Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 62 saylı marşrut xətti üzrə hərəkət edən 90-VX-962 dövlət nömrə nişanlı və 70 saylı marşrut xətti üzrə hərəkət edən 90-MH-166 dövlət nömrə nişanlı “Isuzu” markalı sərnişin avtobusları toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb avtobusun əyləc sistemində yaranmış nazaslıq olub. Nəticədə idarəetməni itirən sürücü öndəki avtobusu vurub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.
(avtosfer.az)
Month: October 2024
-
Bakıda sərnişinlə dolu iki avtobus bir-birinə çırpıldı – VİDEO
-
Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
Ov etmək qaydalarının pozulmasına görə sanksiyalar müəyyənləşir.
Bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 274-3-cü maddəyə əsasən, bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
-
Qubada xırdabuynuzlu heyvanlar tələf olur
Quba rayonunda qoyunlar arasında tələfat qeydə alınıb.
Median.Az unikal-a istinadən xəbər verir ki, hadisə Quba rayonunun Vəlvələ kəndində yaşayan vətəndaşlara məxsus 5 təsərrüfatda baş verib.
Belə ki, təsərrüfat sahibləri bildirirlər ki, heyvanlar hər gün eyni qaydada otlaq sahələrində otarılır, axşamda tövləyə salınır. Bu dəfə isə heyvanları otarmaq üçün tövlənin qapsın açdıqda çox sayda xırdabuynuzlu heyvanların tələf olduqnu görüblər.
Həmçinin təsərüfatlara məxsus digər qoyunların da halsız vəziyyətdə olduğu müşahidə edilib.Yerli sakinlər məsələ ilə bağlı Quba rayon Baytarlıq İdarəsinə müraciət etdiklərini, lakin əraziyə baxış keçirilmədiyi bildiriliblər.
Baş vermiş heyvan təlafatı ilə bağlı Vəlvələ kənd Bələdiyyəsinin sədri Saatmirzə Məmmədov “Unikal”ın yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazidə bu hal qeydə alınıb:
“Kəndin qoyun sürüsü növbəli şəkildə yerli sakinlər tərəfindən otlaq sahələrində otarılır. Heç vaxt belə hadisə olmayıb kənddə. Bu baş verən hadisə bizi də narahat edir. Heyvanları ölən şəxslərlə birgə mən də gedib qoyunların otladıqları əraziyə baxış keçirdik. Kənd ərazisindən kənarda, otlaq ərazisinin yaxınlığına, kimsə gətirib çürümüş buğda qalıqları töküblər. İlkin ehtimala görə, heyvanlar çürümüş buğdadan zəhərləniblər”.
Faktla bağlı araşdırma aparılır.
-
Bakıda “Range Rover”dən bahalı paltar oğurlandı
Bakıda avtomobildən oğurluq edilib.
Median.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib. “Range Rover” markalı avtomobildən 200 manat dəyərində geyim əşyası oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 51 yaşlı Hikmət Soltanov müəyyən olunaraq saxlanılıb.
-
Avropadan Çinin elektrikli avtomobillərinə ağır vergi
Avropa Birliyi (AB), Çin istehsalı elektrikli avtomobillərə 35%-ə qədər vergi tətbiqini təsdiqləyib.
Median.Az Avropa Komissiyasının açıqlamasına istinadən bildirir ki, Çin istehsalı olan elektrikli avtomobillərə 35%-ə qədər yüksək gömrük vergisinin tətbiqi ilə bağlı təklif üzv ölkələrdən lazımi dəstəyi alıb.
Bu qərarın lehinə 0 ölkə tərəfindən səs verilib, beş ölkə əleyhinə çıxıb və 12 ölkə bitərəf qalıb.
Bununla yanaşı, Komissiya, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qaydalarına uyğun olaraq effektiv bir həll yolu tapmaq üçün Çinlə müzakirələrin davam edəcəyini bildirib.
Qeyd edək ki, Çin avtomobillərinin dünya bazarında getdikcə daha çox özünə yer etməsi, Avropanın nəhəng avtomobil marakalarına ciddi problemlər yaratmağa başlayıb.
(valyuta.az)
-
Həftəsonu güclü geomaqnit qasırğası olacaq
Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.
Bu barədə BDU-nun Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.Bildirilib ki, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda X(R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır.
Bu gün 4 oktyabr gündüz saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geoomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. 5-6 oktyabr tarixlərində günün əksər hissəsində baş verəcək geomaqnit qasırğalar G3(güclü) səviyyədə baş verəcək. 6 oktyabrdan etibarən geomaqnit qasırğasınln zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
(qafqazinfo)
-
Oktyabrın 5-nə olan hava proqnozu AÇIQLANIB
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.
-
Şəkidə kafedə dava: Xəsarət alan var
Oktyabrın 3-də saat 20 radələrində Şəki şəhərində yerləşən kafelərin birində 43 yaşlı Əli Məmmədov aralarında yaranan mübahisə zəminində Yafət Məmmədova kəsici alətlə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
-
Aeroport yolunda “Jiquli” kişini vurub öldürdü
Gəncədə avtomobil kişini vurub.
Median.Az lent.az-a istinadən xəbər verir ki, hadisə hava limanı yolunda baş verib.
