Month: December 2024

  • Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər

    Rusiyanın “Cənub” qoşun qruplaşmasının bölmələri Ukraynanın Donetsk vilayətinin Ostrovskoye (Ukrayna dilində adı – Konstantinopolskoye) kəndini nəzarətə götürüb.
     
    Median.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri, həmçinin, Donetskin Zaliznyanskoye, Orexovo-Vasilevka, Çasov Yar, Kuraxovo, Seversk və Luqansk vilayətinin Beloqorovka yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin briqadalarına və müdafiə qüvvələrinə zərbələr endirib.

  • Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib

    Maqdeburq Milad bazarında izdihamın üzərinə çıxan sürücü əslən Səudiyyə Ərəbistanındandır. O, terror aktı törətmək üçün BMW icarəyə götürüb. Onun təxminən 50 yaşı var. Çox güman ki, avtomobildə partlayıcı da olub.
     
    Median.Az bildirir ki, Maqdeburqdakı Milad bazarında törədilmiş terrorda ölənlərin dəqiq sayı hələlik məlum deyil. 80 nəfərin öldüyü bildirilir.
     
    Saksoniya-Anhaltın baş naziri Rainer Erich Haseloff ilk saatlarda ən azı iki nəfərin, o cümlədən kiçik bir uşağın öldüyünü açıqlayıb.
     
    “Bild” isə ilk dəfə 11 nəfərin öldüyünü iddia edir.
     
    Qurbanların sayının 80 nəfərə yüksəldiyi də bildirilir. 15 nəfər ağır yaralanıb.


    Polis dərhal terrorçunu saxlayıb. Təhlükəsizlik qüvvələrinin bildirdiyinə görə, Maqdeburqda həbs edilən şübhəli hələ Almaniya hakimiyyətinə islamçı kimi tanınmayıb. İlkin məlumata görə, həmin şəxs 1974-cü il təvəllüdlü Səudiyyə Ərəbistanındandır. O, Maqdeburq klinikasında həkim işləyib. Adının Taleb A. olduğu bildirilir. Kişi 2006-cı ildən Almaniyada yaşayır. 2016-cı ilin iyulunda o, qaçqın kimi tanınıb.
     
    Qeyd edək ki, elə bu günlərdə Berlinin Breitscheidplatz meydanında Milad bazarına edilən dəhşətli hücumun səkkizinci ildönümüdür. 2016-cı ildə islamçı Anis Amri yaxınlıqdakı Milad bazarına hücum edərək on iki nəfəri öldürüb, bir qurban isə daha sonra aldığı xəsarətlərdən vəfat edib.
     
    Berlinin qərbində yerləşən Maqdeburq Saksoniya-Anhalt əyalətinin paytaxtıdır və təxminən 240.000 əhalisi var. Dəhşətli fəlakət Almaniyanın daxili işlər naziri Nensi Faserin bu il Milad bazarları üçün konkret təhlükə əlamətləri olmasa da, ayıq-sayıq olmağın müdrik olacağını deməsindən bir aydan sonra baş verib.
     
    Yayılan müşahidə videosunda tünd rəngli avtomobilin Milad bazarında sürətlə keçərək insanları vurduğu görünür. Polis sürücünün avtomobili ən azı 400 metr sürdüyünü və mümkün qədər çox insanı vurmaq üçün qəsdən yoldan çıxardığını bildirib. O, dönüb daha çox insanı vurmaq istəyəndə isə saxlanılıb.

  • Roma Papasının halı pisləşdi

    Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı Apostol Sarayının Müqəddəs Pyotr meydanına baxan pəncərəsində görünməyəcək.

    Median.Az Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, soyuqlama ilə əlaqədar dekabrın 22-si bazar günü Papa Fransisk Müqəddəs Marfanın Evindən möminlərə xeyir-dua verəcək.

    Mərasimdən canlı yayımın təşkil olunub-olunmayacağı dəqiqləşdirilməyib.

    Qeyd edək ki, dekabrın 17-də Fransiskin 88 yaşı tamam olub.

  • Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər

    Bazarlarda, supermarketlərdə, çərəz dükanlarında ən çox qarşılaşdığımız mənzərə açıq vəziyyətdə satılan çərəzlərdir. Burada bir məqam var ki, çox vaxt aldığımız bu məhsulları yumadan yeyirik. Lakin ekspertlər bu halda bizi ciddi təhlükələrin gözləyə biləcəyi qənaətindədirlər.

    “Kaspi” qəzeti mövzüya dair məqalə dərc edib.
    “Yeni və ya köhnə olduğu bilinmir”
    İstehsal meneceri Sayat Quliyevanın sözlərinə görə, bu məhsullar açıq şəkildə satıldıqda həm keyfiyyəti azalır, həm də çirklənməyə məruz qalır: “Günümüzdə çərəzlərin bazarlarda açıq halda çəki ilə, yaxud karton qutularda, şüşə vitrinlərdə, plastik qablarda satışı həyata keçirilir. Açıq halda satılan məhsullar fiziki və mikrobioloji çirklənməyə məruz qalır. Toz, havadakı həşəratların məhsulla təması, istehlakçıların açıq əllə toxunması kimi çirklənmə səbəblərini sadalamaq olar. Hətta sanitar qaydalara uyğun hesab etdiyimiz qapalı satış məntəqələrində də məhsulların çirklənməsini müşahidə etmək mümkündür. Bundan əlavə, çərəzlər vitrinə davamlı üst-üstə yığılır, yeni və ya köhnə olduğu bilinmir”.

    “Məhsulu kənar vasitələrlə çirkləndirirlər”
    S.Quliyevanın fikrincə, təmiz hesab etdiyimiz vitrinlər əslində ən böyük təhlükədir: “Şüşə vitrinlərdə sadəcə bez parçalarla fiziki təmizlik aparılır, bu da mikrobioloji çirklənmənin əsas mənbəyidir. Satıcılar açıq əllə məhsula toxunmasalar da, məhsulu kənar vasitələrlə çirkləndirirlər. Daşıma qutularını birbaşa açıq çərəzlərin üzərində saxlayaraq vitrinlərə boşaldırlar. Açıq halda satılan çərəzlərə ilk toxunan biz olmuruq. Sonra bu çərəzləri yumadan qəbul edirik. Fiziki, mikrobioloji çirklənmə ilə yanaşı, günümüzdə geniş yayılan, mənşəyi məlum olmayan viruslar mövcuddur. Bunun bariz nümunəsi son illərdə yaşadığımız COVID virusudur”.

    Dadında dəyişiklik yaranır
    Mütəxəssis bildirdi ki, çərəzlərin nəmliyini qorumaq üçün onlara müxtəlif maddələr vurulur: “Emal sahələrində çərəzlərin qabıqlarından təmizləmə prosesində quru təmizləmədən geniş istifadə edilir. Qabıqdan təmizləmə zamanı düzgün təmizləmə prosesi həyata keçirilməzsə, çərəzlərin çirklənməsi qaçılmazdır. Hazırlanan qabıqsız çərəzlərin hava ilə təması olmayan qablarda saxlanılması üçün bəzi kimyəvi maddələrdən istifadə edilir. Bunlardan ən geniş yayılmışı kükürddür. Çərəzlərin daxilində nəmlik olur. Yüksək temperaturda nəmlik azala və ya rütubətli məkanlarda arta bilər. Nəmlik azaldıqda məhsullar quruyur. Xarici görünüşü ilə yanaşı, dadında da dəyişiklik yaranır. Belə məhsulların qablaşdırılması, saxlanmasına düzgün əməl edilməzsə kiflənmə riski yüksəkdir”.

