Month: İyun 2025

  • PKK-nın silahlarını təhvil verəcəyi tarix bəlli olub

    PKK yaraqlıları iyulun əvvəlində İraq Kürdüstanında keçiriləcək xüsusi mərasimdə silahlarını yerə qoyacaqlar.

    Median.Az bu barədə “Al-Arabiya”ya istinadən xəbər verir.

    Mənbə yazır ki, bu addım Türkiyə ilə barışıq prosesini sürətləndirmək üçün “etibar yaratma” və “xoşməramlı jest” məqsədi ilə atılacaq.

    Qeyd olunur ki, mərasim İraq Kürdüstanının ikinci böyük şəhəri olan Süleymaniyyədə baş tutacaq.

    Xatırladaq ki, fevralın 27-də Kürdüstan İşçi Partiyası (PKK) terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan tərəfdarlarına müraciət edib.

    Öcalan tərəfdarlarını silahı yerə qoymağa və sivil yolla qurultay keçirərək, siyasi mübarizəyə qoşulmağa çağırıb.

    O bəyan edib ki, PKK özünü buraxmalı, terror təşkilatı ləğv edilməlidir.

  • “Sputnik Azərbaycan”ın işçilərinin saxlanılmasından sonra Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı

    Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevi quruma dəvət edib.

    Bu barədə “RİA Novosti” xəbər yayıb.

    Bildirilib ki, diplomat Bakının “qeyri-dost” hərəkətləri və rusiyalı jurnalistlərin “qanunsuz” saxlanılması ilə əlaqədar Rusiya XİN-ə çağırılıb.

    Xatırladaq ki, bu gün “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilib və iki nəfər saxlanılıb.

  • Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?

    Dövlət Gömrük Komitəsinin Tranzit Şöbəsinin sabiq rəisi Anar Aslanov qanunazidd olaraq istehsal ili 10-dan artıq olan 834 minik avtomobilinin Gürcüstandan Azərbaycana keçirilməsinə şərait yaradıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu məlumat Anar Aslanovun cinayət işində yer alıb. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. A.Aslanov da Baş İdarənin əməliyyatçıları tərəfindən həbs edilib.

    İstintaq materiallarından görünür ki, Aslanov ölkəyə avtomobil idxal edən şəxslə gizli sövdələşmə yaradıb. O, çoxu “Nissan” və “Toyota” olan avtomobillərin gömrükdən keçirilməsi üçün ümumilikdə 55 min manat rüşvət alıb.

    Külli miqdarda rüşvət ittihamı ilə məhkəməyə çıxarılan Aslanov özünü təqsirli bilməyib. O, idxal müddəti 10 ildən çox olan avtomobilləri ölkəyə icazəsiz keçirmədiyini deyib:

    “Sözügedən avtomobilləri ölkəyə keçirən Ramil özü də əvvəllər gömrükçü olub. Nazirlər Kabinetinin qərarına əsasən, 29 mart 2023-cü ildən istehsal yaşı 10 ili keçmiş avtomobillərin ölkə ərazisinə idxalı məhdudlaşdırıldı. Həmin qərar bir ay ərzində qüvvəyə minməli idi. Həmin avtomobillər Amerika, Yaponiya, Koreya və digər uzaq ölkələrdə olduğundan onların daşınması 3-7 ay vaxt tələb edirdi.

