Month: October 2025

  • Leyla Əliyeva İsmayıllı rayonuna səfərindən görüntülər paylaşdı

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonuna səfər edib.

    Median.Az xəbər verir ki, L.Əliyeva səfərlə bağlı görüntüləri rəsmi “Instagram” hesabında paylaşıb.
    Həmin paylaşımı təqdim edirik:

  • KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

    Fələstinin HƏMAS hərəkatının döyüşçüləri Qəzza zolağında İsrail qoşunlarına atəş açıblar.

    Median.Az xəbər verir ki, bu barədə “Qaley SAXAL” radiosu məlumat yayıb.

    Məlumata görə, atəşkəsin pozulmasına cavab olaraq İsrail Müdafiə Qüvvələri Rəfah bölgəsində artilleriya atəşi ilə cavab veriblər.

    Bildirilir ki, hadisə İsraildə hökumət iclası zamanı baş verib.

    Xatırladaq ki, Qəzza zolağında atəşkəs oktyabrın 9-da qüvvəyə minib.

  • Firəngiz Mütəllimova: “Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim…” – Müsahibə

    Kulis.az Ülvi Bahadırın Xalq artisti Firəngiz Mütəllimova ilə müsahibəsini təqdim edir.
    – Əslən şuşalısınız, ancaq Ağcabədi qeydiyyatdasınız.
    – Anam şuşalı, atam qəbələlidir. Müəllim olublar. Hər ikisi təyinatla Ağcabədiyə gedib. Elə orada tanış olub ailə qurublar. Sonra Bakıya gəliblər. Təyinat üçün qarşılarında iki seçim olub: Şuşa və Qəbələ. Şuşanı seçiblər. Mən aprelin 3-ü səhər saat 6-da Şuşada doğulmuşam. Deyirlər, qar dizdən imiş. Ata-anam Ağcabədidə işləyirdilər və qeydiyyat müddətləri bitməmişdi. Ona görə də atam mənim də, qardaşımın da doğum şəhadətnamələrimizi oradan almışdı. Bayrama düşsün deyə məni mayın 1-nə yazdırmışdı. Kim haradan bilərdi ki, aləm qarışacaq? Mən Ağcabədidə cəmi üç il yaşamışam. Sonra təyinatla Şuşaya köçdülər. Anama evini vermədilər, çünki orada erməni yaşayırdı. Bizə başqa ev verdilər. Məktəb həyatım da o evdə keçdi. Sonra da Bakıya gəldim.
    – Uşaqlığınızın Şuşası necə idi?
    – Çox gözəl. Biz Şuşada dörd fəslin dördünü də doya-doya yaşayırdıq. Bakıda elə deyil. İnsanlar qəfildən qış paltarına keçir. Çox dəyişkəndir. Məktəbə beş yaşımda getmişəm. Məktəb formalarımız eyni idi. Qardaşımla bir partada otururdum. Dərnəklərə gedirdim. Rəqsi çox sevirdim. Ancaq aktyorluqla bağlı dərnək yox idi.
    – Qarabağ mədəniyyət ocağıdır. Orada insanların incəsənətə marağının yaranması çox asandır. Ancaq Qarabağ daha çox bəstəkarları, xanəndələri ilə məşhurdur. Sizi aktrisalığa çəkən nə oldu?
    – Məhəlləmizdə kinoteatr var idi. Dayım da orada işləyirdi. Pəncərədən baxanda kimin girib-çıxdığını görə bilirdim. Bütün günü filmlərə baxmağa gedirdim. Hind filmlərini çox sevirdim. 7-ci sinifdə oxuyanda kinoteatrın qabağında “Nəsimi” filminin afişasını gördüm və ovsunlandım. Ondan sonra dedim ki, mən aktrisa olacağam. Başıaşağı, qaradinməz qız idim. Heç kim bilmirdi ki, Bəhər müəllimin mən adda qızı var. “Güllü park” deyirdik, indi həmin yerdə “Qarabağ” oteli var, oradan dərsə gedib-gəlirdik. Yayda Polad Bülbüloğlu gələndə əlimdə şəkli ilə yolun qırağında dururdum ki, görüb imzalasın.
    Anam bu qərarıma kəskin şəkildə etiraz elədi. Dedi ki, mən səni ağ xalatda görmək istəyirəm. Atam da dedi ki, yox, istəyirsə, getsin. Heç demə, anama göz vurubmuş, yəni onsuz da kəsilib gələcək.
    Mən də iki “5”, bir “4” ilə girdim. Bəhər müəllim yatdı, durdu, oldu Firəngiz Mütəllimovanın atası Bəhər müəllim.
    – Gəncliyinizdə də belə sakit təbiətli idiniz, yoxsa zaman sizi belə formalaşdırdı?
