Month: January 2026

  • 16 yaşlı Tupak Şakurun nadir səs yazısı hərraca çıxarıldı

    “Wax Poetics” leyblı prodüser və artist “Ge-ology”nin şəxsi kolleksiyasına həsr olunmuş unikal hərrac başladıb.

    Yeniavaz.com xəbər verir ki, hərrac, Tupak Şakurun təxminən 1988-ci ildə, cəmi on altı yaşında ikən yazılmış ən erkən məlum səsyazmalarından birinə həsr olunub.

    “Ge-ology”nin Baltimordakı ailə evində yazılmış səsyazmada, o zamanlar “MC New York” kimi tanınan Tupakın “Born Busy” qrupunun üzvləri ilə birlikdə akapella ifası yer alır.

    Kolleksiyaya yalnız nadir kasetlər deyil, həm də əlyazma sözləri və gündəlik həyatdan fotoşəkillər: həyətlər, məktəb tədbirləri və əyləncələr daxildir.

    “Ge-ology” bu əşyaların tarixi dəyərini vurğulayıb:

    “Bu, ifa və ya buraxılış üçün səsyazma deyildi. Qafiyələri öyrənə və onlara uyğun ritmlər yarada bilməyim üçün akapellaları yazırdıq. Bu kaset, Tupakın dünya onu tanımamışdan əvvəl yazılmış ilk sənədlərindən biridir. Mən onu on illərdir qoruyuram və indi onu tarixin bir parçası kimi paylaşmağın vaxtıdır”.

  • Tramp: “İranın yeni lider axtarmasının vaxtıdır”

    ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneini devirməyə çağırıb və onu ölkənin tamamilə məhv edilməsində günahlandırıb.

    ABŞ prezidenti bu barədə “Politico”ya danışıb.

    “İranın yeni lider axtarmasının vaxtıdır”, – deyən Tramp rejim dəyişikliyi tələb edən genişmiqyaslı etirazları vurğulayıb.

    “Onun indiyə qədər verdiyi ən yaxşı qərar iki gün əvvəl 800 nəfərdən çox insanı asmamaq idi. Ölkənin lideri olaraq, o, dövlətin tamamilə məhv edilməsində və dünyanın heç vaxt görmədiyi miqyasda zorakılıqda təqsirkardır. Əsl liderlik qorxu və ölüm üzərində deyil, hörmət üzərində qurulur”, – deyə Tramp bildirib.

    “Bu adam xəstə bir insandır. O, ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi yarıtmaz rəhbərlik üzündən dünyada yaşamaq üçün ən pis yerdir”, – ABŞ lideri əlavə edib.

  • Avtomobil bazarında qiymət artımı – Hansı maşınlar bahalaşıb?

    Azərbaycan avtomobil bazarında müşahidə olunan qiymət artımları alıcıların da, satıcıların da diqqət mərkəzindədir. Xüsusilə, 30 min manata qədər olan avtomobillərin dəyərində 1 500 – 3 000 manat arası bahalaşma qeydə alınır. Bahalaşmanın əsas səbəbi kimi isə gömrük xərclərinin yüksəlməsi göstərilir.

    Bundan əlavə, Çin avtomobillərində problemlərin artması isə alıcıları daha çox daxili bazardakı ikinci əl maşınlara yönəldib.

    Mövcud vəziyyət bazarda tələbin yenidən formalaşmasına, bəzi marka və modellərə marağın kəskin artmasına səbəb olub. Bu isə istər yerli bazardakı avtomobillərin, istərsə də xaricdən idxal olunan nəqliyyat vasitələrinin qiymətlərində fərqli tendensiyaların yaranması ilə müşayiət olunur.

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev qeyd edib ki, bazarda müşahidə olunan qiymət artımının səbəbləri kifayət qədər aydındır. Onun sözlərinə görə, ölkəmizdə elektromobillərə və hibrid avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştlərinin müddəti 1 yanvar tarixindən etibarən başa çatması avtomobillərin qiymətinə birbaşa təsir göstərməyə başlayıb.

    “Bununla yanaşı, paralel idxal yolu ilə ölkəyə gətirilən avtomobillərlə bağlı da müəyyən məhdudiyyətlər tətbiq olunub. Söhbət Çinin daxili bazarında qəbul edilən yeni qaydalardan gedir. Belə ki, Çində dövlət qeydiyyat nişanı alan avtomobil, hətta sıfır kilometrajlı olsa belə, artıq ikinci əl avtomobil hesab olunur və həmin avtomobilin ölkədən çıxarılmasına yalnız 6 ay sonra icazə verilir. Halbuki əvvəllər Azərbaycana Çində qeydiyyata alınmış, lakin istifadə olunmamış, sıfır yürüşlü avtomobillər gətirilirdi”.

    E.Əliyev eyni zamanda bu avtomobillərin ixracı zamanı tətbiq edilən müxtəlif subsidiyalar mövcudluğuna da diqqət çəkib:

    “Həmin subsidiyaların aradan qaldırılması və nəzarətin gücləndirilməsi nəticəsində fərdi şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərin sayı əhəmiyyətli dərəcədə azalıb və yaxın dövrdə bu azalmanın davam edəcəyi gözlənilir. Bütün bu amillər fonunda qiymət artımının qaçılmaz olduğunu söyləmək olar.

