Month: September 2025

  • Aprel döyüşləri ilə bağlı sənədlər elan olundu – MƏHKƏMƏ

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 26-da davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
    Məhkəmə iclasının əvvəlində sədrlik edən Z.Ağayev Azərbaycan və rus dillərində təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişin təqsirləndirilən şəxs David Babayana təqdim edilməsi üçün göstəriş verib və sənəd D.Babayana çatdırılıb (ötən prosesdə D.Babayan bu sənədin Azərbaycan və rus dillərində ona təqdim olunmasını xahiş etmişdi).
    Daha sonra məhkəmə prosesi iş üzrə sənədlərin elan olunması ilə davam etdirilib.
    Məhkəmədə Azərbaycan Respublikasının Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun, habelə Abdullayev Əhməd Hüseynağa oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və Əhmədov Fərid Güloğlan oğlunun (“İgidliyə görə” medalı ilə təltif edilib – red.) və digər şəxslərin öldürülməsi faktları ilə bağlı sənədlər elan olunub.
    Bundan başqa, Bayramov Pərviz Əlimahir oğlunun öldürülməsi, Rəşidov Səxavət Məmməd oğlunun, İbrahimov Aqil Vahid oğlunun, Məmmədov Tural Ağabala oğlunun, Əliyev Şamil Əlvan oğlunun, Əliyeva Ruqiyyə Rüstəm qızının xəsarət alması ilə bağlı sənədlər elan edilib.
    Təqsirləndirilən şəxs Davit İşxanyan məhkəməyə müraciət edərək fasilə vaxtı öz vəkili ilə konfidensial qaydada görüşə icazə verilməsini xahiş edib. Sədrlik edən D.İşxanyanın vəsatətini təmin edib və ona fasilə vaxtı müdafiəçisi ilə konfidensial görüş keçirə biləcəyini deyib.
    Ardınca cinayət işi üzrə digər sənədlər elan olunub.
    Bundan başqa, Şahkərəmov Ağadadaş Şahkərəm oğlunun, Ağayev Ruslan Qabil oğlunun öldürülməsi, 2015-ci il iyulun 22-də N saylı hərbi hissənin hərbi qulluqçularının xəsarət almaları, Əliyeva Müşgünaz Əsgər qızının, Əhmədova Mədinə Əsgər qızının və Əliyeva Zəhra Samir qızının xəsarət almaları, Məmmədov Anar Yaşar oğlunun və Əhmədov Fuad Şaməddin oğlunun mina partlayışı nəticəsinə xəsarətlər almaları, habelə digər faktlar üzrə sənədlər elan olunub.

    Daha sonra 2016-cı ilin aprel ayında baş vermiş hadisələrlə (Aprel döyüşləri – red.) bağlı sənədlərin bir hissəsi elan edilib. Elan olunan sənədlərdən biri N saylı hərbi hissənin hərbi qulluqçularının 2016-cı il aprelin 2-də Tərtər-Ağdam rayonları ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış atəşlə öldürülmələri və xəsarət yetirilmələri faktları ilə bağlı olub. Sənədə əsasən, Ermənistan silahlı qüvvələri Ağdərə, Tərtər-Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı və artilleriya silahlarından intensiv atəşə tutması nəticəsində ölənlər və xəsarət alanlar olub.

    Sənədlərlə eyni vaxtda, habelə bir sıra fotoşəkillər nümayiş etdirilib.
    Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.
    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Oktyabr çağırışı üzrə xidmət yerləri açıqlandı

    Oktyabrda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar xidmət yerləri barədə məlumatlandırılıblar.

    Çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytındakı müvafiq bölməyə daxil olaraq xidmət edəcəkləri hərbi-hissələri öyrənə bilərlər.
    Bundan əlavə, mobil telefondan şəxsiyyət vəsiqəsinin nömrəsini (yeni nəsil vəsiqələrdə isə seriya və nömrəni birləşdirilmiş şəkildə) 9100 nömrəsinə SMS vasitəsilə göndərməklə də xidmət yerini bilmək mümkündür.

  • Adnan Əhmədzadənin BƏƏ-dəki aktivləri Yusif Məmmədova keçdi (FOTOLAR)

    SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin həbsindən sonra onun Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Oilmar Shipping and Chartering DMCC” şirkətinin bütün səhmləri şirkətin baş direktoru Yusif Məmmədov tərəfindən alınıb.

    Median.Az xəbər verir ki, bu haqda “Haqqın.az” məlumat yayıb.

    Məlumata görə, Sinqapurun bunker nəşri olan “Manifold Times” yazır ki, “Oilmar”ın sahibi ilə bağlı “hadisələr” (azərbaycanlı oliqarxın həbsi nəzərdə tutulur – red.) səhmlərin geri alınması prosesini işə salır.

    Qəzet bildirir ki, “Oilmar Shipping and Chartering” son benefisiar sahibinin adını açıqlamasa da, şirkət rəhbərliyin artıq bütün səhmləri almağa başladığını və satın alma prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılacağını bildirib. Sentyabrın 24-də sosial mediada dərc edilən şirkətin bəyanatında bildirilirdi ki, səhm alışı onun son benefisiar sahibi ilə bağlı hadisələr və mediada dərc olunan xəbərlərlə bağlıdır.

