Month: December 2024

  • Suriyanın yeni hakimiyyəti Müdafiə Nazirliyini yenidən təşkil edir

    “Suriyanın yeni hakimiyyəti respublikanın Müdafiə Nazirliyini yenidən təşkil etmək niyyətindədir”.

    Bu barədə ölkənin keçid hökumətinin başçısı Məhəmməd əl-Bəşir “Al Jazeera” telekanalına bildirib.

    Bildirilib ki, nazirliyin ştat cədvəlinə hakimiyyətə gəlmiş müxalif qüvvələrin döyüşçüləri daxil ediləcək.

    “Müdafiə Nazirliyi inqilabçıların, həmçinin devrilmiş rejimin fərari zabitlərinin daxil edilməsi yolu ilə yenidən təşkil ediləcək və yenidən qurulacaq”, – deyə o qeyd edib.

  • Hansı sahədə işləyənlər daha çox əmək haqqı alır? – SİYAHI (FOTO)

    2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3706,2 manat, qeyri neft-qaz sektorunda 943,3 manat təşkil edib.

    “Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,3 manat, özəl müəssisələrdə isə 1034,5 manat olub”, – məlumatda deyilir.

    2024-cü ilin yanvar-oktyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub. (Yeniavaz.com)

  • Tətildə Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət cədvəli açıqlandı

    “Azərbaycan Dəmir Yolları” QSC qarşıdan gələn yeni il tətili günlərində qatarların hərəkət qrafikini açıqlayıb.

    Bu barədə ADY-nin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, qarşıdan gələn 30 dekabr-5 yanvar bayram günlərində 1 yanvar istisna olmaqla hər gün Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar reysləri təşkil edəcək.

  • Üzərinə darvaza aşan Ağsu sakini öldü

    Ağsu rayonunda küləkli hava şəraiti ölümə səbəb olub.

    1971-ci il təvəllüdlü rayon sakini Nazim Lazım oğlu Kərimovun üzərinə darvaza aşıb.

    İlkin məlumata görə, o, hadisə yerində ölüb.

    Darvazanın aşmasına küləkli hava şəraitinin səbəb olduğu ehtimal edilir.

  • Bakıda və Abşeron yarımadasında sulu qar yağacaq – XƏBƏRDARLIQ!

    Bakıda və Abşeron yarımadasında dekabrın 18-i axşamdan 19-u gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
     
    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
     
    Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, axşam və gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.
     
    Qeyd edilib ki, Azərbaycanın rayonlarında da dekabrın 18-i səhər dağlıq ərazilərdən başlayaraq 19-u gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
     
    Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

  • Metrodan istifadə edənlərin sayı açıqlandı

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 208,6 milyon nəfər olub.
     
    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
     
    Qeyd edək ki, bu ilin ilik 11 ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 127 milyon ton yük, 1650,4 milyon sərnişin daşınmış və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,5 faiz və 8,2 faiz artım qeydə alınıb.
     
    Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 13,2 faiz, sərnişin dövriyyəsi isə 9,5 faiz artıb.

  • “Abzas Media” işində təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

    “Abzas Media” işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    “Report” xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

    Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Daha sonra vəkillər təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq yanlarında oturmaqlarını istəyiblər.

    Məhkəmə vəsatəti təmin edib.

    Məhkəmədə vəkillər vəsatət qaldıraraq işin yenidən istintaqa qaytarılmasını istəyiblər.

    Hazırda həmin vəsatət müzakirə olunur.

  • Narkoloji Mərkəzin direktoru hansı qanun pozuntularına yol verib?

    Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi Respublika Narkoloji Mərkəzin direktoru Fəzayıl Sadıqovu cərimələyib.

    Qaynarinfo-nun məlumatına görə, dövlət quruma direktora İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.

    Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi barədədir.

    Maddədə inzibati cəza növü vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

    Fəzayıl Sadıqov dövlət qurmunun qərarından məhkəməyə şikayət verib. Şikayətə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Babək Pənahov iş üzrə hakim təyin edilib.