    Digər tərəfdən, rəsmi dilerlər tərəfindən idxal olunan avtomobillərə də artıq əvvəlki güzəştlər şamil edilmir. Məsələn, elektromobil və hibrid avtomobillər əvvəllər ƏDV-dən və bəzi rüsumlardan azad idi. Güzəştlərin müddətinin başa çatması həmin avtomobillərin qiymətinin birbaşa bu rüsumlar qədər artmasına səbəb olub”.

    Sədr vurğulayıb ki, Çin avtomobillərində müşahidə olunan problemlərə gəldikdə, bu, əsasən Çinin daxili bazarı üçün istehsal olunan avtomobillərin fərdi şəxslər tərəfindən ölkəyə gətirilməsi ilə bağlıdır:

    “Belə avtomobillər əksər hallarda rəsmi servislər tərəfindən qəbul edilmir, ehtiyat hissələrinin tapılmasında çətinlik yaranır və servis xidməti düzgün şəkildə göstərilmir. Bu da nəticə etibarilə istifadəçilər üçün ciddi problemlər yaradır. Lakin rəsmi dilerlərdən alınan avtomobillərdə əvvəlki illərlə müqayisədə bu cür problemlər demək olar ki, aradan qalxıb. Əksər dilerlər artıq ehtiyat hissələri anbarlarını kifayət qədər doldurub və servis xidmətləri daha sistemli şəkildə fəaliyyət göstərir. Yəni bu istiqamətdə vəziyyət xeyli yaxşılaşıb. Qiymətlərə gəlincə isə, qeyd etdiyim amillərin təsiri ilə ikinci əl avtomobillərin yenidən dəyər qazandığını müşahidə edirik”.

    O həmçinin əlavə edib ki, ötən il ikinci əl avtomobillərin qiyməti 35-40 faiz, bəzən isə daha çox ensə də, hazırda bu avtomobillərin yenidən bahalaşması prosesi gedir:

    “Amerikadan idxal olunan ikinci əl avtomobillərin sayında əvvəl müəyyən azalma olsa da, hazırda bu avtomobillərə marağın yenidən artdığını görürük. Bununla belə, məqsədəuyğun olardı ki, Mərkəzi Bank tərəfindən banklara müəyyən səlahiyyətlər verilsin və avtomobil kreditləri üzrə ilkin ödəniş məbləği 10-15 faiz səviyyəsində müəyyən edilsin.

    Necə ki, bu gün elektromobil və hibrid avtomobillər üçün 10-20 faiz ilkin ödənişlə kredit imkanları mövcuddur, eyni şərtlər benzin, dizel və CNG mühərriki ilə işləyən avtomobillərə də tətbiq olunsa, vətəndaşlar müxtəlif riskli bazarların qurbanına çevrilməzdi. Belə olan halda insanlar Çindən, Amerikadan və ya Koreyadan gətirilmiş, mənşəyi və texniki vəziyyəti şübhəli olan ikinci əl avtomobilləri almağa məcbur qalmazdılar”.

    Eyyub Əliyev bazarda taksi fəaliyyəti üçün tələbatı yüksək olan avtomobillər mövcudluğuna nəzər salaraq, bunların əsasən əhalinin aşağı gəlirli təbəqəsinin üstünlük verdiyi, daha sərfəli və əlçatan modellər olmasını da diqqət çəkib:

    “Bu tip avtomobillər həm şirkətlər tərəfindən, həm fərdi şəxslər tərəfindən, həm də birbaşa taksi fəaliyyəti məqsədilə alınırdı. Söhbət konkret olaraq müəyyən marka və modellərdən gedir. Hazırda bu kateqoriyaya aid avtomobillərin böyük əksəriyyəti qeyri-rəsmi yollarla, yəni fərdi şəxslər tərəfindən ölkəyə gətirilir. Məhz buna görə də onların qiymətlərində ciddi artımlar müşahidə olunur”.

    Assosiasiya sədri qeyd edib ki, BYD artıq Azərbaycanda rəsmi müqavilə bağlayıb və yaxın vaxtlarda bu markaya məxsus avtomobillərin ölkəmizdə rəsmi satışına başlanılacaq:

    “Hətta ilkin satış kampaniyaları da artıq elan edilib. Lakin hazırda avtomobillərin fiziki olaraq ölkəyə gətirilməsi hələ tam başa çatmayıb və onların yaxın zamanlarda tədarükü gözlənilir.

