Month: January 2025

  • Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında demarkasiya komissiyalarının görüşü keçiriləcək

    Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların görüşü keçiriləcək.

    Median.Az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Aparatı məlumat yayıb.
    Məlumatda qeyd olunur ki, konkret tarix barədə hələlik razılıq əldə olunmayıb.

  • Bakının bu ərazilərində mənzillər kəskin BAHALAŞACAQ

    Ötən il Bakıda söküntülərin aparılması və torpaq sahələrinin azlığı paytaxtın mənzil bazarında qiymətlərin bahalaşmasına səbəb olub.

    Bəs bu il mənzil bazarında qiymətlər necə olacaq?

    Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, mənzil bazarında qıtlıq hökm sürür.

    “Paytaxtda tələb təklifi çox üstələyir. Bu da qiymətlərə təsir edir. Paytaxtda ən çox mənzili ölkəmizdə yaşayan vətəndaşlarla yanaşı, Ukrayna, Rusiya və Belarusda yaşayan həmvətənlərimiz alır. Mənzillərini satmaq istəyənlər isə gözləmə vəziyyətindədirlər.

    Belə ki, onlar mənzillərini daha baha satmaq istəyir. Hazırda köhnə tikili binalarda satışa çıxarılan mənzillərin sayı azdır. Sahəsi 150 kvadratmetrdən artıq olan mənzillər daha çox satışa çıxarılır. Bu da çoxlarının büdcəsinə uyğun gəlmir. Əsas tələbat 150 min manata qədər olan mənzillərədir. Belə mənzillər satışa çıxarılan kimi satılır”, – o vurğulayıb.

    Ekspert qeyd edib ki, bu il mənzil bazarında qiymətlərin 20 faiz bahalaşması gözlənilir.

    “Hazırda mərkəzə yaxın yerlərdə binanın özülündən mənzilin 1 kvadratmetri 2500 manata təqdim edilir. Bu rəqəm keçən il 2000 manat idi. Qiymət artımı, əsasən, paytaxtın Nərimanov, Nizami, Yasamal, Xətai və Nəsimi rayonlarında gözlənilir. Bundan başqa, torpaq bazarında qiymət artımı davam edəcək. Qiymət artımının ötən ilə nisbətdə 20% bahalaşacağı gözlənilir”, – deyə o qeyd edib.

  • Virusa hazırlıq BAŞLADI – Xəstəxanalarda ehtiyat çarpayılar saxlanılır

    Hazırda TƏBİB-in tabeliyində olan tibb müəssisələrindəki yoluxucu xəstəliklər şöbələrində yetərli çarpayı ehtiyatı mövcuddur. Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, qrip və digər respirator xəstəliklər əsasən ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər.
    “Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlər tibb müəssisələrinə hospitalizasiya olunurlar.
    Məlumat üçün bildirək ki, Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsi və mərkəzin nəzdində olan Məhəmmədi Modul Tipli Xəstəxanasında yetərli çarpayı sayı mövcuddur”.
    Qeyd edək ki, Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı əhaliyə müraciət edib. Bildirilir ki, respirator və ya tənəffüs yolları ilə bağlı olan bu virusun adı metapnevmovirusdur (HMPV). Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.
    Metapnevmovirus (Human MetaPneumoVirus – HMPV) qripəbənzər tənəffüs yolları xəstəliyidir. HMPV infeksiyasına ilk dəfə 2001-ci ildə rast gəlinib.
    Lakin son günlər Çində yaşı 14-dən aşağı olan uşaqlar arasında bu xəstəliyin sürətlə yayılması ilə HMPV yenidən gündəmə gəlib. Bu virus adətən yüngül xəstəlik kimi qəbul olunsa da, pnevmoniya və bronxit kimi ağır nəticələrə də gətirib çıxarır. 
    Virus daha çox uşaqlar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir. Bundan əlavə, yanaşı xəstəlikləri olan – misal üçün, bronxial astma və ya ağciyərlərin xroniki xəstəlikləri olan insanlar da respirator virus infeksiyaları üzrə risk qrupuna daxildirlər. Azərbaycanın Səhiyyə Nazirliyi bu şəxsləri qrip əleyhinə peyvənd olunmağa çağırıb.
    HMPV-yə yoluxmuş risk qrupuna aid xəstələrin ev şəraitində müalicə alması məqsədəuyğun hesab edilmir.

