Month: September 2025

  • Bakıda piyadalara görə baş verən qəzalar – HADİSƏ ANI (Vİdeo)

    2 piyadanın keçiddən istifadə etməməsi, sürücülərdən birinin isə ara məsafəsi saxlamaması qəzaya səbəb olub.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.

    Bildirilib ki, piyada, keçiddən istifadə etmədikdə tək özü üçün yox, yolda hərəkətdə olan nəqliyyat vasitələri üçün də real təhlükə yaradır: “Məsələn, ötən gün axşam saatlarında Xətai rayonu, 8 Noyabr prospektində qeydə alınan qəzanın piyadalardan birinin təxminən 2 metrliyində olan yerüstü piyada keçidininin altından yolu keçməsi, onun sürücülər üçün qəza şəraiti yaratması və sürücülərdən birinin də düzgün ara məsafəsi saxlamaması səbəbindən baş verməsini ehtimal etmək olar.

    Piyadanın iştirakı ilə digər bir yol-nəqliyyat hadisəsi ötən gün günorta saatlarında “28 May” Nəqliyyat Mübadilə Mərkəzində baş verib.

    Piyada keçidinin bir neçə metrliyində, dayanmış avtobusun arxasından qəfil qaçaraq yolu keçmək istəyən qadın piyadanı avtobus vurub. Xəsarətlə nəticələnən bu qəza da piyada keçidlərdindən istifadə etməməyin, nəqliyyat vasitələrinin ön və arxa hissəsindən qaçaraq yolu keçməyin nə qədər təhlükəli olduğunu göstərdi”.

    Təhlükənin aktuallığını nəzərə alaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyada və sürücülərə müraciət edib:

    “Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməlidirlər. Onlar piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər”.

    O da qeyd olunub ki, özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar. Belə ki, bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

  • 25 minə yaxın piyada barəsində protokol tərtib edilib

    Bu ilin 8 ayı ərzində piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə etməyən 24 min 519 piyada barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, özünü təhlükəyə atıb piyada keçidlərindən istifadə etməyən piyadalar məsuliyyətdən kənarda qalmırlar:

    “Piyadalar avtomobillərin ön və arxa tərəfindən qaçaraq yolu keçməməli, piyada keçidlərindən istifadə etməlidirlər. Sürücülər keçidlərə yaxınlaşdıqda sürəti azaltmalı, düzgün ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər”.

  • Bakıda bu il 20 milyard manatdan çox məhsul satılıb

    2025-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 20 milyard 489,7 milyon manat olub.

    Bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

    Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 2 faiz artaraq 11 milyard 300,5 milyon manata, qeyri-ərzaq malları isə 7,2 faiz artaraq 9 milyard 189,2 milyon manat olub. Əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,3 faiz artıb. İstehlak məhsullarının 38,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

  • Havada iki avtomobil toqquşdu

    Çində Çançun şəhərində hava şousunun məşqi zamanı iki Xpeng uçan avtomobili havada toqquşub.

    Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

    Bildirilir ki, avtomobillərin birində şaquli qalxma və eniş vasitələri alovlanıb, digəri isə təhlükəsiz eniş edə bilib.

  • Gürcüstan Azərbaycana olan “tarixi borcunu” ödədi

    Gürcüstan Azərbaycana olan “tarixi borcunu” ödəyib.

    “Unikal” xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

    Sentyabrda Gürcüstan 2004-cü ilin iyulunda Paris Klubu kreditorları ilə imzalanmış sazişə əsasən restrukturizasiya olunmuş xarici borcunun qalan hissəsini tam qaytarıb.

    Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Ermənistan, İran və Hollandiyaya da borclar ödənilib. Bütün borclar Gürcüstanın müstəqilliyindən sonrakı ilk illərdə üzərinə götürdüyü xarici öhdəliklərə aiddir.

    Ödənişlərə 1999-cu ilə qədər yaranmış 160 milyon ABŞ dolları məbləğində borc, 1999-cu ildən 2004-cü ilin may ayına qədər yığılmış öhdəliklər üzrə faizlər və əvvəllər təsdiq edilmiş cədvəl üzrə 2004-2006-cı illərdə ödənilməli olan borclar daxildir.

    Ödənişlərin ümumi məbləği 225 milyon dolları ötüb.

  • Azərbaycanın strateji valyuta ehtiyatları 77,7 milyard dollara çatıb

    Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard dollar artaraq 77,7 milyard dollara çatıb.

    Bu barədə Mərkəzi Bankın Statistika Departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

    “Bu, ölkənin maliyyə dayanıqlığını bir daha sübut edir. Ölkənin strateji valyuta aktivlərinin reallaşmış hissəsi 275 milyon dolar azalıb”, – deyə Samir Nəsirov əlavə edib.

    Qeyd edək ki, neftin orta qiyməti 70,7 dollar, qazın satış qiyməti isə min kubmetr üzrə 301 dollar olub.

  • Polis 38,4 kq narkotik aşkarlayıb

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 16-da ümumi çəkisi 38,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

  • “Bank bilməlidir ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq” – Komitə sədri

    “Nə qədər ki, bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir, 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır”.

    Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib. O bildirib ki, bank sistemi bu cür yerinə yetirilməyən məhkəmə qərarı durumunu yaradır.

    “Bu prosesə təsir edən ən güclü amil budur. Nə qədər ki, bu prosesin qarşısını kəsməmişik, onda hamımız telefondan asılı qalacağıq, kimlərdənsə xahiş edəcəyik ki, filan qərarlar yerinə yetirilsin və s. Burada məhkəmə qərarı haqqında yeni yaradılacaq icra qurumunun hər hansı məsuliyyəti yoxdur. Onlar selektiv yanaşmırlar ki, bunu yerinə yetirməsinlər və s. Bank özü bilməli idi ki, bu vəsaiti verəndə o geri qayıtmayacaq. Çünki vətəndaşın durumunu bilirdi”.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 63 nəfər saxlanıldı

    Sentyabrın 16-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 69, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.

  • Lvov merinin kabinetində dinləmə cihazı tapılıb

    Ukraynanın Lvov şəhərinin meri Andrey Sadovoyun kabinetində dinləmə cihazı tapılıb.

    Bu barədə mer özü “Telegram” kanalında məlumat verib.

    Sadovoyun sözlərinə görə, mobil telefon nasazlıq göstərməyə başlayıb, bundan sonra onu enerji bloku ilə birlikdə təmir üçün öz mütəxəssislərinə göndərib.

    “Onlar mobil telefonu açıblar və bloka quraşdırılmış dinləmə cihazı, yaddaş kartı və SİM kart tapıblar. Sual yaranır: “Bunu kim edib?”, – deyə mer qeyd edib.

    O, hüquq-mühafizə orqanlarının bunu öyrənəcəyinə ümid edir.