    – Mən qoç burcüyəm. Qoçun da buynuzları içindədir. O da gec-gec çıxır. Belə çox mülayım insanam. Hətta qohumlarım mənə “sülh bayrağı” deyir. Küsənləri barışdırıram. 2013-cü ildə beyin əməliyyatı olanda sonra mən hər gün iki saat ayırıb Allaha dua eləyirəm. Bütün duaları əzbər bilirəm. Bircə Allaha inanıram. Falçıya, baxıcıya inamım yoxdur.
    – Əməliyyat mövzusuna da qayıdacağıq… Qəbul olunandan sonra ananızın reaksiyası necə oldu?
    – Yaxşı. Mən evin ilki idim. Anamın da gəncliyində gözəl səsi olub. Atası müharibəyə gedib gəlməyib, anası da onu dünyaya gətirəndə vəfat eləyib. Onu əmisi böyüdüb. O da mühafizəkar adam olub. Təsəvvür eləyin, anam danışırdı ki, mən Mədəniyyət Evində mahnı oxuyanda əmimi iki nəfər tuturdu ki, mənə hücum eləməsin. Ona görə də ürəksiz olub. Biz dörd uşaq olmuşuq, dördümüz da bir-birmiziə bağlı olmuşuq. Məsələn, mənim olan şey hamımızın idi. Əməliyyat olunmağa gedəndə də o hiss məndə idi. Heç kim inanmırdı. Özüm sənədə imza atdım ki, bütün məsuliyyət məndədir. Gülə-gülə girdim, gülə-gülə çıxdım.
    – Hər bir aktyorun, aktrisanın peşəkarlar tərəfindən qəbul olunma prosesi olur. Siz necə özünü qəbul etdirdiniz?
    – Şekspirin “İki veronalı” tamaşasında oynayırdım. Həmin tamaşaya Tofiq Kazımov da gəlmişdi. Kurs rəhbərimiz Böyükağa Kazımov idi. Baxdı, bəyəndi, teatra dəvət elədi. Dördüncü kursda oxuyanda artıq “Əliqulu evlənir” tamaşasının məşqlərinə gedirdim. Həmin tamaşada çox yaxşı qarşılandı. Mən elə əvvəldən baş rolla başlamışam. Teatrda işim çox idi deyə, kinodan uzaq düşdüm.
    – Tamaşaçılar sizi daha çox İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilən tamaşalardan tanıyırlar. Bu əməkdaşlıq necə başladı?
    – “Natavan” tamaşasında oynayırdım. İlyas bəy də tamaşaçılar arasında idi. Tamaşadan sonra mənə dedi ki, sən həm gözəlsən, həm də Qarabağ xanımlarına bənzəyirsən. Onun bütün nəsihətlərinə mən bu gün də əməl eləyirəm. Onun 7-8 əsərində oynamışam. Birində qulluqçunu oynamışamsa, digərində narkomanı oynamışam. Tam fərqli obrazlar olub.
    – Hətta sirf sizin üçün obrazlar yazırdı.
    – Bəli. “Tənha iydə ağacı”nda mənim üçün obraz yazmışdı. Bir də mən narkomanı oynayanda demişdim ki, İlyas müəllim, bu qız niyə narkoman olub, burada nəsə olsa, yaxşı olar. O da mənə gözəl bir monoloq yazdı.
    – İlk film təklifi necə gəldi?
    – Vaqif Mustafayev və Ceyhun Mirzəyev təklif elədilər. Onların iki filminə çəkilmişəm: “Bəyin oğurlanması” və “Işarəni dənizdən gözləyin”.
    – Ancaq o illərdə və sonralar kinoya az-az çəkilirdiniz?
    – Çünki mən sınaq çəkilişinə gedirdim, gördüm ki, başqasını seçiblər. Ondan sonra heç bir sınaq çəkilişinə getmədim. Axırıncı dəfə “Qala” filmində çəkildim. Rejissor dedi ki, Rasim Balayev və sənin üçün heç bir sınaq olmayacaq.
    – Hansı rollar olub ki, sonradan başqasını seçiblər?
    – “Təhminə” filmində Təhminə obrazına məni çəkəcəkdilər. Çatan kimi yataq səhnəsini göstərdilər, dedim, çəkilmirəm. Hər şey yataqdan başlamır ki. Təhminə hər qadına qismət olmayan obrazdır. Bildim ki, məni çəkməyəcəklər. Türk aktrisanı çəkdilər, o da alınmadı. Çünki türklərlə bizim həyat tərzimiz fərqlidir. O obrazı ancaq bir azərbaycanlı aktrisa lazım olan səviyyədə oynaya bilərdi.
    Mən heç bir kommersiya filminə çəkilmirəm. “Azərbaycanfilm” nəsə çəksə, dəvət etsə, çəkilərəm.
    – Gəncliyinizdə bir müddət teatrdan uzaq düşmüsünüz.
    – Ailə qurandan sonra uzaqlaşdım. Ancaq teatrda yerimi saxlamışdılar. Həyat yoldaşım xaricdə yaşayırdı, gedib-gəlməyə məcbur idim. Yollarda qalmışdım. Bəlkə də övladım olsaydı, qalardım.
    – Valideynləriniz Bakıda qalırdı?
    – Bəli. Atam xəstə idi deyə tez-tez gedib-gəlirdi.
