Month: September 2025

  • Fransada etirazlar: 400-dən çox insan saxlanıldı

    Fransada ölkə üzrə keçirilən etiraz aksiyaları zamanı 473 nəfər saxlanılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili işlər nazirliyi məlumat yayıb.

    Saxlanmalar çərşənbə günü səhər saatlarından etibarən Fransanın müxtəlif regionlarında həyata keçirilib. Etirazlarda iştirak edənlərin dəqiq sayı açıqlanmayıb.

    8 sentyabr tarixində Fransa Baş naziri Fransua Bayru hökuməti deputatların ona etimadsızlıq göstərməsindən sonra istefa verib.

    Eyni zamanda, Parisdə etirazçılar küçələri bağlayır və kütləvi hərəkət olan “Hamını blok edək” çərçivəsində atəşlər yandırırlar. Bu aksiyalar hökumətin sərt iqtisadi tədbirlərinə etiraz olaraq keçirilir.

    Etirazlarda təxminən 100 min nəfər iştirak edir. Vətəndaşların narazılığına səbəb 2026-cı ilin dövlət büdcəsi layihəsi olub. Hökumət planlaşdırırdı ki, əvvəlcədən nəzərdə tutulan €40 mlrd əvəzinə €43,8 mlrd qənaət etsin. Layihəyə görə, pensiya və sosial müavinətlər indekslənməyəcək, heç bir nazirliyin büdcəsi artırılmayacaq, yalnız Müdafiə Nazirliyinin büdcəsi artırılacaq.

  • Bakının bu rayonlarında qaz olmayacaq

    Xətai və Nərimanov rayonlarınin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.  

    Bu barədə Azəriqaz” İB-dən bildirilib.  

    “Qum adası-Qazanlar” yüksək təzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi, Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində isə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşməsi məqsədilə 11.09.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək “Əhmədli” QPS-də və “Əbilov” ölçü qovşağında qaz təchizatı dayandırılacaq.  

    Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov, Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani, Aşıq Qurbanı küçələrinin və Nərimanov rayonu, Xətai prospektinin, Ə.Dəmirçizadə, Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Maşınlar toqquşub körpüdən aşdı

    Tovuzda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun üzərində yerləşən körpüdə baş verib.

    İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Toqquşmadan sonra avtomobillər körpüdən dərəyə aşıb.

    Qəza nəticəsində iki nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

  • Bakıda məşhur uşaq bağçasından ŞOK GÖRÜNTÜLƏR yayıldı

    Bakıda uşaq bağçasında tərbiyəçinin azyaşlı ilə kobud rəftarını əks etdirən görüntülər yayılıb.

    Median.Az xəbər verir ki, bu barədə görüntülər İqtisadiyyat.az-ın redaksiyasına göndərilib.

    Belə ki, vətəndaş hadisənin “Predu” uşaq bağçasının paytaxtın Xətai rayonundakı Həzi Aslanov filialında baş verdiyini qeyd edib.

    O bildirib ki, uşaq bağçasına aylıq 1 144 manat ödəniş etdiyi halda övladına göstərilən xidmətdən narazıdır.

    “Söhbət mənim 3 yaşlı övladımdan gedir, axı azyaşlı uşağa necə şiddət göstərmək olar?” ,- deyə adını açıqlamaq istəməyən valideyn bildirib.

    Məsələ ilə bağlı “Predu” uşaq bağçasından bildirilib ki, kadrlarda əks olunan uşaq aprel ayında bağçaya qəbul olunub:

    “Bağçaya başlarkən valideynləri uşaqdakı mövcud problemlər haqqında məlumat verməyib. Ancaq uşaq nevropatoloq nəzarətində olan, dərman qəbul edən və ümumi inkişaf ləngiməsi diaqnozludur. Uşaq psixoloq və loqoped dəstəyi alırdı. Qrupda uşaqlara qarşı aqressiv davranışları artdığı üçün valideynlərinə onun qrupdan kənarlaşdırılması təklif edilib. Ancaq ailə bunu qəbul etməyib, bağçaya qarşı təhdidkar ifadələr işlədib.

    Valideynin qeyd etdiyi ödəniş miqdarı da reallığı əks etdirmir. Görüntülərin əvvəlində kadrları kəsildiyi və sürətləndirildiyi üçün bu şəkildə kobud görünür. Ancaq bağçamızda hər hansısa uşağa qarşı kobudluq halı olmayıb. Müşahidə kameralarımız 7/24 aktivdir”.

    Həmin görüntüləri təqdim edirik:

  • Zəngilanın iki yaşayış məntəqəsinə yeni elektrik xətti çəkiləcək

    Zəngilan rayonu Alıbəyli və Zəngilan yaşayış məntəqələrinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə 35 kV-luq yeni elektrik veriliş xəttinin çəkilməsi üçün tender elan edilib.

