Month: November 2024

  • Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri noyabrın 6-da başa çatıb.

    Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər yola saldılar.

  • Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 2024-cü il üçün kiçikhəcmli gəmilərə texniki baxış cədvəlinə uyğun olaraq nəzarət tədbirlərini davam etdirir.

    FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, Xidmət tərəfindən Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində, həmçinin Şəmkir və Mingəçevir su anbarlarının sahillərində kiçikhəcmli gəmilərə texniki baxış keçirilib. Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişingötürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.

    Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 75 qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən sözügedən vasitələrinin sahiblərinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən 19 qayığın isə istismarına qadağa qoyularaq istismara yararsızlıq barədə akt tərtib edilib.

    Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.

  • Rusiya Avropaya qazın nəqlini davam etdirməyə hazırdır

    Rusiya Federasiyası Avropaya qazın nəqlini davam etdirməyə hazırdır.

    Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
    Onun sözlərinə görə, Ukrayna etibarsız tranzit ölkə olaraq qalmaqda davam edir və bununla da ucuz və ekoloji enerji resursuna ehtiyacı olan ölkələri çətin vəziyyətə salır.
    “Ona görə də biz qazı nəql etməyə hazırıq, amma burada bizdən çox az şey asılıdır. Yəqin ki, bu, birbaşa istehlakçılar və tranzitin həyata keçirildiyi ölkə arasında müzakirə edilməlidir”, – Aleksandr Novak qeyd edib.
     
    ///apa

  • Norveç klubunun baş məşqçisi: “Qarabağ”la oyun asan olmayacaq”

    Asan oyun olmayacaq.

    Bunu “Budyo Qlimt” komandasının baş məşqçisi Hyetil Knutsen Norveçdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.

    56 yaşlı mütəxəssis rəqibi təhlil etdiklərini bildirib:

    “Onlar turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıblar. Buna fikir verməməli və sabahkı görüşdə hər şeyə hazır olmalıyıq. Avrokuboklarda hər görüş çətin keçir. “Qarabağ”ın da güclü və zəif tərəfləri var”.

    Baş məşqçi Azərbaycan çempionunun ötən tur Bakıda Niderland təmsilçisi “Ayaks”a uduzmasını (0:3) xatırlayıb:

    “11 nəfərlə çox yaxşı mübarizə aparırdılar. “Qarabağ” azlıqda qaldıqdan sonra məğlub oldu”.

    Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budyo Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
     
    ///report

  • Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

    Bu barədə Penitensiar xidmətdən bildirilib.

    Nəticədə Ağayev Qurban Fərhad oğluna məxsus ümumi çəkisi 2101,7 qram narkotik maddə tiryək Binəqədi rayonu, 22-ci Dağlıq küçəsi ərazisində sahibsiz avtomobilin təkərinin içərisində gizlədilmiş 2 ədəd şüşə qabda aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Polkovnik-leytenant 700 minlik əmlakını satıb ziyanı ödədi – Məhkəmə

    Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəmə araşdırması başa çatır.

    Bu gün hökm oxunması planlaşdırılan proses təqsirləndirilən şəxsin xahişi ilə təxirə salınıb.

    Bundan əvvəlki iclasda Məlikzadənin üzərinə həbs qoyulmuş əmlakının ziyanın ödənilməsinə sərf edilməsi şərti ilə satışına icazə verilmişdi.

    Bu gün onun vəkili Vüqar Kazımov həmin əmlakın 700 min manata satıldığını, 698 min manatının dövlət hesabına ödənildiyini deyib. Bunu təsdiq edən sənəd məhkəməyə təqdim edilib.

    Təqsirləndirilən şəxs səhhəti ilə bağlı son söz deyə bilmədiyi üçün hökm iclası noyabrın 25-nə kimi təxirə alınıb. 

    Qeyd edək ki, Rəşad Məlikzadə “Salyanski Kazarma” kimi tanınan Təlim və Tədris Mərkəzinin maliyyə işlərinə rəhbərlik edib. Onun cinayətinin üstü isə Dövlət Təhlükəsizliyi Xidmətinin orduda 143 milyonluq yeyinti faktı aşkarladıqdan sonra açılıb. İstintaqla müəyyən edilib ki, Məlikzadə ümumilikdə 9 milyon 369 min manat pul mənimsəyib. 

