Category: Avto

  • Avtomagistraldan istifadə bu hallarda ÖDƏNİŞLİ olacaq – QAYDALAR

    Avtomagistraldan ödənişli yol kimi istifadə qaydaları təsdiqlənib.

    Median.Az axar.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası” təsdiq edilib. Bu Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.

    Qaydaya əsasən, müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yolu ödənişli avtomagistral ola bilər. Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş sənədi (nəqliyyat vasitəsində yerləşdirilən yapışqan etiket, maqnit zolaqlı çoxdəfəlik talon), eləcə də elektron kontaktlı və ya kontaktsız smart kart isə ödəniş talonudur. Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğular ödəniş məntəqəsi olacaq.

    Həmçinin Nazirlər Kabinetinin digər Qərarı ilə “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi Qaydası” da təsdiq olunub. Bu Qaydaya əsasən, avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqanın müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə həyata keçirilir. Alternativ ödənişsiz avtomobil yolundan istifadəyə mane olan hallar yarandıqda (6 aydan artıq olmayan müddətə), hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə qeyd olunmuş hallar başa çatanadək, avtomobil yollarında yenidənqurma və ya əsaslı təmir işləri görüldükdə yenidənqurma və təmir işləri başa çatanadək, avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndis qurğularının möhkəmliyində qüsurlar aşkar edildikdə və zəruri yol işləri yerinə yetirildikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə müvafiq hallar aradan qalxanadək, yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün real təhlükə yarandıqda həmin təhlükə aradan qalxanadək, həmçinin kütləvi tədbirlər keçirildikdə həmin tədbirlər başa çatanadək yollardan ödənişli əsaslarla istifadə dayandırılır.

  • Avtomobil şirkətindən unikal addım: bundan sonra məktəb və xəstəxanalarda…

    Mərkəzi İsveçdə yerləşən “Volvo” avtomobil şirkəti gələn ildən etibarən avtomobillərin sürətində dəyişiklik edəcək.

    Median.Az xəbər verir ki, şirkət sürət həddini 180 km/saata endirəcək.

    “Volvo” bu addımı avtomobil qəzalarında ölümlərin və yaralanmaların sayını azaltmaq məqsədilə atır.

    Şirkətdən verilən açıqlamada 2021-ci ildə satışa təqdim ediləcək məhsullarda sürət həddi 180 km ilə məhdudlaşdırılacaq.

    Dəyişiklik üçün sürət nəzarəti və virtual əhatələmə texnologiyasından istifadə ediləcək. Eyni zamanda, xəstəxana və məktəblərin yerləşdiyi bölgələrdə avtomatik olaraq sürət həddinin məhdudlaşdırılması proqramı üzərində də işləniləcək.

    Qeyd edək ki, “Volvo” şirkəti Çinin avtomobil nəhəngi “Zhejiang Geely Holding”ə məxsusdur.

  • Avtomobillərə pərdə və plyonka qadağası ləğv edilə bilər – VİDEO

    Avtomobillərin arxa yan şüşəsinə pərdə və plyonkanın ilin müəyyən aylarında vurulması qadağası ləğv edilə bilər.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, millət vəkili Çingiz Qənizadə avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib.

    Deputat deyir ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.

    Qeyd edək ki, mayın 1-dən noyabrın 15-nə kimi tətbiqinə icazə verilən jalüzlər də şüşəni tündləşdirir. Hətta gecə saatlarında həmin şüşədən bayıra baxanda görünüşü məhdudlaşdırır. Əgər bu yol hərəkəti təhlükəsizliyinə zidd olsaydı və ya qəza riskini artırsaydı yayda daha çox qəza ola bilərdi.

    Millət vəkili deyir ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb. Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.

    Qeyd edək ki, Avropanın bir çox ölkəsində belə bir qadağa yoxdur. Çingiz Qənizadə məsələni parlamentdə gündəmə gətirəcəyini deyir.

  • Maşın bazarından reportaj: seçim çox, alıcı yox – VİDEO

    Badamdar qəsəbəsində yerləşən maşın bazarında durğunluq müşahidə olunur.

    Bazarda hər qiymətə, hər zövqə uyğun maşın tapmaq olsa da, əvvəlki aylarla müqayisədə alıcı sayı azalıb.

    Satıcılar deyir ki, bazarda müştərilərin sayı, demək olar ki, barmaqla sayılacaq qədərdir.

