Month: November 2024

  • Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib

    Azərbaycan Mərkəzi Bankı (AMB) “BOKT AZPUL”, “PARA BOKT” və “MJ Financial Services BOKT” təşkilatlarının vəzifəli şəxslərini cərimə edib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Bildirilib ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “PARA” Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 2 min manat, “MJ Financial Services Bank olmayan kredit təşkilatı” ASC-nin vəzifəli şəxsi 1 500 manat, Bank olmayan kredit təşkilatı “AZPUL” MMC-nin vəzifəli şəxsi 6 min manat məbləğində cərimə edilib.

  • Sabahın hava proqnozu AÇIQLANDI – 17.11.2024

    Azərbaycan ərazisində noyabrın 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Median.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

  • Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı

    Avstraliyadan aparılan bir araşdırma cütlüklər üçün ideal yaş fərqini tapdığını iddia edir. Lakin ictimai reaksiya göstərir ki, hər kəs onların tapıntıları ilə razılaşmır.

    Qaynarinfo “Mirror”a istinadən xəbər verir ki, tədqiqatçılar yaş fərqinin münasibətlərin məmnunluğuna təsir etdiyini deyirlər, çoxları isə əsas amilin partnyorların yetkinlik səviyyəsi olduğuna inanır.

    Nəticələrə görə, evlilikdə ən yüksək məmnuniyyəti yaş fərqinin 1-3 yaş arasında olduğu, kişinin isə qadından bir qədər böyük olduğu cütlüklər göstərir. 4-6 yaş fərqi də məqbuldur, lakin bu cür münasibətlərdə məmnunluq zamanla azalır. 7 il və ya daha çox fərqi olan cütlüklərdə məmnuniyyətin azalması meyli daha çox nəzərə çarpır.

    Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, 1 ilə 3 yaş arası ideal yaş fərqi ümumi olsa da, 10 yaşa qədər olan münasibətlər də bir çox digər amillərdən asılı olaraq uğurlu ola bilər.

    İnsanlar nə düşünür?

    Sosial şəbəkə istifadəçilərinin fikirləri ikiyə bölünüb. Bir “Reddit” istifadəçisi vurğulayıb ki, münasibətlərdə ən vacib şey tərəfdaşların yaşı deyil, yetkinliyidir:

    “Bu, yetkinlik səviyyənizdən və bir-birinizlə necə davranmağınızdan asılıdır. Nə qədər ki, gənc partnyor özünü narahat hiss etmir, yaşın əhəmiyyəti yoxdur”.

    Başqa bir şərhçi qeyd edib ki, şəxsi uyğunluq, qarşılıqlı cazibə və ortaq dəyərlər tərəfdaşlar arasındakı illərin sayından daha vacibdir.

    Üçüncü istifadəçi öz təcrübəsini bölüşüb:

    “Mənim 39 yaşım var, keçmiş tərəfdaşımın isə 49 yaşı var idi. Bu, yaş fərqindən daha çox yetkinliklə bağlı idi. Biz fərqli insanlar olduq və başa düşdüm ki, ayrı yollara getməyimiz daha yaxşıdır”.

  • Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, sabahdan POS-terminalların quraşdırılmaması halları ilə bağlı nəzarət tədbirlərinə başlanılacaq.

    Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminalla deyil, kartdan-karta köçürülməklə həyata keçirilməsi hallarının aradan qaldırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə qanunvericiliyin tələblərinə baxmayaraq, ümumiyyətlə, POS-terminal quraşdırılmadığı müəyyən edilib. Noyabrın 16-dan etibarən həmin vergi ödəyiciləri ilə də bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

    Dövlət Xidməti tərəfindən həmin sahibkarlara nəzarət tədbirləri necə həyata keçirilə bilər? Bu tədbirlərin effektivliyi necə olar?

    Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hələ iki-üç həftə əvvəl dövlət “kartdan karta” ödəniş vasitəsi ilə həyata keçirilən əməliyyatlara dözümsüz yanaşacağını elan etdi və biznes sektorunda POS-terminallardan istifadəyə imkan verməyən subyektləri cəzalandıracaq:

    “Həmin dövrdə isə bir neçə dəfə reydlər keçirildi, çox sayda sahibkarlar cərimələndi”.