    – Üç illik ayrılıqdan sonra səhnəyə çıxanda hansı hissləri keçirdiniz?
    – Mən təyyarədə uçanda da ancaq avtoqraf verirdim. Yoldaşım da deyirdi ki, ta nə fərqi oldu işdən çıxmağının. Elə gələn kimi rol verdilər, heç elə bil üç il keçməmişdi.
    – Hansı roldan sonra hiss elədiniz ki, artıq populyarsınız?
    – “Səni axtarıram”dan sonra. Televiziya tamaşası olduğuna görə çox adam baxmışdı. Yatdım Firəngiz, durdum Gülnar.
    – Təklif necə gəldi?
    – Mən “Gənclik” estradasında aparıcı idim. Tariyel Vəliyev orada mənim gülüşümü görmüşdü. Dedi ki, bu gülüş Elçini əsəbiləşdirəcək. Sonra altı ay məşq elədik, baxış oldu. İlk dəfə idi ki, AzTV-də hansı tamaşada küçə kadrları yayımlanırdı.
    – Yaşar bəylə ilk işiniz idi?
    – Bəli, ilk işim idi. O, artıq çox məşhur idi. Mən onun gözünün içinə baxmağa utanırdım. O da mənə çox kömək eləyirdi.
    – Sonra qəfildən məşhurlaşdınız. Gənc aktrisa olaraq bu sizə çox çətinlik yaratdı?
    – Əlbəttə. O qədər şeylər olurdu. Səviyyəsiz adamlar səviyyəsiz təkliflər eləyirdilər. Şöhrət insanı öz yaxınlarından da uzaqlaşdırır. Hamıya şübhəli baxmağa başlayırsan.
    – Qoruyub saxlamağı necə bacardınız?
    – Geyim-kecimimlə, münasibətimlə çərçivələr qoymağa başladım. Mənim üçün insan insandır. Dini, dili, irqi mənə maraqlı deyil. Hamıya eyni cür baxıram. Bu sənətdə əsas səmimiyyətdir.
    – Sizə məktublar da gəlirdi…
    – Yığın-yığın. Mən teatrdan çıxa bilmirdim. İnsanlar binanın qabağını kəsdirirdi. Ancaq hamısını ya atmışam, ya da yandırmışam. Bircə anamın məktublarını və dayımın müharibədən göndərdiyi açıqcanı saxlamışam.
    – Bəs “Sənin axtarıram”dan sonra Yaşar Nuri ilə yayılan dedi-qodulara münasibətiniz necə idi?
    – Boş şeylər idi. Mən Yaşarı çox sevirdim. O mənim sənət dostum, sağ qolum idi. Xeyli dərdləşirdim. Bir-birimizin evinə gedib-gəlirdik. Aramızda belə şeylər olmayıb. Olsa idi, çəkinmədən deyərdim.
    – O özü nə deyirdi?
    – Deyirdi ki, fikir vermə. Bir dəfə bir qadın aeroportda bizi bir yerdə görüb dedi ki, ay Allah, çox şükür, axır ki, evləniblər. Yaşar da dedi ki, hə, elə dünən axşam toyumuz olub. İnsanlar da buna inanırdı.
    – Ondan sonra da Yaşar bəylə tərəf müqabili oldunuz?
    – Çox olub. Əsas da teatrda bir yerdə oynamışıq. “Göz həkimi” teletamaşasında da birgə çəkilmişik.
    – Şuşaya qayıdaq… İşğal xəbərini necə aldınız?
    – Mən Türkiyədə qastrolda idim. Bir də gördüm ki, Ramiz Novruz başını divara döyür. Soruşanda dedi ki, Şuşa işğal olunub. Havalandım. Ata-anam Bakıda idilər, amma atam getməyə hazırlaşırdı. Hamının qanı qaraldı. Bakıda da aləm bir-birinə qarışmışdı. Özümdə-sözümdə deyildim. Evə gəldim. Ümidlə yaşayırdıq. Heç nə olmadı.
    Atam anamla dalaşdı. Dedi ki, başa düşürsən, Şuşa ermənidədir. Anam da bir himə bənd idi. Başladı ağlamağa. Biz də baxa-baxa qaldıq. Əlimizdən nə gəlirdi?
    Deyəndə ki, atam Qəbələdəndir, heç kim inanmır. Atam Şuşadan ən axırıncı çıxanlardan olub. Öz də Şuşanın dəlisi olub. Öləndə atamın cibindən bir kağız çıxdı. Yazmışdı ki, Şuşam, səni görəcəmmi, yoxsa burda öləcəmmi?
    – Bəs azad olunduğunu necə öyrəndiniz?
    – Mən mətbəxdə idim, bacım yan otaqda. Gördüm ki, prezidentimiz hərbi formadadır. Fikirləşdim ki, yəqin, Şuşa azad olunub. Çünki belə xəbərləri hərbi forma ilə elan edirdi. Elan eləyəndən sonra qışqırdım, bacıma dedim ki, Şuşa azad olunub. Həmin an ömrümün ən xoşbəxt anı idi.
    – Nə vaxt getdiniz Şuşaya?
