Month: Mart 2026

  • İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

    İrandan fevralın 28-i saat 8:00-dan martın 31-i saat 10:00-dək Azərbaycana ümumilikdə 3 146 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 551 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 728, Rusiyanın 354, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 196, Omanın 84, İndoneziyanın 68, İranın 61, İtaliyanın 44, Əlcəzairin 55, İspaniyanın 26, Almaniyanın 24, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 11, Belarusun 11, Böyük Britaniya, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliyanın 9, Sudanın hərəsinin 8, Venesuela 7, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, Çexiya, İsveç, Əfqanistan, Avstraliya, Avstriya, Yunanıstan, Vyentam, Finlandiya, Qırğızıstanın hərəsinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Sloveniyanın hərəsinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

  • Bakıda yağan rekord yağışların səbəbi müharibədir? – Alimdən sensasion açıqlama

    Yaxın Şərq və İranda baş verən hərbi toqquşmaların Bakıda son günlər müşahidə olunan şiddətli yağıntılara yol açdığı məlum olub.

    Median.Az xəbər verir ki, bu barədə caliber.az-a Azərbaycan Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, tanınmış mütəxəssis Həsən Nəbiyev məlumat təqdim edib.

    Mütəxəssisin sözlərinə əsasən, şiddətli partlayışlar, raket və bomba zərbələri, eləcə də yanğınların tüstüsü yer üzərindən atmosfer qatına nəhəng miqdarda toz, torpaq və müxtəlif bərk maddələr qaldırır.

    “Bunun nəticəsində atmosfer bərk kondensat maddələri ilə zənginləşərək strukturunu itirir və Abşeron yarımadası ilə paytaxtda misli görünməmiş yağıntılara gətirib çıxarır. Bakının iki gün ərzində aylıq normanın 564%-ni qəbul etməsi bariz anomaliya hesab edilir. Analoji vəziyyət sonuncu dəfə bir əsrdən çox bundan öncə qeydə alınıb, lakin həmin vaxt yağan leysan belə indikindən daha zəif idi”, – deyə alim vurğulayıb.

    Onun qənaətinə görə, bütövlükdə region dövlətlərində – Azərbaycan, Dağıstan (Rusiya), Türkiyə, Gürcüstan və Ermənistanda müşahidə edilən dağıdıcı yağıntılar Yaxın Şərqdə gedən müharibənin birbaşa ekoloji fəsadlarıdır.

  • Məhkəmə küçədə bacısını döyən qadını cəzadan azad etdi

    Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Zərifə Məmmədovanın (adı və soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri və dövlət ittihamçısının apellyasiya protesti təmin edilməyib, Gəncə Şəhər Məhkəməsinin hökmü dəyişdirilib. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 5.1, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən, Zərifə Məmmədova Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 1 500 manat miqdarında cərimə cəzasından azad olunub, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

    İbtidai istintaq orqanı tərəfindən toplanmış materiallara görə, Zərifə Məmmədovaya Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Araşdırmalarla müəyyən edilib ki, hadisə 2024-cü il iyunun 11-də saat 13 radələrində Gəncə şəhəri, Atatürk prospekti, 265 ünvanında yerləşən marketin qarşısında baş verib.

    Belə ki, təqsirləndirilən şəxs bacısı, zərərçəkmiş Təhminə Məmmədova (adı və soyadı şərtidir) Zərifənin onun barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığını iddia edərək və bu səbəbdən xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Zərifə də bunu bəhanə gətirərək bacısı ilə ictimai yerdə mübahisə yaradıb. O, ətrafda olan şəxslərə məhəl qoymadan ictimai qaydanı kobud şəkildə pozaraq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib.

    İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs Təhminəni nalayiq ifadələrlə təhqir etdikdən sonra zor tətbiq edərək sağ yumruğu ilə onun burun nahiyəsinə qəsdən bir zərbə vurub. Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır və şişkinlik xəsarətləri alıb ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət kimi qiymətləndirilib.

    Bundan başqa, hadisə zamanı Təhminənin əlində olan ona məxsus mavi rəngli “Redmi Note 8” mobil telefonu yerə düşərək zədələnib və arxa hissəsi çatlayıb. Nəticədə zərərçəkmiş şəxsə 90 manat məbləğində maddi ziyan vurulub.

    Beləliklə, Zərifə Məmmədovanın hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiqi və özgənin əmlakına ziyan vurulması ilə müşayiət olunan qərəzli xuliqanlıq kimi qiymətləndirilib.

    Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Zərifə Məmmədova CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona 1 500 manat məbləğində cərimə cəzası təyin edilib.

  • Ağcabədi batalyonunun komandiri vəfat edib

    Birinci Qarabağ müharibəsində Ağcabədi batalyonunun komandiri olmuş Tofiq Cəfərov vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, T.Cəfərovun dəfni bu gün saat 11:00-da Ağcabədi şəhərində köhnə rus qəbiristanlığında olacaq.

