ərazilərdə olan evlərə sənəd verilməyəcək – Ekspert açıqladı

    Sənədsiz evlər problemi illərdir qalmaqdadır. Dövlətə məxsus torpaqların sənədləşdiriləcəyi ilə bağlı xəbərlər tez-tez yayılır. Şirkətlərə məxsus torpaqlarda olan tikililərin taleyi ilə bağlı isə hansısa məlumat verilmir.

    Mövzu ilə bağlı Modern.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, neft kontraktına aid olan ərazilərdə tikilən evlərə birmənalı olaraq sənəd verilməyəcək:

    “Çünki o torpaqların çoxu radiasiyalı və insan orqanizminə ciddi ziyan gətirə biləcək ərazilərdə yerləşir. Bu səbəbdən neft müqaviləsinə aid olan torpaqlarda tikilən evlərin sənədləşdirilməsi mümkün olmayacaq. Gələcəkdə həmin torpaqların təmizlənməsi və həmin neft şirkətlərinin balansından çıxarılması həyata keçirildiyi və yaşayış fondu torpaqlarına aid edildiyi təqdirdə bu məsələyə baxıla bilər. Amma neft kontraktına aid olan torpaqlarda fərdi yaşayış evlərinin sənədləşdirilməsi nəzərdə tutulmur”.

    Ekspert vurğulayıb ki, bu evlərin gələcəkdə köçürülməsi həyata keçirilə bilər:

    “Bu ərazilərdə yaşamaq özü belə insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu səbəbdən həmin yerlərdə yaşayan sakinlər köçürülə bilər. Bu birbaşa insanların özünün sağlamlığı ilə bağlı məsələlərdir və hökumət bu məsələdə heç də güzəşt etmək niyyətində deyil. Harada insan sağlamlığına ziyan gətirən hallar varsa, buna yol verilməyəcək”.

  • İstehlak kreditləri 8 milyarda çatıb: Böyük pullar Azərbaycandan necə çıxır?

    “Təəssüf ki, Azərbaycanda əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır. Son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb”.

    Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

    Onun sözlərinə görə, bu vəziyyət Azərbaycandan böyük pulların çıxması deməkdir:

    “Çünki, istehsalı daxili təlabatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8 milyard ölkəmizin ümumi kredit porfelinin təxminən 1/3 hissəsidir. Biznes kreditlərinin isə 60%-nə bərabərdir. Bu hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, “Kredit fəlsəfəsi”nin oylağı olan ABŞ-da verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir.

    Hələ nəzərə alsaq ki, ABŞ-da xərclənən isteklak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, komputeri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların hamısını xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi bu məhsullarını aldığımız ölkələrə axıb gedir”.

    “Bu prosesdə malını bizə satan ölkələr də udur, istehlak krediti verən banklar da, bu malları ölkəmizə gətirib ticarəti quran subyektlər də. Bəs uduzan kimdir? Uduzan insanlar – istehlakçılardır. Onları kimsə buna məcbur etmir. Amma onlar bir birilə bəhsə getməklə özləri özlərini buna məcbur edirlər”, deyə iqtisadçı alim əlavə edib.

  • Alimlər tullantı sularında plastiki məhv edən bakteriyalar tapdı – İnqilabi kəşf

    ABŞ-ın Şimal-Qərb Universitetinin tədqiqatçıları ətraf mühitdə artan plastik çirklənmə problemi ilə mübarizə aparmağa kömək edə biləcək həll yolu tapıblar.

    Qaynarinfo “Interesting Engineering” portalına istinadən xəbər verir ki, alimlər PET (polietilen tereftalat) plastikini deqradasiyaya qadir olan kanalizasiya bakteriyasını müəyyən ediblər. Bu da möhkəmliyinə və deqradasiyaya davamlılığına görə xüsusilə problemlidir.

    “Biz sistematik olaraq ilk dəfə olaraq göstərdik ki, kanalizasiya bakteriyası orijinal plastik materialı götürə, onu pisləşdirə, parçalaya, parçalaya və karbon mənbəyi kimi istifadə edə bilərBu bakteriyanın bütün bu prosesi həyata keçirə bilməsi heyrətamizdir və biz plastik materialların parçalanmasına cavabdeh olan əsas fermenti müəyyən etdik. Bu optimallaşdırıla və ətrafdakı plastikdən xilas olmaq üçün istifadə edilə bilər”, deyə “Environmental Science & Technology” jurnalında dərc edilən araşdırmaya rəhbərlik edən Lyudmila Aristilde bildirib.