    – 2020-ci ildə Pandemiya təzə qurtarırdı. Birinci dəfə gedəndə Şuşa xarabalıq idi. Onda Zəfər yolu yox idi. Çox böyük çətinliklə getdik. Sakitcə ağlayırdım. Elə bil, balaca bir uşağı qoyub getmişdi, ona qovuşdum, qucaqladım onu bərk-bərk. Tez gözümün yaşını sildim, istəmədim görsünlər. Ancaq axşam tədbir qurtarandan sonra evə gəlib, suyu açıb elə hönkürdüm… Hələ bu yaşımacan elə ağlamamışdım.
    – Yaşadığınız yeri tapa bildiniz?
    – Gözüyumulu. Elə bil əlimlə qoymuşam. Həmidə xanımla getdim. Evimizin tən ortasında ağac bitmişdi. Kol-kos basmışdı hər yeri. İndi Heydər Əliyev Fondu oranı qoruq edəcək. Bəlkə, muzey oldu.
    – Orada yaşamaq planınız var?
    – Əlbəttə. Bütün şuşalılar kimi mənim də arzumdur. Ev hazır olsun, gedib yaşayacağam.
    – Valideynləriniz Bakıda vəfat elədi?
    – Bəli, burda vəfat etdilər. Şuşadan torpaq gətirib tökdük məzarlarına. Qardaşım da gedib gördü Şuşanı. Ondan sonra rəhmətə getdi.
    – Ananız, sonra atanız vəfat eləyəndən sonra böyük qız olduğunuza görə evin yükü sizin çiyinlərinizə düşdü.
    – Mən onlara həm ana, həm də ata oldum. Çox çətin idi, amma daşımaq lazım idi.
    – Nə vaxtsa memuarlarınız yazıb çap eləmək fikriniz var?
    – Çox fikrimdə var. Xatirələrim çoxdur. Mənim həyatım bir filmdir, kitabdır. Hələ ki, başlamamışam, ancaq yazacağam.
    – “Kaş ki, oynayamazdım” dediyiniz rollarınız olmamış olmaz.
    – Var, əlbəttə. Çoxu da gənclik illərində olub. Teatrda etiraz eləyə bilmirsən. Maaş alırsan axı. Ancaq indi seçim edə bilirəm.
    – Bayaq 2013-cü ildə olan əməliyyatdan danışdıq. İstəyərdim, o mövzuya qayıdaq. Problem nə idi?
    – Beynimdəki sinirin üstündə şiş var idi. Altı ay ayağım işləmədi. Təslim olmadım. Həkimə də dedim ki, yeriyəcəm və yerdim. Düzdü, yenə də əziyyət çəkirəm, ancaq buna da şükür.
    – Bəs ondan sonra necə səhnəyə çıxdınız?
    – Çox həyəcan keçirirdim. “Qarabağnamə” tamaşısında Tubu xanım obrazını oynayırdım. Birinci çıxanda çox həyəcanlandım. Çünki paltar uzun idi. Ancaq yavaş-yavaş öyrəşdim.
    – Kimləri mütaliə edirsiniz?
    – Axırıncı dəfə Mopassanın novellarını oxumuşam. Stevan Sveyqin əsərlərini çox sevirəm. Öz yazıçılarımızdan Elçini çox oxuyuram. İlyas Əfəndiyevi əzbər bilirəm.
    – 12 il Mədəniyyət və İncəsənət Universitetində dərs demisiniz. Pedaqoq kimi rahat idiniz, yoxsa aktrisa kimi?
    – Təbii ki, aktrisa kimi. Dərs deməyə də davam edəcəkdim. Ayağımda problem yarandı deyə qaldı. Mən səhnədə daha rahatam. Artıq alışmışam. Səhnə mənim ikinci evimdir.
    – Rola necə hazırlaşırsınız?
    – İndi “Varlı qadın”da oynayıram. Birinci hissədə axsaq bir qadın olur, ikinci hissədə xəbər eləyirlər ki, sənə milyonlar qalıb. İkinci hissədən onun bir gəlişi var. Ona hazırlaşmaq üçün evdə axsayıram, əlavə məşqlər eləyirəm, Təhvil verənə qədər o obrazla yaşayıram. Sonra tamaşaya gedəndə rolumu yadıma salıram. O vaxtacan mən o obraz oluram. Ancaq onu düşünürəm.
    – “Türkan Şoray qanunları”nız var?
    – Qastrola gedəndə tək qalmaq istəyirəm. Heç kimin mənə mane olmasını istəmirəm. İsti-soyuq suyum olsun, heç televizorum olmasın, problem deyil. Komfort yox, şərait istəyirəm. Ancaq səhnədə kaprizlərim yoxdur.
    – Arzusunda olduğunuz obraz var?
    – Şəhid anasını, nənəsini oynamaq istəyərdim. Çünki o hissləri mən yaşamışam. Mənə ruhən yaxındır. Ancaq belə ürəyimdən nə keçibsə, oynamışam.
    – Ən çox kimin üçün darıxırsınız?
    – Atam, anam və qardaşım üçün. Elə qəbir üstünə təzə getmişdik. Mən ruhlara inanıram. Qardaşım mənim uğurlarıma sevinirdi. Onun heç üçü çıxmamışdı, mən Heydər Əliyev Mərkəzində “Qarabağnamə” tamaşasında oynadım. Çətin idi, ancaq bilirdim ki, o məni görür və gülümsəyir.

