Month: November 2024

  • Ağstafada 41 yaşlı qadın itkin düşüb

    Ağstafada 41 yaşlı qadın itkin düşüb.

    Ağstafa rayonunun Poylu kənd sakini, 1983-cü il təvəllüdlü Leyla Mürşüd qızı Əlləzova yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

    İtkin düşən şəxsin əlamətləri belədir: boyu 147 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, orta bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qara rəngli şalvar, ağ rəngli köynək, tünd qəhvəyi gödəkçə, qara rəngli ayaqqabı olub.

    Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Ağstafa Rayon Polis Şöbəsinin (022) 225-25-52 şəhər və 050-557-57-82 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

  • MN-dəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə istintaq başa çatıb

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    “Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim elan edib ki, dəymiş ziyanın ödənilməsi ilə bağlı istintaq orqanına verilən sorğuya cavab gəlib.

    İstintaq orqanından verilən cavabda qeyd edilib ki, iş üzrə 143 milyonluq mənimsəmə ilə bağlı ümumilikdə 38 milyon 664 min manat ziyan ödənilib:

    “İş üzrə təqsirləndirilən Nizami Məmmədov tərəfindən 12 milyon 203 min manat, Vüsal Əlizadə 101 min, Cəlal Kazımov isə 110 min manat dəymiş ziyandan dövlət büdcəsinə ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub”.

    General Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bildirib ki, iş üzrə şahid qismində dindirilən və Maliyyə və Büdcə idarəsinin keçmiş mühasibi olmuş Akif Umudov 210 min manat Nizami Məmmədovun adından zərər ödəyib:

    “O məhkəmə zamanı da bildirdi ki, dəymiş ziyanı Nizami Məmmədovun adından ödəyib. Halbuki istintaq orqanı həmin ziyanı hesablamayıb. Xahiş edirik ki, həmin ödəniş hesablansın”.

    İş üzrə məhkəmə istintaqının başa çatdığı elan edilib.

    Çıxış üçün söz dövlət ittihamçısına verilib, o, çıxış üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmə prosesi noyabrın 22-də davam edəcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil-istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

  • Dubay şokoladı alanların diqqətinə – Gömrükdə saxlanıla bilərsiniz

    Rusiya Federasiyasının BƏƏ-dəki Baş Konsulluğu Dubay şokoladı ilə bağlı yeni fırıldaqçılıq sxemləri barədə vətəndaşlara xəbərdarlıq edib. Bu sxemlər nədən ibarətdir və bu şirniyyat daha hansı təhlükələri daşıyır?

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, baş konsulluğun məlumatına görə, BƏƏ hava limanlarında Rusiya vətəndaşlarına tanımadıqları şəxslər müraciət edərək uşaq evlərinə hədiyyə kimi Dubay şokoladı olan onlarla qutu çatdırmağı xahiş edirlər. Lakin bu qutuları qəbul edənlər gömrükdə ciddi problemlərlə üzləşə bilərlər, çünki onların içərisində həqiqətən nə olduğu məlum deyil.

    Baş konsulluq bildirib ki, “Qutunun içində şokolad deyil, gömrük üçün “sürpriz” ola bilər”.

    Başqa problem isə dələduzların məşhur FIX Dessert Chocolatier plitkalarını saxta veb-saytlarda satmağa başlamalarıdır.

    İstehsalçı bəyanat yayaraq şirkətin nə veb-saytı, nə fiziki mağazası, nə də sosial şəbəkələrdə rəsmi satıcısı olduğunu bildirib. Şirkət yalnız Dubayda Deliveroo çatdırılma xidməti vasitəsilə məhsul təqdim etdiyini bəyan edib.

    Dubay şokoladı ilə bağlı problemlərdən biri də onun allergiyaya səbəb olmasıdır. Fıstıq pastası ilə hazırlanan şokoladın bir nəfərdə Kvinke ödemi yaratdığı məlum olub.

    Ekspertlər bildirir ki, məhsulun etiketində tərkib tam göstərilməlidir ki, allergiyadan əziyyət çəkənlər onun təhlükəsiz olub-olmadığını anlaya bilsinlər.

    Eyni zamanda, Dubay şokoladının yüksək şəkər tərkibi də narahatlıq doğurur. Mütəxəssislər qeyd edir ki, şəkərin və trans yağların yüksək miqdarı ürək-damar xəstəlikləri riskini artırır.
    //Baku.ws

  • Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ

    Son günlər Azərbaycanda uşaqlar və böyüklər arasında yayılan öskürək, burun axıntısı və boğaz ağrısı kimi simptomlarla müşahidə olunan kəskin respirator virus infeksiyaları narahatlıq doğurur.

    Məlum virusa azyaşlılar daha tez yoluxsa da, böyüklər arasında iş yerlərində virusun sürətlə yayılması müşahidə olunur.

    Virus əsasən qış aylarına xas olan mövsümi qrip və kəskin respirator infeksiyaların birləşməsindən ibarətdir və zəif immunitetə malik şəxslərdə daha ağır simptomlar yarada bilər.

    Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirdi ki, adətən payız və qış aylarında müxtəlif respirator infeksiyanın yayılmasını müşahidə edilir: “Qrip, adenavirus, pnevmokok və digər virusların yayılmasını görürük.

    Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Covid-19 pandemiyası bitsə də epidemioloji ocaqlar hələ davam edir. Omikron ştammının mutasiya variantları aradan getməyib. Bundan başqa, rotaviruslar enteraviruslar da xeyli geniş yayılıb. Bir neçə ay öncə qızılcanın geniş vüsət aldığı epidemiyanı da müşahidə etdik.

    Hesab edirəm ki, epidemioloji vəziyyət xeyli qarışıqdır. Nəzərə almaq lazımdır ki, əhali pandemiyadan çıxıb və immun sistemi də xeyli zəifləmiş durumdadır. Ona görə də birmənalı nəsə demək çətindir. Hər halda xəstəliklər yetərincədir və xüsusilə də hava damcı yoluna yoluxan xəstəliklərdən insanlar özlərini qorumalıdırlar”.

    Tanınmış infeksionist həmçinin əlavə etdi ki, hazırki durumda xəstələnmiş şəxslər mümkün qədər bayıra çıxmamalıdır:

    “Xəstə olan yerlərdə – kollektivdə maska ilə gəzməli, məsafə gözləməli, əllərin dezinfeksiyasına diqqət etməliyik. Yəni bunu biz artıq pandemiya dövründən öyrənmişik. Ona görə hesab edirəm ki, bunlara riayət etmək daha məqsədəuyğun olar.

    Xəstələnən şəxslər isə yataq rejiminə keçməli, çoxlu maye qəbul etməli və sağalana qədər yataqda qalmaq daha məqsədəuyğundur. Bundan başqa insanların vitaminli qidaları qəbul etməsi, fiziki aktivliyi artırması, təmiz havada gəzməsi çox vacibdir”.

  • Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda maldivli həmkarı Abdulla Xalil ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, görüşdə iqtisadiyyat, ticarət, turizm və s. sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

    Nazirlər, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və xidməti pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”i və “Respublikanın Dövlət Turizm Agentliyi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.

    C.Bayramov özünün “X” səhifəsində sözügedən sənədlərin əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümid etdiyini bildirib: “İnanırıq ki, bu gün vizadan azadolma, o cümlədən turizm sahələrində imzaladığımız sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək”.

  • Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib

    Albaniya Parlamentinin sədri Elisa Spiropali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Pərvanə Vəliyeva və digər rəsmi şəxslər qarşılayıblar.

    Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalq təşkilatdan 92 nümayəndə heyəti iştirak edəcək.

  • Azərbaycanlı futbolçu “Real Madrid”də çıxış edə bilər

    Yeddi yaşlı azərbaycanlı futbolçu Telman Əlizadə “Real Madrid”in uşaqlardan ibarət futbol akademiyasına qəbul oluna bilər.

    Bu barədə Oxu.Az-a açıqlamasında Telman Əhmədzadənin müəllimi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov bildirib.

    O, tələbəsinin “Real Madrid” klubunun uşaqlardan ibarət akademiyasında çıxış etmək şansını dəyərləndirib:

    “Telman və ailəsi Fransada yaşayıblar. Atası ilə yaxın dost olmuşuq. Onlar bu il yayda Azərbaycana gəldilər və atası məndən oğlunu “Real Madrid” klubunun seçmə mərhələsinə hazırlaşdırmağımı istədi. İki ay ərzində məşqlər keçdik və indi bəhrəsini görürük. Həmin bu müddət ərzində “Qarabağ” və digər klublarımızın da seçmə mərhələsində iştirak edib seçilsə də, “Real Madrid”də oynamaq istədiyini dedi”.

    “Sol ayaqla oynadığı üçün meydana çıxdığı görüşlərdə fərqlənməyi bacardı. Bu da məşqçilərin diqqət mərkəzinə düşməsinə səbəb oldu. “Real Madrid” klubunun uşaqlardan ibarət akademiyasının seçmə mərhələsində də 36 uşaq arasında birinci oldu. Bu akademiyaya qəbul üçün birinci seçmə mərhələdir. İkinci mərhələ isə may ayında keçiriləcək. Orada da yaxşı nəticə əldə edərsə, Azərbaycanın “Real Madrid” klubunda çıxış edən ilk futbolçusu olacaq. Bu isə bizim üçün qürurvericidir”, – deyə R.Əmircanov əlavə edib.

  • Hava şəraiti qeyri-sabit keçəcək

    Noyabrın 17-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

    Azərbaycanın rayonlarında noyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq 17-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • “Sky sports”un tanınmış şərhçisi “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir

    “Sky sports”un tanınmış şərhçisi “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir.

    Bu barədə “Köhlən atlar”ın mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək daha qonağın adı bəlli olub. Tanınmış idman şərhçisi David Qarrido “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlir. “Sky sports”dakı şərhləri ilə milyonların sevimlisi olan aparıcı alyansı yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. İngilis və ispan dillərində şərhçilik bacarığına malik böyük britaniyalı bu sahədə 20 ildən artıq təcrübəyə malikdir.

    O, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansın yaradılması tədbirində aparıcı olacaq. Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın “Nəsimi” zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

  • Azərbaycanda tələbə vəfat etdi (FOTO)

    Azərbaycanda tələbə vəfat edib.

    Bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb.

    Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin III kurs tələbəsi Nərmin Kamal qızı Hüseynova vəfat edib.

    Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olub.