    Ekpsertin sözlərinə görə, Vergi Xidməti üçün Post-terminallarla ödənişin həyata keçirilib-keçirilməməsini yoxlamaq çox asandı:

    “Məsələn, onlar sıravi vətəndaş kimi yaxınlaşıb, Post-terminal tələb edə bilər. Əgər terminal olmazsa, həmin sahibkarlara da cərimələr tətbiq olunacaq. Bu cərimələr isə 3 dəfə və müxtəlif məbləğlərdədir. Belə ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur. Və reyd zamanı belə hallar aşkarlanarsa, bu cərimələr də rahat tətbiq oluna bilir”.

    Xalid Kərimli qeyd edib ki, Vergi Xidməti əməkdaşlarına bu siyahılar bəllidir, çünki onlar zaman-zaman reydlər keçirərək yoxlanış aparırlar:

    “Ona görə də Pos-terminaldan istifadə etməyən, onu saz vəziyyətdə saxlamayan, əsassız istifadəni məhdudlaşdıran sahibkarlar müəyyənləşib, ödəniş qaydalarının pozulmasına görə cəzalandırılacaq”.

    Həmsöhbətimiz qeyd edib ki, həmin cərimələrdən sonra sahibkarlar qaydalara əməl etməzsə, onlar haqqında səyyar vergi yoxlanılması açılır:

    “Əsasən bu qaydaları mikro sahibkarlar pozduğuna görə bu məbləğdə cərimələr onlar üçün böyük və ciddi məbləğdir:

    “Cərimənin ən sonuncusu isə 6000 manat məbləğindədir. Bundan sonra isə səyyar vergi yoxlamaları zamanı onlar daha ciddi şəkildə yoxlanılır”.

  • Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)

    “Taksi fəaliyyətində qiymət azalması müvəqqəti xarakter daşıyır. Bu müddət təxminən 15-20 gün davam edə bilər. Bunun səbəbi COP29 tədbiridir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov son günlər taksi fəaliyyətində qiymətlərin enməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

    Onun sözlərinə görə, qiymətlərin bu şəkildə aşağı səviyyədə qalması mümkün deyil:

    “Şəhərdə insanlar azdır. Demək olar ki, şəhər boşalıb. Taksi sürücülərinin sayında da azalma var. Tıxac yaranan kimi qiymətlər yenidən əvvəlki həddə yüksələcək. Hətta ola bilər ki, əvvəlki həddi də keçsin”.

    Nəqliyyat eksperti Elməddin Muradlı isə taksi sürücülərinin qiymətlərin ucuzlaşmasından narazılıq etdiyini vurğulayıb:

    “Bir çox istiqamətlərdə hərəkətin məhdudlaşdırılması ilə əlaqədar intensivlik aşağı düşüb. Amma qiyməti sürücülər deyil, şirkətlər endirib. Şirkətlərin də yanaşması bu şəkildədir ki, tələb artanda qiymət artır, tələb azalanda qiymət azalır”.

    Elməddin Muradlı həmçinin taksi qiymətlərinin tənzimlənməsinə ciddi ehtiyac olduğunu bildirib:

    “AYNA tərəfindən aşağı hədd müəyyənləşdirilib, amma yuxarı həddi də müəyyənləşdirmək lazımdır. Çünki sosial şəbəkələrdə bu istiqamətdə müzakirələr və mübahisələr gedir. Sürücülər iddia edir ki, qiymət çox aşağıdır, əvvəlki formada işləmirlər, deyirlər ki, yeni şərtlərə uyğunlaşaraq, daha keyfiyyətli avtomobil alıblar. Qiymət artımı xidmətin qarşılığında baş verməyib. Sərnişinlər də sosial şəbəkələrdə yazırlar ki, taksi filan istiqamətə baha apardı və s. Bu baxımdan, tərəflərin ortaq məxrəcini tapmaq lazımdır”.

  • Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)

    Bəzən mağazalarda müştərilərin ehtiyatsızlığı nəticəsində mallar zərər görərək istifadəyə yararsız hala düşə bilir. Bu kimi vəziyyətlər müştərilər ilə mağaza rəhbərliyi arasında anlaşılmazlıqlara yol açır. Həmin zaman bəzi müştərilər zərərin ehtiyatsızlıqdan qaynaqlandığını əsas gətirərək dəymiş ziyanı ödəməkdən imtina edirlər. Mağaza sahibi isə zərərin ödənilməsini tələb etdikdə tərəflər arasında mübahisələr baş verə bilir.

