Month: November 2024

  • İsrail Müdafiə Qüvvələri Qəzzada “İslami Cihad”ın baş komandirini məhv etdi

    İsrail hərbçiləri Qəzza zolağında Fələstinin “İslami Cihad” radikal hərəkatının silahlı birləşmələrinin tərkibində raket qüvvələrinin komandiri Xalid Əbu Dəqqanı məhv ediblər.

    Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Əbu Dəqqa Qəzza zolağının mərkəzi hissəsində Deyr əl-Bələhdəki humanitar zonada fəaliyyət göstərib.

    “O, İsrail mülki şəxslərinə və SAXAL hərbçilərinə qarşı hücumların rəhbəri olub. Ötən il oktyabrın 7-dən etibarən isə Əbu Dəqqa İsrailin cənub yaşayış məntəqələrinə raket hücumlarını təşkil edib”, – deyə məlumatda vurğulanıb.

  • Londonun mərkəzində həyəcan siqnalı verildi – Bütün məhəllə boşaldıldı

    İngiltərənin paytaxtı Londonda təmizlik işçisinin tapdığı əşya bütün məhəllənin bağlanmasına səbəb olub.
     
    Median.Az xarici mediaya istinadən xəbər verir ki, radioaktiv zibil böhranı səbəbiylə həmin ərazidəki evlər boşaldılıb.
     
    Məhəllə sakinlərinə məlumat verilib ki, təhlükəsizlik təmin olunana qədər əraziyə giriş qadağandır. 

    Evi təmizləməyə gələn fərdi təmizlik işçiləri evdə tapdıqları zibilin bir hissəsini satılacaq kimi ayıraraq aparıblar. 

    Radioktiv əşyaların 90 yaşlı bir qadına aid olduğu məlum olub. Qadının ötən Milad gecəsi öldüyünü bildirən rəsmilər ərinin bir neçə aydır qocalar evində olduğunu bildirib.
     

    Kimyəvi, bioloji, radiasiya və nüvə insidentləri ilə mübarizə aparmaq üçün təlim keçmiş mütəxəssis qruplar hadisə yerinə gəliblər.
     
    Hadisəylə bağlı London polisi də açıqlama verib.
     
    Faktla bağlı araşdırma aparılır.
    //azxeber.com

  • Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi – Azərbaycanda dəhşət

    Goranboyda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.

    Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimov, qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Rasim qızı Fərəcovanı bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şadlıq saraylarında menyuların qiymətləri necədir?

    2024-cü ilin oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 23.6 faiz artıb.

    Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

    Bildirilib ki, bu, Məhərrəmlik ayı başa çatandan sonra toy və şənliklərin mövsümünün başlaması ilə bağlı olub. Şadlıq saraylarında oktyabr ayında qiymətlər 7.4 faiz artıb.

    Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 10.6 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 6.5 faiz yüksəlib.

    Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 5.3 faiz artım qeydə alınıb.

  • Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq – Detallar

    İlin sonunda 2025-ci ildə keçiriləcək buraxılış imtahanlarının vaxtı açıqlanacaq. Bəzi ekspertlər gələn ilin buraxılış imtahanlarında bir sıra dəyişikliklərin olacağını düşünür.

    Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva məsələ ilə bağlı danışıb.

    O, 11-ci siniflərin buraxılış imtahanlarında xarici dil fənnləri üzrə imtahan modelində heç bir dəyişiklik edilməyəcəyini bildirib: “Ötən il hansı model tətbiq olunubsa yenə də həmin model tətbiq olunacaq”.

    Şöbə müdirinin sözlərinə görə, 9-cu siniflərin buraxılış imtahanında oxuyub-anlama, tətbiqetmə bacarıqlarını yoxlamaq məqsədilə 4 mətn istifadə olunacaq. “Bu yeniliklərdən biridir, burada 3 mətn kiçik olacaq ki, cəmi 1-2 cümlədən ibarət olacaqlar. Həmin mətnlərin hər biri üzrə bir qapalı suala cavab vermək tələb olunacaq. Bunlardan əlavə bir qədər böyük mətn də var ki, o da oxuyub-anlama və tətbiqetmə bacarıqlarını yoxlamaq üçündür”, – o, İTV-yə açıqlamasında qeyd edib.

    “Xarici dil üzrə imtahanı üzrə 26 sual olacaq ki, sonuncusu şəkil təsviri ilə bağlı olacaq. Burada məzmun etibarilə bir-birini tamamlaması tələb olunan 3 ardıcıl şəkil verilir. Həmin sualda da 35 sözdən ibarət qısa esse yazılması tələb edilir. Bunun da qiymətləndirilməsi isə fərqlidir”, – A.Batıyeva əlavə edib.

  • 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq – FOTO

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) balansında olan 35 su nəqliyyatı vasitəsini açıq hərraca çıxarır.

    Median.Az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, hərrac dekabrın 24-də, saat 10:00-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcək.

    Hərraclarda iştirak etmək istəyən şəxslər lazımi sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanına təqdim etməli, ASCO-nun hesabına beh ödəməlidir.

  • Sabah duman olacaq

    Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə havanın çiskinli olacağı ehtimalı var.

    Milli Hidrometrologiya Xidmətindən bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-12° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

  • Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin – Yeni təklif

    “Mən onun tərəfdarıyam ki, 3 uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin. Belə olarsa, 3 uşaqdan yuxarı olan ailələr uşaq pulu ala bilər. Bununla bağlı təkliflər var. Həmin təkliflər hazırda müzakirə olunur”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib.