    Onlar bazara gələn tək-tük alıcıların buradan üz döndərmələrinin səbəbini isə əvvəlki aylara nisbətən qiymətlərin bahalaşması ilə əlaqələndirirlər.
    //oxu.az

  • Dünyanın ən təhlükəsiz avtomobilləri bunlardır

    “EURO NCAP” 2019-cu ildə istehsal edilən ən təhlükəsiz avtomobillərin siyahısını dərc edib.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, siyahıda yer alan avtomobillə son texnologiya sistemləri ilə sınaqdan keçirilib. Siyahını oxucularımızla bölüşürük.

    1.Mercedes-Benz-A-Class


    Bu model sərnişinlər üçün 96% təhlükəsizlik təminetməklə yanaşı, əyləc köməkçisi, zolaq dəyişdirmə köməkçisi və sürücünün yorğunluğunu izləyən sistemə görə ən təhlükəsiz avtomobil seçilib.

    2.Audi A6
    Ailə avtomobili kateqoriyasında yeniyetmə və uşaqların üçün ən təhlükəsiz ailə avtomobili seçilib.


    3.Ford Focus


    4.Mazda 6


    5.Nissan Leaf


    6.Volvo V60

  • On minlərlə BMW avtomobili geri çağırılır

    BMW şirkəti Rusiyada 28,631 avtomobili geri çağırır.

    RİA “Novosti”nin məlumatına görə, buna səbəb işlənmiş qazların təkrar dövretmə sisteminin radiatorunda yarana biləcək problemlərdir.

    Sözügedən radiatorun qermetik olmaması yağ qalıqlarının alovlanmasına gətirib çıxara bilər.

    Bildirilir ki, 2011-2015-ci illər ərzində satılan F84, F01, F02, F06, F07, F10, F11, F12, F13, F15, F16, F22, F25, F26, F34 seriya avtomobilləri, habelə 2014-2016-cı illərdə satılan F10, F15, F21, F22, F25, F26, F30, F32, F33, F34, F36 seriya avtomobilləri geri çağırılır.

  • Sürücülərə ŞAD XƏBƏR: Dayanma-durma ilə bağlı mühüm yenilik – VİDEO

    Bakı Nəqliyyat Agentliyi dayanma-durma ilə bağlı bir sıra mühüm yeniliklər edib.

    Median.Az-ın məlumatına görə, bu barədə DJ Tural Yisifov məlumat paylaşıb.

    Onun sözlərinə görə, dayanmaq qadağandır (3.27) nişanının təsir dairəsində sərnişini düşürdüb, mindirmək üçün 1 dəqiqəyə qədər limit tətbiq edilib. Bundan başqa 3.27 nişanı ilə birlikdə əlavə məlumat lövhəsi varsa, orada göstərilmiş qadağan saatından sonra durmağa icazə verilir.

    Məsələn lövhədə 7:30-20:00 göstərilibsə, axşam saat 8-dən sonra həmin küçə ilə parallel bir sırada dayanmaq olar. İkinci və ya üçüncü sırada duranlara isə cərimə yazılacaq.

    Digər bir yenilik isə ondan ibarətdir ki, 3.27 nişanı artıq bəzi yerlərdə 3.28 – durmaq qağandır nişanı ilə əvəz edilir.

  • Sürücülər yol nişanlarını tanıyırlar? – VİDEO

    Ümumiyyətlə, hər il dünyada üç milyondan çox insan yol qəzasında həyatını itirir. Statistikaya görə, hər 20 saniyədə bir insan, 30-40 saniyədən bir isə körpə uşaq yol qəzasında dünyasını dəyişir.

    Bəs bu ölümlərin səbəbləri nədir?

    Median.az
    oxu.az-a istinadən xəbər verir ki, yol qəzalarına piyadaların yolu düzgün keçməməsi, sürücülərin yol nişanlarına bələd olmaması kimi problemlər səbəb olur.

    Odur ki, biz də paytaxt sürücülərinin yol nişanları haqqında nə qədər bilgiləri olduğunu yoxlamaq üçün qısa eksperiment keçirdik.

  • Azərbaycan və İran birgə avtomobil istehsal edəcək

    Azərbaycan və İranın müştərək avtomobil zavodu olan “AzerMaş-İKCO” fevral ayının ortalarından Neftçala sənaye parkında “Peugeot” avtomobilinin istehsalına başlayacaq.