    Müştəri tərəfindən mağazadakı məhsula ziyan dəyərsə, zərəri kim qarşılamalıdır?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı milli.az-a vəkil Emil Aslanov açıqlama verərək bildirib ki, istehlakçı hər hansı bir məhsula bilmədən ziyan vurarsa, hər zaman bu zərəri ödəməli deyil.

    “Lakin bəzi sahibkarlar, alıcıların öz hüquqlarını bilməməsindən istifadə edərək dəymiş zərəri müştərilərdən tələb edirlər. Mağazada hansısa əşya sındırılıbsa, bu zərəri müştəridən tələb etmək olmaz. Bəlkə o müştərinin üzərində o qədər məbləğ yoxdur. Hüquqları pozulmuş şəxs məhkəməyə müraciət etməklə öz pozulmuş hüquqlarını və dəymiş ziyanı tələb edə bilər”.

    Vəkil onu da əlavə edib ki, mağazalarda sındırılma ehtimalı yüksək olan məhsulun yanında xəbərdarlıq nişanı qoyulmalıdır ki, alıcılar bunu görüb daha ehtiyatlı davransınlar. Bəzi mağazalarda təmizlik zamanı xəbərdarlıq nişanı qoyulmur, bu kimi hallarda müştəri sürüşüb nə isə sındırarsa, dəymiş zərəri qarşılamalı deyil.

    “Mağazaya uyğun olaraq rəfların düzülüş qaydaları müəyyən edilməlidir. Rəfların və üzərindəki həmin malların rəfdan kənara çıxması halında, həmin mağaza sahibinin günahı ucbatından hesab olunur və istehlakçıların hər hansı ziyanı ödəmək məsuliyyəti yaranmır. Heç bir mağaza sahibi alıcıyı girov kimi saxlaya bilməz. Bu, azadlığın pozulması faktıdır və sahibkar törətdiyi əmələ görə ciddi məsuliyyət daşıyır”.

  • ABŞ-da azərbaycanlı qadın qəzada öldü

    ABŞ-da baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı Xəyalə Əliyeva həlak olub.

    Bu barədə mərhumun yaxınları məlumat veriblər.

    Bildirilib ki, X.Əliyeva bir neçə ildir, ABŞ-də yaşayırmış.

  • Bakıda su quyusuna düşən gənc xilas edilib – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

    FHN-dən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2008-ci il təvəllüdlü İsmayılov Vaqif Emin oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olan su quyusuna düşən iti xilas etmək istəyərkən özü də quyuya düşərək təhlükəli vəziyyətdə qalıb.

    Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovu və iti quyudan çıxararaq xilas ediblər.

  • Джейхун Байрамов встретился с помощником генерального секретаря НАТО

    Министр иностранных дел Азербайджанской Республики Джейхун Байрамов встретился с помощником генерального секретаря НАТО по вопросам инноваций, гибридным и киберугрозам Жан-Чарльзем Эллерман-Кингомбом в рамках 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29).

    Как сообщает Median.Az со ссылкой на Министерство, на встрече были обсуждены вопросы существующего партнерства между Азербайджаном и НАТО, а также перспективы сотрудничества в рамках председательства Азербайджана на COP29.

    Джейхун Байрамов с удовлетворением отметил, что в этом году отмечается 30-летие Программы «Партнерство ради мира», которая заложила основу сотрудничества между Азербайджаном и НАТО, в рамках которой были реализованы многочисленные совместные проекты.

    Было отмечено, что за 30 лет партнерства Азербайджан зарекомендовал себя как надежный партнер благодаря примерному участию в миротворческих операциях НАТО и активному взаимодействию в рамках взаимовыгодного сотрудничества.

    Также было подчеркнуто, что в рамках председательства на COP29 Азербайджан готов сотрудничать с НАТО в продвижении климатических действий.

    В ходе встречи также состоялся обмен мнениями по другим вопросам, представляющим взаимный интерес.

  • Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO baş katibinin innovasiya, hibrid və kiber məsələlər üzrə köməkçisi Jan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.

    Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29 sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

    Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığın əsasını qoyan “Sülh naminə Tərəfdaşlıq” Proqramının 30 illiyinin qeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində bir sıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeyd edib.

    Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nun sülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATO çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakının ölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığı bildirilib.

    COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətinin irəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazır olduğumuz diqqətə çatdırılıb.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.