    Deputat 2025-ci ilin dövlət büdcəsinin 41% sosial sahəyə yönəldildiyini vurğulayıb:

    “21 müavinət növü var, onun 13-ü uşaqlarla bağlıdır. Əslində, elə onlar uşaq puludur. Məsələn, əlillik, valideynini itirən, valideyni əsgərlikdə olanlar və s. Biz istəyirik bu katiqoriyadan olan müavinətlər də artırılsın”.

    Deputat müharibə veteranların təqaüdlərinin 200-300-500 maata qaldırılması ilə bağlı təkliflərin verildiyini xatırladıb:

    “Hazırda onlar 80 manat təqaüd var. Biz istəyirik ki, bu təqaüd artırılsın, 200-300-500 manat olsun”.

    Deputat 2025-ci ilin dövlət büdcəsində ünvanlı sosial yardımlar, pensiya və müavinətlər, minimum əmək haqqının da artırılmasının nəzərdə tutulduğunu qeyd edib.

  • 50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır

    İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları qanunsuz yolla Türkiyəyə gətirilməsi nəzərdə tutulan 16 kiloqram qızılı ələ keçirib.

    Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, iki Özəl Mühafizə əməkdaşı özünü vəkil kimi təqdim edən qaçaqmalçı ilə əlbir olublar. Onlar 1 kiloqram qızılın Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərdikləri üçün min dollar alıblar.

    İki nəfər qaçaqmalçılıq yolu ilə gətirdikləri qızılları paltarlarının arasında gizlədiblər və bədənlərinə bükərək İstanbul Hava Limanı qarşısında gözləyən özlərini ailə üzvləri kimi göstərən kuryerlərə veriblər. Məlum olub ki, təxmini dəyəri 3 milyon lirə (təxminən 147 min 600 manat) olan qızıl sonradan azərbaycanlı iş adamına satılıb.

    Qaçaqmalçıların yenidən Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirəcəkləri müəyyənləşib. Qaçaqmalçılıqda Mübarizə Şöbəsinin polisləri əməliyyat üçün hərəkətə keçiblər. İstanbul Hava Limanı Polisi ilə birgə keçirilən əməliyyat nəticəsində xaricdən gələn bir şəbəkə üzvündən bazar dəyəri 50 milyon lirə (təxminən 2 milyon 460 min manat) olan 16 kiloqram qızıl alan iki Özəl Təhlükəsizlik əməkdaşı yaxalanıb.

    Özlərini “ailə” kimi təqdim edərək kuryer kimi fəaliyyət göstərən 4 şəbəkə üzvü və özünü “vəkil” kimi təqdim edən şəxs də saxlanılıb. İstintaq çərçivəsində axtarışda olan azərbaycanlı iş adamının xaricdə olduğu müəyyən edilib. Qızıl ələ keçirilib. Əməliyyat zamanı saxlanılan 7 şəbəkə üzvü ədliyyəyə sövq edilərək həbs edilib. Məlum olub ki, həbs edilən Özəl Mühafizə Məmuru həbs olunandan 3 gün sonra atası vasitəsilə İstanbulun Esenyurt şəhərində dörd milyon lirəyə mənzil alıb.

    Cinayət yolu ilə əldə edilən gəlirlə alındığı müəyyən edilən evə həbs qoyulub.

  • Rusiya Şimali Koreyaya bir milyon barel neft verib (ARAŞDIRMA)

    Rusiya Federasiyası (RF) bu ilin mart ayından Koreya Xalq Demokratik Respublikasına (KXDR) 56 min ton (yəni milyon bareldən çox) neft göndərib. Beləliklə, Moskva böyük ehtimalla Pxenyanın Ukrayna ilə müharibədə kömək etmək üçün əsgər və silah təhvil verməsini ödəyir.

    Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.

    Böyük Britaniyanın “Open Source Center” tədqiqat mərkəzinin peyk şəkillərinin təhlilindən sonra verdiyi məlumata görə, son 8 ayda 12-dən çox Şimali Koreya tankeri Rusiyanın Uzaq Şərqdəki neft terminalı ilə Şimali Koreya limanları arasında 43 reys həyata keçirib.

    Tankerlərin dənizdəki fotolarından göründüyü kimi, onlar boş halda Rusiyaya gediblər və artıq yüklənmiş halda Şimali Koreyaya qayıdıblar.

    Aparıcı ekspertlər əmindirlər ki, Kreml bu neftlə Şimali Koreyaya Pxenyanın Ukraynaya qarşı müharibədə yardım çərçivəsində Rusiya tərəfinə verdiyi silah və əsgərlərə görə pul ödəyir.

    Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi də eyni fikirdədir.

    “Open Source Center” tərəfindən sənədləşdirilən ilk reys martın 7-də baş tutub. Yəni Şimali Koreyanın Rusiya Federasiyasına sursat verməsi barədə ilk xəbərlərdən 7 ay sonra. Son reys noyabrın 5-də qeydə alınıb.

    “Open Source Center”in baş analitiki Co Börnə görə, belə davamlı neft tədarükü Şimali Koreyaya “sanksiyalar tətbiq olunduqdan sonra görmədiyi sabitlik səviyyəsini” verir.

    Qeyd edək ki, Şimali Koreya nüvə proqramına görə BMT-nin sanksiyaları altındadır. Xüsusilə Şimali Koreyanın ildə 500 min bareldən çox neft alması qadağandır.