  • Fəzail Ağamalıdan İTTİHAM: “Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir” – Nikahdankənar oğul məsələsi BÖYÜYÜR

    “Mənim şəxsi həyatımın indi gedən proseslərə nə dəxli var ki? Bu, mənim şəxsi həyatımdır. Nikahdankənar oğlumun olduğunu danmıram. Sözünü hər zaman düz deyən və ləyaqətini gözləyən bir kişi kimi demişəm ki, bəli, mənim belə romanım olub və bundan bir uşaq doğulub. Bu məsələnin mənim yoldaşımdan başqa heç kimə dəxli yoxdur. O da bu məsələni bilir, ona bunu mən özüm demişəm”.

    Median.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nikahdankənar oğlunun olması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.
    O bildirib ki, bu əhvalata görə həyat yoldaşından zamanında üzr istəyib və xanımı onu bağışlayıb:
    “Bu hadisədən sonra həyat yoldaşımla 40 il bərabər ömür sürmüşük. Bu xəbərlərdən Ramiz Mehdiyevin iyrənc üfunətinin iyi gəlir. Düşünürəm ki, belə məlumat sızmalarının arxasında Ramiz Mehdiyev dayanır. Məni nə bu, nə də bundan betər başqa bir əhvalat yolumdan döndərəcək. Mən Ramiz Mehdiyevə 25 il bundan öncə xain, şərəfsiz demişəm. O, Azərbaycan xalqının, müstəqilliyinin düşmənidir. Bu əhvalatı üzə çıxarmaqla, haqqımda məlumat sızdırmaqla, yazılar yazdırmaqla susdurmaq xəyalı yaşayan Ramiz Mehdiyevin xəyalı ürəyində qalacaq. Məgər bu qisasdır? Kişinin kişi ilə mübarizəsinin də bir xətti, motivi olar.
    Ramiz Mehdiyev, mən bir dəfə də olsun sənin şəxsi həyatına müdaxilə etmişəm? Heç etmərəm də. Heç kimin şəxsi həyatına ömür boyu müdaxilə etmərəm. Azərbaycan vətəndaşının şəxsi həyatı dövlətin qanunları ilə qorunur. 1987-ci ildə oğlum İlqarın anası ilə tanış olanda mən siyasətdə deyildim. Sovet hökumətinin yaşayan dövrü idi. Mən o qadınla bir roman yaşadım. 40 ildən sonra bunu üzə çıxarmaq ayıbdır. Bu məlumatı mətbuata verən də ən şərəfsiz adamdır. Mən belə adamlarla mübarizə aparmıram.
    Əgər mənim bir qadınla münasibətim olubsa və oğlum doğulubsa, onu niyə gizlədim ki? Şəxsi həyatımın kimə dəxli var? Mənim baxışlarımı, siyasətlə bağlı fikirlərimi müzakirə etsinlər. 40 il bundan öncə yaşananları üzə çıxarmağın nə mənası var? Mən zamanında o uşağa qayğımı göstərmişəm. 10-15 ildir ki, nə onunla, nə də anası ilə əlaqəm var. Ehtiyac duyub mənimlə əlaqə saxlamırlar, mən də onlarla əlaqə saxlamıram”.
    Qeyd edək ki, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının nikahdankənar oğlunun olduğu üzə çıxıb. Məlumata görə, həmin şəxs 1987-ci il təvəllüdlü İlqar Fəzail oğlu Ağamalıyevdir. Ailədə onu daha çox Oleq kimi çağırdıqları üçün bu adla daha çox tanınıb. Almaniyadakı mənbənin sayta verdiyi məlumata görə, İlqarın anası rusəsilli qadındır. Onlar 80-ci illərin sonunda Bakı şəhərində tanış olublar. Bu münasibətdən bir oğlan övladı dünyaya gəlib.
    Fəzail Ağamalının rəsmi nikahda olan həyat yoldaşı bu məsələni bildikdən sonra ailədə ciddi problemlər yaşanıb. Bu səbəbdən də F.Ağamalı oğlunu və qeyri-rəsmi münasibətdə olduğu qadını Bakıdan çıxarmağa məcbur olub. O, uşağı və qadını Rusiyanın Sankt-Peterburq şəhərinə göndərib.

  • Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 15 nəfər sakin təxliyə olunub

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Report xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onbeşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

    FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 30 kv.m olan birotaqlı mənzilin zalı 25 kv.m sahədə yanıb.

    Qonşu mənzillər yanğından mühafizə edilib.
    Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə olunub.

  • Bakıda geniş yayılan bu ağacın ziyanı faydasından çoxdur

    Bakıda son illər “yaşıllıq” adı ilə sürətlə yayılan bir ağac var. Bəzən hətta bu ağacların qorunduğunu da görürük. Amma ekoloqların fikrincə, bu ağacların qorunmasının heç bir mənası yoxdur.

    Median.Az bakupost.az-a istinadən xəbər verir ki, söhbət xalq arasında “şeytan ağacı” və ya “gəndələş” adlanan Ailanthus altissima növündən gedir. Mənşəyi Cənub-Şərqi Çin olan bu ağac əvvəlcə dekorativ məqsədlə Avropa və Qafqaz ölkələrinə gətirilib. Amma çox keçmədən məlum olub ki, bu “yaşıllıq” əslində yerli təbiətin səssiz düşmənidir.
    Şeytan ağacı o qədər sürətlə çoxalır ki, bir neçə ilə bütöv ərazini zəbt edə bilir. Onun kökləri “ailanthone” adlı zəhərli maddə ifraz edir. Bu maddə torpaqda qaldıqca digər bitkilərin cücərməsini və kök salmasını əngəlləyir. Nəticədə ağac öz ətrafındakı bütün həyatı boğur.

    Bu ağacın kökləri həm də binaların bünövrəsini, boruları, asfalt örtüyünü zədələyir. Yarpaqları əzildikdə kəskin pis qoxu verir, çiçəkləri isə allergiya yaradır. Ona görə də bir çox ölkələrdə Türkiyə, Almaniya, ABŞ və digərlərində bu ağac artıq “invaziv növ” kimi tanınır və məhv edilir.

    Xalq arasında bu ağac haqqında “oksigeni udur, karbonu buraxır” ifadəsi də işlədilir. Elmi baxımdan bu tam dəqiq olmasa da, müəyyən məntiqi əsas var.
    -Şeytan ağacı böyük miqdarda yarpaq tökür, çürüyən yarpaqlar isə karbon qazı və metan buraxır;
    -Yerli ağaclar kimi karbonu uzunmüddətli saxlamaq qabiliyyəti yoxdur;
    -Torpağı zəhərlədiyi üçün təbii oksigen dövranını azaldır.

    Beləcə, bu ağac balansı pozan, yaşıllıq görüntülü təhlükəyə çevrilir.

    Bakıda, Abşeronda və bir çox bölgələrdə bu ağacın vəhşi şəkildə yayılması müşahidə olunur. Tikililərin yanında, həyət və bağlarda, hətta daş döşəmələrin arasında belə bitir. İnsanlar çox zaman onun “yaşıllığına” sevinirlər, lakin illər sonra evlərinin bünövrəsində, su xətlərində və torpaqda onun zərərini görürlər.