    Nəşr şirkət rəhbərliyinin bütün səhmləri almağa başladığını və alış prosesinin yaxın bir neçə gün ərzində başa çatdırılmasının gözlənildiyini açıqlayıb.

    “Bu hallara cavab olaraq və səhmdarlarımızın mənafeyini qorumaq üçün şirkət rəhbərliyi artıq Oilmar Shipping and Chartering DMCC-nin bütün səhmlərinin alınması prosesinə başlayıb”, – deyə şirkətin baş direktoru Yusif Məmmədov bildirib.

    “Satınalma prosesi artıq yaxşı gedir və yaxın bir neçə gün ərzində tamamlanacağı gözlənilir. Bu strateji addım bizim əməliyyat davamlılığımızı təmin etmək və biznesimizi istintaq zamanı mümkün pozulmalardan qorumaq məqsədi daşıyır”, – Məmmədov əlavə edib.

    Qeyd olunur ki, Dubayda yerləşən “Oilmar Shipping and Chartering DMCC” dəniz yanacağı və neft məhsullarının satışı üzrə ixtisaslaşıb.

    Şirkət 2015-ci ilin noyabrında yaradılıb və dünyanın 60-dan çox ölkəsində xidmət göstərir. 2022-ci ildə “Oilmar” komandası ilk dəfə olaraq 1 milyard ABŞ dollarını keçən ümumi gəlir əldə edib.

  • “Neftçi”dən yeni transfer

    “Neftçi” növbəti transferini rəsmiləşdirib.

    Nigeriyalı futbolçu İfeanyi Metyu “ağ-qaralar”la anlaşıb

    28 yaşlı yarımmüdafiəçi ilə “1+1” illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, sonuncu klubu “Sürix” (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Metyu Norveç Kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

  • Şahbaz Şərif Azərbaycana təşəkkür etdi

    Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsinə diplomatik dəstəyinə görə Azərbaycana təşəkkür edib.

    Bu barədə o, BMT Baş Assambleyasında çıxışı zamanı deyib. O, Azərbaycanla yanaşı Çinə, Türkiyəyə, Səudiyyə Ərəbistanına, Qətərə, İrana, BƏƏ-yə və BMT-nin Baş katibinə təşəkkürünü ifadə edib.

    “Biz müharibədə qalib gəldik və indi biz öz bölgəmizdə sülh axtarışındayıq”, – deyə Pakistanın Baş naziri bildirib.

  • Netanyahu tribunaya çıxdı, insanlar zalı tərk etdilər (VİDEO)

    İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edib.

    Netanyahu çıxışa başlayarkən bir çox ölkədən nümayəndələr zalı tərk edib.

    Görüntülər dünya mediasında gündəm yaradıb.

  • “İmişli” “Zirə” ilə heç-heçə edib

    Misli Premyer Liqasının VI turunda “İmişli” “Zirə” ilə heç-heçə edib.

    Quba Olimpiya İdman Kompleksindəki turun açılış matçında tərəflər hərəyə bir dəfə fərqləniblər.

    “İmişli”dən Dioqo Rollo (26) paytaxt təmsilçisindən isə David Volkov (80) adını tabloya yazdırıb.

    “Zirə”nin 12, bölgə kollektivinin isə 8 xalı var.

    Qeyd edək ki, günün ikinci matçında “Qarabağ” “Qəbələ” ilə üz-üzə gələcək. Görüş “Azərsun Arena”da, saat 19:00-da başlayacaq.

  • Bakıda ev yandı – Tüstüdən zəhərlənən var

    Bakıda 2 otaqlı ev yanıb, bir nəfər tüstüdən zəhərlənib.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

    Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 67 yaşlı qadın küçədə ölü tapıldı

    Şəmkirdə küçədə meyit aşkarlanıb.

    Hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1958-ci il təvəllüdlü X.Məmmədovanın meyiti küçədən tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Daxili İşlər Nazirliyində Anım Gününə həsr olunmuş tədbir keçirildi – VİDEO

    Daxili İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş mərasim keçirilib.

    Tədbirdə Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.

    Əvvəlcə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

    Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində yüksək peşəkarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərini vurğulayıb.

    Nazir müavini bu gün işğaldan azad olunan ərazilərdə ictimai təhlükəsizliyin təmin olunması, Böyük Qayıdışın daha tez reallaşması üçün Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla vurğulayıb.

    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Komandanının müavini – Şəxsi Heyət üzrə İdarənin rəisi general-mayor İnqilab Muradov Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının keçdiyi şərəfli döyüş yolundan danışıb.

    Daha sonra çıxış edənlər ölkə başçısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımızın və polis əməkdaşlarının bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səylərini bundan sonra da əsirgəməyəcəklərini vurğulayıblar.

    Tədbirin sonunda Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlıqlarını özündə əks etdirən sənədli film nümayiş olunub.