Month: September 2025

  • Bakıda bloqerlərin təhlükəli yol macərası: Səkkiz nəfər bir avtomobillə – Video

    Bakıda bir qrup bloqer yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq həm özlərinin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.

    Bloqerlər törətdikləri qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədəki izləyiciləri ilə paylaşıblar.

    Onlardan biri hərəkətdə olan avtomobildə səkkiz nəfərin olduğunu bildirib. Bu isə qanunvericiliklə müəyyən edilmiş normadan xeyli artıq sərnişindaşıma olmaqla yanaşı, həm də sürücünün diqqətini yayındıran əsas amillərdən biridir.

    Bundan əlavə, avtomobilin sükanı arxasında olan şəxs daxil olmaqla heç bir sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi qəza zamanı ölüm riskini dəfələrlə artıran ciddi qayda pozuntudur.
    //oxu.az

  • 45 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib

    Avqust ayında 45 min 880 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib.

    Bu barədə DMX-dən məlumat verilib.

    Bildirilib ki, ötən ay 7 156 əcnəbi Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib. Həmin dövrdə 204 əcnəbinin vətəndaşlıq məsələləri ilə bağlı müraciəti qeydə alınıb.

    Məlumata əsasən, ötən ay Azərbaycanın vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 1 190, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı isə 867 müraciət qeydə alınıb.

  • Əfqanıstanın 5 vilayətində internet qadağan edildi

    Əfqanıstan hakimiyyəti ali lider Heybətullah Axundzadənin göstərişi ilə beş əyalətdə interneti bağlayıb.

    Qəndəhar, Uruzqan, Helmand, Nimruz və Bəlx əyalətlərində simsiz internetə qadağa qoyulub.

    Bildirilir ki, ölkə daxilində fiber internet xidməti tamamilə kəsilib.

  • Kürdəmirdə qəzada həlak olan şəxs hərbçi imiş

    Kürdəmir rayonunda “Hyundai” markalı maşının qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

    Yol-nəqliyyat hadisəsində həyatını itirən 37 yaşlı Fuad Məmmədov hərbçi olub.

    Onun fotolarını təqdim edirik:

  • Mingəçevirdə zəncirvari qəza, xəsarət alan var

    Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan “Nissan” markalı avtomobillə toqquşub. Bundan sonra “Nissan” yolun kənarında dayanan “Opel” markalı avtomobilə çırpılıb.

    “Nissan” markalı avtomobilin xəsarət alan sürücüsü, 1983-cü il təvəllüdlü Nəsimi Müseyibov xəstəxanaya yerləşdirilib.

  • Metro bu tarixlərdə saat 02:00-a qədər işləyəcək

    Bakı metrosu “Formula 1” günlərində sərnişinlərə saat 02:00-a qədər xidmət göstərəcək.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilir ki, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

    Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

  • Qohum evliliyi istəyənlərə kəbin kəsilir? – Din xadimlərindən CAVAB

    Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb. Qohum evliliyi ləğv olunduqdan sonra onların heç dini nikaha daxil olması da mümkün deyil.

    Amma maraqlıdır, “mütləq qohumumla evlənməliyəm”, “qoy, daha yaxın qohum olaq”, “yadı evimə gətirdiyimə, dayımın, xalamın qızını alaram” fikirləri ilə yaşayanlar kəbinlə ər-arvad olmağa çalışırlarmı?

    Heydər məscidinin imamı Rüfət Qarayev Lent.az-a bildirib ki, qanun qüvvəyə mindikdən sonra qohum evliliyi ilə bağlı müraciət edən olmayıb:

    “Qohum evliliyi ilə bağlı müraciət olacağı təqdirdə, iyulun 1-dən etibarən qüvvəyə minən qanunu əsas gətirilərək, onların kəbinləri kəsilməyəcək. Digər tərəfdən isə Heydər məscidində kəbinə gələn hər kəsdən dövlət nikahının sənədi tələb olunur. Dövlət nikahı olmayan onlarla insan isə geri qaytarılır. Hər bir halda, gənclərimizin dövlət nikahına düşmələri onlar üçün hüquqi baxımdan faydalıdır. Kəbin isə Allahın vacib buyurduğu əməllərdən biridir”.

    Təzəpir məscidinin axundu Hacı Şamilin sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra qohum evliliyi üçün kəbinlə bağlı heç kim müraciət etməyib:

    “Qanun bir ildən sonra qüvvəyə mindiyi üçün qohum evliliyi etmək istəyən hər kəs əvvəlcədən işini bitirmişdi”.

