• Sample Page
Median.Az
No Result
View All Result
No Result
View All Result
Median.Az
No Result
View All Result

Firəngiz Mütəllimova: “Təhminə obrazına məni çəkəcəkdilər, yataq səhnəsini göstərdilər, dedim…” – Müsahibə

by
Oktyabr 28, 2025
in Şou Biznes
0

Kulis.az Ülvi Bahadırın Xalq artisti Firəngiz Mütəllimova ilə müsahibəsini təqdim edir.
– Əslən şuşalısınız, ancaq Ağcabədi qeydiyyatdasınız.
– Anam şuşalı, atam qəbələlidir. Müəllim olublar. Hər ikisi təyinatla Ağcabədiyə gedib. Elə orada tanış olub ailə qurublar. Sonra Bakıya gəliblər. Təyinat üçün qarşılarında iki seçim olub: Şuşa və Qəbələ. Şuşanı seçiblər. Mən aprelin 3-ü səhər saat 6-da Şuşada doğulmuşam. Deyirlər, qar dizdən imiş. Ata-anam Ağcabədidə işləyirdilər və qeydiyyat müddətləri bitməmişdi. Ona görə də atam mənim də, qardaşımın da doğum şəhadətnamələrimizi oradan almışdı. Bayrama düşsün deyə məni mayın 1-nə yazdırmışdı. Kim haradan bilərdi ki, aləm qarışacaq? Mən Ağcabədidə cəmi üç il yaşamışam. Sonra təyinatla Şuşaya köçdülər. Anama evini vermədilər, çünki orada erməni yaşayırdı. Bizə başqa ev verdilər. Məktəb həyatım da o evdə keçdi. Sonra da Bakıya gəldim.
– Uşaqlığınızın Şuşası necə idi?
– Çox gözəl. Biz Şuşada dörd fəslin dördünü də doya-doya yaşayırdıq. Bakıda elə deyil. İnsanlar qəfildən qış paltarına keçir. Çox dəyişkəndir. Məktəbə beş yaşımda getmişəm. Məktəb formalarımız eyni idi. Qardaşımla bir partada otururdum. Dərnəklərə gedirdim. Rəqsi çox sevirdim. Ancaq aktyorluqla bağlı dərnək yox idi.
– Qarabağ mədəniyyət ocağıdır. Orada insanların incəsənətə marağının yaranması çox asandır. Ancaq Qarabağ daha çox bəstəkarları, xanəndələri ilə məşhurdur. Sizi aktrisalığa çəkən nə oldu?
– Məhəlləmizdə kinoteatr var idi. Dayım da orada işləyirdi. Pəncərədən baxanda kimin girib-çıxdığını görə bilirdim. Bütün günü filmlərə baxmağa gedirdim. Hind filmlərini çox sevirdim. 7-ci sinifdə oxuyanda kinoteatrın qabağında “Nəsimi” filminin afişasını gördüm və ovsunlandım. Ondan sonra dedim ki, mən aktrisa olacağam. Başıaşağı, qaradinməz qız idim. Heç kim bilmirdi ki, Bəhər müəllimin mən adda qızı var. “Güllü park” deyirdik, indi həmin yerdə “Qarabağ” oteli var, oradan dərsə gedib-gəlirdik. Yayda Polad Bülbüloğlu gələndə əlimdə şəkli ilə yolun qırağında dururdum ki, görüb imzalasın.
Anam bu qərarıma kəskin şəkildə etiraz elədi. Dedi ki, mən səni ağ xalatda görmək istəyirəm. Atam da dedi ki, yox, istəyirsə, getsin. Heç demə, anama göz vurubmuş, yəni onsuz da kəsilib gələcək.
Mən də iki “5”, bir “4” ilə girdim. Bəhər müəllim yatdı, durdu, oldu Firəngiz Mütəllimovanın atası Bəhər müəllim.
– Gəncliyinizdə də belə sakit təbiətli idiniz, yoxsa zaman sizi belə formalaşdırdı?
– Mən qoç burcüyəm. Qoçun da buynuzları içindədir. O da gec-gec çıxır. Belə çox mülayım insanam. Hətta qohumlarım mənə “sülh bayrağı” deyir. Küsənləri barışdırıram. 2013-cü ildə beyin əməliyyatı olanda sonra mən hər gün iki saat ayırıb Allaha dua eləyirəm. Bütün duaları əzbər bilirəm. Bircə Allaha inanıram. Falçıya, baxıcıya inamım yoxdur.
– Əməliyyat mövzusuna da qayıdacağıq… Qəbul olunandan sonra ananızın reaksiyası necə oldu?