    Ekoloqlar xəbərdarlıq edir: Ailanthus altissima qorunmağa yox, nəzarətə ehtiyacı olan növdür. Onu təbiətin bir hissəsi deyil, təbiətə təhlükə kimi qəbul etmək lazımdır.
    Şeytan ağacı görünüşdə yaşıllıq yaratsa da, əslində torpağı zəhərləyir, oksigen dövranını pozur, yerli bitkiləri məhv edir və şəhər infrastrukturu üçün ciddi təhlükə yaradır.

    Belə ağacı qorumaq təbiəti sevmək deyil, ona laqeyd qalmaqdır.

    Təbiəti qorumaq onun harmoniyasını saxlamaq deməkdir. Balansı pozan hər varlığa qarşı isə elmi, ekoloji və idarəedici tədbirlər görülməlidir.

    Onu “yaşıllıq” adlandırmaq səhvdir, çünki bu “yaşıl” ağac əslində təbiətin səssiz düşmənidir.

    Yaşıllıq hər ağacla olmur!

  • Ukrayna işıqsız qala bilər – XƏBƏRDARLIQ

    Ukraynalılar bu qışda gündə 20 saata qədər elektrik enerjisindən məhrum qalmaq riski ilə üzləşirlər.
     
    Median.Az xəbər verir ki, bu barədə enerji üzrə ekspert Yuri Korolçuk bildirib.
     
    Ekspert xəbərdarlıq edib ki, Ukraynanın elektrik şəbəkəsində həddindən artıq yüklənmə baş verə bilər və bu, məişət istehlakçıları üçün ciddi problemlər yaradacaq.
     
    “Əgər qış normal keçsə, gündə 20 saata qədər elektrik kəsintisi real təhlükədir. Bu hər gün baş verməyəcək, amma pik yüklənmələr zamanı sistem balanssızlığı ilə nəticələnə bilər”, – deyə Korolçuk bildirib.
     
    O əlavə edib ki, hətta nikbin ssenaridə belə, istehlakçılar gündə 12 saata qədər işıqsız qala bilərlər.
     
    Korolçukun sözlərinə görə, ötən qışın isti havası ölkə sakinlərini xilas edib. Lakin pik soyuq dövrlərdə və şəbəkənin ağır yük altında olduğu zaman uzun müddətli elektrik kəsintiləri xəyal deyil, real təhlükədir.

  • Kişilərin əksəriyyəti BU BÜRCLƏRİN qadınlarına aşiq olur

    Bəzi qadınlar şirin hesab olunur, bəziləri ağıllıdır, lakin yalnız bir neçəsi müqavimət göstərmək mümkün olmayan maqnit cazibəsinə malikdir.

    Median.Az xəbər verir ki, astroloqlar bu sehrin sirrinin ulduzlarda gizləndiyini iddia edirlər və aşiq olmaq statistikası bunu yalnız təsdiqləyir.

    Bürclərin dairəvi rəqsində elə təbiətlər var ki, onların cazibəsi ən şirin və füsunkar melodiyaya bənzəyir – ona sonsuz qulaq asmaq istəyirsən.

    Onların yanında dünya sanki xüsusi bir işıqla dolur və ürəklər hansısa sirli, lakin çox arzu olunan ritmlə vəhdətdə döyünməyə başlayır. Onlar şirnikdirmə qaydalarına əməl etmirlər – onlar sadəcə yaşayırlar və ətrafdakı həyatın özü sənətə çevrilir. Bəs insanların çoxu könüllü olaraq torlarında qalan bu sirli sehrbazlar kimdir?

    İlk ağıla gələn təbii ki, Buğa bürcüdür. Və bu, yalnız sadə dünyəvi praktikliyə aid deyil! Bu, ən dəbdəbəli təcəssümündə həssaslıq və harmoniya kraliçasıdır. Onun içində müəyyən bir hipnotik sakitlik var, elə Venera planeti ona ətrafda və içəridə gözəllik yaratmaq qabiliyyətini bəxş edib.

    Onun yanında olan kişi özünü fəthçi kimi deyil, heyrətamiz, isti və təhlükəsiz bir dünyada əziz qonaq kimi hiss edir.

    Onun yumşaq gülüşü, gözəl olan hər şeyə sevgisi, sədaqəti və dayaq olmaq bacarığı – səni ağıldan məhrum edən, arxaya baxmadan sevdirən maqnitdir. O, tələsmir, o, sadəcə özünə imkan verir – və bu sakit çiçəklənmədə əbədi qalmaq istəyirsən.

