Müğənni Zamiq Hüseynov Real FM-in qonağı olub.
Median.Az xəbər verir ki, sənətçi ona ünvanlanan “Zamiq üçün Aygün yoxsa Röya?” sualına cavab verməkdən imtina edib.
Müğənni bildirib ki, hər iki xalq artisti onun dostudur:
“Mən hər zaman bu tərz suallardan qaçmışam. Çünki belə insan deyiləm. Hər iki sənətçi mənim dotumdur, hər ikisinin də tədbirlərində iştirak edirəm. Onlar küsülü olanda da mənim dostlarım idilər, elə indi də. Elə bir adam deyiləm ki, onlar küsülü olanda mən də özümə bir tərəf seçim. İndi barışıblar, yenə də hər ikisi mənim dostumdur. Küsülü qalmaqlarını heç istəmirdim. Hər iksinin yeri qəlbimdə ayrıdır. Onları bir-birindən heç vaxt ayıra bilmərəm”.//sfera.az
Month: January 2026
-
Aygün yoxsa Röya? – Zamiq kimi seçdi? – VİDEO
-
Rəsul Çunayevə vəzifə verildi
Yunan-Roma güləşi üzrə olimpiya mükafatçısı, dünya çempionu, universiada və I Avropa Oyunlarının qalibi Rəsul Çunayevə vəzifə verilib.
Median.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsinin mütəxəssisi vəzifəsinə təyin olunub.
Bu barədə 35 yaşlı veteran idmançı açıqlama verib: “Yanvarın 26-dan etibarən Güləş Federasiyasında Nümayəndəliklərlə iş şöbəsində fəaliyyətə başlamışam.
Bu məsuliyyətli və şərəfli vəzifəyə təyin olunmağımda göstərilən yüksək etimada görə Güləş Federasiyasının rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə güləş idman növünün davamlı inkişafı, beynəlxalq arenada nüfuzunun daha da gücləndirilməsi istiqamətində üzərimə düşən vəzifələri məsuliyyətlə və vicdanla yerinə yetirəcəyəm”.
O, işinin nədən ibarət olacağını da bildirib: “İşim bütün ölkə ərazisində uşaq və yeniyetmə güləşinin inkişafı ilə bağlı olacaq. Regionlarda Uşaq-Gənclər İdman Məktəbləri ilə əlaqəli fəaliyyət göstərmək və güləş klublarının işinə əməli kömək etmək üçün addımlar atacağam”.
Qeyd edək ki, Güləş Federasiyası daha öncə də karyeralarını başa vuran veteran idmançılara müxtəlif postları tapşırıb. Belə ki, Mariya Stadnik qadın, Hacı Əliyev sərbəst, Rafiq Hüseynov isə yunan-Roma güləşi üzrə kurator vəzifələrinə təyin olunublar. (“Prosport”) -
Bu ərazilərə metro çəkiləcək – ÜNVANLAR AÇIQLANDI
“Bu gün Xırdalan və Masazır kimi istiqamətlərdə yeni metro xətlərinin yaradılmasına baxmaq mümkündürsə, məsələn, Zabrat ərazisində yeni metro stansiyalarının yaradılmasını, metro xəttinin o ərazilərə qədər aparılmasını səmərəli hesab etmirik. İndiki konsepsiyamızda bu yoxdur”.
Bunu Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masa zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O qeyd edib ki, yeni stansiyaların yerləri müəyyənləşərkən ilk növbədə hər bir stansiyanın verə biləcəyi töhfə, yəni onun effekti nəzərə alınır:
“Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. Yanaşmanın əsas məqsədi ondan ibarətdir ki, şəhərin mərkəzinin yükü azalsın. İndi mərkəzi stansiyalar rolunu ən çox “28 May” və “Sahil” stansiyaları daşıyır. Digər stansiyalardan gələnlər əsasən bu iki stansiyaya gəlir. İlkin olaraq keçid stansiyalarını inşa etməyimizin əsas səbəbi mərkəzin nəqliyyat yükünü azaltmaq və sərnişinlərin mərkəzə gəlməsi və mərkəzdən getməsi üçün alternativ stansiyalar təklif etməkdir, yəni, şəbəkəni şaxələndirməkdir. “28 May” stansiyasına keçid stansiyası olaraq “Cəfər Cabbarlı” stansiyası mövcuddur. 2030-cu ilədək “Nizami”, “Sahil” və “Xətai” stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdə isə artıq şəhər ətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcək”.
-
Tramp donanma göndərib: İranın son qərarı nə olacaq?
“The Jerusalem Post”un məlumatına görə, ABŞ İran neftinin ixracına qarşı hər hansı birbaşa hərbi əməliyyatdan əvvəl “dəniz blokadası” tətbiq etməyi nəzərdən keçirir. Faktiki olaraq, Tramp çıxışında İrana qarşı böyük bir donanmanın göndərildiyini açıqlayıb.