– Yaxşı. Mən evin ilki idim. Anamın da gəncliyində gözəl səsi olub. Atası müharibəyə gedib gəlməyib, anası da onu dünyaya gətirəndə vəfat eləyib. Onu əmisi böyüdüb. O da mühafizəkar adam olub. Təsəvvür eləyin, anam danışırdı ki, mən Mədəniyyət Evində mahnı oxuyanda əmimi iki nəfər tuturdu ki, mənə hücum eləməsin. Ona görə də ürəksiz olub. Biz dörd uşaq olmuşuq, dördümüz da bir-birmiziə bağlı olmuşuq. Məsələn, mənim olan şey hamımızın idi. Əməliyyat olunmağa gedəndə də o hiss məndə idi. Heç kim inanmırdı. Özüm sənədə imza atdım ki, bütün məsuliyyət məndədir. Gülə-gülə girdim, gülə-gülə çıxdım.
– Hər bir aktyorun, aktrisanın peşəkarlar tərəfindən qəbul olunma prosesi olur. Siz necə özünü qəbul etdirdiniz?
– Şekspirin “İki veronalı” tamaşasında oynayırdım. Həmin tamaşaya Tofiq Kazımov da gəlmişdi. Kurs rəhbərimiz Böyükağa Kazımov idi. Baxdı, bəyəndi, teatra dəvət elədi. Dördüncü kursda oxuyanda artıq “Əliqulu evlənir” tamaşasının məşqlərinə gedirdim. Həmin tamaşada çox yaxşı qarşılandı. Mən elə əvvəldən baş rolla başlamışam. Teatrda işim çox idi deyə, kinodan uzaq düşdüm.
– Tamaşaçılar sizi daha çox İlyas Əfəndiyevin əsərləri əsasında səhnələşdirilən tamaşalardan tanıyırlar. Bu əməkdaşlıq necə başladı?
– “Natavan” tamaşasında oynayırdım. İlyas bəy də tamaşaçılar arasında idi. Tamaşadan sonra mənə dedi ki, sən həm gözəlsən, həm də Qarabağ xanımlarına bənzəyirsən. Onun bütün nəsihətlərinə mən bu gün də əməl eləyirəm. Onun 7-8 əsərində oynamışam. Birində qulluqçunu oynamışamsa, digərində narkomanı oynamışam. Tam fərqli obrazlar olub.
– Hətta sirf sizin üçün obrazlar yazırdı.
– Bəli. “Tənha iydə ağacı”nda mənim üçün obraz yazmışdı. Bir də mən narkomanı oynayanda demişdim ki, İlyas müəllim, bu qız niyə narkoman olub, burada nəsə olsa, yaxşı olar. O da mənə gözəl bir monoloq yazdı.
– İlk film təklifi necə gəldi?
– Vaqif Mustafayev və Ceyhun Mirzəyev təklif elədilər. Onların iki filminə çəkilmişəm: “Bəyin oğurlanması” və “Işarəni dənizdən gözləyin”.
– Ancaq o illərdə və sonralar kinoya az-az çəkilirdiniz?
– Çünki mən sınaq çəkilişinə gedirdim, gördüm ki, başqasını seçiblər. Ondan sonra heç bir sınaq çəkilişinə getmədim. Axırıncı dəfə “Qala” filmində çəkildim. Rejissor dedi ki, Rasim Balayev və sənin üçün heç bir sınaq olmayacaq.
– Hansı rollar olub ki, sonradan başqasını seçiblər?
– “Təhminə” filmində Təhminə obrazına məni çəkəcəkdilər. Çatan kimi yataq səhnəsini göstərdilər, dedim, çəkilmirəm. Hər şey yataqdan başlamır ki. Təhminə hər qadına qismət olmayan obrazdır. Bildim ki, məni çəkməyəcəklər. Türk aktrisanı çəkdilər, o da alınmadı. Çünki türklərlə bizim həyat tərzimiz fərqlidir. O obrazı ancaq bir azərbaycanlı aktrisa lazım olan səviyyədə oynaya bilərdi.
Mən heç bir kommersiya filminə çəkilmirəm. “Azərbaycanfilm” nəsə çəksə, dəvət etsə, çəkilərəm.
– Gəncliyinizdə bir müddət teatrdan uzaq düşmüsünüz.
– Ailə qurandan sonra uzaqlaşdım. Ancaq teatrda yerimi saxlamışdılar. Həyat yoldaşım xaricdə yaşayırdı, gedib-gəlməyə məcbur idim. Yollarda qalmışdım. Bəlkə də övladım olsaydı, qalardım.
– Valideynləriniz Bakıda qalırdı?
– Bəli. Atam xəstə idi deyə tez-tez gedib-gəlirdi.
– Üç illik ayrılıqdan sonra səhnəyə çıxanda hansı hissləri keçirdiniz?
– Mən təyyarədə uçanda da ancaq avtoqraf verirdim. Yoldaşım da deyirdi ki, ta nə fərqi oldu işdən çıxmağının. Elə gələn kimi rol verdilər, heç elə bil üç il keçməmişdi.
– Hansı roldan sonra hiss elədiniz ki, artıq populyarsınız?