  • May ayında 14 gün İŞ OLMAYACAQ

    Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib.

    Bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, mayın 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən mayın 29-u da qeyri-iş günü elan olunub.

    Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.

    Onu da qeyd edək ki, 9 May – Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf edir. Bu səbəbdən mayın 11-i də qeyri-iş günü kimi müəyyənləşdirilib.

    Həmçinin Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərində iş saatı bir saat azaldılır.

    Beləliklə, həftəsonları ilə birlikdə may ayında ümumilikdə 14 gün iş olmayacaq.
    //oxu.az

  • Prezident təhsillə bağlı iki sazişi TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Qeyd edək ki, sənəd 2026-cı il fevralın 16-da Rabat şəhərində imzalanıb.

    Bundan başqa, Dövlət başçısı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman da imzalayıb.

    Bu sənəd isə 2026-cı il fevralın 17-də Rabat şəhərində imzalanıb.

  • ETSN-in bəzi səlahiyyətləri ADSEA-ya verildi – SƏRƏNCAM

    “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da dəyişiklik edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Strategiyada öz əksini tapmış məlumatların müasir proqramlardan istifadə əsasında qiymətləndirilməsi və iqlim təsirlərinin proqnoz edilməsi, su mənbələrinin elektron geomodelləşdirilməsi, ekosistem (çay, göl, təbii və süni sututarlar) üzrə suya tələbatın müəyyənləşdirilməsi tədbirləri üzrə əsas icraçı qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADESA), digər icraçı qurum isə əksinə müəyyən edilib.

  • BDU-nun müəllimi vəfat etdi – FOTO

    Bakı Dövlət Universitetinin (BDU) müəllimi Möhübbət Nəcəfli vəfat edib.

    Bu barədə BDU məlumat yayıb.

    Bildirilib ki, mərhum Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi olub.

    Qeyd edək ki, Möhübbət Nəcəfli 64 yaşında vəfat edib.

  • Çayxanada stəkanları qıran və müştərini döyən şəxsin cəzası dəyişdirildi

    Xuliqanlıqda təqsirləndirilən Mayıl Bəşirovun (ad-soyad şərtidir – red.) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində sonuncu iclasda qərar elan edilib, şikayət qismən təmin edilib.

    Belə ki, Tərtər Rayon Məhkəməsinin hökmü apellyasiya şikayətinə və “Konstitusiya və Suverenlik İli” ilə bağlı amnistiya aktına əsasən 2 il 6 aylıq həbs qərarı dəyişdirilib və müttəhimə şərti cəza verilib.

    Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalından azad olunub.

    İttihama görə, hadisə 07 mart 2025-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun Seydimli kəndi ərazisində çayxanada baş verib.

    Belə ki, Mayıl Bəşirov sərxoş vəziyyətdə çayxanaya gələrək heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verib. O, yüksək səslə nalayiq ifadələr işlədərək insanların istirahət hüququnu pozub və ətrafdakılara qarşı aqressiv davranış sərgiləyib.

    Hadisənin gedişində təqsirləndirilən şəxs zərərçəkmiş Sahib Hacıyevlə (ad-soyad şərtidir – red.) mübahisə edərək onunla əlbəyaxa olub. Bu zaman o, çayxananın daxilində yerləşən əşyalara da zərər vuraraq zərərçəkmiş Fərrux Kərimov (ad-soyad şərtidir – red.) tərəfindən icarə əsasında istifadə olunan obyektə məxsus 16 ədəd stəkanı və 4 ədəd çayniki qəsdən sındırıb.

    Bununla kifayətlənməyən Mayıl çayxananın qarşısına çıxaraq yerdən götürdüyü ağac parçası ilə Sahibə məxsus VAZ-2107 markalı avtomobilin ön alın şüşəsini sındırıb.

    Hadisələrin davamına o, Sahibin evinin qarşısına gedərək nalayiq ifadələr işlədib.

    Zərərçəkmiş şəxs küçəyə çıxdıqdan sonra isə Mayıl özü ilə əvvəlcədən gətirdiyi, istintaqa dəqiq məlum olmayan əşya ilə onun üz nahiyəsinə qəsdən zərbə endirərək Sahibə xəsarət yetirib.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin zədələr sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

    Hadisə nəticəsində o, Sahibə məxsus avtomobilə 60 manat, kafenin istifadəçisi olan Fərruxa isə 24 manat məbləğində maddi ziyan vurub.

    Tərtər Rayon Məhkəməsinin hökmü ilə Mayıl Bəşirov törətdiyi əməldə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

  • İsmayıllıda DƏHŞƏTLİ QƏZA: Biri 3 yaşlı qız olmaqla iki nəfər ÖLDÜ

    İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 5 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində vəfat edib.

    Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb. Qəzaya düşənlər Qəbələ rayonunun Yenikənd kənd sakinləridir.

    DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.