    Fəzayıl Sadıqov Respublika Narkoloji Mərkəzin direktoru vəzifəsinə cari ilin may ayında təyinat alıb.

  • Saatlarla enerji doldurur, cəmi 300-400 kilometr gedə bilir: Elektrik benzinə qalib gələ bilmir

    Son vaxtlar dünyada, o cümlədən Azərbaycanda hibrid və elektriklə işləyən avtomobillərin sayı artır. Məntiqlə bu, ölkədə yanacaq sərfiyyatını azaltmalıdır. Amma hələlik bunu müşahidə edə bilmirik. Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 780,2 milyon manat xərclənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,5 faiz üstələyir. Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 milyon manat xərclənib, bu da illik müqayisədə 8,1 faiz artım deməkdir. Bəs nə zaman bu sahədə keçirilən islahatların nəticəsini az da olsa, müşahidə edə biləcəyik? Əgər yanacaqdan istifadə azalarsa, yanacaqdoldurma məntəqələrini hansı aqibət gözləyir?

    “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

    Yaxın beş ildə vəziyyət dəyişməyəcək

    Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, hazırda ölkədə yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görülür: “Nəzərə almalıyıq ki, bizim avtoparkımızdakı maşınların 85 faizdən çoxunun yaşı 10 ildən yuxarıdır, yəni köhnə avtomobillərdir. Düzdür, bu sahədə güclü islahatlar həyata keçirilir. Elektrik və hibrid avtomobillərə güzəştlərlə yanaşı, təbliğ və təşviq də gündəmdədir. Həmçinin taksi parklarımız da yenilənir. Köhnə avtomobillər də utilizasiya prosesinə cəlb olunur”.

    E.Əliyevin fikrincə, hər kəs yeni və müasir avtomobil ala bilmir. Bu zaman daxili yanma mühərrikli avtomobillərə maraq artır. Belə olduqda yalnız avtomobil parkımız yenilənir, amma yanacağa olan tələbat dəyişməz olaraq qalır: “Nəzərə alaq ki, gənc nəsildən hamı hələlik elektrikli avtomobil almır. Yaşlı nəslin əksəriyyəti də daxili yanma mühərrikli avtomobillərə öyrəşib. Onların birdən-birə elektrikli avtomobil sürməyə başlaması bir az çətindir. Utilizasiyaya gedən avtomobilə görə verilən pulla elektrikli avtomobil almaq da mümkün deyil. Belə olduqda insanlar məcbur qalıb ucuz və yerli istehsal benzinlə işləyən avtomobilə yönəlirlər. Bu amilləri göz önünə alsaq, dizel və benzinin yaxın beş ildə aktuallığını itirəcəyini görməyəcəyik. Bu illər ərzində həm elektrik, həm də ənənəvi yanacağa tələbat qalacaq”.

    Alıcılar hələ də risk etmək istəmirlər

    İqtisadçı Emin Qəribli isə düşünür ki, benzin və dizel yanacağına tələbatın artması olduqca normaldır: “Çünki əhalinin sayı da artır. Belə olduqda avtomobillər də çoxalır. Nəzərə almalıyıq ki, köhnə avtomobillər ölkəmizdə yetəri qədər çoxdur. Onlar köhnəldikcə yanacağa olan tələbatları da xeyli yüksəlir. Üstəlik ölkəmizə gələn avtomobillərin hamısı da hibrid və elektrikli deyil. Böyük həcmdə dizel və benzinlə işləyən avtomobillərə də maraq hələ qalır”.