– “Səni axtarıram”dan sonra. Televiziya tamaşası olduğuna görə çox adam baxmışdı. Yatdım Firəngiz, durdum Gülnar.
– Təklif necə gəldi?
– Mən “Gənclik” estradasında aparıcı idim. Tariyel Vəliyev orada mənim gülüşümü görmüşdü. Dedi ki, bu gülüş Elçini əsəbiləşdirəcək. Sonra altı ay məşq elədik, baxış oldu. İlk dəfə idi ki, AzTV-də hansı tamaşada küçə kadrları yayımlanırdı.
– Yaşar bəylə ilk işiniz idi?
– Bəli, ilk işim idi. O, artıq çox məşhur idi. Mən onun gözünün içinə baxmağa utanırdım. O da mənə çox kömək eləyirdi.
– Sonra qəfildən məşhurlaşdınız. Gənc aktrisa olaraq bu sizə çox çətinlik yaratdı?
– Əlbəttə. O qədər şeylər olurdu. Səviyyəsiz adamlar səviyyəsiz təkliflər eləyirdilər. Şöhrət insanı öz yaxınlarından da uzaqlaşdırır. Hamıya şübhəli baxmağa başlayırsan.
– Qoruyub saxlamağı necə bacardınız?
– Geyim-kecimimlə, münasibətimlə çərçivələr qoymağa başladım. Mənim üçün insan insandır. Dini, dili, irqi mənə maraqlı deyil. Hamıya eyni cür baxıram. Bu sənətdə əsas səmimiyyətdir.
– Sizə məktublar da gəlirdi…
– Yığın-yığın. Mən teatrdan çıxa bilmirdim. İnsanlar binanın qabağını kəsdirirdi. Ancaq hamısını ya atmışam, ya da yandırmışam. Bircə anamın məktublarını və dayımın müharibədən göndərdiyi açıqcanı saxlamışam.
– Bəs “Sənin axtarıram”dan sonra Yaşar Nuri ilə yayılan dedi-qodulara münasibətiniz necə idi?
– Boş şeylər idi. Mən Yaşarı çox sevirdim. O mənim sənət dostum, sağ qolum idi. Xeyli dərdləşirdim. Bir-birimizin evinə gedib-gəlirdik. Aramızda belə şeylər olmayıb. Olsa idi, çəkinmədən deyərdim.
– O özü nə deyirdi?
– Deyirdi ki, fikir vermə. Bir dəfə bir qadın aeroportda bizi bir yerdə görüb dedi ki, ay Allah, çox şükür, axır ki, evləniblər. Yaşar da dedi ki, hə, elə dünən axşam toyumuz olub. İnsanlar da buna inanırdı.
– Ondan sonra da Yaşar bəylə tərəf müqabili oldunuz?
– Çox olub. Əsas da teatrda bir yerdə oynamışıq. “Göz həkimi” teletamaşasında da birgə çəkilmişik.
– Şuşaya qayıdaq… İşğal xəbərini necə aldınız?
– Mən Türkiyədə qastrolda idim. Bir də gördüm ki, Ramiz Novruz başını divara döyür. Soruşanda dedi ki, Şuşa işğal olunub. Havalandım. Ata-anam Bakıda idilər, amma atam getməyə hazırlaşırdı. Hamının qanı qaraldı. Bakıda da aləm bir-birinə qarışmışdı. Özümdə-sözümdə deyildim. Evə gəldim. Ümidlə yaşayırdıq. Heç nə olmadı.
Atam anamla dalaşdı. Dedi ki, başa düşürsən, Şuşa ermənidədir. Anam da bir himə bənd idi. Başladı ağlamağa. Biz də baxa-baxa qaldıq. Əlimizdən nə gəlirdi?
Deyəndə ki, atam Qəbələdəndir, heç kim inanmır. Atam Şuşadan ən axırıncı çıxanlardan olub. Öz də Şuşanın dəlisi olub. Öləndə atamın cibindən bir kağız çıxdı. Yazmışdı ki, Şuşam, səni görəcəmmi, yoxsa burda öləcəmmi?
– Bəs azad olunduğunu necə öyrəndiniz?
– Mən mətbəxdə idim, bacım yan otaqda. Gördüm ki, prezidentimiz hərbi formadadır. Fikirləşdim ki, yəqin, Şuşa azad olunub. Çünki belə xəbərləri hərbi forma ilə elan edirdi. Elan eləyəndən sonra qışqırdım, bacıma dedim ki, Şuşa azad olunub. Həmin an ömrümün ən xoşbəxt anı idi.
– Nə vaxt getdiniz Şuşaya?
– 2020-ci ildə Pandemiya təzə qurtarırdı. Birinci dəfə gedəndə Şuşa xarabalıq idi. Onda Zəfər yolu yox idi. Çox böyük çətinliklə getdik. Sakitcə ağlayırdım. Elə bil, balaca bir uşağı qoyub getmişdi, ona qovuşdum, qucaqladım onu bərk-bərk. Tez gözümün yaşını sildim, istəmədim görsünlər. Ancaq axşam tədbir qurtarandan sonra evə gəlib, suyu açıb elə hönkürdüm… Hələ bu yaşımacan elə ağlamamışdım.