    Median.Az “Mehr News” agentliyinə istinadən xəbər verir ki, bu barədə “AzerMaş”ın sədri Emin Axundov açıqlama verib.

    “Xəzər-Pejo” adlı yeni avtomobillər avtomatik ötürücülər qutusu ilə təchiz olunacaq. “AzərMaş-IKCO” şirkətinin istehsal həcmi ilə 10 min avtomobil olacaq. Birinci mərhələdə (2019-cu ilin sonuna) altı min avtomobil istehsal olacaq. Müəssisənin ilə iki min avtomobil ixrac edəcəyi gözlənilir. Müəssisə 300 nəfəri işlə təmin edəcək.

    İlkin mərhələdə “Xəzər” modelindən olan “Khazar SD” və “Khazar LD” avtomobilləri buraxılacaq. E.Axundovun bildirdiyinə görə, “Khazar SD”nin başlanğıc qiyməti 16 min manat, “Khazar LD” isə 18 min manat olacaq.

    “Iran Khodro” və onun törəmə şirkəti olan “AzərMash-AzEuroCar” MMC 6 avqust 2016-cı ildə Neftçala sənaye parkında müştərək avtomobil zavodunun yaradılması haqında müqavilə bağlayıb. Layihənin ümumi dəyəri 14,08 milyon dollar qiymətləndirilir. Azərbaycanın investisiya payı 75%, İranın investisiya payı 25% təşkil edir.

  • Neftçalada yığılan avtomobillər necə satılır?

    2018-ci ildə Azərbaycanda cəmi 969 ədəd minik avtomobili yığılıb. Dekabr ayında Azərbaycana gətirilən avtomobilin sayı iki dəfə artdığı halda, Azərbaycandakı daxili avtomobil buraxılışı noyabra nisbətən azalaraq, cəmi 175 ədədə düşüb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda minik avtomobili istehsalı 2017-ci ilə nisbətən ötən il 32,4 dəfə artıb.

    1 yanvar 2019-cu il vəziyyətinə, bu il istehsal edilmiş 969 ədəd minik avtomobilinin 193 ədədi anbarlardadır. Bu rəqəm 2018-ci ilin əvvəlinə anbarlardakı hazır məhsulların sayından 14 ədəd çoxdur.

    Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır. Əvvəl daha çox “NAZ-Lifan” alan dövlət qurumları hazırda “Khazar” avtomobillərinə üstünlük verirlər.

    “Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir.

    Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulurdu. Ötən il Azərbaycanda iki avtomobil zavodu tərəfindən cəmi 969 ədəd minik avtomobili istehsal edildiyi nəzərə alındıqda, Neftçala Avtomobil Zavodu proqnozu yerinə yetirməyib.

    Görünür, buna səbəb həm də avtomobillərin alıcı tapması məsələsi olub. Çünki hələlik avtomobillərin həm daxili bazarda, həm də xaricdə alıcı tapması ilə bağlı uğurlu marketinq gedişləri görünmür.

    Qeyd edək ki, zavodun planlarına əsasən, 2019-cu ilin sonunadək altı min avtomobil istehsal olunmalı, ildə iki min avtomobil xaricə satılmalıdır. Hazırda bütün hissələri xaricdən gətirilən və Neftçalada yalnız yığılması həyata keçirilən “Khazar” brendinin qiyməti 14-20 min manat arasında dəyişir.

    2018-ci ilin sonunadək bir neçə yeni modelin, eyni zamanda, “Peugeot” markalı avtomat ötürücü qutusuna malik olan avtomobillərin də istehsalına başlanacağı vəd olunmuşdu.

    İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirmişdi ki, Neftçala avtomobil zavodunun illik dövriyyəsi 140 milyon manatdan çox olacaq. Bunun özünü nə dərəcədə doğrultduğunu isə açıqlanan rəqəmlər göstərəcək.

    Xatırladaq ki, Neftçala Avtomobil zavodunun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “Iran Khodra” şirkətinə məxsusdur. İstehsal müəssisəsi 25 milyon manata ərsəyə gəlib.

    Zavodda İran və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında “Runna”, “Samand”, “Soren”, “Dena”, “Pejo”, “Reno” kimi avtomobil modellərinin istehsalı nəzərdə tutulurdu.//oxu.az