Month: September 2025

  • Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

    Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

    Bildirilib ki, Sumqayıt şəhərinin “Xəzər bağları” ərazisində yerləşən 141 saylı balans qovşağında cari təmir işlərinin aparılması ilə əlaqədar 1 000 abonentin qaz təchizatı saat 15:30-da dayandırılacaq.

    Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

  • Sentyabrın pensiya ödənişi yekunlaşdırılıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.

    Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin avqust ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

    Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

  • Növbəti peşə tanınması imtahanı keçiriləcək

    2025-ci il üzrə növbəti peşə tanınması imtahanının 29 sentyabr 2025-ci il tarixində saat 11:00-da DİM-in Elektron imtahanlar korpusunda təşkil olunması qərarlaşdırılıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

    Bildirilib ki, müraciətçilərin bu imtahanda iştiraklarını təmin etmək məqsədilə müvafiq siyahı tərəfimizdən artıq DİM-ə təqdim olunmuşdur. Eyni zamanda, həmin siyahıya uyğun olaraq, adıkeçən imtahanın keçiriləcəyi barədə bildirişlər müraciətçilərin şəxsi kabinetlərinə yerləşdirilmiş və mobil nömrələrinə sms vasitəsilə məlumat göndərilmişdir.

    Əlavə olaraq qeyd edilib ki, “İmtahana buraxılış vərəqəsi” 23 sentyabr tarixindən etibarən DİM-in rəsmi internet saytında yerləşdiriləcəkdir. İmtahana gələn zaman müraciətçilərin “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirmələri zəruridir. Sözügedən buraxılış vərəqəsində imtahanın keçiriləcəyi yer, keçirilmə vaxtı və digər məlumatlar göstərilir.

    Məlumat üçün bildiririk ki, imtahanda iştirakçılara ümumilikdə 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla qiymətləndirilir. Səhv cavablandırılmış və ya cavab verilməmiş tapşırıqlar üzrə bal nəzərdə tutulmur. Müraciətçilərdən imtahanda müvəffəqiyyət qazana bilmələri üçün minimum 15 bal toplamaları, yəni ən azı 15 test tapşırığını doğru cavablandırmaları tələb olunur.

    Qeyd edək ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında həyata keçirilir.

    Qaydalara əsasən tənzimlənən ixtisaslar kateqoriyasına aid olan müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici kvalifikasiyaların peşə tanınması imtahanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən müəyyən edilmiş siyahı əsasında Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. Sözügedən imtahanda uğurlu nəticə əldə edən müraciətçilərə TKTA tərəfindən müvafiq peşə ixtisası üzrə şəhadətnamə təqdim olunur.

  • Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumu ilə bağlı qərar AÇIQLANDI

    Şirvan Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə, on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmədə və şəxsi həyatın toxunulmazlığını pozmada təqsirləndirilən Habil Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, Habil Kərimov 2023-cü ilin iyun ayından 2024-cü ilin iyul ayınadək İmişli rayonu ərazisində on altı yaşına çatmayan qohumu, 2008-ci il təvəllüdlü, zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər törədib, seksual xarakterli digər hərəkətlər edib və təbii yolla cinsi əlaqədə olub.

    Bundan başqa, o, telefonu ilə hadisə zamanı qanunsuz videoçəkiliş edib.

    İmişli Rayon Məhkəməsinin hökmü ilə o, dörd il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan zərərçəkmiş şəxs və qanuni nümayəndəsi apellyasiya şikayəti verilərək, hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdi.

  • Abşeronda elektrik açarını hansı qurum “OĞURLAYIB”?: “Azərişıq”la “Azərenerji” ÜZ-ÜZƏ

    Abşeron rayonu 83 saylı yarımstansiyanın “Klassik A” MMC-yə gələn 110-35-10 kV-luq xətti üzərində, 10 kV “TM-28” hava xəttindən budaqlaşma yerində quraşdırılmış elektrik açarı oğurlanıb.

    Bu barədə Bizim.media-ya müəssisənin direktoru İlham İsmayılov şikayət məktubu ilə müraciət edib. Müəssisə direktoru aylardır “Azərişıq” və “Azərenerji”nin problemin həllini bir-birinin üzərinə atdığını və şikayətinə baxılmadığını bildirir:

    “Biz bununla bağlı “Azərenerji” ASC-yə dəfələrlə müraciət etmişik. Bunu qurumun işçiləri ediblər. Biz də bunu biləndən sonra müraciət etdik. Bizə dedilər ki, həmin işçilər dəyişiblər. Dedik ki, əvvəlki işçi hara gedibsə, onu tapıb gətirin, amma mümkün olmadı. Qarşıdan qış gəlir, xətdə olan açılmalar təhlükə yarada bilər. Hər hansı bir təmir prosesində enerjini ayırırıq ki, müəssisəyə təhlükə yaranmasın. Yəni bu, qəza vəziyyətidir və süni şəkildə yaradılıb.