– Yaşadığınız yeri tapa bildiniz?
– Gözüyumulu. Elə bil əlimlə qoymuşam. Həmidə xanımla getdim. Evimizin tən ortasında ağac bitmişdi. Kol-kos basmışdı hər yeri. İndi Heydər Əliyev Fondu oranı qoruq edəcək. Bəlkə, muzey oldu.
– Orada yaşamaq planınız var?
– Əlbəttə. Bütün şuşalılar kimi mənim də arzumdur. Ev hazır olsun, gedib yaşayacağam.
– Valideynləriniz Bakıda vəfat elədi?
– Bəli, burda vəfat etdilər. Şuşadan torpaq gətirib tökdük məzarlarına. Qardaşım da gedib gördü Şuşanı. Ondan sonra rəhmətə getdi.
– Ananız, sonra atanız vəfat eləyəndən sonra böyük qız olduğunuza görə evin yükü sizin çiyinlərinizə düşdü.
– Mən onlara həm ana, həm də ata oldum. Çox çətin idi, amma daşımaq lazım idi.
– Nə vaxtsa memuarlarınız yazıb çap eləmək fikriniz var?
– Çox fikrimdə var. Xatirələrim çoxdur. Mənim həyatım bir filmdir, kitabdır. Hələ ki, başlamamışam, ancaq yazacağam.
– “Kaş ki, oynayamazdım” dediyiniz rollarınız olmamış olmaz.
– Var, əlbəttə. Çoxu da gənclik illərində olub. Teatrda etiraz eləyə bilmirsən. Maaş alırsan axı. Ancaq indi seçim edə bilirəm.
– Bayaq 2013-cü ildə olan əməliyyatdan danışdıq. İstəyərdim, o mövzuya qayıdaq. Problem nə idi?
– Beynimdəki sinirin üstündə şiş var idi. Altı ay ayağım işləmədi. Təslim olmadım. Həkimə də dedim ki, yeriyəcəm və yerdim. Düzdü, yenə də əziyyət çəkirəm, ancaq buna da şükür.
– Bəs ondan sonra necə səhnəyə çıxdınız?
– Çox həyəcan keçirirdim. “Qarabağnamə” tamaşısında Tubu xanım obrazını oynayırdım. Birinci çıxanda çox həyəcanlandım. Çünki paltar uzun idi. Ancaq yavaş-yavaş öyrəşdim.
– Kimləri mütaliə edirsiniz?
– Axırıncı dəfə Mopassanın novellarını oxumuşam. Stevan Sveyqin əsərlərini çox sevirəm. Öz yazıçılarımızdan Elçini çox oxuyuram. İlyas Əfəndiyevi əzbər bilirəm.
– 12 il Mədəniyyət və İncəsənət Universitetində dərs demisiniz. Pedaqoq kimi rahat idiniz, yoxsa aktrisa kimi?
– Təbii ki, aktrisa kimi. Dərs deməyə də davam edəcəkdim. Ayağımda problem yarandı deyə qaldı. Mən səhnədə daha rahatam. Artıq alışmışam. Səhnə mənim ikinci evimdir.
– Rola necə hazırlaşırsınız?
– İndi “Varlı qadın”da oynayıram. Birinci hissədə axsaq bir qadın olur, ikinci hissədə xəbər eləyirlər ki, sənə milyonlar qalıb. İkinci hissədən onun bir gəlişi var. Ona hazırlaşmaq üçün evdə axsayıram, əlavə məşqlər eləyirəm, Təhvil verənə qədər o obrazla yaşayıram. Sonra tamaşaya gedəndə rolumu yadıma salıram. O vaxtacan mən o obraz oluram. Ancaq onu düşünürəm.
– “Türkan Şoray qanunları”nız var?
– Qastrola gedəndə tək qalmaq istəyirəm. Heç kimin mənə mane olmasını istəmirəm. İsti-soyuq suyum olsun, heç televizorum olmasın, problem deyil. Komfort yox, şərait istəyirəm. Ancaq səhnədə kaprizlərim yoxdur.
– Arzusunda olduğunuz obraz var?
– Şəhid anasını, nənəsini oynamaq istəyərdim. Çünki o hissləri mən yaşamışam. Mənə ruhən yaxındır. Ancaq belə ürəyimdən nə keçibsə, oynamışam.
– Ən çox kimin üçün darıxırsınız?
– Atam, anam və qardaşım üçün. Elə qəbir üstünə təzə getmişdik. Mən ruhlara inanıram. Qardaşım mənim uğurlarıma sevinirdi. Onun heç üçü çıxmamışdı, mən Heydər Əliyev Mərkəzində “Qarabağnamə” tamaşasında oynadım. Çətin idi, ancaq bilirdim ki, o məni görür və gülümsəyir.