    Qaraçuxur məscidindən də bildirilib ki, kəbin yalnız dövlətin rəsmi nikah kağızı təqdim olunduqda kəsilir:

    “Bu gün də kəbin üçün müraciət edənlər oldu. Lakin rəsmi nikahları olmadığından onlara “yox” cavabı verdik. Ümumiyyətlə, Qaraçuxur məscidində rəsmi nikahı olmayan şəxslərə kəbin kəsilmir”.

    Maraqlıdır, bəs görəsən, hələ də rəsmi nikah üçün müraciət edənlər olurmu? Onların statistikası aparılır?

    Ədliyyə Nazirliyindən bildirilib ki, qohum evliliyi istiqaməti üzrə statistika aparılmır.

  • “Green Card” müraciəti pullu oldu

    16 sentyabr 2025-ci il tarixindən etibarən “Green Card” Lotereyasının bütün iştirakçılarından 1 ABŞ dolları məbləğində ərizə haqqı ödəmələri tələb olunur.

    Bu dəyişiklik əlavə elektron ərizə rüsumudur və ərizənin təqdim edilməsi zamanı tutulur.

    Əvvəllər iştirak pulsuz idi və yeganə rüsum 330 dollar idi ki, onu da yalnız viza üçün müraciət edən və qazananlar ödəyirdi.

    Yeni rüsum lotereya xərclərini bir neçə şəxs deyil, bütün müraciət edənlər arasında daha ədalətli bölüşdürmək məqsədi daşıyır. Konkret olaraq, vəsait məlumatların emalı və mühafizəsi, qaliblərin avtomatik seçilməsi və proqramın texniki infrastrukturunun saxlanılması ilə bağlı illik xərcləri qarşılayacaq.

    330 ABŞ dolları məbləğində viza ərizəsinə baxılması üçün əsas rüsum dəyişməz olaraq qalır.
    //unikal.az

  • Qusarda həyətində çətənə kolu yetişdirən şəxsdən 28 kiloqram marixuana aşkarlanıb – VİDEO

    Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bildirilib ki, onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi, ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

    Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, A.Kərimxanovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanda 1, 3 və 5 qəpikliklər dövriyyədən çıxarılacaq?

    Son illər gündəlik ticarət dövriyyəsində kiçik nominallı qəpiklərdən daha az istifadə olunur. İctimai nəqliyyatda, mağazalarda və xidmət sahələrində ödənişlərin böyük hissəsi artıq kart vasitəsilə həyata keçirilir. Xüsusilə də ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması imkanı vətəndaşları nağdsız ödənişlərə daha çox üstünlük verməyə sövq edir. Bunun fonunda 1, 3 və 5 qəpikliklər daha az istifadə edilir.

    Bəs görəsən ölkəmizdə 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxarılması mümkündür?

    Məsələ ilə əlaqədar Azərbaycan Mərkəzi Bankına sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə açıqlamada bildirildi ki, bu prosesdə əhalinin gündəlik ödəniş vərdişləri, iqtisadi prosesləri və inflyasiya göstəriciləri nəzərə alınmaqla aparılır. Hazırda belə qəpiklər dövriyyədə istifadə edilir:

    “Azərbaycan Respublikasının milli valyutası – manat və onun nominal strukturunun ayrılmaz hissəsi olan metal pul nişanları (qəpiklər) ölkə iqtisadiyyatının nağd ödəniş dövriyyəsində mühüm rol oynayır. Hazırda müxtəlif nominallı metal pul nişanları tədavüldədir və qanuni ödəniş vasitəsi kimi istifadə olunur.

    Nağd pulun tədavülünün təşkili zamanı Mərkəzi Bank iqtisadiyyatın tələbatını, əhalinin gündəlik ödəniş vərdişlərini, iqtisadi prosesləri və inflyasiya göstəricilərini nəzərə alır. Kiçik nominallı 1, 3 və 5 qəpiklik metal pul nişanları hələ də pərakəndə ödənişlərdə istifadə olunmaqdadır və onların dövriyyədə qalması iqtisadi və sosial baxımdan əsaslı hesab olunur”.

    Beləliklə, Mərkəzi Bankın açıqlamasına əsasən, yaxın gələcəkdə 1, 3 və 5 qəpikliklərin dövriyyədən çıxarılması gündəmdə deyil.