Month: August 2025

  • Bakıda 46 yaşlı kişi evində öldürüldü – Arvadı tutuldu

    Bakıda 46 yaşlı kişi qətlə yetirilib.

    Hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsindəki mənzillərdən birində baş verib.

    Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Natiq Quliyev evində bıçaqla qətlə yetirilib.

    Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, N.Quliyevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva saxlanılıb.

    İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Azərbaycanda məhkəmə sədri özünə etiraz edib

    Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimov icraatına verilən iş üzrə özünə etiraz edib.

    Median.Az “Trend”ə istinadla xəbər verir ki, iş 4 iyul 2025-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olub və “Elektron məhkəmə” informasiya sistemində qeydə alındıqdan sonra təsadüfi paylanma (bölüşdürmə) yolu ilə onun icraatına verilib.

    Sədr Neftçala şəhərində özünəməxsus yaşayış yeri olmadığına görə Neftçala Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunduğu vaxtdan etibarən kirayədə yaşadığı, 2024-cü ilin sentyabr-oktyabr aylarında daha əvvəl kirayədə yaşadığı mənzildən müəyyən səbəblərə görə çıxmalı olub.

    Daha sonra tanıdığı şəxslərin köməyi ilə başqa mənzil axtarmağa başlayıb. 2024-cü ilin oktyabr ayında iş üzrə təqsirləndirilən şəxsin Neftçala şəhərində yerləşən mənzilini kirayə verdiyini öyrənib. Onunla hər ay 320 manat kirayə haqqına razılaşıb, 16 oktyabr 2024-cü il tarixindən etibarən həmin mənzildə yaşamağa başlayıb. Həmin vaxt və bundan sonrakı dövrdə, yəni cari ilin iyun ayının sonunadək yuxarıda göstərilən cinayət işi, o cümlədən, haqqında cinayət təqibinin aparıldığı barədə, ümumiyyətlə, heç bir məlumatı olmayıb. Bu barədə təsadüf nəticəsində 2025-ci ilin iyun ayının sonunda məlumat alıb. Bundan dərhal sonra başqa mənzil axtarmağa başlayıb və iyul ayının 10-da təqsirləndirilən şəxsə məxsus mənzildən çıxıb başqa evə köçüb.

    Sədr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq olaraq 10-cu və 28-ci maddəsində təsbit olunmuş qanunçuluq, obyektivlik, qərəzsizlik və ədalətlilik prinsiplərini rəhbər tutduğunu, hazırkı işdə də həmin prinsipləri rəhbər tututduğunu, lakin ədalət mühakiməsini həyata keçirən hakimin öz obyektivliyinə, qərəzsizliyinə və ədalətliliyinə daxili əminliyi nə qədər vacibdirsə, onun kənardan (zahirən) obyektiv, qərəzsiz və ədalətli görünməsi, habelə yalnız qanuni qərar qəbul edəcəyinə dair ətrafdakı insanların inamı (etimadı) da bir o qədər əhəmiyyətli olduğunu bildirib.

    Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ceyhun Qədimovun özünə etirazı qəbul edilib.

    Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Neftçala Rayon Məhkəməsinin sədri Ceyhun Qədimovun özünə etdiyi etiraz təmin edilib. Cinayət işi mahiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

  • Azərbaycan və Gürcüstan Baş nazirləri görüşüb

    Türkmənbaşı şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov avqustun 5-də Gürcüstanın Baş nazirİ İrakli Kobaxidze ilə görüşüb.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
    İrakli Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
    Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

  • Ukrayna səfiri Azərbaycana təşəkkür edib

    Daha 30 ukraynalı uşaq Azərbaycana gətirilib.

    Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev bildirib.
    Onun sözlərinə görə, reabilitasiya və istirahət proqramından yararlanmaq üçün İrpen, Marqanets və Odessa bölgələrindən 30 uşaq Azərbaycana gəlib.
    Diplomat xatırladıb ki, artıq 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda bu proqramıdan faydalanıb.
    Səfir bu təşəbbüsə görə Azərbaycan rəhbərliyinə və xalqına öz minnətdarlığını bildirib.

  • 2,5 milyon manat vergi borcu olan şirkət kimindir?

    “Terminal Consulting” şirkətinin xüsusilə külli miqdarda vergi borcu var.

    Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 2 518 115,12 manat təşkil edir.
    “Terminal Consulting” şirkəti 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Əlizadə Cəfər Yaşar oğludur.

    Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

  • Avropada ən çox satılan elektrikli avtomobillər açıqlandı – CƏDVƏL

    2025-ci ilin ilk altı ayına dair Avropada elektrikli avtomobil satışları ilə bağlı statistika açıqlanıb.