    Qərar çıxarılarkən kifayət qədər vətəndaşın avtomobili yolda gəlməkdə idi. Dövlət Gömrük Komitəsi rəhbərliyi məsələyə obyektiv yanaşmaq və vətəndaşların məmnuniyyətini qaldırmaq məqsədilə müəyyən sənədlər formalaşdırdı. İçərisində hesab-faktura, gəmi daşımaları ilə bağlı sənədlər var idi. Avtomobilin həmin qərarın qəbul olunmasından əvvəl alındığını təsdiq edən müəyyən sənəd mövcud olduqda ölkə ərazisinə buraxılmasına icazə verilirdi. Digər vətəndaşlar kimi Ramil də avtomobil idxalı ilə məşğul idi və onun avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı sənədləri Dövlət Gömrük Komitəsi rəhbərliyi tərəfindən tələb olunan formaya uyğun idi. Mən Ramildən pul götürmüşəm, amma bu hal avtomobillər ölkə ərazisinə gətirildikdən sonra baş verib. O, dəfələrlə mənə pul təklif edib, amma imtina etmişəm. Avtomobillər ölkə ərazisinə gətirildikdən, rəsmiləşdirildikdən və sahiblərinə təhvil verildikdən sonra isə Ramil pul qazandığını, mənə şirinlik vermək istədiyini dedi. Bundan sonra onun təklif etdiyi pulu qəbul etmişəm. Mənə ümumilikdə 55 000 manat pul verib”.

    Təqsirləndirilən şəxs ifadəsinin davamında deyib ki, o, bütün işləri Dövlət Gömrük Komitəsi rəhbərliyinin göstərişinə uyğun həyata keçirib. Əsas problemlərdən biri də yerli bankla ödəniş etməyən vətəndaşların ölkəyə avtomobil keçirməsində yaranıb:

    “Yerli banklardan ödəniş etməyən şəxslərin postlarda problem yaşadıqları ilə bağlı rəhbərliyə məruzə etdikdə əvvəl ancaq yerli bank köçürmələri olduğu təqdirdə avtomobillərin buraxılmasını tapşırdı. Bir həftədən sonra əksər vətəndaşların avtomobilləri yerli bankdan ödəniş etmədikləri üçün yolda qaldı. Bu da komitəyə ünvanlanan şikayətlərin sayını artırdı.

    Komitə rəhbərliyi bu şikayətlərə baxdıqdan 7-10 gün sonra mənə e-mail vasitəsilə göstəriş göndərib əvvəlki qərarı ləğv etdi. Artıq digər ölkələrin bank köçürmələri olduğu təqdirdə də avtomobillər ölkəyə buraxılırdı. Bu iş mənə həvalə olunana kimi Ramil özü Dövlət Gömrük Komitəsinə gedirdi və onun avtomobilləri komitənin qərarına əsasən, ölkəyə keçirilirdi. Vətəndaşlar “Meyvəli” postuna və ya birbaşa Dövlət Gömrük Komitəsinə müraciət edirdilər, sənədləri məqbul və rəhbərliyin təqdim etdiyi siyahıya uyğun idisə, biz sənədləri “Balakən” və ya “Qırmızı Körpü” sərhəd buraxılış məntəqələrinə göndərirdik”.

    Ramil də təqsirləndirilən şəxsin dediklərinə uyğun ifadə verib.

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin dediklərinin çoxunu özünü müdafiə kimi qiymətləndirib. Toplanmış sübutlar əsasında bir neçə gün əvvəl Anar Aslanova 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

  • İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Baksol yolu”ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb (FOTO)

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Baksol yolu”nda gəncin kanalizasiya quyusuna düşərək ölməsi ilə bağlı açıqlama yayıb.

    Açıqlamada iyunun 26-da Bakının Nərimanov rayonunda sənaye-məişət tipli kollektorun 430-cu metrində yol örtüyünün çökməsi zamanı vətəndaşın həyatını itirməsi ilə nəticələnən bədbəxt hadisə baş verdiyi qeyd edilib.

    1986-cı ildən istismar olunan kollektorun çökmüş, qəzalı vəziyyətdə olan 930 metr hissəsi 2019-cu ildən bəri hissəli şəkildə əsaslı təmir edilib. Qalan hissədə təmir işlərinin aparılması üçün zəruri tədbirlər görülür.

    “Xüsusilə vurğulayaq ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olan kanalizasiya quyuları həmin mağazaların altında qalıb, müvafiq sukanal idarəsinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoyulmayıb, nəinki ərazi boşaldılıb, əksinə, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.