    Alimlər şəhər su anbarlarında və kanalizasiya sularında rast gəlinən Comamonas testosteri bakteriyasının gizli gücünü aşkar etdiklərini bildiriblər: o, plastik tullantılarla qidalanır.

    Qeyd olunur ki, bakteriyaların plastiki parçalamaq qabiliyyəti fiziki və biokimyəvi proseslərin birləşməsindən qaynaqlanır. Əvvəlcə plastiki kiçik parçalara bölür, sonra onu daha da parçalayan fermenti hərəkətə gətirir və bakteriyaların karbon atomlarını qida kimi qəbul etməsinə imkan verir.

    Tədqiqatçılar bunu nəzəri və eksperimental metodların birləşməsi sayəsində tapıblar. Əvvəlcə tullantı sularından bakteriyaları təcrid ediblər, sonra onları PET substratlarında laboratoriya şəraitində yetişdiriblər. Daha sonra onlar plastikin səthindəki dəyişiklikləri diqqətlə araşdırıblar və suyun plastik deqradasiya əlamətlərini, həmçinin nanoplastikaların olub olmadığını təhlil ediblər.

    Paralel olaraq, alimlər plastikin parçalanmasında iştirak edən mexanizmləri öyrənmək üçün bakteriyaların daxili quruluşunu tədqiq ediblər.

    “Bakteriyaların iştirakı ilə mikroplastiklər kiçik plastik nanohissəciklərə parçalandı. Biz aşkar etdik ki, çirkab sularından çıxan bakteriya plastiki monomerlərə, polimerlər yaratmaq üçün birləşən kiçik tikinti bloklarına parçalamaq üçün fitri bir qabiliyyətə malikdir. Bu kiçik vahidlər bakteriyaların böyüməsi üçün istifadə edə biləcəyi bioloji mövcud karbon mənbəyidir”, deyə Aristilde qeyd edib.

    Bir qrup elm adamı bakteriyaların PET-i parçalamaq üçün istifadə etdiyi xüsusi fermenti müəyyən edib. Onlar vurğulayırlar ki, nanoplastikalar həm də kanalizasiya təmizləyici qurğulardakı bakteriyalar tərəfindən yaradıla bilər.

    “Cəmiyyətimiz kanalizasiyadan tutmuş çay və göllərə qədər plastikin davranışını anlamağa çalışarkən bu, diqqət etməli olduğumuz bir şeydir”, deyə Aristilde bildirib.

    Qeyd edilir ki, bu kəşf bakteriya əsasında su hövzələrinin plastik tullantılardan təmizlənməsinin yeni üsullarının yaranmasına səbəb ola bilər.

  • Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı

    Azərbaycanda bərbər özünü polkovnik-leytenant kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunur.

    “Qafqazinfo”nun istintaq materiallarından əldə etdiyi məlumata görə, 41 yaşlı Samir Nəsibov 13 nəfərə yaxşı qazanc vəd edərək onları aldadıb.

    Bu işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsində aparılıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərlə razılığa gələ bilmədiyi üçün sözügedən İdarənin müstəntiqinin vəsatəti əsasında həbs edilib.

    Yasamalda bərbər işləyən Samir Nəsibov zərərçəkmişlərin hamısını eyni cür aldadıb. O, özünü nüfuzlu şəxs və doğulduğu Gəncə şəhərində etibarlı ticarət əlaqələri olan biri kimi tanıdıb. Zərərçəkmişlərə deyib ki, Bakıdan daha ucuz qiymətə mobil telefonlar və qızıl-zinət əşyalarını Gəncədə “əl krediti” formasında satacaq, nəticədə yaxşı qazanc əldə edəcəklər.

    Ona inanıb pul verənlərin bəziləri bərbər işlədiyi salonun müştəriləri, bəziləri isə paytaxtda qızıl-zinət əşyaları satan ticarət mərkəzində işləyənlərdir.

    Maraqlıdır ki, Samir öz sevgilisini və onun rəfiqəsini də aldadıb. Evlənmək üzrə olduğu qadına və rəfiqəsinə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışdığını, polkovnik-leytenant rütbəsi daşıdığını bildirib. Rəfiqələr istintaqda deyiblər ki, Samirin yaşadığı eve gediblər və otaqlarda hərbi formalar görüblər. Bundan sonra daha çox inam yaranıb. Nəticədə Samir sevgilisinin 25 min manatlıq, onun Moskva Univermağında işləyən rəfiqəsinin isə 36 min manatlıq qızılını ələ keçirib. Onlar istintaq vaxtı üzləşmədə Samirin əməllərini üzünə deyərək onu ifşa ediblər.