    Valyuta.az xəbər verir ki, “Tesla Model Y” bütün tənqidlərə və “populyarlığını itirir” iddialarına baxmayaraq, 69.766 ədəd satışla siyahının açıq fərqlə lideri olub.

    Onu “Volkswagen ID.4” (40.946 ədəd) və “Tesla Model 3” (39.384 ədəd) izləyib. Avropada elektrikli avtomobillərə maraq 2025-ci ildə daha da artaraq, elektrik modellərinin ümumi satışlardakı payı %29-a çatıb. Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

    Siyahıda yer alan modellər aşağıdakılardır:

  • “Ventilyator” və ya kondisioner qarşısında yatmaq insanı xəstələndirirmi?

    Yay aylarının dözülməz istisində bir çox insan yatmaq üçün “ventilyator” (sərinkeş) və ya kondisionerdən istifadə edir. Bəs bu, sağlamlıq üçün nə qədər təhlükəsizdir?

    Sinə xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Hacer Kuzu Okur bu mövzuda vacib məqamlara aydınlıq gətirib.

    Ventilyator və ya kondisioner qarşısında yatmaq nəyə səbəb ola bilər?

    * Burun və boğaz quruluğu yarana bilər və bu, infeksiyalara zəmin hazırlaya bilər.
    * Filtrləri təmizlənməyən kondisionerlər allergen yayaraq allergik rinit və astma tutmalarına səbəb ola bilər.
    * Soyuq və quru hava göz quruluğu, yanma və batma hissinə yol aça bilər.
    * Xroniki tənəffüs xəstəlikləri olan şəxslərdə öskürək və nəfəs darlığı tutmalarını tətikləyə bilər.
    * Soyuq havanın əzələlərə birbaşa təsiri spazmlara, boyun və kürək ağrılarına səbəb ola bilər.

    Kondisioner və ventilyator arasında fərq nədir?

    “Ventilyator” otağın temperaturunu azaltmır, yalnız sərinlik hissi yaradır. Filtrə ehtiyac duymur və havalandırma üçün faydalıdır.

    Kondisioner isə otağın temperaturunu və rütubətini nizamlaya bilir, lakin baxım tələb edir, bahalı və hava çox quru olduqda əlavə tədbirlər tələb edir (məsələn, otağa ağzı açıq su qoymaq və ya nəmləndirici istifadə etmək).

    Yuxuda ventilyator və ya kondisioner istifadəsi hansı hallarda zərərlidir?

    * Davamlı hava axını əzələlərdə refleks kasılma yarada bilər.
    * Boyun, çiyin və bel bölgəsində ağrılar, sərtlik və hərəkət məhdudiyyəti yarana bilər.
    * Bədən karıncalanması və zəiflik müşahidə edilə bilər.
    * Yuxu zamanı əzələlər dincəlməli olduğu halda, soyuq hava bu prosesi pozur.

    “Kondisioner vurması” tibbi bir vəziyyətdirmi?

    Bəli, bu elmi olaraq tanınan bir problemdir.

    Əlamətlərə bunlar daxildir:

    * əzələ və oynaq ağrısı
    * keyləşmə
    * titrəmə
    * öskürək və nəfəs darlığı
    * mövcud xəstəliklərin şiddətlənməsi

    Üz iflici və hava axını arasında əlaqə varmı?

    Soyuq hava üz sinirində iltihaba səbəb olaraq sinir ötürülməsini poza və nəticədə üz iflici yarada bilər. Bu yalnız yuxuda deyil, gündəlik həyatda da soyuğa uzun müddət məruz qalmaqla baş verə bilər.

    Uyğun istifadə üçün tövsiyələr:

    * Təhlükəsiz temperatur: Otaq temperaturu ideal olaraq 22-24°C aralığında olmalıdır.
    * Rütubət balansı: Klimatlaşdırılmış otaqda ağzı açıq su qabı və ya islak dəsmal istifadə edin.
    * “Ventilyator”u yönəltmək: Hava axını birbaşa bədənə deyil, otağın ümumi sirkulyasiyasına yönəlməlidir.
    * Zamanlayıcıdan istifadə: “Ventilyator” və ya kondisioneri bütün gecə yox, müəyyən saatlar üçün proqramlaşdırın.
    * Pəncərə açıq saxlanıla bilər: Xüsusilə “ventilyator” istifadə edilirsə, otaqda CO₂ yığılmaması üçün açıq pəncərə və ya qapı olmalıdır.
    * Həssas qruplar üçün (körpələr, yaşlılar, immun sistemi zəif olanlar):
    * Maye qəbulu kifayət qədər olmalıdır.
    * Otaq havalandırması təmin edilməli, soyuq axının birbaşa bu insanlara yönəlməməsi vacibdir.
    * Filtr və baxım mütləq müntəzəm şəkildə aparılmalıdır.
    * Göz və tənəffüs xəstəlikləri olanlar üçün doğrudan üfləmə tövsiyə olunmur.