    Ancaq Buğa rahat günəşli bir bağdırsa, Əqrəb qaranlıq, məxmər və sonsuz cazibədar bir uçurumdur. Onun sehri sirrdə, dərinliklərdə, bütün gizli düşüncələrinizi və xəyallarınızı görən o çox pirsinqli görünüşdədir. Kişilər düşünürlər ki, onu heç vaxt tamamilə aça bilməyəcəklər və bu, bildiyimiz kimi, ürək üçün ən yaxşı yemdir.

    Onun yanında olduğunuz zaman bütün hissləriniz yüksəlir, instinktləriniz oyanır və daha güclü, daha cəsur, daha yaxşı olmaq istəyirsiniz – sadəcə onun bölünməz və ehtiraslı sevgisinə layiq olmaq üçün. O, asan yollar vəd etmir – o, real, hər şeyi istehlak edən bir hiss vəd edir. Və bu, imtina edə bilməyəcəyiniz bir macəradır.

    Balıqlar, əlbəttə ki, bu gözəl triumviratı tamamlayır. İnsanda zərifliyin özünü, saf arzuları və hər şeyi bağışlayan mehribanlığı təcəssüm etdirmək mümkün olsaydı, onlar olardı. Balıq qadını mənəvi istilik və anlayışın canlı baharıdır. Onun şirkətində bir kişi özü ola bilər – yorğun, şübhəli, həssas – və əmin olun ki, o, mühakimə edilməyəcək, lakin onların iştirakı ilə qəbul ediləcək, dinləniləcək və istilənəcəkdir.

    O, dünyanı sanki xəyallarının torunda tutur və sən onun möcüzələrə parlaq inamına o qədər inanmaq istəyirsən ki, onun yanında istər-istəməz onun qoruyucusu, yaradıcısı və qəhrəmanı olmağı arzulayırsan. O, sizi təzyiqlə deyil, tam, qeyd-şərtsiz mənəvi səxavətlə özünə aşiq edir.

    Və bizim mürəkkəb dünyamızda onun mənəvi cənnəti ən böyük xəzinəyə çevrilir.

    Bəs onların ortaq sirri nədir? Bəlkə də qüsursuz görünüşündə və ya ağıllı taktikasında deyil, hər bir işarənin özünəməxsus şəkildə ifadə etdiyi heyrətamiz, həqiqi qadınlıqda.

    Buğa onu dünyəvi gözəllik və etibarlılıqda, Əqrəb güc və ehtirasda, Balıqlar isə saf sevgi və mənəvi yaxınlıqda təcəssüm etdirir. Onlar sevgi axtarmırlar – onlar özləri onun mənbəyidir.

    Kişilər isə itmiş səyahətçilər kimi həmişə işığa gedirlər. (lent.az)

  • Donuz əti xərçəng yaradır — Britaniyada bekon və vetçinaya qadağa tələbi

    Böyük Britaniyada bekon (donuz pastırması) və vetçinanın qadağan olunması tələb edilib. Buna səbəb bu məhsulların xərçəng riskini artırmasıdır.

    Median.Az-ın məlumatına görə, bu tələblə bağlı məktub həmin Avropa ölkəsinin səhiyyə nazirinə Kvinz Universitetinin Qlobal Qida Təhlükəsizliyi İnstitutu tərəfindən göndərilib.

    Təşkilatın qurucusu, mikrobiologiya və qida təhlükəsizliyi üzrə professor Kris Elliott bildirib ki, pastırma və vetçinanın kanserogen (xərçəng yaradan) təsiri on il əvvəl sübut edilib, lakin bu illər ərzində onların istehlakını azaltmaq üçün ciddi addımlar atılmayıb.

    “Gecikən hər il qarşısı alına biləcək daha çox xərçəng hadisəsi, daha çox zərər çəkmiş ailə və Milli Səhiyyə Xidmətinə daha böyük yük deməkdir”, – deyə professor Elliott qeyd edib.

    O vurğulayıb ki, sağlamlığa ən çox zərəri ətə onun çəhrayı rəngini və satış görünüşünü qorumaq üçün əlavə olunan nitritlər vurur. Onun sözlərinə görə, bu maddələr nitrozaminlərin yaranmasına səbəb olur və bunlar da kanserogen hesab olunur.

    Ekspert əlavə edib ki, hələ 2015-ci ildə sübut olunub: gündə 50 qram emal olunmuş ət istehlakı yoğun bağırsaq xərçəngi riskini 18 faiz artırır.

  • Qapını kəsib huşsuz vəziyyətdə olan qadını xilas etdilər – Video

    Paytaxtın Nərimanov rayonu, Azadlıq prospektində vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

    Median.Az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısı açılaraq, huşsuz vəziyyətdə aşkar edilmiş vətəndaş – 1952-ci il təvəllüdlü S.Eminova təcili tibbi yardım briqadasına təhvil verilib.