    İmmuniteti güclü olan və yanaşı xəstəlikləri olmayan insanlarda respirator infeksiyalar əsasən fəsadsız keçir və onlar qısa müddətdə sağala bilirlər. Bu cür xəstələrdə müayinələrin rutin aparılmasına ehtiyac olmur.
    Xəstəlik yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus infeksiyaları kimi adətən 7-10 gün ərzində aradan qalxır.
    Əsas əlamətləri öskürək, burun axıntısı, nəfəs darlığı, temperaturun yüksək olmasıdır. Təbii ki, bu əlamətlər başqa viruslarda da görülə bilər. Ona görə də sadəcə əlamətlərə görə təyin etmək çətindir. Bunu ayırd etmək üçün mütləq burundan yaxma götürmək lazımdır. Bu şəkildə xəstədə hansı virus olduğunu söyləmək mümkündür.
    Tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, COVİD-19 pandemiyası dövründə yayılan virus hələ ötən əsrin 60-cı illərində heyvanlardan insanlara keçib: “Ondan sonra mutasiya edərək SARS-CoV-1, MERS-CoV kimi virusları yaratdı. Bunun ardınca isə SARS-CoV-2 virusu pandemiya yaratdı. Yeni yayılan metapnevmovirusun hazırda pandemiya yaratmaq şansı və imkanı yoxdur. Çünki onu lokallaşdırmaq mümkün olub. Sadəcə olaraq, infeksiyanın hava-damcı yolu ilə yayılması xeyli insanı yoluxdura bilər. Biz qloballaşan dünyada yaşadığımıza görə Azərbaycana da gəlib çıxması mümkündür. Bəlkə də bu virus artıq ölkəmizdə yayılıb. Ona görə də özünü bir az nasaz hiss edən şəxslər mütləq həkimlə məsləhətləşsinlər, yataq rejimində olsunlar və ictimai yerlərdə gəzməsinlər ki, virus daha geniş yayılmasın. Ayaqüstə keçirəcəm deyib digər insanları da riskə atmaq olmaz. Nəzərə almaq lazımdır ki, COVİD-19 pandemiyasının davamı var. Pandemiya bitsə də Omicron ştamının variantları hələ ölməyib. Çox qarışıq durumdur. Maska taxmaq və bol maye qəbul etmək məsləhətdir. Həkim nəzarəti və təyinatı olmadan antibiotiklərdən qətiyyən istifadə etməsinlər. Çünki antibiotiklər immun sistemini zəiflədir”.

    Professor yeni virusun Çindən başlamasını orada əhalinin sıxlığı ilə əlaqələndirib: “Dünyada virusların belə çox yayılmasının səbəbi əhali sıxlığına bağlıdır. Əhalinin çox olduğu ölkələrdə infeksiyalara yoluxma halları da artır. Biz bunu pandemiya dönəmində də müşahidə etdik”.
    Qeyd edək ki, aşağıdakı tövsiyələrə də riayət etməklə özümüzü HMPV-dan qoruya bilərik:
    Əlləri ən azı 20 saniyə sabunla yumaq; 
    Yuyulmamış əllərlə gözə, buruna və ağıza toxunmamaq;
    Xəstə insanlarla təmasdan çəkinmək;
    Xəstə insanların fincanlarından, eləcə də qab-qaşıqlarından istifadə etməmək;
    Qapı tutacaqlarını, eləcə də uşaqların ümumi oyuncaqlarını davamlı olaraq təmizləmək və tibbi spirtlə dezinfeksiya etmək.

  • Aktaudakı təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silindi

    “Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.

    Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) və “Azərbaycan Mikromaliyyə Assosiyasiyası” (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada bildirilir.

    “Qəza nəticəsində ekipaj üzvlərinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, maliyyə icmasını da dərindən sarsıdıb və hədsiz kədərləndirib. Faciəvi hadisə ilə əlaqədar olaraq, Azərbaycan Mərkəzi Bankının tövsiyəsi, ABA və AMFA-nın təşəbbüsü ilə kredit borcları silinib. Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”, – deyə məlumatda qeyd olunub.

  • Bəzi yollarda görünüş 500-1000 metrədək məhdudlaşıb

    Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. 
    Bildirilib ki, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.
    Belə ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9, Neftçalada 5, Şəki, Lənkəran, İsmayıllı, Oğuz, Balakən, Şamaxı, Qobustan, Biləsuvar, Lerik, Astarada 3 mm-dir.
    Naxçıvan, Culfa, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Tovuz, Balakən, Şəmkir,  Şəki, Qəbələ, Şamaxı, Yevlax, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

  • Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edildi

    Bərdədə 2 min manata avtomat satmaq istəyən şəxs həbs edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər məhkum olunan Şahlar Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvandan “Kalaşnikov” avtomatı, 29 ədəd patron və patron darağı aşkarlanıb. O, izahatında əldə etdiyi silah-sursatı 2 000 manat müqabilində satmaq üçün özündə saxladığını bildirib.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.

  • Bu ərazidə işıq olmayacaq

    Sabah Naxçıvan Muxtar Respublikasının Babək şəhərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    35/10 kilovoltluq “Quşçuluq” yarımstansiyasından qidalanan 35 kilovoltluq hava elektrik verilişi xətti elektrik dirəklərinin yerinin dəyişdirilməsi səbəbindən sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar olaraq Babək şəhərində yanvarın 9-da saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

  • Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

    Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

    Bu barədə “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətindən məlumat verilib.

    İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

    Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

    Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.

    Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur

  • Bakı metrosunda sərnişin relslərin üstünə yıxıldı – Qatarların hərəkəti dayandı

    Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

    Bu barədə “Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətindən məlumat verilib.

    İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

    Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

    Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.

    Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur

  • “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” – İlham Əliyev

    “Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu”.

    Bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

    Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlət başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. 

    “Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, – deyə Prezident əlavə edib.