Month: September 2025

  • ABŞ-də Çarli Kirkin qatili saxlanılıb – FOTO (Yenilənib)

    Yuta ştatının qubernatoru Spenser Koks amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını təsdiqləyib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, saxlanılan şəxsin adı Tayler Robinsondur.

    Məlumata görə, qətl hadisəsi ilə bağlı istintaq davam edir və cinayətdə iştirak edən bütün şəxslərin axtarışı aparılır.

    * * * * * *

    Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs, çox güman ki, həbsdədir.

    Median.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.

    “Çox ehtimal ki, o, indi həbsdədir. Son iki gün yarım ərzində çox iş görülüb. Şübhəli şəxsə çox yaxın olan biri onun barəsində məlumat verib… Ümid edirəm ki, ona ölüm cəzası təyin olunacaq”, – deyə Tramp vurğulayıb.

    Prezident əlavə edib ki, şübhəlinin əlbirlərinin olduğuna dair hələ heç bir sübut yoxdur.

    Xatırladaq ki, sentyabrın 10-da 31 yaşlı Çarli Kirk Yuta Universitetində çıxış edərkən güllələnib. Fəal aldığı yaralardan xəstəxanada dünyasını dəyişib. Kirk Donald Trampın sadiq tərəfdarı kimi tanınırdı.

  • Sökülən evlərə görə nə qədər kompensasiya verilməlidir? – AÇIQLAMA

    Paytaxtın bir çox rayonlarında – Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahıda köhnə yaşayış binalarının söküntüsü nəzərdə tutulur.

    Bu proses həm əhaliyə veriləcək kompensasiyanın həcmi, həm də ümumi mənzil bazarının qiymət dinamikası baxımından mühüm əhəmiyyət daşıyır.

    Bəs, əhaliyə ödəniləcək kompensasiya necə hesablanmalıdır?

    Əmlak məsələri üzrə ekspert Aqil Tağıyev Baku.ws-ə bildirib ki, söküntülər zamanı ilk diqqət edilən əhaliyə veriləcək kompensasiyanın miqdarıdır. Bu sahədə əksər tikinti şirkətləri ərazi üzrə real bazar qiymətini deyil, özlərinin öncədən müəyyənləşdiridiyi qiymətləri diqtə etməyə çalışırlar:

    “Sözsüz ki, bu da haqlı narazılıq yaradır. Belə ki, misal üçün “Kubinka”da, Təbriz küçəsində, “Sovetski”də 40 kv-lıq evi olan vətəndaşa kvdaratı 2000 manatdan kompensasiya təklif edilir. Pis-yaxşı bu adam şəhərin mərkəzində yaşayır. Amma bu ərazidə tikilən binada mənzilin kvadratmetr qiyməti 2500-3800 arasında dəyişir. Yəni vətəndaşın ona hesablanmış kompensasiya ilə həmin ərazidə ev alması qeyri-mümkündür.

    Həmin verilən kompensasiya onu ödəmir, həm də kvadrat uyğun gəlmir. Yeni binalarda mənzillər 70-80 kvadratdan başlayır. Bu ölçüdə mənzil üçün isə minimal 170-180 min manat lazımdır. Qısası, normal mənzil almaq üçün kompensasiya real bazar dəyərlərinə uyğun hesablanmalıdır. Hazırda Bakı üzrə orta kv.m qiymətləri təxminən belədir:

    Mərkəzi rayonlar (Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai) – 2500–3800 AZN/kv.m

    Orta mərkəz zonası (Binəqədi, Nizami) – 1800–2300 AZN/kv.m

    Kənar və yarımkənar rayonlar (Sabunçu, Suraxanı, Pirallahı) – 1100–1500 AZN/kv.m

    Məsələn, 60 kv.m-lik bir mənzilin dəyəri mərkəzdə 150–250 min AZN, orta zonada 110–140 min AZN, kənarda isə 65–90 min AZN arasında dəyişir. Üstəlik, köçmə, sənədləşmə və ilkin təmir üçün ən azı 20–30% əlavə xərc nəzərə alınmalıdır. Bu səbəbdən, vətəndaşın real şəkildə “normal ev” əldə etməsi üçün kompensasiya mənzilin faktiki bazar qiyməti + əlavə köçmə və təmir xərcləri qədər müəyyənləşdirilməlidir”.

  • DSMF-nin “əməkdaşı”ndan 12 min manatlıq dələduzluq

    Özünü Dövlət Sosial Müdafiə Fondunun (DSMF) işçisi kimi təqdim edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan S.Qurbanovaya 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı 2 gün müddət bir günə 2 hesabı ilə təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

    İş materiallarından məlum olur ki, S.Qurbanova öz qohumuna qarşı dələduzluq edib. O, qohumuna 2-ci qrup əlillik dərəcəsi düzəldəcəyini deyib. Qohumunu buna inandırma üçün özünü DSMF-nin əməkdaşı və “işlədiyi” qurumun yüksək vəzifəli şəxsləri ilə əlaqələrə malik şəxs kimi təqdim edib.