    S.Quliyeva təmiz və təhlükəsiz hesab etdiyimiz paketli məhsullardan da danışdı: “Məhsullara ilk toxunan olmaq üçün, çalışmalıyıq çərəzləri qabıqlı şəkildə alaq və evdə özümüz təmizləyək. Eyni zamanda, paket məhsullara üstünlük verək. Amma buna marketlərdəki paketlənmə aid deyil. Marketlərdə çərəzləri ya plastik qablarda qablaşdırırlar, ya da şəffaf paketlərə qoyurlar. Onlardan da uzaq durmalıyıq. Çünki bu zaman köhnə və yeni məhsulu qarışdırırlar. Aldığımız məhsulun istehsal tarixini, son istifadə müddətini itirmiş oluruq”.
    “15-60 dəqiqə soyuq suda saxlanılmalıdır”
    Müsahibimizin sözlərinə görə, bu məhsulları dezinfeksiya etdikdən sonra istehlak etmək daha düzgündür: “Çərəzlərin istehsal prosesi onu göstərir ki, bu məhsulları yumadan qəbul etmək doğru deyil. Burada istifadə edilən kimyəvi maddələr orqanizmimizə daxil olur və zamanla müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Alınan çərəzlər mütləq şəkildə sərtliyinə görə 15- 60 dəqiqə arasında soyuq suda saxlanılmalıdır. Digər çiy qəbul etdiyimiz qidaların təmizlənməsində istifadə edilən sirkə, qida sodası və s. vasitələri çərəzlərin yuyulmasında və dezinfeksiyasında istifadə edə bilərik. Sonra soyuq suyun altında durulamaq və nəmini qurutmaq lazımdır. Lakin bu məhlullar çərəzlərin üzərində qaldıqda dadına təsir edə, ağızda xoşagəlməz dadlar yarada bilər”.

    Mikrobioloji, çarpaz çirklənmə və s…
    Qida məsələləri üzrə ekspert Ağa Salamov bu məhsulların təhlükəsinin qurudulma üsulundan asılı olduğunu bildirdi: “İki cür qurutma üsulu var. Birincisi, günəş şüaları altında, ikinci isə xüsusi aparatlarla qurudulmadır. Fərqləri odur ki, qurğu ilə qurudulmuş məhsullar yerində qablaşdırılırsa, yəni hava-damcı yolu ilə gələn virus və bakteriyalara açıq deyilsə, ətraf mühitin toz və çirkabından mühafizə olunursa, onları yumağa ehtiyac yoxdur. Amma günəş şüaları altında qurudulduqda virus və bakteriyalara, toza açıq olur. Mikrobioloji çirklənmə istehlakçının zəhərlənməsinə rəvac verə bilər. Heyvanlar toxunarsa, çarpaz çirklənmə ilə daha böyük fəsadların baş verməsi mümkündür”.
    “Suda çox qaldıqda keyfiyyətini itirir”
    A.Salamov düşünür ki, həmin qidalar 70 dərəcə suda yuyulmalıdır: “Amma insanlar bəzən suda çox saxlayır, bu zaman isə artıq keyfiyyətini itirir. Dezinfeksiya etmək məqsədilə temperaturu 65 dərəcədən yuxarı isti suyun altında bir dəqiqə saxlamaq olar. Bəzi patogen bakteriyalar 70 dərəcədə ölməyə başlayır. Amma çox saxlamaq doğru deyil”.

  • Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub

    Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az Publika.az-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl Binəqədi Rayon Məhkəməsinin Abdulla Rəhimov barəsindəki bəraət hökmü ləğv edilib.

    Bakı Apellyasiya Məhkəməsi Abdullanın Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16-yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi üzrə təqsirli bilinməsinə qərar verib. Onun barəsindəki bəraət hökmü ləğv edilib və 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Abdulla Rəhimov məhkəmə zalında həbs olunub.

    Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı 15 yaşı olan Selena (şərti adlı) həmin gün evdən qaçıb və alış-veriş mərkəzlərindən birinə gedibmiş. Burada Abdulla onu görərək yaxınlaşıb və tanış olub. Evakuator sürücüsü olan şəxs gecə saat 2 radələrində yeniyetmə qızı Binəqədi rayonu ərazisində yerləşən hotellərdən birinə aparıb və orada intim münasibətdə olub. Bundan sonra Abdulla yeniyetmə qızı 6 gün özü ilə saxlayıb və iş vaxtı evakuatorda əyləşdirib.

    Yeniyetmənin anasının polisə şikayət etməsindən sonra qız itkin kimi axtarılaraq tapılıb və ailəsinə qaytarılıb.