    E.Qəribli bildirdi ki, elektrikli maşınların bəzi çatışmayan cəhətləri onlara olan tələbata da təsir edir: “Lakin ölkəmizdə bunun azalması üçün də işlər görülür. Məsələn, elektrikli avtomobillərin idxalı zamanı rüsum alınmır, vergidən azaddırlar. Bu amillər elektriklə işləyən maşınların artmasına təsir edir. Düşünürəm ki, son illər gözlə görülən artım var. Amma insanların bəziləri hələ də elektrikli avtomobilləri almağa risk etmir. Bunun da səbəbləri var. Çünki elektrikli avtomobillər qışda 300-400 km və hətta ondan da az məsafələri qət edə bilir. Rayonlara maşın sürmək istəyən insanlar ona görə elektrikli avtomobillərə keçmir. Amma şəhər içində sürmək üçün əlverişlidir”.

    “Minimum on il vaxt verməyə ehtiyac var”

    İqtisadçının fikrincə, icra edilən işlər nəticəsində bu sahədəki yenilikləri və artımları daha çox görəcəyik: “Bir il ərzində elektrik enerjisi ilə işləyən maşınların idxalı 70 faizə qədər artıb. Amma əvvəlki illərdə bu daha az idi. Elektriklə işləyən avtobuslar gətirilir. Enerji doldurma məntəqələrinin sayındakı artımı vurğulamaq lazımdır. Məntəqələrin artırılması üçün işlər görülür. Müəyyən güzəştlər tətbiq edilir ki, şərait yaradılsın, avadanlıq qurulsun. Zənnimcə, yaxın zamanda onların da sayında xeyli artım görəcəyik”.

    Müsahibimiz düşünür ki, elektriklə işləyən maşınların sayı artdıqca yanacaqdoldurma məntəqələri də yavaş-yavaş işıq enerjisinə keçid edəcək: “Amma bunun tez olacağını düşünmürəm. Dərhal bütün maşınlar elektriklə işləyə bilməz. Elektrik doldurma məntəqələrinə keçid elə də asan proses deyil. Nəzərə almalıyıq ki, bir maşın saatlarla enerji doldurmalıdır. Sürətli yığım üçün aparatlar var. Lakin onlar da çox enerji istifadə edir. Bütün avadanlıqlar o gücə uyğun olmalıdır. O səbəbdən, bu məsələlərin tez bir zamanda həll edilməsi asan deyil. Minimum 10 il vaxta ehtiyac var. Bu müddətdə yəqin ki, yeni texnologiyalar da tətbiq olunacaq”.

  • Dünən geri çağırılan səfir həbs edilə bilər – Şok mənimsəmə

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın İraqdakı səfiri Nəsir Natiq oğlu Məmmədov geri çağırılıb.

    Axar.az xatırladır ki, Nəsir Məmmədov təxminən 2 ay öncə gündəmə gəlmişdi. Araşdırmalar nəticəsində Nəsir Məmmədovun viza alveri etdiyi məlum olmuşdu.

    Oktyabrın 20-də Globalinfo.az saytında yayımlanan yazıda mötəbər mənbələrə istinadla bildirilirdi ki, səfirlikdə hər il viza alverindən milyonlarla vəsait mənimsənilir.

    Viza rüsumu 20 dollar olduğu halda səfirlik saxta “vasitəçi şirkət”in əli ilə vizanı 500 dollara satırmış. İraq səfirliyində il ərzində təxminən 5 min viza verilir, bu da yekunda 2-3 milyon dollar aralığında qara dövriyyə deməkdir.

    Məqalədə bildirilirdi ki, milyonlarla dollar dövriyyəsi olan viza dəllallığında səfirlik təkbaşına olmayıb. Prosesdə xarici işlər nazirinin sabiq müavini Nadir Hüseynovun da adı keçir. Onun bu cür qaranlıq işlərdə təcrübəsinin olduğu haqda mediada indiyə kimi çox yazılıb.

    Xatırladaq ki, Nadir Hüseynovun adı daha əvvəllərdən viza alverində hallanıb. O, 2020-ci ilin sentyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.

    Mümkündür ki, Nadir Hüseynov da məsuliyyətə cəlb edilsin.

    Qeyd edək ki, Nəsir Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin keçmiş müavini Natiq Məmmədovun oğludur.

    O, Milli Məclisin Komitə sədri Hicran Hüseynovanın kürəkənidir.