Month: September 2025

  • “Peyğəmbərəm” dedi, qətl törətdi, imicini dəyişib dörd il polisdən gizləndi: Emin Ramazanov hakim qarşısına çıxarılır

    Emin Ramazanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə və yandırmaqla külli miqdarda ziyan vurub qəsdən əmlakı məhv etməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanıb.

    Bu barədə Abşeron Rayon Prokurorluğunun məlumatında qeyd olunub.

    Bildirilib ki, istintaqla 2021-ci il iyulun 9-da Emin Ramazanovun atası Cahangir Ramazanlı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Qobu qəsəbəsi ərazisində fərdi yaşayış evlərindən birində qisas məqsədilə Ülfət Höccətova bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsi, daha sonra sonuncunun meyitinin üzərinə, evin otağı və dəhlizinə dizel yanacağı töküb yandırmaqla zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurub əmlakı qəsdən məhv etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında 2022-ci il mayın 21-də Cahangir Ramazanlıya Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Həmin cinayət işindən ayrıca icraata ayrılmış iş üzrə Emin Ramazanov Cinayət Məcəlləsinin 120.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində cari il mayın 20-də axtarışda olan təqsirləndirilən şəxs Emin Ramazanov tutularaq istintaqa cəlb edilib.

    Emin Ramazanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xüsusi amansızlıqla qəsdən adam öldürmə), 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə yekun ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, Emin Ramazanov daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü “baş redaktor” kimi təqdim edib. Daha sonra o, özünü “peyğəmbər” elan edib, onkoloji xəstələri üç saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. Qətl hadisəsi Eminin arvadı olan Şəms Höccətovanın birinci həyat yoldaşından qisas alınması planı vaxtı yanlışlıqla törədilib. Belə ki, Emin və atası Şəmsin keçmiş əri Ceyhunun evdə olduğunu düşünərək mənzilə basqın ediblər. Lakin evdə Ceyhun yox, kiçik qardaşı Ülfət olub və onlar gənci qətlə yetirərək evə od vurublar. Bu hadisəyə görə Eminin atası Cahangir Ramazanova 19 il həbs cəzası verilib. Emin isə imicini dəyişərək özünü tanınmaz hala salıb və dörd il müddətində hüquq mühafizə orqanlarından gizlənə bilib.

  • 195 nəfər şəhid və qazi övladı ali təhsil müəssisəsinə qəbul olub

    Bu il qəbul imtahanlarında 195 nəfər şəhid və qazi övladı ali təhsil müəssisəsinə qəbul olub.

    Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış “Peşə seçimi” alətinin təqdimat mərasimində çıxış edərkən deyib.

    Onun sözlərinə görə, onlardan 49 nəfəri 500 baldan, 9 nəfəri isə 600 baldan yüksək nəticə əldə ediblər.

    M.Abbaszadə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qazanılan parlaq qələbədən bəhs edib.

    Sədr həmçinin ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının, şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim yad edildiyini vurğulayıb, şəhidlərin ailə üzvlərinin və qazilərimizin həmişə dövlətin diqqət və qayğısı altında olduğunu qeyd edib.

  • Macarıstan “Antifa”nı terror təşkilatı elan etdi

    Macarıstan hökuməti “Antifa” hərəkatını terror təşkilatı elan edib.

    Median.Az “Radio Kossuth” xəbər verir ki, bu barədə Baş nazir Viktor Orban bəyan edib.

    “Antifa” və ona bağlı təşkilatlar terror təşkilatlarıdır. Onlar indi cinayət törətməsələr də, əvvəlcədən onlara qarşı tədbirlər görülməlidir”, – deyə o bildirib.

    Orban ölkə hakimiyyətinin terror təşkilatlarının milli siyahısını tərtib edəcəyini açıqlayıb.

    Keçən həftə Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa məktub göndərərək, “Antifa”nın üzvlərini terrorçu kimi tanımağa çağırıb.

    Xatırladaq ki, sentyabrın 19-da Niderland parlamentinin aşağı palatası “Antifa”nın terror təşkilatı kimi tanınması barədə qətnaməni təsdiqləyib. Məlumata görə, zorakı solçu radikal fəallara aid olan qətnaməni bir neçə siyasi partiya dəstəkləyib.