    Qohumu ona inanaraq işin düzəlməsi üçün hissə-hissə olmaqla S.Qurbanovaya 12 000 manat pul verib. Lakin sonradan aldadıldığını başa düşən zərərçəkən hüquq-mühafizə orqanlarına müraciət edib.

    S.Qurbanova saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Məhkəmı prosesi zamanı S.Qurbanova verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, qohumundan faizə pul alıb və kiməsə əlillik dərəcəsi düzəldəcəyi barədə vəd verməyib. Sadəcə bu məsələ ilə maraqlanacağını bildirib. Bununla belə, məhkəmə S.Qurbanovanı təqsirli bilib.

  • Palçıq vulkanlarına yaxın ərazilərdə yaşayan şəxslərin diqqətinə

    Palçıq vulkanları yalnız geoloji hadisə deyil, həm də yaxın ərazilərdə yaşayan insanlar üçün ciddi risk amilidir. Bu risklər həm kimyəvi, həm də bioloji baxımdan insan sağlamlığına təsir göstərə bilir.

    Məsələ ilə bağlı Baku.ws-ə açıqlama verən geoloq Əvəz Məmmədov bildirib ki, vulkan yaxınlığında yaşamaq xüsusilə intensiv püskürmələr zamanı təhlükəlidir:

    “Vulkan yaxınlığında yaşayanlar üçün risklər mövcuddur. Belə ki, intensiv püskürmə zamanı yerin altından müxtəlif qazlar və kimyəvi maddələr çıxır. Bu maddələr havaya yayıldıqda insan orqanizmi üçün zərərli ola bilər. Eyni zamanda, vulkanın püskürdüyü palçıq bioloji mühitə də mənfi təsir göstərir”.

    Geoloqun sözlərinə görə, hazırda dünyada 800-dən çox palçıq vulkanı mövcuddur və onların təxminən 300-ü Azərbaycanın payına düşür: “Bu vulkanların bir qismi Xəzər dənizində, bir qismi isə yaşayış məntəqələrindən uzaq ərazilərdə yerləşir. Lakin bütün vulkanlarda davamlı müşahidə aparılmır. Hazırda yalnız bir vulkan ərazisində qeydiyyat və monitorinq aparmaq üçün xüsusi qurğu quraşdırılıb. Mən əminəm ki, bu addım yaxın gələcəkdə konkret nəticələr verəcək və püskürmələrin müəyyən qədər proqnozlaşdırılmasına imkan yaradacaq”.

    Mütəxəssis əlavə edib ki, palçıq vulkanlarının fəaliyyətinin izlənməsi həm insanların təhlükəsizliyi, həm də təbiət hadisələrinin daha yaxşı öyrənilməsi baxımından vacibdir.

  • Bakının hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

    4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    5. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    10. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    11. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    12. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    13. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    14. Sabunçu-Zabrat şosesi, Zabrat qəsəbəsi istiqamətində;

    15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

    16. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.

  • Bakıda 2 uşaq küçədə gecələdi – Video (Yenilənib)

    Xətai rayonunda “Həzi Aslanov” metrostansiyası yaxınlığında iki uşaq küçədə gecələyib.

    Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Nazirliyin Mətbuat xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, “Həzi Aslanov” metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

    “Tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir”, – rəsmi məlumatda vurğulanıb.

    * * * * *

    “Həzi Aslanov” metrostansiyası yaxınlığında küçədə qaldığı müəyyənləşən digər 14 yaşlı uşaq da polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
    //qafqazinfo

  • “Nurlan” kafesində nöqsanlar aşkarlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şamaxı şəhərinin Şəhriyar qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kavus Lələ oğlu Şiralıyevə məxsus “Nurlan” kafesində yoxlama aparıblar.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı kafedə texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

    Müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, divar səthlərinin təmirsiz olduğu və asan yuyulabilən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, işçi masaların gigiyenik səthə malik olmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

    Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

  • Xalq artisti PALATAYA KÖÇÜRÜLDÜ

    “Xalq artisti Sərdar Fərəcov Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinə köçürülüb, hazırda palata şəraitində müalicəsi davam etdirilir”.

    Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.

    “Qeyd edək ki, kəskin miokard infarktı, mədə-bağırsaq qanaması və kəskin ürək çatışmazlığı diaqnozları təyin olunan Xalq artistinin vəziyyəti hazırda orta ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilib.

  • Buraxılış və Azərbaycan dili imtahanının nəticələri açıqlandı

    DİM 7 sentyabr 2025-ci il tarixində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirib.

    Median.Az xəbər verir ki, imtahanda iştirak edən şagirdlər bu linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

    Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.

    Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 15 sentyabr saat 10:00-dan 16 sentyabr saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

  • İtkin şəhid Vəkil Qayıbov dəfn edilib

    Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Vəkil Möylan oğlu Qayıbov Qəbələ rayonunun Qəmərvan kəndindəki qəbiristanlıqda dəfn olunub.

    Əvvəlcə şəhidin ata yurdunda vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, dualar oxunub. Sonra itkin şəhid torpağa tapşırılıb. Dəfn zamanı Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

    Dəfn mərasimində şəhidin ailə üzvləri, qazilər, kənd sakinləri, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Qeyd edək ki, Vəkil Qayıbov 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.