Category: Avto

  • Avtomobillərə çəkilən qoruyucu üzlüklərlə bağlı sürücülərə XƏBƏRDARLIQ – VİDEO

    Avtomobilin detalına şəffaf qoruyucu üzlüklər çəkilir. Daha sonra isə detalı kəsici alətlə sərt şəkildə cızmağa başlayırlar. Həmin detalda dərin cızıqlar əmələ gəlsə də qoruyucu vurulan hissədə isə nöqtə boyda belə iz qalmır.

    Avtomobillərin xarici görkəmini qorumaq üçün vurulan bu şəffaf qoruyucu üzlüklər maşının əsl rəngini avtoyuma, çınqıl daşların dəyməsi və digər hallarda yaranan cızıqlardan müdafiə edir. Hətta yüngül yol-nəqliyyat hadisələrində rəngin zədələnməsinin də qarşısını alır.

    Xezerxeber.az-ın məlumatına görə, 15 ildir bu işlə məşğul olan mütəxəssis Elşad Hacıəliyev bildirib ki, hazırda bazarda Avropa, Amerika və Çində istehsal edilən üzlüklərlə bu işlər görülür. Avropa və ABŞ məhsullarına 10 il, Çin məhsuluna isə istehsalçı 2-3 il zəmanət verir.

    Elşad Hacıəliyev Avropa və ABŞ-da istehsal olunan üzlüklərdən istifadə etməyi tövsiyə edir.

    Ətraflı süjetdə:

  • Azərbaycanda işlənmiş avtomobil alanlar yürüş fırıldağından necə qoruna bilərlər? (ARAŞDIRMA)

    Azərbaycanda işlənmiş avtomobil alanların ehtiyat etdikləri məsələlərdən biri maşının göstərilən yürüşünün (“probeq”) orijinal olub-olmamasıdır.

    Sirr deyil ki, təzə avtomobil almağa imkanı çatmayanlar arzularını köhnə maşın almaqla reallaşdırırlar və bu zaman bacardıqca kilometrajı az olan (150-200 min km-dən çox getməmiş) nəqliyyat vasitəsi əldə etməyə çalışırlar.

    Bunu avtomobilini satmağa çalışanlar da yaxşı bilirlər və maşını satışa çıxarmazdan əvvəl onun yürüşünü azaltmağa çalışırlar. Bəs bu cür fırıldaqdan necə qorunmaq olar? Kilometrajı dəyişmək bazara necə təsir edir?

    “Report” bununla bağlı araşdırma aparıb.

    Avtomobil bazarı üzrə ekspert Elnar Rzayev deyir ki, yürüşün saxta olub-olmadığını yoxlamaq üçün bir sıra üsullar var:

    “Məsələn, Azərbaycanda rəsmi dilerlərə məxsus servislərdə hər bir avtomobillə bağlı elektron tarixçə olur. Bu tarixçədə avtomobilə hansı kilometrajda hansı texniki qulluqların edildiyi qeyd olunur və beləcə, maşının real olaraq neçə km hərəkət etdiyini bilmək olur. Həmin məlumatlar avtomobilin sahibindəki servis kitabçalarında da olur və onların hesabına “probeq”in orijinal olub-olmadığını öyrənmək mümkündür”.

    Ekspertin fikrincə, yürüşün saxtalaşdırılması istənilən halda avtomobil bazarına mənfi təsir edir, işlənmiş maşınların sahiblərinə inamsızlıq yaradır, maşınların real dəyərindən baha qiymətə alınmasına və maliyyə itkisinə səbəb olur:

    “Yəni avtomobil alıcıları faktiki istifadə müddətini və vəziyyətini öyrənə bilmədikləri üçün alış-verişdə tərəddüd edirlər. Etibarsızlıq həm də bazarda avtomobil qiymətlərinin enməsinə və alıcıların daha diqqətli olmasına gətirib çıxarır. Alıcılar kilometrajı geri çəkilmiş avtomobillər üçün daha yüksək qiymət ödəyirlər, lakin avtomobilin faktiki texniki vəziyyəti ilə bağlı yanlış təsəvvür əldə edirlər. Bu isə alıcıların maliyyə itkilərinə səbəb olur. Satıcılar da saxta kilometrajlı avtomobilləri satmaqda çətinlik çəkirlər və bazarda nüfuzlarını itirirlər. Kilometrajın geri çəkilməsi qanunsuz hərəkət olduğuna görə bununla məşğul olan şəxslər ciddi problemlərlə üzləşə bilərlər”.

