Month: September 2025

  • Pankreas xərçəngi ilə ağız mikrobları arasında əlaqə aşkarlandı

    Ağızda yaşayan bəzi bakteriya və göbələklər ən ölümcül xərçənglərdən biri olan pankreas xərçəngi ilə əlaqəli ola bilər.

    Bu alimlərin arışdırması nəticəsində məlum olub.

    Araşdırmanın nəticəsi göstərir ki, müntəzəm diş fırçalama və diş ipindən istifadə yalnız dişləri qorumaqla kifayətlənmir, eyni zamanda xərçəng riskini azalda bilər.

    Nyu-York Universitetinin epidemioloqu Riçard Heys və komandası 50–70 yaş arası 300 mindən çox insanın tibbi qeydlərini və ağız yaxalama nümunələrini təhlil edib. Araşdırmada 27 fərqli mikroorqanizmin müəyyən kombinasiyalarının pankreas xərçəngi riskini üç dəfə artırdığı müəyyən olunub.

    Xüsusilə üç bakteriya növü (Porphyromonas gingivalis, Eubacterium nodatum, Parvimonas micra) və bir göbələk növü (Candida tropicalis) yüksək risklə əlaqələndirilib. Bəzi bakteriya və göbələk növlərinin isə xərçəng riskini azaltdığı aşkar edilib.

    Tədqiqatçılar hesab edirlər ki, bu mikroblar tüpürcək vasitəsilə həzm sisteminə daxil olaraq pankreasa çata bilər. Lakin bu prosesin birbaşa xərçəngə səbəb olub-olmadığı hələ təsdiqlənməyib. Heys müşahidə olunan nümunələrin daha dərindən araşdırılmalı olduğunu vurğulayıb.

    Araşdırmada 445 pankreas xərçəngi xəstəsi və eyni sayda sağlam insan müqayisə olunub.

    Nəticələr göstərib ki, müəyyən bakteriya və göbələk düzülüşləri xəstəliklə güclü şəkildə əlaqəlidir.

    Pankreas xərçəngində beşillik sağ qalma göstəricisi yalnız 13 faizdir. Xəstəlik adətən gec aşkarlandığı üçün ölüm riski çox yüksəkdir.

    Mütəxəssislər ağız mikrobiomunun öyrənilməsinin erkən mərhələdə diaqnostikada faydalı ola biləcəyini bildirirlər.

    Nyu-York Universitetinin daha bir araşdırmaçısı Ciyoung Ahn deyib ki, ağızdakı bakteriya və göbələk müxtəlifliyini araşdıraraq, pankreas xərçənginə yoluxmanı erkən mərhələdə aşkar eləmək olar.

    Araşdırmanın nəticələri JAMA jurnalında dərc olunub.

  • Azyaşlının bağırsağından maqnit və batareya çıxarıldı

    Kliniki Tibbi Mərkəzdə (KTM) 9 yaşlı uşağın bağırsağından maqnitlər və batareya çıxarılıb.

    KTM-dən verilən məlumata görə, sentyabrın 11-də azyaşlı qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, qusma və bədən hərarətinin yüksəlməsi şikayətləri ilə KTM-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

    Valideynlə aparılan söhbət zamanı məlum olub ki, uşaq autizm spektr pozuntusundan əziyyət çəkir və yad cism udmağa meyillidir. Aparılan rentgenoloji müayinədə qarın boşluğunun proyeksiyasında bir nöqtədə cəmlənmiş çoxsaylı rentgenokontrast yad cisimlər aşkarlanıb və cərrahi əməliyyat qərarı verilib.

    Uşaq qarın boşluğunun təftişi (bağırsaq ilgəklərində çoxsaylı perforasiya-deşilmə aşkarlanıb), bağırsağın iki hissədən rezeksiyası və anastomazların qoyulması (bağırsaqların uc-uca tikilməsi) əməliyyatı icra olunub.

    Vəziyyəti qənaətbəxş qiymətləndirilən uşaq ambulator müalicə üçün evə buraxılıb.

  • Bu şəxslərə yeni mənzillər veriləcək

    Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir.

    Azərbaycan dövləti bu kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi olaraq, mərhələli şəkildə davam etdirilir. Bu diqqət və qayğının nəticəsi olaraq, indiyədək xeyli sayda ailə yeni mənzillərlə təmin olunub.

    Qeyd edilən istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Gəncə şəhərində və Ağdaş rayonunda da bu kateqoriyaya aid olanlara yeni mənzillər veriləcək.

    Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzilin, Ağdaş rayonunda isə 20 ədəd ikiotaqlı və 27 ədəd üçotaqlı mənzilin verilməsi ilə bağlı hazırlıqlara başlayıb.

    Qurum həmin ailələrə verilməsi üçün sözügedən mənzillərin satınalınmasına isə 6,5 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
    //İqtisadiyyat.az

  • Qırğızıstan parlamenti özünü buraxdı

    Bu gün keçirilən iclasda deputatlar Qırğızıstan Respublikası Joqorku Keneşinin (parlamentin) VII çağırışının özünü buraxması haqqında qərar layihəsini qəbul ediblər.

    APA xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

    Deputat Ulan Primov bu təşəbbüsün seçki qanunvericiliyində dəyişikliklərlə bağlı olduğunu bildirib.

    “Prezident və parlament seçkiləri arasında çox qısa zaman fərqi var. Buna görə də ölkədə siyasi sistemi və sabitliyi möhkəmləndirmək məqsədilə təşəbbüs qrupu parlamentə səlahiyyətlərini könüllü olaraq dayandırmağı təklif edib”.

    Səsvermədə iştirak edən 89 deputatdan 84-ü bu qərarı dəstəkləyib.