    Biz həmin açarı öz vəsaitimiz hesabına qoymuşuq və bu da layihəyə salınıb. O açarı oğurlamaq, götürmək üçün yüksəkgərginlik xətt yarımşəbəkədən ayrılmalıdır. Bunu da yalnız enerji işçiləri edə bilərlər”.

    “Azərenerji” ASC-dən iddia təkzib edilib:

    “Absurd məsələdir. “Azərenerji” 500, 330, 220, 110 kV-luq yüksəkgərginlikli ötürmə xətlərinə baxır. 10 kV-luq xəttin və ya elektrik açarının “Azərenerji”yə nə aidiyyəti var?”

    “Azərişıq” ASC-dən isə məsələnin ümumiyyətlə onlara aid olmadığı bildirilib.

    Qeyd edək ki, şikayətçi problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət ünvanlayıb, lakin baxılmayıb. Yaranmış vəziyyət təkcə müəssisə deyil, həm də ərazidə yaşayan insanlar üçün təhlükə mənbəyinə çevrilə bilər.

  • Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alındı

    Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş beş ədəd mobil telefon aparatı, üç ədəd elektrik qidalandırıcı, bir ədəd qulaqcıq və bir ədəd bıçaq aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Лейла Алиева поделилась публикацией с выставки “Сокровища за дверями Анатолии” – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась публикацией с выставки “Сокровища за дверями Анатолии”.

    Вышеупомянутая экспозиция открылась 22 сентября в Турецком доме в американском городе Нью-Йорк по инициативе первой леди Турции Эмине Эрдоган.

  • Leyla Əliyeva Nyu-Yorkdakı Türk Evində keçirilən sərgidən paylaşım etdi – FOTO

    IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ABŞ-nin Nyu-York şəhərində yerləşən Türk Evində Türkiyənin birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə keçirilən “Anadolunun qapıları arxasındakı xəzinələr” adlı sərgidən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Daha bir cüdoçumuzun gözləri görürmüş: Avropa çempionatına buraxılmayıb

    Gürcüstanın paytaxtı Tbilisidə 18-21 sentyabr tarixlərində keçirilmiş paracüdo üzrə Avropa çempionatına daha bir idmançımızın buraxılmadığı aşkara çıxıb.

    Median.Az Prosport.Az-a istinadən xəbər verir ki, qismən görmə məhdudiyyətli cüdoçuların yarışmalı olduğu J2 kateqoriyasında güləşməyi hədəfləmiş İlkin Nəsibovun gözlərində heç bir problem olmadığı aydın olub.

    Yarışda kişi idmançılardan İsmayıl Muradov (J1, 70 kq), Əbdülrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J2, 81 kq), Mehman Hüseynov (J1, +95 kq), İlham Zəkiyev (J1, +95 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparıblar.

    Qeyd edək ki, yarışda yalnız paralimpiya çempionlarımız medal qazana biliblər. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu olub, Dürsədəf Kərimova isə gümüş medalla kifayətlənib.

    Xatırladaq ki, daha əvvəl mayda Qazaxıstanın paytaxtı Astanada keçirilmiş dünya çempionatında qadın cüdoçularımızdan paralimpiya çempionu Şəhanə Hacıyevanın gözlərində görmə ilə bağlı problem olmadığı üzə çıxmış və o, yarışa buraxılmamışdı. İdmançımız bununla da ömürlük paracüdo yarışlarından uzaqlaşdırılmışdı.

    Həm Şəhanə Hacıyeva, həm də İlkin Nəsibov Sumqayıtda Fərid Ağakişiyevin tələbələri sayılır.

  • İlham Əliyev: “Səudiyyə Ərəbistanı ilə enerji sahəsində əməkdaşlığımız yeni müstəviyə çıxıb”

    “Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək yeni müstəviyə çıxıb”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq Elan Edilməsi Günü münasibətilə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda yer alıb.

    “Qardaş ölkənizin aparıcı “ACWA Power” şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi fəaliyyətini, xüsusilə də Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq Xızı-Abşeron külək elektrik stansiyasının tikintisini yüksək qiymətləndirirəm. Bu layihə Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin şaxələndirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, OPEC+ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud səviyyəsi təqdirəlayiqdir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.