    E.Rzayev kilometrajı geri çəkməklə bağlı müxtəlif şəxslərin göstərdiyi xidmətin qiymətinin standart olmağını da bildirib:

    “Bunun xərci bir neçə amildən asılıdır. Məsələn, müasir avtomobillərdə mürəkkəb elektron sistemlər var və onlarda kilometrajı geri çəkmək çətin və bahalıdır. Köhnə modellərdə bu, asan və ucuzdur. Müasir avtomobillərdə kilometrajı geri çəkmək üçün xüsusi proqramlar və cihazlar satılır. Bu cihazların qiymətləri 100 manatdan 1 000 manata qədər və daha yüksək olur. Köhnə avtomobillərdə isə mexaniki müdaxilə ilə kilometrajı geri çəkmək mümkündür. Bəzi peşəkarlar bu xidməti göstərir və onların qiyməti xidmətin mürəkkəbliyinə görə dəyişir, müasir avtomobillərdə 100-500 manat və yaxud daha çox ola bilər. Mexanik müdaxilənin qiyməti isə (köhnə avtomobillər üçün) 50-200 manatdır. Kilometrajı geri çəkmək qanunsuz olduğuna görə, bu əməliyyatı yerinə yetirən şəxslər əlavə təhlükəsizlik tədbirləri görə və gizliliyi təmin etmək üçün əlavə xərclər çəkə bilər”.

  • Tesla çoxdan gözlənilən robot taksini təxirə salıb

    Müştərilərin maraqla gözlədiyi Teslanın avtonom rejimdə çalışan robot taksi avtomobilinin təxirə salındığı bildirilir.

    Şirkətin təqviminə görə avtomobilin avqustda təqdimatının keçirilməsi gözlənilirdi.

    Bütün resurslarını tam avtonom olan Tesla robot taksi modelinə xərcləyən şirkət ucuz avtomobil istehsalı layihəsini dayandırıb.

    Qeyd edək ki, Teslanın rəhbəri Elon Mask aprel ayında verdiyi açıqlamada şirkətin robot taksi avtomobilinin avqustun 8-də təqdim ediləcəyini açıqlamışdı.

    Tam avtonom rejimdə fəaliyyət göstərəcək robot taksinin istehsalını görünür planlaşdırılan tarixə çatdırmaq mümkün olmayacaq.

    Tesla layihə üzərində işləyən komandalara əlavə prototiplər istehsal etmək üçün daha çox vaxt vermək məqsədilə təqdimat tədbirini oktyabr ayına qədər təxirə salmağa qərar verib.

    Təxirə salınma ilə bağlı ictimaiyyətə hələ ki, açıqlama verilməyib
    //lent.az

  • “Niva”ya hava yastığı quraşdırılacaq – 1 ƏDƏD

    Bir neçə gün əvvəl “Avtovaz” şirkəti “Niva Travel” (köhnə “Chevrolet Niva”) modelinin 2 hava yastığı (sürücü və qabaq oturacaqdakı sərnişin) olan 5 ədəd sınaq versiyasını hazırladığı barədə məlumat yaymışdı.

    Şirkət indi də sovet modeli “Niva”ya (Niva Legend) hava yastığı quraşdırılacağı barədə məlumat yayıb. Traveldən fərqli olaraq sovet “Niva”sında yalnız sürücünün hava yastığı olacaq.

    Hər 2 modelin hava yastıqlı versiyası cari ilin son aylarında hazır olacaq. Lakin indidən şərhlər sosial şəbəkəni doldurub. Bir çox istifadəçi hesab edir ki, 70-ci illərdə layihələndirilmiş avtomobili ikinci hava yastığı quraşdırmaqla təhlükəsiz vəziyyətə gətirmək mümkün olmayacaq. Konsepsiya əsaslı şəkildə dəyişməlidir.
    //avtosfer.az

  • Maşın sığortalayanlar ən çox bu şirkətlərdən narazılıq edirlər – SİYAHI -(FOTO)

    Mərkəzi Bank Azərbaycanda avtomobillərin icbari sığortası üzrə şikayət indeksini açıqlayıb.

    8 sığorta şirkətinin yer aldığı siyahıda ən çox şikayət “Xalq Sığorta” ASC barəsində olub.

    İkinci sırada “Bakı Sığorta” ASC yer alıb.

    Aşağıdakı cədvəldə şirkətlər üzrə avtomobillərin icbari sığortası üzrə şikayət indeksi göstərilib:

    (yeniavaz)

  • Çinin bazara təsir edir: Porşenin satışları kəskin azalıb

    Porşe, Çində tələbin azalması səbəbi ilə qlobal avtomobil satışlarının ilin birinci yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azaldığını açıqlayıb.