  • İlham İsmayıl sərbəst buraxıldı

    Dələduzluqda təqsirləndirilərək saxlanılan ekspert İlham İsmayıl sərbəst buraxılıb.

    Oxu.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində İ.İsmayılla bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Məhkəmənin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, İlham İsmayıl Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. O, dələduzluqda ittiham edilir.

    İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

  • Bakıda torpaq sahələri 20 faiz bahalaşdı

    Bakıda torpaq bazarında aktivlik yüksəlib.

    Median.Az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib.

    Onun sözlərinə görə, şəhər mərkəzinə və inkişaf edən rayonlara yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat çoxalıb.

    G.İsmayılqızı bildirib ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb:

    “Ümumilikdə, fərdi yaşayış evləri və torpaq bazarında qiymət artımı və yüksək aktivlik bazarın sabitliyini və davamlı inkişafını göstərir. Həm yeni, həm də köhnə tikililər üzrə tələbatın davam etməsi alıcı marağının geniş spektrdə olduğunu göstərir”.

  • Özbəkistan paytaxtında Azərbaycan və İranın baş prokurorları arasında görüş baş tutub

    Özbəkistan paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin baş prokurorlarının VI Sammiti çərçivəsində Azərbaycanın baş prokuroru Kamran Əliyev iranlı həmkarı Məhəmməd Mövəhhədi ilə görüşüb.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

    Məlumata görə, tərəflər məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Əsas mövzulardan biri iki ölkə arasında məhbusların qarşılıqlı mübadiləsinə dair memorandumun imzalanması olub.

    Baş prokurorlar bu sənədin hazırlanması və imzalanması üçün lazımi addımların atılması ilə bağlı razılığa gəliblər.

    Bundan əlavə, Mövəhhədinin təklifi ilə iki ölkənin ədliyyə orqanları arasında qarşılıqlı hüquqi və məhkəmə məlumatlarının mübadiləsinə dair iki illik memorandum layihəsinin hazırlanması və gələcək görüşlərdə imzalanması qərara alınıb.

  • Пресс-служба Президента Азербайджана опубликовала кадры c 80-й сессии Генассамблеи ООН – Видео

    Пресс-служба Президента Азербайджана Ильхама Алиева опубликовала на официальных страницах в социальных сетях кадры с 80-й сессии Генеральной ассамблеи Организации Объединенных Наций (ООН) в Нью-Йорке, в которой глава государства принимает участие.

  • Prezidentin Mətbuat Xidməti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib – Video

    Prezidentin Mətbuat Xidməti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Zərdabda qadın körpəsini avtomobildə dünyaya gətirdi – VİDEO

    Zərdab rayonunda qadın xəstəxanaya çatdırılana kimi körpəsini avtomobildə dünyaya gətirib.

    Bu barədə sosial şəbəkə görüntülər yayılıb.

    Həmin anların görüntülərini təqdim edirik:

  • Bakıda qardaşı arvadını barda tutan kişi CƏRİMƏLƏNDİ

    Bakıda polisin qanuni tələbinə məhəl qoymayan şəxs həbs olunub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, T.Əlibəyov küçəsində qeydə alınıb.

    39 yaşlı Mahir Qurbanov (adı və soyadı şərtidir) rayon ərazisində fəaliyyət göstərən gecə klublarının birində (barda) həbsdə olan qardaşının arvadını görüb. Bu zaman hiddətlənərək, ona xəsarət yetirib. Daha sonra özü polisə zəng edərək məlumat verib.

    Hadisə yerinə gələn Səbail Rayon Polis İdarəsi 9-cu Polis Şöbəsinin əməkdaşları onu bölməyə aparıblar. Lakin Mahir Qurbanov saxlanılarkən polisə tabe olmayaraq, ictimai asayişi pozub.

    Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə protokol tərtib olunub.

    Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə Mahir Qurbanov barəsində 150 manat məbləğində cərimə təyin olunub.

    Lakin onun qardaşı arvadına xəsarət yetirməsinə görə isə cinayət işi açılaraq, ayrıca istintaq aparılır.