    Bu müddət ərzində BYD markasının bəzi modelləri qeyri-rəsmi kanallarla ölkəyə gətirilir. Fərdi şəxslər mövcud vəziyyətdən istifadə edərək bu avtomobillərə süni şəkildə qiymət artımı tətbiq edirlər. Həmin avtomobillər əvvəlki dövrlərdə ölkəyə gətirilib, fərdi şəxslərin adına rəsmiləşdirilib və artıq dövlət nömrə nişanı da alınıb. Bu səbəbdən satış zamanı qanunvericiliyə uyğun olaraq əlavə rüsum və ya ödəniş etmirlər, lakin buna baxmayaraq, bazarda süni qiymət artımı yaradırlar”.

    O yekun olaraq bildirib ki, yaxın zamanlarda rəsmi distributor tərəfindən avtomobillərin ölkəyə kütləvi şəkildə tədarükü həyata keçirildikdən sonra, bu süni qiymət artımının aradan qalxacağı gözlənilir:

    “Fərdi şəxslər məcbur qalaraq avtomobilləri daha aşağı qiymətlərlə təklif edəcəklər. Çünki rəsmi distributorlar süni qiymət artımı tətbiq etmir, qiymət dəyişiklikləri yalnız istehsalçı zavod tərəfindən və ya rəsmi kataloq qiymətlərində baş verən artımlarla bağlı olur”,- deyə E.Əliyev qeyd edib.

    Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb.

  • Ucardakı qəzada ölən müəllimin FOTOsu

    Ucarın Qazıqumlaq kəndi ərazisində “Mercedes” markalı minik maşınının su kanalına aşması nəticəsində Coşqun Məmmədov hadisə yerində həlak olub.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 1994-cü il təvəllüdlü C. Məmmədov Ucar rayonu Bərgüşad kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.

    32 yaşlı müəllim bu gün dəfn edilib.

    Qəzada həlak olan şəxsin fotolarını təqdim edirik:

  • İşçi ictimai vəzifələrin icrasına cəlb edildikdə maaşı saxlanılmayacaq – RƏSMİ

    İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallarda dəyişiklik edilib.
     
    Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
     
    Daha əvvəl işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməli idi.
     
    Qanunla sözügedən müddəa qanunvericilikdən çıxarılıb.

  • Mağazaları qarət etdi, kamera görüntülərini də oğurladı

    Sumqayıt şəhəri ərazisində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib.

    DİN mətbuat xidmətindən verilən xəbərə görə, o, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb.

    Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb.

    Araşdırma aparılır.

  • Xarkov yenidən vuruldu, ciddi zərər dəydi

    Xarkov yenidən rus ordusunun hücumlarına məruz qalıb. Şəhərin Sənaye rayonundakı mühüm infrastruktur əhəmiyyətli dərəcədə ziyan görüb.
     
    Bu barədə Xarkov meri İqor Terekov Teleqramda məlumat verib .
     
    O bildirib ki, zərbələr nəticəsində bir nəfər yaralanıb:
     
    “Zərər çox ciddidir. Söhbət şəhəri isti və işıqlı saxlayan sistemə ciddi təsirlərdən gedir. Enerji sektoru hazırda çox çətin vəziyyətdədir”.

  • Azərbaycanda farel balıqlarının qiyməti bahalaşdı – Video

    Balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, balıq ovu ilə məşğul olmaq istəyənlər müvafiq sənədlərlə “Balıqçılıq və Akvakultura Mərkəzi”nə və ya bölgələrdəki “ASAN Xidmət” Mərkəzlərinə müraciət edə bilərlər.

    Sənaye və əmtəə məqsədli ov üçün qiymət balığın növünə görə dəyişir.

    Bəs balıq bazarında vəziyyət necədir? Tətbiq edilən kvota qiymətlərə təsir edə bilərmi?

    Satıcıların sözlərinə görə, bazarda tələbat ən çox farel və sazan balığınadır. Farel bir neçə gün əvvəl 16-17 manata da satılıb.

  • Şəmkirdə yük maşını ağaca çırpılıb, ölən var

    Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan “Ford Transit” markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

    Qəza nəticəsində 1982-ci il təvəllüdlü Ş.Quliyev hadisə yerində həyatını itirib.

    Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

  • UEFA milyonlar itirdi

    UEFA 47 milyon avro məbləğində gəlir itkisi ilə üzləşib.
     
    Qurum bunu ABŞ dollarının məzənnəsinin dəyişməsi ilə izah edib
     
    “Son bir neçə il ərzində UEFA güclü ABŞ dollarından faydalanırdı ki, bu da xarici valyuta əməliyyatlarından əhəmiyyətli mənfəət əldə olunmasına səbəb olmuşdu. Lakin 2025-ci ilin martında vəziyyət dəyişdi və ABŞ dolları təxminən 9 faiz kəskin ucuzlaşdı. Bu isə 47 milyon avro həcmində valyuta itkisinə gətirib çıxardı.
     
    Xarici valyuta üzrə mənfəət bir neçə il ardıcıl olaraq müsbət olmuşdu, lakin təəssüf ki, 2025-ci ilin yazında vəziyyət dəyişdi. ABŞ dolları iqtisadi, bazar və geosiyasi dinamika da daxil olmaqla müxtəlif səbəblərdən qəfil zəiflədi”, – deyə UEFA-nın maliyyə hesabatında qeyd olunub.