    Alman avtomobil istehsalçısı Volkswagen Group-un lüks brendi olan Porşe ilin yanvar-iyun ayları üçün avtomobil satışlarının nəticələrini açıqlayıb.

    Açıqlamada lüks avtomobil istehsalçısının satışlarının ilin yanvar-iyun dövründə keçən ilin eyni dövrünə görə 7 % azalaraq 155 min 945 olduğu bildirilir.

    Sözügedən dövr ərzində Porşenin Çindəki satışı illik 33 % azalaraq 29 551 avtomobil təşkil edib

  • Avtomobillərə qaz qurğusu quraşdırılmaq olmaz? – DYP-dən AÇIQLAMA

    Son günlər dizel və Aİ-92 markalı benzinin bahalaşması sürücüləri alternativ və ucuz yanacaq növlərinə sövq edir. Yeni nəsil elektrik avtomobillərinə maraq artsa da, bu gün ölkəmizdə elektrik avtomobilləri və onların enerji yığma məntəqələri geniş yayılmayıb. Ona görə də bəzi şəxslər ən sərfəli variant kimi avtomobilə qaz avadanlıqlarının quraşdırılmasını göstərirlər.

    Qanuna əsasən, avtomobilə əlavə olaraq qaz avadanlığı quraşdırıla bilər. Hətta bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) elektron qaydada müraciət edə bilərsiniz.
    Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatda deyilir:
    “Yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılması, bu növ yenidən quraşdırmaya istehsalat tələbatı, istismar şəraiti ilə əlaqədar, Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəyinə uyğun olaraq yerinə yetirilməsinə icazə verilir. Belə quraşdırmalar bu cür xidmətlər üçün nəzərdə tutulmuş texniki təmir sahələrində (stansiyalarında) aparılmalıdır. Həmin texniki təmir sahəsi (stansiyası) quraşdırma işlərini texniki tələblərə uyğun aparılmasını və təhlükəsiz işləməsini təmin etməlidir”.
    Qaz avadanlığı quraşdıran servisin mütləq qaydada sertifikatı olmalıdır. Daha sonra Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi Tədqiqat İnstitutuna (laboratoriya) müraciət edilməlidir.
    Hazırda qüvvədə olan qanunvericiliyə görə, mühərrikin yanacaq növünün dəyişdirilməsi və əlavə avadanlıqların quraşdırılması mümkündür. Amma bu iş ixtisaslaşmış müəssisələrdə həyata keçirilməli və sürücüyə qaz avadanlığı quraşdıran şirkət sertifikat verməlidir.
    Ekspertlər onu da əlavə edirlər ki, bu təcrübə dünyanın istənilən ölkəsində var və hətta qonşu Türkiyə, İran və Rusiyada daha geniş yayılıb.
    Sürücülər deyirlər ki, 5 manatlıq metan qazı ilə hətta 190 kilometr yol qət etmək mümkündür.

    Qeyd edək ki, paytaxt yollarında hərəkət edən müasir avtobuslar da metan qazı ilə işləyir.
    Metan qazı propana nisbətən təhlükəlidir. Belə ki, yüksək təzyiqlə vurulduğu üçün metan qazla işləyən avtomobillərdə partlayış riski var. Propan qaz avadanlığının quraşdırılması zamanı isə hətta qəza riski də nəzərə alınır və zəmanət verilir.
    Onu da qeyd edək ki, avtomobillərə qaz avadanlıqları qənaət məqsədilə quraşdırılır və benzinlə işləyən maşına nisbətən yanacağa 50-65 faizə qədər qənaət etməyə imkan verir.
    Taksi fəaliyyəti göstərən Rəhman Səfərov (ad şərtidir) sahibkarlardan biri ilə əməkdaşlıq edir. Yeni alınan “Chevrolet Cobalt” markalı avtomobil ilə taksi fəaliyyəti göstərən şəxs deyir ki, nəqliyyat vasitəsinə qaz avadanlığı quraşdırılıb:
    “Bu, mənim öz maşınım deyil. Sahibkardan icarəyə götürmüşəm. O da qaz qurğusu quraşdırıb. Yanacaq qiymətləri qalxdı. Belə baxanda qaz daha ucuz başa gəlir. Təhlükəsizlik zəmanətinin olduğunu dedilər. Eşitdiyimə görə, 1600 manat pul veriblər quraşdırılmasına. Heç olmasa gün ərzində getdiyimiz gedişlərdən bizə də 3-5 manat pul qalır”.
    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev oxu.az-a bildirib ki, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsinin qaz yanacağı ilə istismarı üçün əlavə avadanlığın quraşdırılması ilə bağlı məsələyə “Məişət Maye Qaz” QSC-nin sınaq aktı və Yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi Tədqiqat İnstitutunun (laboratoriyanın) müvafiq rəyi alındıqdan sonra BDYPİ-də baxıla bilər.