    Xüsusi olaraq diqqətə çatdıraq ki, qəza baş verən ərazidə xəbərdaredici nişanların, həmçinin dəmir məhəccərlərin quraşdırılmasına baxmayaraq, əraziyə iritonnajlı yük maşınları daxil ola bilsin deyə, sahibkarlar xəbərdaredici və qadağanedici nişanları yığışdırıblar.

    Hadisə baş verdiyi ərazidə çökmüş kollektorun üstünü sahibkarların taxta parçaları ilə örtməsi ərazinin qəzalı olduğunu görməyə əngəl yaradıb. Məhəccərlərin götürülməsi və çöküntü yerinin primitiv üsulla qapadılması vətəndaşa vəziyyətin qiymətləndirilməsinə imkan verməyib və o qəzalı əraziyə yaxınlaşıb. Nəticədə bədbəxt hadisə baş verib”, – deyə açıqlamada qeyd olunub.




  • İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq


    Bu ilin iyul ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Belə ki, aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacağı ehtimal olunur. İyul ayının birinci yarısında ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 28-33 dərəcə, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 2-3 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 27-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24 dərəcə isti, gündüzlər 30-35 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 37-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-16 mm).

    Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 19-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-72 mm).

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17 dərəcə isti, gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-33 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-36 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 26-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 29-34 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 36-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 10-32 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 23-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22 dərəcə isti, gündüzlər 25-30 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 34-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 9-118 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 31-36 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 38-40 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 3-22 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 20-25 dərəcə isti, gündüzlər 26-31 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 35-37 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-33 mm).

  • Bəylər Eyyubova yeni vəzifə verildi

    Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.

    Median.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi təyin olunub.

    Qeyd edək ki, Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

    O, göstərdiyi xidmətlərinə görə “Şərəf”, “Azərbaycan bayrağı”, “Vətənə xidmətə görə” (3 dəfə) və digər orden və medallarla təltif edilib.

  • Pakistanın baş naziri Azərbaycana səfər edəcək

    İyulun 3-də Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana ikigünlük rəsmi səfərə gələcək.

    Bu barədə “Minute Mirror” məlumat yayıb.

    Şahbaz Şərifin Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində Pakistanı təmsil edəcəyi planlaşdırılır.

  • Türkiyə prezidenti Azərbaycana səfərə gələcək

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Türkiyə lideri iyulun 4-də Azərbaycana bir günlük səfər edəcək.

    Türkiyə dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək.

    Ərdoğanın bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcəyi bildirilir.

  • “Sputnik Azərbaycan”ın saxlanılan əməkdaşları kimdir?

    Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin İqor Kartavıx və Yevgeni Belousov olduqları ehtimal edilir.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, məhz bu iki şəxsin telefonlarına zəng çatmır.

    Qeyd edək ki, İqor Kartavıx habın yeni direktorudur. O, bu vəzifədə qalmaqallı Vitali Denisovu əvəz edib.

  • Qubada qazi kafedə döyüldü

    Qubada Vətən müharibəsi iştirakçısı kafedə döyülüb.

    Oxu.az-ın məlumatına görə, hadisə Quba rayonunda kafelərdən birində baş verib. Rayon sakini Asif Əliyev (adı və soyadı şərtidir) kafeyə gələrək orada pivə içib. Bir neçə bakal pivə içən Asif kafedə oturan Ceyhun adlı qazinin danışdığını görüb. O, Ceyhuna yaxınlaşaraq, ona irad tutub və müharibədə olmadığı halda yalan danışdığını bildirib. Ceyhun onun danışığına fikir verməsə də, o, qazini vurub.

    Kafe sahibinin müdaxiləsindən sonra onlar obyekti tərk etsələr də, mübahisə davam edib. Asif kafedən çıxandan sonra yenidən Ceyhuna hücum edərək onu döyüb.

    Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin hökmü ilə A.Əliyevə 9 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron qolbaq taxılıb.