Bu açıqlamaların nəticəsi nə olacaq? İran razılığa gələcəkmi, yoxsa gərginlik daha da artacaq?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə əsasən, ABŞ-nin İran siyasətində “dəniz blokadası” ideyasının gündəmə gəlməsi Vaşinqtonun Tehrana qarşı təzyiq alətlərini sərtləşdirmək niyyətindən xəbər verir:Donald Trampın İrana qarşı böyük donanma göndərildiyi barədə açıqlamaları da bu strategiyanın siyasi və psixoloji əsasını formalaşdırır. Lakin məsələ təkcə niyyətlə deyil, bu niyyətin nə dərəcədə icra oluna biləcəyi və hansı nəticələr doğuracağı ilə bağlıdır. Məsələ burasındadır ki, “Dəniz blokadası” klassik beynəlxalq hüquq baxımından faktiki müharibə aktı hesab olunur. Bu səbəbdən ABŞ-nin rəsmi şəkildə blokada elan etməsi ehtimalı aşağıdır. Ancaq buna baxmayaraq İran neftini daşıyan tankerlərə qarşı sanksiyaların icrasının sərtləşdirilməsi, dəniz təhlükəsizliyi adı altında yoxlamalar, sığorta və maliyyə mexanizmləri vasitəsilə ixracın faktiki məhdudlaşdırılması kimi addımlar atıla bilər. ABŞ bu sahədə olduqca ciddi imkanlara malikdir. Belə ki, dünyanın ən güclü hərbi-dəniz donanmasına, Fars körfəzində müttəfiq olan dövlətlərdə geniş hərbi infrastruktura malik olması, eləcə də qlobal maliyyə sisteminə nəzarət imkanları Vaşinqtona ciddi üstünlüklər verir”.
Ekspert, ABŞ-nin İran neftinin ixracını tamamilə dayandırmaq imkanının olmadığını vurğulayıb:
“Çünki, qeyri-rəsmi tanker donanması, bayraq və sənəd manipulyasiyaları, gəmidən-gəmiyə neft ötürülməsi, əsasən Çin bazarına yönəlmiş qeyri-şəffaf satış kanalları Tehrana müəyyən nəfəs imkanı yaradır. Bu mexanizmlər İranın gəlirlərini həddən artıq azaltsa da, onları tamamilə sıfırlamır. Bu da o deməkdir ki, ABŞ maksimum halda İranın neft ixracını kəskin şəkildə azalda bilər, lakin tam iflic etməsi mümkün görünmür. Ən təhlükəli məqam Hörmüz boğazı faktorudur. Məlumdur ki, dünya neft ticarətinin təxminən beşdə biri bu boğazdan keçir və İran burada ciddi hərbi-taktiki imkanlara malikdir. Əgər ABŞ real dəniz blokadasına yaxın addımlar atarsa, İran cavab olaraq Hörmüzdə qeyri-sabitlik yarada, mina təhlükəsi, dron və raket riskləri formalaşdıra bilər. Bu isə təkcə ABŞ-İran qarşıdurması deyil, qlobal enerji təhlükəsizliyi probleminə çevrilər.
Məhz bu risklər Vaşinqtonu daha ehtiyatlı davranmağa vadar edir. Trampın sərt ritorikası da əsasən bu kontekstdə qiymətləndirilməlidir. Onun siyasi üslubu maksimal təzyiq və güc nümayişinə əsaslansa da, genişmiqyaslı müharibəyə girmək istəyi ilə səciyyələnmir. Məqsəd daha çox İranı iqtisadi və psixoloji baxımdan sıxışdırmaq, onu danışıqlar masasına zəif mövqedən gətirməkdir. Amma bu baş verməyəcəksə, yəni İran bu təhdidlərdən müvafiq nəticə çıxarmayacaqsa o zaman hərbi müdaxilə ehtimalı da artacaq. Söhbət genişmiqyaslı müharibədən yox, qısa müddətli, konkret hədəflərə yönəlik hərbi müdaxilədən gedir. Düşünürəm ki, biz hələ bir müddət də tərəflər arasında güc və dözümlülük yarışına şahidlik edəcəyik”. -
Baş Prokurorluqdan əhaliyə vacib MÜRACİƏT
Son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri-bank kartlarının “drop” kimi istifadəsidir. Müşahidələr onu göstərir ki, bəzi insanlar öz bank kartlarını müəyyən məbləğ qarşılığında tanımadıqları şəxslərə verirlər. Lakin bu, çox ciddi nəticələrə səbəb olur.
Median.Az xəbər verir ki, Baş Prokurorluq bu hallarla bağlı vətəndaşlara müraciət edib.
Prokurorluq xatırladır ki, kartını cinayət məqsədilə başqasına verən hər kəs gələcəkdə cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki həmin kart vasitəsilə dələduzluq və ya digər qanunsuz əməliyyat aparılarsa bank kartının sahibi hüquqi baxımdan cavabdeh sayılır:
Hörmətli vətəndaşlar, bunları unutmayın:
– Kart məlumatları gizli saxlanmalıdır.