  • Tbilisidə növbəti etiraz aksiyası keçirilir – VİDEO

    Gürcüstanın paytaxtı Tbilisidə etiraz aksiyalarının doqquzuncu günüdür.

    “Qafqazinfo” xəbər verir ki, hazırda etirazçılar parlament binasının yerləşdiyi “Rustaveli” prospektində yolu bağlayıb.

    “Çitadze” və “Çiçinadze” küçələrində hərəkət məhdudlaşdırılıb.
    Xatırladaq ki, Xatırladaq ki, Tbilisidə aksiyalar ölkənin Baş naziri İrakli Kobaxidzenin 2028-ci ilə kimi Aİ-yə üzvlük prosesinin dayandırılması ilə bağlı bəyanatından sonra yenidən gündəmə gəlib.

    ***

    Gürcüstanın “Interpressnews” agentliyinin məlumatına görə, Azadlıq meydanında barrikada qurulub.

    Əraziyə xüsusi zirehli texnika, həmçinin su şırnağı texnikası yerləşdirilib.

    Qeyd edək ki, etiraz aksiyası hələ də davam edir.

  • Lənkəranda qəza baş verib, xəsarət alanlar var – FOTO

    Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Apa-nın cənub bürosunun verdiyi xəbərə görə, hərəkətdə olan “Lada” markalı nəqliyyat vasitəsi, “KIA” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

    Qəza nəticəsində iki nəfər 1996-cı il təvəllüdlü Xaliq Heybət oğlu İsmayılzadə (arterial hipertanziya, döş qəfəsinin küt travması) və 1971-ci il təvəllüdlü Yeganə Abasət qızı İsmayılova (burunun sınığı, döş qəfəsinin küt travması) xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.

    Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır


  • Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO

    DİN-in Polis Akademiyasının kursantları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən “Qalib Azərbaycan” adlı 2-ci Hüquq Olimpiadasında iştirak ediblər.
     
    Median.Az xəbər verir ki, Olimpiada, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun təşkilati dəstəyi ilə keçirilib.
     
    Elmi hüquqi bilikləri əhatə edən yarışmada müxtəlif ali təhsil müəssisələrinin tələbə və kursantları birincilik uğrunda mübarizə aparıblar. 

    Polis Akademiyasının kursantları bütün mərhələlərdə sahəvi sualların cavablandırılmasında birincilik nümayiş etdirməklə olimpiadanın qalibi olub.

  • Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? – ARAŞDIRMA

    Paytaxtın bəzi ərazilərində mənzillər bahalaşıb.

    Median.Az Xəzər TV-yə istinadən bildirir ki, 100 min manata satılan mənzillər indi 110-115 min manata təklif olunur.

    Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, qiymət artımı əsasən ucuz mənzillərdə qeydə alınır ki, buna da səbəb həmin ərazilərdə olan evlərə tələbin artmasıdır.

    Ramil Osmanlı bildirib ki, hazırda ötən aya nisbətən 1-2, ötən ilə nisbətən isə 10-15 faiz qiymət artımı müşahidə olunur. Qiyməti yüksək olan mənzillərdə isə artım aşağı faizlə nəzərə çarpsa da, məbləğ olaraq çoxdur.

    Ekspert bildirib ki, qiymət dəyişmələrində əsasən əraziyə, ictimai infrastrukturun, nəqliyyatls təminolunma, sənədləşmə və digər amillər rol oynayır.

    Lakin, bununla yanaşı, ümumilikdə daşınmaz əmlak bazarında ötən illə müqayisədə dinamikanın, aparılan əməliyyatların həcminin azalması və bazara müraciətlərin aşağı düşməsi müşahidə olunur.

  • Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb

    Braziliyanın şərqində ağır yol qəzası olub.

    Report xəbər verir ki, bu barədə “G1” portalı yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
    Bildirilib ki, sərnişin avtobusunun təkəri partlayıb və sürücü idarəetməni itirib. Avtobus həmin istiqamət üzrrə hərəkət edən yük maşını və minik avtomobili ilə toqquşub.

    Avtobus toqquşma nəticəsində yanıb.

    Qəza nəticəsində 22 nəfər ölüb, 13 nəfər yaralanıb.