43 yaşlı Babayev Ruslan Ramiz oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yol kənarında olan piyada 66 yaşlı Qarayev Cəmşid Mədət oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
-
Tıxac probleminin həllində dünya təcrübəsi
Tıxaclar müasir şəhərlərin ən böyük problemlərindən biridir. Əhali sayı artdıqca və urbanizasiya genişləndikcə tıxaclar həm iqtisadi itkilərə, həm də ekoloji problemlərə səbəb olur. Bu problemin həlli üçün dünyada müxtəlif ölkələr fərqli strategiyalardan istifadə edirlər.
Median.Az tıxacla mübarizədə beynəlxalq təcrübənin əsas istiqamətlərini təqdim edir:
İctimai nəqliyyatın təşviqi
Tıxaclarla mübarizədə ən effektiv vasitələrdən biri ictimai nəqliyyatı inkişaf etdirməkdir. Bir çox şəhərlər, xüsusilə Avropa və Asiya ölkələrində, sərnişin daşınması üçün yüksək keyfiyyətli ictimai nəqliyyat sistemləri yaradıblar.
Sinqapur tıxac problemini həll etmək üçün genişləndirilmiş metro və avtobus şəbəkəsinə sərmayə qoyub. Bu şəhərdə ictimai nəqliyyatdan istifadə edənlər üçün xüsusi güzəştlər təqdim edilir.
London isə dünyada ən qədim metro sistemlərindən birinə malikdir və şəhərdaxili hərəkətin rahatlaşması üçün ictimai nəqliyyatın payını artırmaq məqsədilə yeni metro xəttləri və avtobus marşrutları təşkil edilir.
Ödənişli yollar
Tıxacların qarşısını almaq üçün ən çox istifadə olunan üsullardan biri ödəniş tətbiq etməkdir. Bu metod şəhərlərə daxil olan və ya müəyyən yolları istifadə edən sürücülərdən ödəniş tələb edir, bu da avtomobil hərəkətini azaltmağa kömək edir.
Stokholm və London şəhərlərində tıxac zonalarına daxil olmaq üçün sürücülərdən haqq alınır. Bu sistemlər avtomobil sahiblərini alternativ nəqliyyat vasitələrinə yönəltmək üçün təsirli olub.
Sinqapur isə Elektron Yol Qiymətləndirmə Sistemi (ERP) vasitəsilə tıxacın yüksək olduğu saatlarda əsas yolları istifadə edən sürücülərdən avtomatik ödəniş alır.
Yol İnfrastrukturunun Təkmilləşdirilməsi
Bir çox ölkələr yol tıxacları ilə mübarizədə infrastrukturun genişləndirilməsi və təkmilləşdirilməsinə sərmayə qoyurlar. Bu strategiya çərçivəsində yolların genişləndirilməsi, körpülərin tikilməsi və yeni tunellərin inşa edilməsi ilə nəqliyyatın hərəkəti sürətləndirilir.
Seul şəhəri əvvəl şəhər mərkəzindəki magistral yolları genişləndirərək nəqliyyat axınını tənzimləməyə çalışırdı. Lakin son illərdə daha radikal bir addım ataraq müəyyən magistral yolları park və gəzinti sahələri ilə əvəz edərək avtomobil hərəkətini daha da məhdudlaşdırdı.
Tokyo şəhərində yolların mərtəbəli olması və avtomatik idarə olunan parkinq sistemləri şəhərdaxili tıxacları azaltmağa kömək edir.
Velosiped və Piyada Mədəniyyətinin İnkişafı
Tıxacla mübarizədə velosiped nəqliyyatı və piyada hərəkəti təşviq edilərək avtomobillərin istifadəsi azaldıla bilər.
Kopenhagen və Amsterdam dünyada velosiped dostu şəhərlər kimi tanınır. Bu şəhərlərdə əhali arasında velosiped istifadəsi geniş yayılıb və şəhər hökumətləri velosiped yollarının inkişafına böyük diqqət yetirir.
Paris şəhəri də velosiped infrastrukturunu genişləndirmək və daha çox piyada zonaları yaratmaq üçün addımlar atır.
Ağıllı Nəqliyyat Sistemləri (ITS)
Müasir texnologiyalar əsasında yaradılmış ağıllı nəqliyyat sistemləri vasitəsilə tıxacların idarə edilməsi mümkündür. Bu sistemlər nəqliyyat axınını izləyir, real vaxt məlumatları təhlil edir və sürücüləri alternativ marşrutlara yönəldir.
Los-Anceles şəhərində real vaxtda tıxacları azaldan ağıllı nəqliyyat idarəetmə sistemi tətbiq olunur. Bu sistem, yollardakı tıxac vəziyyətinə uyğun olaraq işıqforların fəaliyyətini tənzimləyir.
Tokyooda ITS vasitəsilə sürücülərə yol şəraiti və tıxaclar haqqında məlumat verilərək, onların optimal marşrut seçimi etməsinə yardım edilir.
Tıxac problemi dünya miqyasında müxtəlif yanaşmalarla həll olunur. Ən effektiv strategiya bir neçə üsulun birgə tətbiqi ilə mümkün olur. İctimai nəqliyyatın inkişafı, velosiped istifadəsinin artırılması, yol haqlarının tətbiqi və texnologiyanın istifadəsi tıxacla mübarizədə əsas vasitələrdir. Bu təcrübələr digər şəhərlər üçün nümunə rolunu oynaya bilər. Qeyd etmək lazımdır ki, bu qaydalar hər bir şəhərin özünəməxsus şəraitinə uyğun olaraq tənzimlənməlidir.
(milli.az)