  • Süni intellekt sərmayələri doğrultmaq üçün ildə 2 trilyon dollar gəlir gətirməlidir – HESABAT

    Beynəlxalq konsaltinq şirkəti “Bain & Company” süni intellekt sahəsində hazırkı bumun davamlılığını şübhə altına alan yeni hesabat açıqlayıb.

    Qaynarinfo xəbər verir ki, tədqiqata görə, 2030-cu ilə qədər sənayedə artımı dəstəkləmək üçün hər il 500 milyard dollardan çox investisiyanın data mərkəzlərinə yönəldilməsi tələb olunacaq.

    Bu yatırımların səmərəli olması üçün bazarın illik gəliri təxminən 2 trilyon dollara çatmalıdır. Lakin analitiklər vurğulayırlar ki, bu halda belə, təqribən 800 milyard dollarlıq maliyyə boşluğu qalacaq.

    Əsas səbəb odur ki, süni intellektə olan tələbat texnologiyaların imkanlarından daha sürətlə artır. “Mur qanunu”nun təsiri zəifləyib, modellərin öyrədilməsi üçün tələblər isə dəfələrlə çoxalır.

    Nəticədə sənaye səmərəliliyi artırmaq əvəzinə gücü genişləndirməyə məcburdur. Proqnozlara görə, 2030-cu ilə qədər süni intellektin enerji istehlakı 200 QVt-a çatacaq, bunun yarısı isə ABŞ-ın payına düşəcək. Bu, enerji şəbəkələrinin köklü yenilənməsini, soyutma sistemləri üçün nəhəng resursları və onilliklər davam edən tikinti proseslərini tələb edəcək.

    Hazırda korporasiyalar büdcələrini böyütməyə davam edir: “Microsoft” Viskonsində data mərkəzlərinə ayırdığı vəsaiti 7 milyard dollara qədər artırıb, “Amazon”, “Google”, “Meta” və “xAI” isə infrastruktur layihələrinə milyardlarla dollar sərmayə qoyur. Lakin “Bain” ekspertlərinin fikrincə, bu miqyas belə kapital xərcləri ilə gəlirlər arasındakı boşluğu bağlamağa kifayət etməyə bilər.

    Bundan əvvəl məlum olmuşdu ki, “Nvidia” “ChatGPT”nin yaradıcısı ilə əməkdaşlıq çərçivəsində yeni data mərkəzlərinin tikintisi üçün 100 milyard dollara qədər sərmayə yatıracaq. Layihənin həcmi ən azı 10 QVt hesablama gücü ilə qiymətləndirilir.

  • Şəmkirdə direktor müavini vəfat etdi

    Şəmkir şəhəri M.Füzuli adına məktəb-liseyin Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini Eyvaz İbrahimov vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Qeyd edilib ki, E.İbrahimov uzun illər riyaziyyat müəllimi işləyib.

  • Vəhşi heyvanların saxlanıldığı “Qədir Xum” və “Fədək” restoranlarında monitorinq keçirildi

    Hacıqabul rayonunun Bakı-Şirvan avtomobil yolunda yerləşən “Qədir Xum”, Pirsaat qəsəbəsində yerləşən “Fədək” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları monitorinq keçirib.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib. Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.

    Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

  • Bu federasiyaya yeni prezident seçildi

    Bu gün Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) növbəti hesabat seçki konfransı keçirilib.

    AFFA-dan verilən məlumata görə, ilk olaraq AƏFF prezidenti Elşad İbrahimli 2020-2025-ci illər ərzindəki fəaliyyətləri barədə hesabat verib. Ardından federasiyanın prezidenti vəzifəsinə seçki keçirilib. Elşad İbrahimli yenidən Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti seçilib. Bu etimada görə konfrans iştirakçılarına təşəkkürünü bildirən E.İbrahimli növbəti 5 illik fəaliyyəti dövründə əlillər futbolunun inkişafı üçün əlindən gələni edəcəyini deyib.

    Sonda İdarə Heyətinin üzvlüyünə namizədlərlə bağlı səsvermə keçirilib. İlqar Aslanov, Nəbi Nəbiyev, Abas Hüseynov, Günay Məmmədova, Əjdər Abdullayev və Nurəddin Tağıyev federasiyaya üzv seçiliblər.

  • Qaraciyəri piylənmədən qoruya bilən içki

    Matça yaşıl çay tozu qaraciyəri yağlı və şəkərli qidaların qəbulu nəticəsində yaranan zədələrdən effektiv şəkildə qoruya bilər.

    Bu barədə Yaponiya və Tayvan alimləri belə qənaətə gəliblər. Araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

    Tədqiqatda metabolik pozğunluqları olan siçovullara müxtəlif dozalarda matça əlavələri verilib. Matça tozu verilən heyvanlar qaraciyər yağ yataqlarının əhəmiyyətli dərəcədə azaldığını, insulinə həssaslığın yaxşılaşdığını və iltihabın azaldığını göstərib. Xüsusilə nəzərə çarpan təsir yüksək dozada müşahidə edilib: bu siçovullarda qanda və qaraciyərdə trigliseridlərin səviyyəsi azaldıb.

    Tədqiqatın müəllifləri vurğulayırlar ki, müntəzəm matça istehlakı alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişafını yavaşlatmaq üçün perspektivli bir yol ola bilər. İçki həmçinin qan şəkəri və yağ səviyyəsini normallaşdırmağa kömək edə bilər.

  • Növbəti iki gündə havanın temperaturu 8 dərəcə enəcək

    Növbəti 2 gün ərzində Azərbaycanda havanın temperaturu enəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı axşamdan 28-i səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

    Sentyabrın 26-sı günün ikinci yarısı Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

    Ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.