    İttihamda yazılıb ki, iş üzrə 13 zərərçəkmişə ümumilikdə 500 min manata yaxın ziyan dəyib.

  • Çay evini qumarxanaya çevirən sahibkar saxlanıldı – Məhkəmə qərarı

    Sahibkar Elçin İmamquliyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən “Elit Çay Evi”ndə (Elit Pub) qumar oyunlarının oynanılması aşkar edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə sahibkarın qardaşı Elnur İmamquliyev saxlanılıb.

    Məlum olub ki, Elnur İmamquliyev qardaşı ilə birgə sözügedən iaşə obyekti işlədir. O, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri də təşkil edib.

    Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Elnur İmamquliyev saxlanılıb, ona Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə cinayət işi açılıb.

    Məhkəmənin qərarı ilə Elnur İmamquliyev 1 il 6 ay müddətinə ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs üzərinə bu müddət ərzində yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək vəzifəsi qoyulub. Onun şəxs cəzasını çəkməsinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablanıb.

  • Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi

    Cəlilabadda xanım fermerin 240 kiloqram noxudunu oğurlayan fəhləyə və tanışına hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Qarazəncir kəndində baş verib.

    Belə ki, 1998-ci il təvəllüdlü Elbrus kənddə fermer təsərrüfatı ilə məşğul olan Vəsimə Hüseynovanın evində fəhlə işləyib. O, evin həyətində “Pakistan” sortu hesab edilən kisələrdəki noxudu görüb. Maddi imkanı zəif olduğu üçün 2000-ci il təvəlüdlü Məftun adlı tanışı ilə noxudları oğurlayıb. Onlar ümumi çəkisi 240 kq, dəyəri 840 manat olan 4 kisə noxud aparıblar.

    Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib. Elbrus 2 il 5 ay 26 gün, Məftun isə 2 il 2 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • Kürdəmirdə zibil dolu küçələr: Problem nə zaman həllini tapacaq? (AÇIQLAMA)

    Kürdəmir şəhərinin mərkəzi küçəsi zibillik içindədir.

    Qaynarinfo xəbər verir ki, Kürdəmir rayon sakinləri ərazinin şəklini çəkib və sosial şəbəkədə paylaşıb.

    Mənzərədən görünür ki, rayon bazarına zibil və tullantılardan girmək mümkün deyil. Bu isə sakinlərin narazılığına səbəb olub. Mənzərə izləyicilər tərəfindən tənqid edilib.

    Məsələ ilə bağlı Kürdəmir şəhər inzibati ərazi dairsəinin rəhbəri Rauf Abışov Qaynarinfo-ya açıqlamasında zibilxananın rayondan 14 kilometr məsafəyə köçürüldüyünü bildirib:

    “Əvəllər zibilxana rayonun 500-600 kilometr məsafəsində idi. Biz də məsafə yaxın olduğundan gün ərzində 2-3 dəfə zibil daşıya bilirdik. Bu gün isə zibilxana rayondan uzaq məsafəyə köçürülüb. Bu səbəbdən bizim zibil maşınlarının ora gedib-gəlməsi vaxt aparır. Yəni hardasa 4 saata yaxın vaxt keçir. Gün ərzində bütün şəhərin zibillərini yığırıq, bu da saat 12-yə kimi vaxt aparır. Görüntüdəki zibillər də bazara aiddir”.

    Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının Rövşən Rzayev isə deyib ki, bazarın ətrafının ona aidiyyatı yoxdur:

    “Bura ancaq bazar rəhbərliyinin səlahiyyətində olan ərazidir. Bazarın yanında zibil ola bilməz. Bizim gün ərzində zibilimiz qalmır. Hazırda bütün texnikalarımız zibil yığır, ərazi böyükdür. İstismar müddəti keçmiş texnikalarla işləyirik. Saat 16:00-a kimi zibil yığırlar. Bazarın ətrafını isə gün ərzində bir dəfə təmizlənir. Gün ərzində ora maşınla dolu olduğundan zibil maşınları əraziyə girə bilmir”.