Month: September 2025

  • BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq

    Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib.

    BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər.

    Bildirilib ki, Bakı Dövlət Universitetinin “Jurnalistika” və digər bəzi ixtisaslarında dərslər 4 gün keçiriləcək:

    “Ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə mövcud qaydalara uyğun olaraq, həftəlik dərs yükü 20/22 saat müəyyən edilib. Bakı Dövlət Universitetində dərs cədvəllərinin 4 və ya 5 iş gününə tərtib edilməsi qaydalara uyğundur. “Jurnalistika” ixtisası ilə eyni zamanda bəzi ixtisaslarda da 2025/26-cı tədris ilinin payız semestrində dərslər həftədə 4 iş gününə keçirilib”.

  • “Zəngəzur” mahnısı təqdim edildi (VİDEO)

    “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi Qərbi Azərbaycan mövzusunda “Zəngəzur” mahnısı ictimaiyyətə təqdim edib.

    Mahnının sözlərinin müəllifi Şahin Musaoğludur.

    Şahin Musaoğlu tədbirdəki çıxışında bildirib ki, ona gələn təklifi böyük məmnuniyyətlə qəbul edib: “Hesab edirəm ki, bu layihə Zəngəzurun mədəni-tarixi irsinin tanıdılmasında əvəzsiz rol oynayacaq”.

    Layihənin ideya müəllifi vokal ifaçısı, Əməkdar artist Ramil Qasımovdur. Musiqi əsərinin bəstəsi Əməkdar artist Vüqar Camalzadəyə məxsusdur. İfaçılar isə Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov və İlkin Dövlətovdur. İfaçıları zurnada Fəqan Rəhmanoğlu müşayiət edib. Layihədə səs rejissoru Əməkdar incəsənət xadimi Faiq Babayev, prodüser Riad Quliyev, koordinator isə Fərqanə Cabbarovadır.

    Klipin çəkilişləri Şərqi Zəngəzurun Laçın, Qubadlı və Zəngilan rayonlarında aparılıb.

  • İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş

    Naxçıvan Şəhər İcra Hakimiyyəti “mövcud işıqlandırma sisteminin istismarı ilə əlaqədar texniki baxım xidmətləri”nin satın alınması ilə bağlı tenderə yekun vurub.

    Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Parlaq Elektrik” MMC seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 543 744 manatdır.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Parlaq Elektrik” MMC 13 aprel 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Kəngərli rayonunun Xok kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Novruzov Rza Məmmədqulu oğludur.

    Açıq mənbələrdə Rza Novruzov haqqında heç bir məlumat yoxdur. “Parlaq Elektrik” MMC barəsində də heç bir məlumata rast gəlinmir. Şirkətin nə internet səhifəsi, nə də əlaqə telefonları var. Bu baxımdan, “Parlaq Elektrik” MMC-nin maddi texniki bazasının hansı səviyyədə olduğu, işin öhdəsindən gələ bilib-bilməyəcəyi məlum deyil.

    2023-cü ildə yaradılan “Parlaq Elektrik” MMC artıq 2024-cü ildə 3 tenderin qalibi seçilib. Bu tenderləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Şəhər İcra Hakimiyyəti keçirib.

  • Şənbə günü yağış yağacaq, şimşək çaxacaq

    Azərbaycanda sentyabrın 13-də havanın bəzi yerlərdə yağışlı keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-65 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq.

  • Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı – Sahil Babayevin tapşırığı…

    İdman federasiyalarının maliyyələşdirilməsi səlahiyyəti Gənclər və İdman Nazirliyinən alınıb.

    Qaynarinfo-nun məlumatına görə, bu barədə artıq idman federasiyaları müvafiq şəkildə məlumatlandırılıb.

    Məlumatda bildirilir ki, Maliyyə Nazirliyinin şifahi tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi tərəfindən idman federasiyalarının ölkədaxili və beynəlxalq idman tədbirlərində iştirakının maliyyələşdirilməsi dayandırılıb.

    Bu məqsədlər üçün bundan sonra dövlət büdcəsindən vəsaitin ayrılması və təyinatı üzrə xərclənməsi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən aparılacaq.

    Qeyd edək ki, Maliyyə Nazirliyi son günlər bir sıra dövlət qurumlarında aparılan yoxlamalarla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir.

  • Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?

    Son illərdə Azərbaycanın balıq bazarında diqqətçəkən məqamlardan biri də idxal məhsullarının yerli balıqlarla müqayisədə qiymət fərqidir.

    Rusiya və İrandan gətirilən balıqlar daha ucuz satıldığı halda, Xəzər dənizindən tutulan yerli balıqlar nisbətən baha qiymətə təklif olunur.

    Bəs qiymət fərqinin səbəbi nədir? Xəzərdə balıq ehtiyatlarının azalması, yoxsa başqa amillər?

    Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, həm Rusiya, həm də İrandan gətirilən balıqların əksəriyyəti akvakultura istehsalıdır və ovlanmış balıqlar deyil:

    “Satşa çıxarılan balıqların növlərıindən görünür ki, bunlar əsasən farel və qızılbalıqlardır. Bunlar əksəriyyəti ovlanmış balıqlar deyil, akvakultura balıqlarıdır. Yəni oradan gələnlər də eyni təsərrüfatda yetişdirilmiş balıqlardır.

    Hazırda Azərbaycanda yerli istehsalı artırmaq kimi planlar var. Bunun üçün müəyyən dövlət mexanizmləri düşünülüb. Vergidən azad olmaq, subsidiyaların verilməsi kimi dəstək proqramları reallaşacaq ki, yerli fermerlərimizin istehsal etdiyi məhsulların bazar rəqabətliliyi olsun”.

    Mərkəz direktoru əlavə dib ki, həm Rusiya, həm də İranda akvakulturada istifadə olunan xammal – yəni balıq yeminin maya dəyəri daha aşağıdır: “Çünki onların əksəriyyəti dəniz ölkələridir və xammal kimi balıq sümüyü və yağı digər isti dənizlərdən və yaxud da Rusiyanın ətrafındakı Atlantik okeanından tutulmuş böyük həcmli balıqlardan istifadə edirlər. Bu xammallar isə daha ucuzdur.

    Hazırda dövlətimiz bu sahədə müəyyən işlər görür. Balıq və digər heyvan yemləri idxalda gömrük rüsumundan azaddır. Bu da həmin məhsulları Azərbaycan fermerlər üçün əlçatan etmək məqsədi daşıyır. Azərbaycanda akvakulturanın dəstəklənməsi planlaşdırılıb ki, yerli fermerlərimizin istehsal etdiyi məhsulların bazar rəqabəti olsun”.

  • Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib

    Boccia üzrə Dünya Kubokunu BC2 kateqoriyasında dördüncü pillədə başa vuran Azərbaycan paralimpiyaçısı Sona Ağayeva 14,2 reytinq xalı qazanıb.

    Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

    O, xalını 38,2-yə çatdıraraq, Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran siyahıda 19-cu sıradan 12-ci pilləyə yüksəlib.

  • Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub

    Türkiyənin Balıkesir vilayətində meşə yanır.

    Edremit rayonunda başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb.

    Əraziyə müxtəlif texniki vasitələr, o cümlədən dörd təyyarə, beş helikopter və 140 nəfərlik şəxsi heyət cəlb olunub.

    Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir. \Report

  • Yaddaşa mənfi təsir göstərən qidalar

    Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan alimlər xəbərdarlıq ediblər ki, doymuş yağlarla zəngin zərərli qidaların yaddaş və öyrənmə qabiliyyətinə zərər verməsi mümkündür. ABŞ-ın Çapel-Hill Şimali Karolina Universitetinin apardığı araşdırmaya görə, cəmi bir neçə gün bu cür qidalarla qidalanmaq beynin yaddaşa cavabdeh hissəsi olan hipokampı poza bilər.

    “Unikal” “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqat zamanı siçanlar üzərində aparılan təcrübələr göstərib ki, zərərli qida beyindəki hüceyrələri həddindən artıq aktivləşdirir. Bu hiperaktivlik daha əvvəl demans və Alsheymer kimi xəstəliklərlə əlaqələndirilib. Səbəb isə beynin əsas enerji mənbəyi olan qlükozanı istifadə edə bilməməsidir. Tədqiqatçılar bu problemdə “PKM2” adlı zülalın da rol oynadığını aşkarlayıblar.

    Farmakologiya professoru Juan Song bildirib ki, hüceyrələrin çox qısa müddətdə fəaliyyətini dəyişməsi və bunun yaddaşa mənfi təsir göstərməsi onları təəccübləndirib.

    Araşdırma, həmçinin göstərib ki, ultra emal olunmuş qidalar, məsələn, çizburger, kartof qızartması və s. təkcə yaddaşa yox, ümumi sağlamlığa da ciddi ziyan vura bilər. Bu cür qidalar ürək xəstəlikləri, insult, xərçəng və reproduktiv problemlərlə də əlaqələndirilir.

    Bununla yanaşı, alimlər müəyyən pəhriz dəyişikliklərinin, o cümlədən aralıq orucun beyin hüceyrələrinin fəaliyyətini normallaşdıra biləcəyini müəyyən ediblər. Bu üsulun insanlar üçün də faydalı olub-olmadığını araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var.

    Alimlər hesab edirlər ki, bu cür yanaşmalar gələcəkdə demans və Alsheymer xəstəliyinin qarşısının alınmasına kömək edə bilər.

  • Ağdamda maşın aşdı, yeniyetmə öldü

    Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo”nun xəbərinə görə, rayonun Səfərli kəndi ərazisində “VAZ-21015” markalı minik maşını idarəetməni itirərək aşıb.

    Hadisə nəticəsində maşında olan sərnişin, 2011-ci il təvəllüdlü yeniyetmə həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.