    Atınalma prosesini “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir.

    Tenderin ehtimal olunan qiyməti 810 min AZN təşkil edir.

    Layihənin həyata keçirilməsi nəticəsində Alıbəyli və Zəngilan məntəqələrinin xarici elektrik təchizatı gücləndiriləcək, əhali və müəssisələr üçün etibarlı və fasiləsiz enerji təminatı təmin olunacaq. Bu isə bölgədə sosial və iqtisadi inkişafın sürətlənməsinə imkan yaradacaq.

  • Rüfət Əhmədov “Qəbələ”də

    “Qəbələ” Akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.

    22 yaşlı sol cinah müdafiəçisi “Turan Tovuz”dan icarəyə götürülüb.

    O, mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq. Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.

    Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

  • Ermənistan Azərbaycanla sərhəddə “ağıllı pasport” sistemi tətbiq edəcək

    “Ermənistanın öz ərazisindəki suverenliyi və yurisdiksiyası milliyyətindən və vətəndaşlığından asılı olmayaraq hər kəsə şamil edilir”.

    Bunu baş nazir erməni Nikol Paşinyan parlamentdə hökumət saatında Ermənistan blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.

    Deputat kommunikasiyaların açılması halında Azərbaycan vətəndaşlarının Ermənistana girişinin necə tənzimlənəcəyini soruşub. Xüsusilə, “Azərbaycan vətəndaşlarının pasportları yoxlanılacaqmı, Ermənistan ərazisində cinayət törətdikləri təqdirdə saxlanılıb mühakimə olunacaqmı” sualına Paşinyan cavab verib ki, Ermənistanın yurisdiksiyası istənilən vətəndaşlıq və milliyyətdən olan insanlara eyni dərəcədə şamil edilən dövlət prinsipidir.

    Eyni zamanda, Ermənistan sərhəd-keçid məntəqələrinin yoxlanılması üçün insan müdaxiləsi olmadan normal rejimdə pasport nəzarətinin oxunma cihazlarından istifadə edilməsini nəzərdə tutan müasir texnologiya və mexanizmləri tətbiq etməyə çalışır. Paşinyan bildirib ki, sərhədçilər yalnız şübhəli şəxslər müəyyən edildikdə müdaxilə edirlər.

    Hökumət bu cür texnologiyalardan ölkənin bütün sərhədlərində – Gürcüstan, İran, Türkiyə, Azərbaycan və hava limanlarında istifadə etmək niyyətindədir.

  • Rusiya Müdafiə Nazirliyi Polşaya hücum iddialarını təkzib etdi

    “Rusiya qoşunlarının Polşa ərazisindəki obyektlərə zərbə endirmək planı olmayıb”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

    Qeyd olunub ki, Polşa ilə sərhədi keçdiyi iddia edilən PUA-ların (pilotsuz uçuş aparatlarının) maksimal uçuş məsafəsi 700 kilometrdən çox deyil.

    Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, bu məsələ ilə bağlı Polşa Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmağa hazırdır.

    Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın hərbi-sənaye kompleksinə zərbələr endirdiyi açıqlanıb. Zərbələrin İvano-Frankovsk, Xmelnitski, Jitomir vilayətlərində, həmçinin Vinnitsa və Lvov şəhərlərindəki müəssisələrə endirildiyi bildirilib.

  • Naxçıvan şəhərində ekoloji monitorinq keçirilib

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində ekoloji monitorinq keçirilib.

    Monitorinq çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy, eyni zamanda vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb. 8 fərqli məntəqədə aparılan monitorinqin nəticəsinə əsasən göstəricilər norma daxilində olub.

    Keçirilən monitorinqlərin məqsədi ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii amillərin və antropogen təsirlərin ekoloji tarazlığa olan mümkün təsirlərinin müəyyənləşdirilməsidir.

    Qeyd edək ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında mütəmadi aparılan ekoloji monitorinqlər regionda ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.

  • Gəncədə nərdivandan yıxılan 45 yaşlı kişi öldü

    Gəncədə nərdivandan yıxılan 45 yaşlı kişi ölüb.

    “Unikal”ın məlumatına görə, hadisə şəhərin Avtozavod qəsəbəsi ərazisində baş verib.

    1980-ci il təvəllüdlü Z.Hüseynov həyətində işləyən zaman nərdivandan yıxılıb. 45 yaşlı kişi hadisə yerində ölüb. Məlumata görə, Z.Hüseynov ehtiyatsızlıqdan yıxılaraq ölüb.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.