  • Çin avtomobilləri üçün ehtiyat hissələri bahalaşdı

    Rusiyada Çin avtomobillərinin hissələrinin orta qiyməti 26,1% artıb.

    Median.Az “Konkret.az”a istinadən xəbər verir ki, iyun ayında Rusiyada Çin istehsalı olan minik avtomobillərinin ehtiyat hissələrinin orta qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə dörddə birdən çox (26,1 faiz) artıb.

    NAPI marketinq agentliyi aqreqatorlardan sığorta səbətindəki orijinal hissələrin qiymətini təhlil edib. O göstərib ki, xüsusilə, ön bamper 57,8 faiz, ön şüşə 56,7 faiz, ön sağ qapı 51,2 faiz bahalaşıb. Yalnız ön qanad ucuzlaşıb (mənfi 15,2 faiz).

    Qeyd edək ki, 2024-cü ilin ilk beş ayının nəticələrinə əsasən, Rusiya Çin avtomobillərinin ən böyük satış bazarına çevrilib. Bu müddət ərzində ölkəyə 372,5 min avtomobil ÇXR-dən, 190,6 min avtomobil isə Meksikadan gətirilib.

    İşlənmiş avtomobillərin alınması üzrə mütəxəssis Elena Lisovskaya deyib ki, sığorta həmişə zədələnmiş Çin avtomobili üçün hissə tapmaqda kömək etmir. Yeni tələblərə görə, zədələnmiş maşının sahibi gərək özü avtohissələri sifariş etsin.

  • Maşın nömrəsini çıxarıb yerinə vatsap nömrəsi taxırlar – Polis araşdırır

    Bakıda yeni dələduzluq növü yayılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi N.Ağaverdiyev paylaşım edib.

    O bildirib ki, yaşadığı məhəllədə maşınının nömrəsini açaraq üstünə Rusiyaya məxsus vatsap nömrəsi qoyublar.

    Vətəndaş hadisədən sonra sözügedən nömrə ilə əlaqə saxlayıb, ona bildirilib ki, həmin şəxs Rusiyada yaşayır və məsələdən xəbəri yoxdur. Ardınca şikayətçi hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra həmin şəxslər nömrəni gətirərək polisə təhvil veriblər.

    Paylaşıma reaksiya verən digər sosial şəbəkə istifadəçiləri isə qeyd ediblər ki, bu hallara son vaxtlar tez-tez rast gəlinir. Əksər hadisələrdə isə maşın nömrələri tapılmır. Qoyulan vatsap nömrəsi ilə əlaqə saxlanılan zaman qarşı tərəfdəki şəxs pul müqabilində maşın nömrəsinin yerini deyir.

    * * * * *

    Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağılı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

  • Kondisionerin tez-tez işə salınması maşının sisteminə zərər vura bilər? – AÇIQLAMA

    Belə bir fikir var ki, kondisionerin tez-tez işə salınması avtomobilin sisteminə zərər vura bilər.

    Əksinə əgər kondisioneri tıxacda işə salsanız, xüsusən də isti havalarda, onda mühərrikin ömürünü uzatmış olarsınız.

    Avtosfer.az xəbər verir ki, ekspert izah edib ki, mühərrik kondisioner qoşulmadan adi rejimdə işləyəndə, maksimal temperaturda qızır və pərlər işə düşərək mühərriki soyudur:

    “Lakin bu, həm yağ itkisinə, həm də porşen halqalarının və klapanların maksimum kokslanmasına da gətirib çıxarır”.

    Həmçinin mütəxəssis vurğulayıb ki, işləyən kondisioner mühərriki daim aşağı temperatur həddində saxlayır və bu sayədə mühərrikin ömürünü uzadır:

    “Ümumiyyətlə, çox vaxt avtomobillərdə kondisionerin işləməsi ilə bağlı təlimat olmur. Buna görə də, istənilən temperaturda onu məhdudiyyətsiz istifadə edə bilərsiniz”.
    //avtosfer.az