Previous Post

Fəzail Ağamalıdan İTTİHAM: “Bu məsələdən Ramiz Mehdiyevin iyrənc iyi gəlir” – Nikahdankənar oğul məsələsi BÖYÜYÜR

Next Post

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Next Post

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Recent Posts

  • Zaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: “Təəccüblü deyil”
  • Bakıda tramvay nəqliyyatını “Bakı Metropoliteni” təşkil edəcək
  • Yer kürəsini maqnit qasırğaları bürüyəcək
  • Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)
  • “Sumqayıt”ın stadionunda ölüm hadisəsi

Recent Comments

No comments to show.

Archives

  • May 2026
  • Aprel 2026
  • Mart 2026
  • Fevral 2026
  • Yanvar 2026
  • Dekabr 2025
  • Noyabr 2025
  • Oktyabr 2025
  • Sentyabr 2025
  • Avqust 2025
  • İyul 2025
  • İyun 2025
  • May 2025
  • Aprel 2025
  • Mart 2025
  • Fevral 2025
  • Yanvar 2025
  • Dekabr 2024
  • Noyabr 2024
  • Oktyabr 2024
  • Sentyabr 2024
  • Avqust 2024
  • İyul 2024
  • İyun 2024
  • May 2024
  • Aprel 2024
  • Mart 2024
  • Fevral 2024
  • Yanvar 2024
  • Dekabr 2023
  • Noyabr 2023
  • Oktyabr 2023
  • Noyabr 2021
  • Oktyabr 2021
  • Sentyabr 2021
  • Avqust 2021
  • İyul 2021
  • İyun 2021
  • May 2021
  • Aprel 2021
  • Mart 2021
  • Fevral 2021
  • Yanvar 2021
  • Dekabr 2020
  • Noyabr 2020
  • Oktyabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Fevral 2020
  • Yanvar 2020
  • Dekabr 2019
  • Noyabr 2019
  • Oktyabr 2019
  • Sentyabr 2019
  • Avqust 2019
  • İyul 2019
  • İyun 2019
  • May 2019
  • Aprel 2019
  • Mart 2019
  • Fevral 2019
  • Yanvar 2019
  • Dekabr 2018
  • Noyabr 2018
  • Oktyabr 2018
  • Sentyabr 2018
  • Avqust 2018
  • İyul 2018
  • İyun 2018
  • May 2018
  • Aprel 2018
  • Mart 2018
  • Fevral 2018
  • Yanvar 2018
  • Dekabr 2017

Categories

  • Afişa
  • Avto
  • Cəmiyyət
  • Dəb
  • Dünya
  • Əsəs Xəbərlər
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Kriminal
  • Maraqlı
  • Müsahibə
  • Ordu
  • Reklam ®
  • Sağlamlıq
  • Siyasət
  • Şou Biznes
  • Xeyirxahlıq

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.

No Result
View All Result

© 2026 JNews - Premium WordPress news & magazine theme by Jegtheme.