Month: İyun 2025

  • Sabah Bakıda hava yağmursuz olacaq

    Bakıda və Abşeron yarımadasında iyulun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyunun 30-dan iyulun 1-nə keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

  • ADY: 5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb

    Bu ilin yanvar-may aylarında hərəkətdə olan sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb.

    Bu barədə Median.Az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

    Məlumata görə, nəticədə qatardakı sərnişinlərin həyatına təhlükə yaranır, qatarlara və infrastruktura ziyan dəyir və bəzən qatar təcili dayanma etdiyi üçün qrafikdə gecikmələr baş verir.

    “Ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunsa da, ADY hərəkətin təhlükəsizliyinə yaradılan risklərin tamamilə aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Bu cür hallarla mübarizə aparmaq üçün davamlı maarifləndirmə işləri və dəmir yollarının ətrafında yaşayan sakinlərlə profilaktik söhbətlər aparılır, məktəblərdə təlimlər keçilir. Həmçinin qatarların kamerasına düşən görüntülər əsasında daş atan şəxslər müəyyən edilərək qanunvericilik əsasında cərimələnirlər”, – deyə qurumun məlumatında qeyd olunub.

  • Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb

    Naxçıvanda avtomobilin vurduğu velosipedçi ölüb.

    İyunun 24-də avtomobil Naxçıvan şəhərində yolda hərəkətdə olan Şərur rayonu Xanlıqlar kənd sakini, 1961-ci il təvəllüdlü Niftəliyev Fəxrəddin Yaqub oğlunu vurub.

    Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən velosipedçi bu gün həmin tibb müəssisəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda daha 98 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    Avqustun 1-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 209 min 730 manat olan 98 nəqliyyat vasitəsi, nəqliyyat vasitəsi çıxarılacaq.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

  • Bu günədək 737 uşaq övladlığa verilib

    Bu günədək 737 uşaq övladlığa verilib.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin beş illiyinə dair keçirilən mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, onlardan 371-i oğlan, 186-sı qızdır.

    V.Behbudov həmçinin bildirib ki, bu günədək 49 uşaq himayədar ailəyə verilib:

    “Onlardan 19-u oğlan, 30-u qızdır. Son beş ildə 728 uşaq isə sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb”.

    Agentlik sədri vuğulayıb ki, valideyn himayəsindən məhrum olmuş 40 uşağın, 2026-cı ildə isə daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsinin həyata keçirilməsi planlaşdırılır:

    “2025-ci il üzrə 165, 2026-cı il üzrə isə daha 165 uşağın övladlığa verilməsi nəzərdə tutulub”.

  • Bakıda orta əməkhaqqı 8 %-dən çox artıb

    Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 385,9 manat təşkil edib.

    Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-aprel ayları ilə nisbətən 8,1 % artıb.

    Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 % artaraq 1 100,6 manat təşkil edib.

  • FHN: Ötən həftə ərzində 869 yanğına çıxış olub, 6 nəfərin meyiti tapılıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 869 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 6-sı azyaşlı olmaqla 46 nəfər xilas edilib, 7 nəfər xəsarət alıb, 27 nəfər təxliyə olunub, 6 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var

    Hacıqabulda avtomobil aşıb.

    1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi “Opel Astra” minik markalı avtomobili Padar Qışlaq kəndi ərazisində aşırıb.

    Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin – 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

  • İsrailin zərbələri nəticəsində Qəzzada azı 72 nəfər ölüb

    İyunun 29-da İsrail Ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 72 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

    Bu barədə Qətərin “Al Jazeera” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

    Onların məlumatına görə, son gün ərzində Qəzza şəhərində 47 fələstinli İsrailin hücumunun qurbanı olub. Telekanal qeyd edib ki, mühasirəyə alınmış anklavda onsuz da fəlakətli humanitar vəziyyət hər gün pisləşdiyi üçün ölənlər arasında yardım paylama mərkəzlərində yemək axtaran insanlar da var.

    Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklav ərazisinə kütləvi zərbələr endirib və yanvarda qəbul edilmiş atəşkəs rejimini pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun Dəftərxanası bunu Fələstinin radikal HƏMAS hərəkatının vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkoffun danışıqlar zamanı irəli sürdüyü təkliflərdən imtinası ilə izah edərək, bildirib ki, sektordakı əməliyyatın məqsədi bütün girovları azad etməkdir. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni günahlandırıblar.

  • DİN “Sputnik Azərbaycan”da qanunsuz maliyyələşmə ilə bağlı araşdırmalara başlayıb

    “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var:

    “Əməliyyatla bağlı əlavə məlumat veriləcək”, -deyə məlumatda qeyd edilir.