Month: Mart 2026

  • Tanınmış azərbaycanlı müğənni səsini itirdi: Bütün konsertlər ləğv edildi

    “Kamin” hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.

    Bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.

    Martın 27-də Minsk şəhərindəki konserti əsnasında səsini itirən müğənniyə tibb işçiləri tərəfindən oxumaq və danışmaq qəti şəkildə qadağan olunub. Səs tellərində yaranan kəskin iltihab nəticəsində sənətçinin səhhəti çıxışlar ərəfəsində ağırlaşıb və ona beş dəfə adrenalin iynəsi tətbiq edilib. İfaçı hazırda iltihab əleyhinə və hormonal müalicə kursu keçir, eyni zamanda, ona üç həftə ərzində səslə bağlı tam istirahət və sərt yuxu rejimi yazılıb. Tibb mütəxəssislərinin xəbərdarlığına görə, bu qaydalara əməl edilməməsi səsin həmişəlik itirilməsi ilə nəticələnə bilər. Müalicənin gedişatından asılı olaraq, vəziyyət müsbətə doğru dəyişərsə, müğənnini aprelin 19-da yenidən səhnəyə qayıtması ehtimal olunur.

    Xatırladaq ki, bir müddət əvvəl Jony tanınmış gənc “TikTok” ulduzu Səbinə Xayrova ilə birgə “Comedy Club” proqramında görüntülənmişdi.

  • Paşinyana hücum cəhdi ilə əlaqədar üç nəfərə ittiham elan edildi

    Ermənistanın Baş naziri Nikol Paşinyana hücum cəhdi ilə əlaqədar açılmış cinayət işi çərçivəsində üç ölkə vətəndaşına rəsmi ittiham elan edilib.

    Bu barədə məlumatı Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Kima Avdalyan ictimaiyyətlə bölüşüb.

    “D.M. barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və dövlət məmurunun qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olma maddələri ilə cinayət təqibinə başlanılıb. M.M.-yə isə xuliqanlığa dəstək və vəzifəli şəxsin fəaliyyətinə müdaxiləyə dəstək, G. G. barəsində isə xuliqanlığı təşkil etmə və vəzifəli şəxsin qanuni rəsmi və ya siyasi fəaliyyətinə mane olmağı təşkil etmə ittihamı ilə iş açılıb”, – deyə o, “Facebook” hesabında yazıb.

    Qeyd edək ki, mart ayının 29-da Ermənistanın Daxili İşlər Nazirliyi İrəvan şəhərində yerləşən Müqəddəs Anna kilsəsindəki bazar günü ibadətindən sonra üç nəfərin polis tərəfindən saxlanıldığını elan etmişdi. Həmin hadisə hökumət rəhbərinə qarşı təxribatın qeydə alındığı ərazidə cərəyan edib. Belə ki, bir vətəndaş kilsənin binasını tərk edən zaman Nikol Paşinyana fiziki hücum etməyə çalışıb.

  • Ağdam sakini Mingəçevirdə küçədə infarktdan öldü

    Mingəçevir şəhərində 57 yaşlı kişi küçədə qəfil ölüb.

    Hadisə şəhərin Şah İsmayıl Xətai küçəsində baş verib.

    Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Şahlar Məmişov küçədə qəfil özünü pis hiss edib və yıxılıb. O, küçədə vəfat edib.

    İlkin məlumata görə, Ş.Məmişov infarktdan dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq

    Azərbaycanda “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də dəyişiklik olacaq.

    Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” 3 mart 2026-cı il tarixli qanunun tətbiq barədə sərəncam imzalayıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti qanunun 15.5-ci maddəsinə uyğun olaraq, qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə 3 ay müddətində “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də müvafiq dəyişiklik edib ölkə Prezidentinə məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

  • Ordubadda qaya uçqunu olub

    Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.

    İntensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub.

    Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.

  • İranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olundu

    İranda “İran Xalq Mücahidləri Təşkilatı” (“Mücahid-e Xalq”) terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən daha iki nəfər edam olunub.

    Bu barədə SNN telekanalı məlumat verib.