    Ona əvvəl ziyanı ödəmək fürsəti verilsə də, bundan lazımınca istifadə etməyib. Bu səbəbdən istintaqın ortalarında həbs edilib.
     
    ///report

  • Azərbaycanda jurnalist vəfat etdi

    Jurnalist Vüsal Nazim 35 yaşında vəfat edib.

    Bu haqda onun yaxınları soaial şəbəkə hesablarında paylaşım edərək məlumat verib.

    Onun xəstəlik səbəbi ilə rəhmətə getdiyi bildirilib. 

    Qeyd edək ki, bir sıra media orqanlarında, sonuncu dəfə isə Vüsal Nazim “ARB24” kanalında redaktor kimi fəaliyyət göstərib. Evli idi, bir azyaşlı övladı da var idi. 

    Allah rəhmət eləsin!

  • “Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edilib

    Nazirlər Kabineti “Naftalan” Kurortu haqqında Əsasnamə”ni təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Əsasnaməya görə, “Naftalan” Kurortu müalicəvi Naftalan neftinə malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisidir. Kurortun ərazisində Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılan Naftalan nefti ilə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlər (tibbi turizm) və müalicəsağlamlaşdırma yerlərindən istifadə etməklə müalicə-sağlamlaşdırma xidmətləri göstərilir.

    Kurortun ərazisində aşağıdakı zonalar yerləşir: təbii müalicə ehtiyatları, onların istifadə olunması üçün qurğu və tikililər, sanatoriyakurort müəssisələri, həmçinin istirahət və müalicə xidmətləri göstərən məişət, əyləncə, iaşə və ticarət obyektləri yerləşən kurort zonası (bu zonadakı 300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir); Kurort ərazisində daim yaşayan əhali üçün nəzərdə tutulmuş yaşayış evləri, ictimai binalar və digər qurğu və tikililər yerləşən zona; mərkəzləşdirilmiş təsərrüfat və texniki xidmətlərin yerləşdiyi zonadır.

    Kurortun təşkilini və ləğvini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Səhiyyə Nazirliyinin (SN), Dövlət Turizm Agentliyinin, habelə Naftalan Şəhər İcra Hakimiyyətinin rəy və təklifləri nəzərə alınmaqla Nazirlər Kabineti həyata keçirir.

    Kurortun öyrənilməsi, istifadəsi, inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsini SN, mühafizəsi sahəsində isə ETSN həyata keçirir.

    SN sanatoriya-kurort müəssisələrində müalicə-profilaktika işinin təşkilinə nəzarət edir, elmi-metodik və konsultativ yardım göstərir.

  • Təcili tibbi yardım maşınları COP29 zolaqlarından istifadə edə biləcək

    Təcili tibbi yardım maşınlarının Bakının avtomobil yollarındakı COP29 zolaqlarından istifadə etməsinə icazə veriləcək.

    Bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov bildirib.

    O həmçinin əlavə edib ki, COP29 zamanı daha çox sərnişin axını olan “28 May”, “Elmlər Akademiyası” və “Koroğlu” stansiyalarında tibb məntəqələri fəaliyyət göstərəcək: “Buna səbəb səhiyyə xidmətinin daha əlçatan olmasını təşkil etməkdir. Həmçinin COP29-la əlaqədar 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb. Tibb məntəqələri lazımi bütün avadanlıqlarla təmin olunub”.

  • Bakıda bahalı avtomobillər yanaraq kül oldu – FOTO

    Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

    Median.Az milli.az-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib. Çoxmərtəbəli yaşayış binasının ərazisində olan avtomobil dayanacağında “Mercedes”, “Kia” və “Hyundai” markalı minik avtomobilləri yanıb.

    Yanğın nəticəsində atvomobillər tam yararsız hala düşüb.

    Hadisə “Mercedes Vito” markalı avtomobilin yanmağa başlamasını nəticəsində başlayıb.

    Belə ki, ilk yanğın həmin avtomobildə olub, daha sonra isə dayanacaqda dayanan digər avtomobillərə keçib. Nəticədə dayanacaqda olan “Kia Sportage” və “Hyundai Santafe” markalı avtomobillər yanaraq yararsız hala düşüb.