    Nəticə: “Ventilyator” və ya kondisioner düzgün istifadə olunmazsa, əzələ spazmı, tənəffüs pozuntusu, allergiya, hətta üz iflici kimi ciddi fəsadlara səbəb ola bilər. Bu cihazlardan istifadə edərkən mütləq ehtiyatlı olunmalı, bədənə birbaşa yönəldilməməli, və otağın temperatur-rütubət balansı düzgün tənzimlənməlidir.
    //qaynar.az

  • Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb, yaralılar var

    Qəbələdə əcnəbi turistlər qəzaya uğrayıb.

    APA xəbər verir ki, hadisə rayonun Laza kəndi istiqamətində qeydə alınıb.

    İlkin məlumata görə, əcnəbi qadınların idarə etdiyi kvadrosikl başqa bir kvadrosikllə toqquşub.

    Hadisə nəticəsində 4 nəfər ağır bədən xəsarətləri alıb.

    Təcili tibbi yardım şöbəsinə yerləşdirilən şəxslərə zəruri tibbi yardım göstərilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Şri-Lankadan İtaliyaya getmək üçün Bakıya gəldi – Həbs olundu

    Bakıdan İtaliyaya saxta pasportla uçmaq istəyən Şri-Lanka Demokratik Sosialist Respublikasının vətəndaşına hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1978-ci il təvəllüdlü Şri-Lanka vətəndaşı Mariyadasan Somsundaram barəsində Cinayət Məcəlləsinin 318.1 (sərhədi qanunsuz keçmə) və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

    İstintaqla müəyyən edilib ki, Mariyadasan Somsundaram Kolombo-Doha-Bakı marşrutu üzrə uçaraq Azərbaycana gəlib və daha sonra Bakı-Roma aviareysi ilə İtaliyaya getmək niyyətində olub. O, Heydər Əliyev Hava Limanında saxta pasport təqdim edərək dövlət sərhədindən keçib və Bakıda yerləşən otellərdən birində üç gün qalıb.

    Ardınca təqsirləndirilən şəxs yenidən Bakı-Roma reysi ilə İtaliyaya getmək üçün hava limanına gəlib və bu zaman saxta pasportdan istifadə etdiyinə görə saxlanılıb.

    Məhkəmənin hökmü ilə Mariyadasan Somsundaram 8 ay müddətinə azadlıqdan məhrum edilib.

  • “Greencard” udub ABŞ-a köçdü – Bakıya 41 min manalıq siqaret gətirdiyi üçün saxlanıldı

    “Greencard” udub ABŞ-a köçdü – Bakıya 41 min manatlıq siqaret gətirdiyi üçün saxlanıldı

    “Greencard” lotereyasında qalib gələrək ABŞ-a köçən azərbaycanlı doğum gününü qeyd etmək məqsədilə Bakıya gələn zaman 41 min manat dəyərində siqaret gətirdiyi üçün saxlanılıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, D.B. barəsində Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə açılmış cinayət işi məhkəmədə araşdırılıb.

    Məlumata əsasən, D.B. 2023-cü ildə “Greencard” lotereyasında qalib gələrək 2024-cü ilin martında ABŞ-a köçüb və orada yaşamağa başlayıb. Bu il doğum gününü Bakıda qeyd etmək məqsədilə təyyarə ilə Azərbaycana qayıdıb. O, özü ilə birlikdə 1382 qutu, ümumilikdə 41.460 manat dəyərində siqaret də gətirib. Siqaretlər ABŞ-da yaşadığı ərazidən alınıb və iki ədəd çemodana yerləşdirilib.

    D.B. Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb, barəsində cinayət işi açılıb və 1382 qutu siqaret müsadirə olunub.

    İfadəsində D.B siqaretlərin ABŞ-da xeyli ucuz olduğunu və bu səbəbdən onları Bakıya gətirməklə maddi cəhətdən qazanclı çıxacağını düşündüyünü bildirib. O, törətdiyi əməldən peşman olduğunu da qeyd edib.

    Məhkəmənin hökmü ilə D.B. tütün məmulatlarının satışı ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, bu cəza 2 il 6 ay sınaq müddəti ilə şərti hesab edilib.