    Bildirilib ki, onlar dövlət müəssisələrinə qarşı qumbaraatanlardan istifadə etməklə terror aktları törətməkdə, eləcə də partlayıcı qurğular hazırlamaqda təqsirli hesab olunmuşdular. İstintaq başa çatdıqdan sonra hər ikisi üsyankarlığa görə edam cəzasına məhkum edilib.

    İran Ali Məhkəməsi hökmü təsdiqləyib. Martın 31-də məhkumlar asılıb.

    Xatırladaq ki, martın 30-da “Tasnim” agentliyi İranda terror aktları törətdiklərinə görə iki “Mücahid-e Xalq üzvünün edam edildiyini bildirmişdi.

    Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

    İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

  • Aprelin ilk günündə 25 dərəcə isti olacaq

    Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacaq.

  • Şağanda qardaşı tərəfindən qətlə yetirilən Qamətlə bağlı YENİ MƏLUMATLAR

    Bakının Şağan qəsəbəsində baş vermiş qardaş qətlinin bəzi təfərrüatı məlum olub.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, qardaşı Qismət Teymurov tərəfindən ov tüfəngi ilə öldürülən 1985-ci il təvəllüdlü Qamət Teymurov əvvəllər məhkumluq həyatı yaşayıb.

    O, qəsəbə sakini Ayfər adlı şəxsi qətlə yetiribmiş.

    Qamət azadlığa çıxandan sonra mərhum Ayfərin qardaşı onu ov tüfəngi ilə yaralayıb. Bu səbəbdən Qamət bir müddət xəstəxanada da müalicə olunub.

    Qonşuların bildirdiyinə görə, iki qardaş arasında münaqişə isə Qamətin içki aludəçisi olması səbəbindən baş verib. Onların davası zamanı Qismət qardaşı Qaməti birgə yaşadıqları evdə ov tüfəngi ilə qətlə yetirib.

    Qeyd edək ki, ötən gün axşam saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

    Qismət Teymurov saxlanılıb.

  • Xocavənd şəhərinə daha 64 ailə yola salınıb

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu gün Xocavənd şəhərinə daha 64 ailənin (253 nəfər) qayıdışı təmin olunub.

    Qeyd edək ki, bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar.

  • Məktəbin gözətçisi direktor müavinini söydü, xadiməni yumruqla vurdu

    Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Cəsur Fərəcovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin hökmü dəyişdirilib, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə görə, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. Cəsur Fərəcov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.

    İttihama görə, hadisə 2025-ci il mayın 14-də saat 9 radələrində Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində yerləşən 22 saylı orta məktəbin binasında qeydə alınıb.

    Belə ki, Cəsur Fərəcov gözətçi kimi çalışdığı məktəbin dəhlizində direktor müavini T.T. ilə yüksək səslə söyüş və təhqiredici ifadələrlə müşayiət olunan mübahisə edərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

    Hadisə zamanı onun qanunsuz davranışlarının qarşısını almaq məqsədilə məktəbdə xadimə işləyən zərərçəkmiş Sənanə Səfərova (adı və soyadı şərtidir) mübahisəyə müdaxilə edərək tərəfləri sakitləşdirməyə və vəziyyəti nəzarət altına almağa çalışıb. Qadın bu məqsədlə direktor müavinini xidmət otağına aparıb. Lakin təqsirləndirilən şəxs aqressiv davranışlarını davam etdirərək həmin otağa daxil olub və orada da ictimai qaydanı pozan hərəkətlərini davam etdirib.

    İstintaqla müəyyən edilib ki, Cəsur zərərçəkmiş şəxsin sağ qol nahiyəsinə qəsdən yumruqla bir zərbə vurub. Nəticədə Sənanə Səfərova sağ bazu oynağında hərəkətin çətinləşməsinə səbəb olan yumşaq toxumaların şişkinliyi və qançırdan ibarət, sağlamlığa yüngül zərərvurmaya aid xəsarət alıb.

    Beləliklə, Cəsur Fərəcovun hərəkətləri ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə, zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

    Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, təqsirli bilinərək bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.