– Heç bir halda kartınızı və ya elektron bank hesabınızı başqasına verməyin.
– Tanımadığınız şəxslərin yüksək qazanc vədi ilə etdikləri tələlərə aldanmayın.
Müraciətdə qeyd edilir ki, bu cür hallara qarşı qanunvericilik daha da sərtləşdirilir və hüquq-mühafizə orqanları tərəfindən ardıcıl əməliyyatlar həyata keçirilir: “Hər birinizdən xahiş edirik özünüzü, kartınızı, maliyyə təhlükəsizliyinizi qoruyun! Şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanları ilə və ya bankınızla əlaqə saxlayın”.
Təhlükəsizlik hamımızın məsuliyyətidir!//sfera.az -
ABŞ-də ölənlərin sayı artdı
ABŞ-də güclü qar çovğunu ilə əlaqəli səbəblərdən həyatını itirən insanların sayı 51 nəfərə çatıb.
Median Az xəbər veir ki, bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.
Ölüm halları Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Tennesi və Texas ştatlarında qeydə alınıb.
Nyu-Yorkda 10 nəfər küçədə donvurmadan ölüb. Bundan əvvəl rəsmi itki sayının 42 olduğu qeyd olunurdu. -
Prokurorlara yeni səlahiyyət verilir

Prokurorlara yeni səlahiyyət verilir.
Median Az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurum olaraq müvafiq dövlət orqanları (qurumları) ilə yanaşı prokuror da müəyyən edilir. -
Ombudsman: Uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir
Paytaxtda və regionlarda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə təhsil, səhiyyə, sosial xidmət və digər sahələrdə obyektlərin inşası və bərpası, ölkədə aparılan genişmiqyaslı islahatlar uşaqların hüquqlarının müdafiəsi, habelə onlar üçün keyfiyyətli xidmətlərin, bərabər imkanlara əsaslanan mühitin, sağlam, təhlükəsiz şəraitin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, ictimai münasibətlərin inkişafı müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac yaradır. Bu baxımdan ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş hüquqi islahatların məntiqi davamı olaraq yaranan yeni münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanmış “Uşaq hüquqları haqqında” Qanunun layihəsi özündə uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları ehtiva edir.
Median.Az xəbər verir ki, bunu ombudsman Səbinə Əliyeva parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yanvarın 28-də keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin göstərilməsi uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir.
“Digər mühüm dəyişiklik layihədə uşaqlar barəsində icraata dair müddəaların ətraflı şəkildə verilməsindən ibarətdir. Həmin müddəalar bu sahədə mövcud olan beynəlxalq hüququn normalarında əks olunmuş prinsiplərin ehtiva edilməsi və uşaqların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Qanun layihəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə qurumların, o cümlədən ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən edilməsi uşaq hüquqlarının müdafiəsi və beynəlxalq normalara uyğunluğu baxımından xüsusi əhəmiyyətə malikdir”, – deyə ombudsman qeyd edib. -
Yeni doğulan uşağa ad verilmə qaydaları DƏYİŞİR
Dövlət uşağın fərdiliyini, yəni vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququnu qoruyacaq.
Median.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, uşağa ad Ailə Məcəlləsinə uyğun olaraq veriləcək.
Hazırda qüvvədə olan qanuna görə, uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir.
Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir.
Qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
Qanun layihəsinə əsasən, yuxarıdakı üç abzasda qeyd edilən müddəalar qanundan çıxarılacaq.
Ailə Məcəlləsinin tələbləri
Məlumat üçün bildirək ki, Ailə Məcəlləsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir.
Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir.
Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.
Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı Ailə Məcəlləsiniə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
-
Paşinyan: Azərbaycanla sülh Ermənistanın təhlükəsizliyinin qarantıdır
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ölkənin təhlükəsizliyi üçün ən etibarlı təminatdır.
Bu bəyanatı Ermənistanın Baş naziri Nikol Paşinyan Ordu Günü münasibətilə xalqa müraciətində bildirib.
“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh mövcuddur və bundan daha etibarlı təhlükəsizlik zəmanəti yoxdur”, – Paşinyan vurğulayıb.
Baş nazir, eyni zamanda, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin faktiki olaraq zəifləməsinin ölkə üçün yeni imkanlar açdığını da bildirib. Onun sözlərinə görə, 2022-ci ilə qədər beynəlxalq tərəfdaşlar Ermənistana silah satmaqdan imtina edirdilər, çünki bu silahların ölkə hüdudlarından kənara çıxarılmasından və ya KTMT-nin nəzarətinə keçməsindən ehtiyat edirdilər.
“Bu maneə artıq mövcud deyil”, – Paşinyan qeyd edib.
O əlavə edib ki, Ermənistan bundan sonra da silahlı qüvvələrinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.//apa








